Neft – dünyamızın şah damarı
Neft bəşəriyyətə çoxdan məlumdur. Bu karbohidrogen bizə qədim heyvan və bitkilərdən miras qalmışdır; onların qalıqları milyon illər boyu parçalanaraq neft və qaza çevrilmişdir. Bitum-qatı yarımmaye maddə hələ bizim eradan əvvəl, 30-cu əsrdə Mesopotamiya qayalarındakı yarıqlarda aşkar edilmişdir. Ondan sementləşdirici tərkib kimi Əriha və Babil divarlarını ucaldarkən istifadə etmişlər. Neftdən “yunan odu”nun tərkibində döyüş əməliyyatları zamanı istifadə edilmişdir. Buna Homerin “İliada”sında rast gəlmək olar.
Yeni tarixdə neft biznesinin banisi 1870-ci ildə “Standart oyl kompani”ni yaratmış Con D. Rokfellər oldu. İlk neft buruqları isə 1871-ci ildə-car höküməti neft quyuları üzərində dövlət inhisarını ləğv etdikdən dərhal sonra Bakıda meydana gəldi. Azərbaycanda neft biznesinin pioneri Nobel sülaləsi oldu.
127 il əvvəl Peterburqdan Bakıya yola düşərkən Robert Nobel güman etməzdi ki, onun Xəzər sahilində əsasını qoyduğu iş qardaşı Alfredin dinamiti kəşf etdiyi qədər şöhrət qazanacaq. Robertin digər qardaşı Lüdviq sonralar “neft kralı”, Bakıdakı ailə firması isə XX əsrin əvvəlində dünyanın neft mərkəzinə çevrilmiş regionda əvəzsiz karbohidrogen xammalının əsas istehçalçısı oldu.
Azərbaycan neftinin şöhrətləndirdiyi digər maliyyə nəhəngi isə “Royal Datç Şell” transmilli şirkəti idi. Bu şirkət 1913-cü ildə Bakıda yeddi iri kompaniyaya sahib idi. Uzun illər keçdikdən sonra bu şirkətlərin əksəriyyəti öz planlarını və perspektivlərini yenidən Azərbaycanla bağlamışdılar.
XX əsr tarixində Bakı neftinin əhəmiyyəti böyükdür. O,faşizm üzərində qələbədə mühüm rol oynadı. Dünyada ilk dəfə olaraq Azərbaycan neftçiləri dənizin dərinliklərindən neft çıxarmağa başladılar. O vaxt Sovet İttifaqında istehsal olunan neftin 75-80 faizi Bakı neftçilərinin payına düşürdü. Böyük Vətən müharibəsi illərində sözün əsl mənasında qəhrəmanlıq göstərmiş Azərbaycan neftçiləri bütün çətinliklərə üstün gələrək öz işləri ilə faşizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmişlər. Həmin neft ümumi qələbəmizə xidmət etmişdir. Doğrudan da, faşist diktatoru dünya ağalığının əsas açarını məhz Bakı neftində görürdü. O, Bakını tutmağa tələsirdi. Ancaq bütün dünyada məşhur hərb tarixçilərinin təsdiq etdiyi bir həqiqət də var ki, Bakı nefti olmadan 1941-1945-ci illər müharibəsində Qələbə mümkün olmazdı. Bu faktlardan biri tarixi qələbənin təmin edilməsində misilsiz xidmətlərinə görə Bakının gec də olsa, Lenin ordeni ilə təltif edilməsidir.
Azərbaycan bu gün dünyada təkcə neftin və qazın deyil, eyni zamanda, neft emalı məhsullarının ixracatçısı kimi də layiqli yer tutur. Vətənimiz Azərbaycan tarix boyu dünyada qədim neft diyarı kimi tanınmış, dünya neft-qaz sənayesinin inkişafına danılmaz töhfələr bəxş etmişdir. Neftin sənaye üsulu ilə çıxarılması, tankerlərlə, dəmiryolu ilə daşınması, boru kəmərləri vasitəsilə nəğl edilməsi kimi əlamətdar hadisələrin başlanğıcı Azərbaycanda qoyulmuşdur. Bakı dünyanın neft elminin paytaxtı sayılmış, “Neft akademiyası” adlandırılmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən işlənmiş neft strategiyasının önəmli cəhətlərindən biri də budur ki, bu strategiya Azərbaycana əvvəlki şah-şöhrətini qaytardı, dünyanın nəzərlərini yenidən respublikamıza cəlb etdi. Bu strategiya mahiyyət etibarilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası idi və bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
1994-cü il sentyabrın 20-də bütün dünyaya səs salan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin uğurlu neft strategiyasının ilk addımı atıldı. Neft müqavilələri reallaşdıqca Azərbaycanın neft-qaz sənayesi durğunluqdan qurtulub, tərəqqiyə doğru irəliləyirdi. Ulu öndər Heydər Əliyev siyasətinin real nəticəsi olaraq xarici investorlar ölkəmizə investisiya yaratmağa başladılar. Dünyanın ən iri neft şirkətləri- Statoyl, Yunokal, İtoçi, TRAO kimi neft şirkətləri Azərbaycana üz tutdu. ”Əsrin müqaviləsi” Azərbaycanı bütün dünyada tanıtdı. Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
16 avqust 2001-ci il tarixdə ulu öndər tərəfindən imzalanmış 20 sentyabr tarixinin “Neftçilər Günü” kimi təsis olunması ilə bağlı fərman bütün neftçilərə, bu sahədə çalışan bütün insanlara, zəhmətkeşlərə ən böyük bir qiymətdir.
Təsadüfi deyil ki, xalqımız artıq neçə illərdir “Əsrin müqaviləsi”nin imzalandığı günü-sentiyabrın 20-ni Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təntənə ilə qeyd edir. Şanlı əmək ənənələrinə daim sadiq qalan neftçilərimiz hər zaman olduğu kimi, bu gün də ölkədə gedən sosial-iqtisadi proseslərin önündədirlər. Fədakar neftçilərimiz yaxşı bilirlər ki, çəkilən əziyyət, görülən işlər son dərəcədə xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Qəhrəman neftçilərimizin həyatından əsərlər yazılmış, mahnılar bəstələnmiş, kinolar çəkilmiş, rəsm əsərləri yaradılmışdır. Azərbaycan nefti Azərbaycan xalqına həmişə xoş güzəran bəxş edəcəkdir.
Bütün Azərbaycan vətəndaşları Azərbaycanın milli sərvətlərini qorumalı və onları mühafizə etməlidirlər. Beləliklə biz kitabxanaçıları neftimiz haqqında, neftimizin tarixi haqqında oxucuları məlumatlandırmalıyıq. Bununla bağlı müxtəlif səpgili tədbirlər təşkil olnmalıdır. Qəhrəman neftçilərlə görüşlər təşkil olunmalı, sərgilər tərtib edilməli, söhbətlər keçrilməlidir.
Hazırladı: Metodika və biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə
Dostları ilə paylaş: |