Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabat



Yüklə 78,93 Kb.
tarix17.06.2018
ölçüsü78,93 Kb.
#53991

Azərbaycan Respublikası Hesablama Palatasının
2013-cü ildə fəaliyyəti haqqında hesabat

Hesabatda  bildirilmişdir ki, 2013-cü ildə Palata öz fəaliyyətini Hesablama Palatasının vəzifə və səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə yanaşı Kollegiya qərarı ilə hesabat ili üçün təsdiq olunmuş İş planına əsasən həyata keçirmişdir. 

Hesabatda Palatanın əsas funksiyalarının yerinə yetirilməsi məqsədilə hesabat ilində öz fəaliyyətini müvafiq qanunvericilik aktlarına uyğun həyata keçirdiyi, o cümlədən 2013-cü il üçün Palatanın İş planında nəzərdə tutulmuş audit tədbirlərinin və ekspert-analitik fəaliyyətinin nəticələri, habelə Palatanın cari fəaliyyətinin təşkili üzrə görülmüş tədbirlər əks etdirilmişdir.

Hesabatda dünya iqtisadiyyatı üzrə real artım tempinin əvvəlki illə müqayisədə demək olar ki, dəyişməz qaldığı bir dövrdə ölkəmizdə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanıldığı, maliyyə intizamının gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində işlərin davamlılığının təmin edildiyi xüsusilə vurğulanmışdır. 

Hesabat ilində ölkədaxili istehsalın genişləndirildiyi, sürətli və intensiv inkişafın təmin olunduğu, rəqabət qabiliyyətli iqtisadiyyatın, əlverişli investisiya mühitinin yaradılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması istiqamətində işlərin davam etdirildiyi, kompleks makroiqtisadi tədbirlərin iqtisadi artımın təmin edilməsinə, yoxsulluğun səviyyəsinin azaldılması və iqtisadi inkişaf üçün hazırlanmış dövlət proqramlarının maliyyə təminatının artırılmasına, regionların sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən sahibkarlığın inkişafına, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, aqrar sektoru inkişaf etdirməklə əhalinin ərzaq məhsullarına tələbatının və ərzaq təhlükəsizliyinin yerli mənbələr hesabına ödənilməsinə yönəldildiyi hesabatda qeyd olunmuşdur. 

Göstərilmişdir ki, makroiqtisadi inkişafın təmin edilməsi və gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, öz növbəsində, ölkənin strateji valyuta ehtiyatlarının daha da artmasına gətirib çıxarmışdır ki, bu da maliyyə vəsaitlərinin məqsədəmüvafiqliliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin tam və məqsədli təyinat prinsipləri ilə icrasına nəzarətin təmin edilməsi, səmərəsiz xərclərin qarşısının alınması və bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi nəticəsində fiskal fəzanın (büdcə ehtiyatı) artırılmasını prioritet vəzifələrdən birinə çevirmişdir. 

Qeyd edilmişdir ki, INTOSAI-in Lima Bəyannaməsinə əsasən Ali Audit Qurumları ilkin (pre) və sonrakı (post) nəzarəti həyata keçirilməklə büdcə prosesində və ümumilikdə ölkənin maliyyə resurslarının effektiv və səmərəli idarə olunmasında mühüm səlahiyyətlərə malikdirlər və bu səlahiyyətlər maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərindən biri kimi Palatanın ekspert-analitik fəaliyyətini də nəzərdə tutur. Həmin funksiyaların icrasını Palata, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verməklə həyata keçirir. 

Palatanın qanunvericiliklə müəyyən olunmuş funksiyalarından biri olan  ekspert-analitik fəaliyyəti hesabat ilində aşağıdakı istiqamətlərdə həyata keçirilmişdir:

1. “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəy; 

2. “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy; 

3. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy.

 Hesabatda Palata tərəfindən 2011-ci ildə 46 audit və 7 analitik təhlil işinin, 2012-ci ildə 68 audit və 2 analitik təhlil işinin həyata keçirildiyi, 2013-cü ildə isə 75 audit tədbirinin keçirildiyi qeyd olunmuşdur. Göstərilmişdir ki, 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbirlərindən 5-i (və ya 6,7%-i) dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması ilə bağlı olan fəaliyyəti, 70-i (93,3% -i), o cümlədən 59-u (nəzarət tədbirlərinin 78,7%-i)  müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si (nəzarət tədbirlərinin 9,3%-i) dövlət torpaq fondunun istifadəsi ilə bağlı fəaliyyətini, 4-ü isə (nəzarət tədbirlərinin 5,3%-i)  büdcədənkənar dövlət fondunun vəsaitlərini əhatə etmişdir. 

Hesablama Palatasının fəaliyyətinin tənzimləməsi məqsədilə hesabat ilində Palatanın 33 Kollegiya iclasının keçirildiyi, həmin iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 170 məsələ üzrə müvafiq qərarların qəbul edildiyi, yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 132 təqdimatın göndərildiyi qeyd olunmuşdur.

Hesabatda 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi kimi audit olunan təşkilatlarda bir sıra müsbət işlərlə yanaşı bəzi nöqsanların da müəyyən edildiyi qeyd olunmuşdur. 



Dövlət gəlirləri üzrə fəaliyyəti əhatə edən nəzarət tədbirlərinin nəticəsi kimi, hesabatda, vergi növləri, o cümlədən əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin tam həcmdə ödənilməsinin təmin olunmadığı, mənfəət vergisinin bəyannamələrində əməyin ödənişi ilə bağlı gəlirdən çıxılan xərcləri göstərilməyən hüquqi şəxslərin zəruri operativ vergi nəzarəti tədbirləri ilə əhatə olunmadığı, ƏDV bəyannamələri üzrə dövriyyələri olan mənfəət (gəlir) vergisi bəyannamələrini təqdim etməyən vergi ödəyiciləri üzrə bu vəziyyətin vergi nəzarəti tədbirləri ilə vaxtında aradan qaldırılmadığı, müxtəlif sahələrdə fəaliyyət göstərən bir sıra ƏDV ödəyiciləri üzrə vergitutma bazasına təsir göstərən, eyni zamanda vergi nəzarəti tədbirləri ilə araşdırılmamış (və ya vaxtında araşdırılmamış) və ya səyyar vergi yoxlamaları ilə əhatə olunduğu hallarda səbəbləri tərtib edilmiş aktlarda şərh edilməyən uyğunsuzluqlara yol verildiyi  göstərilmişdir. Eyni zamanda, ayrı-ayrı hüquqi şəxslər tərəfindən verginin əsas məbləği və vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizləri üzrə borcların dövlət büdcəsinə ödənilmədiyi, mənfəət vergisi üzrə dövlət büdcəsinə hesablanmalı olan vergi məbləğinin azaldıldğı, vergi borclarının mövcud qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyi hesabatda əksini tapmışdır. 

Dövlət büdcəsinin xərcləri ilə bağlı aparılmış nəzarət tədbirləri nəticəsində xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə proqnoz məbləğlərinin əsaslı hesablanmaması,  müvafiq dövlət orqanının razılığı alınmadan təyinat dəyişikliyinə yol verilməsi, əmək haqları, məzuniyyət və ezamiyyə ilə bağlı xərclərin icrası zamanı normativ-hüquqi aktların tələblərinin gözlənilməməsi səbəbindən artıq ödənişlərə yol verildiyi,  beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı müvafiq normativ sənədlərlə təsbit edilmiş xərc normasının düzgün tətbiq edilmədiyi, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi,  elmi dərəcələrə və elmi adlara, iş stajına görə əmək haqqına əlavələrin düzgün hesablanmaması, müvafiq təsdiqedici sənədlər olmadan təsərrüfat mallarının məxaricə silinməsi, malların (işlərin və xidmətlərin) satın alınması zamanı iddiaçı kimi iştirak etmiş malgöndərənlərdən zəruri məlumatların alınmaması, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi, büdcə ili ərzində bir xərc paraqrafı üzrə nəzərdə tutulmuş vəsait hesabına malların satınalınmasının ayrı-ayrı müqavilələrə bölünərək hər bir müqavilə üzrə müxtəlif satınalma metodundan istifadə olunması, tenderdə iştirak haqqından toplanmış vəsaitlərin büdcədənkənar hesaba mədaxil edilərək sair xərclərə yönəldilməsi, tender və kotirovkada nəzərdə tutulmayan malların alınması, malların müqavilə qiymətindən baha alınması nəticəsində artıq büdcə vəsaitinin ödənilməsi, bəzi hallarda satınalma proseduru keçirilmədən büdcə vəsaitinin xərc edilməsi, tikintidə yerinə yetirilmiş təmir işləri üçün smeta sənədlərinin tərtibi və cari qiymətlər səviyyəsində müqavilə qiymətlərinin müəyyən edilməsi zamanı müvafiq normativ-hüquqi aktların tələblərinə tam riayət edilməməsi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatları tərəfindən büdcə xərclərinin proqnoz göstəriciləri hazırlanarkən bəzi hallarda müvafiq normativ sənədlərin tələblərinin gözlənilməməsi, maliyyələşmə zamanı şəbəkə, ştat və kontingent göstəricilərinin icrasının tam nəzərə alınmaması, xərc əməliyyatlarının aparılması zamanı bir sıra büdcə təşkilatları üzrə vəsaitlərin təyinatının dəyişdirilərək xərc edilməsi, vəzifəli şəxslərə normadan artıq dərs tarifləşdirilməsi nəticəsində artıq əmək haqqının hesablanması, tədbirlərin keçirilməsi zamanı müvafiq proqramların hazırlanmaması, təmir-tikinti işləri üçün bazis-smeta sənədlərinin tərtib olunmaması, təqdim olunmuş qiymət cədvəllərində işlərin müqavilə qiymətinə bilavasitə təsir edən göstəricilərin tam şəkildə qeyd olunmaması, təhtəlhesab şəxslərlə uzun müddət hesablaşmaların aparılmaması və nəticədə debitor borcun yaranması, əvəzsiz verilmiş mal-materialların anbarda və mühasibatlıqda uçota alınmaması, mənzil fondu üzrə gəlirlərin az hesablanması və fond üzrə zərər məbləğinin artıq proqnozlaşdırılması, tikinti-quraşdırma işləri üçün müqavilə dəyərinin bazis-smeta qiymətlərinə nisbətən artım əmsalının təyin edilməməsi, tikintinin investor-smeta dəyərinin hesablanılmaması və s. kimi hallar müəyyən olunmuşdur.

Hesabatda, həmçinin dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamlara uyğunluğuna dair keçirilmiş nəzarət tədbirlərinin nəticəsi kimi ümumi planlaşdırma sxemləri və müfəssəl planlaşdırma layihələrinin hazırlanmasının təmin edilmədiyi, rayonlar daxilində torpaqların məqsədli təyinatı və hüquqi rejimi (kateqoriyaları) üzrə bölgüsü barədə aidiyyəti dövlət orqanları ilə  qarşılıqlı məlumat mübadiləsinin aparılmadığı, xəritələrin  hazırlanması və ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsi işlərinin başa çatdırılmadığı,  habelə rayonların ərazisi üzrə istifadədə olan torpaqların (o cümlədən, dövlət mülkiyyətində olan torpaqların) kateqoriyalara dəqiq bölgüsünün həyata keçirilmədiyi, torpaq balanslarına dair müvafiq sənədlər və məlumatların hazırlanmadığı, rayonların sərhədləri daxilində müəyyən edilmiş bələdiyyə torpaqları üzrə müvafiq yer quruluşu sənədləri, rayonlar üzrə bələdiyyələrin mülkiyyət hüququna dair dövlət aktı və digər sənədlərin hazırlanaraq rayon bələdiyyələrinə təhvil verilmədiyi, bələdiyyələrə məxsus torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı və s. kimi nöqsanlar öz əksini tapmışdır. 

Hesabatda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin icrası ilə bağlı bir neçə rayon (şəhər) şöbələrində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri də qeyd olunmuşdur. Audit aparılmış şöbələrdə gəlirlərin proqnozlaşdırılması prosesində, məcburi dövlət sosial sığorta haqlarının yığılması, sığortaolunan və sığortaedənlərin qeydiyyatı və uçotunun aparılmasında rayon şöbələrinin fəaliyyətinin gücləndirilməsinə zərurət olduğu, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin məcburi dövlət sosial sığortasına tam cəlb edilməməsi, sığortaedənlərlə hesablaşmalar zamanı bir sıra hallarda müvafiq qanunvericiliyin tələblərinə tam əməl olunmaması, sığortaedənlərin sosial sığorta nömrələrinin vaxtında fərdi uçot bazasına daxil edilməməsi nəticəsində həmin sığortaedənlər tərəfindən ödənilmiş sığorta məbləğlərinin müvafiq hesablara işlənilməməsi, debitor borcların aradan qaldırılması sahəsində qanunvericiliklə müəyyən edilmiş zəruri prosedurların tam tətbiq edilməməsi kimi nöqsanlara yol verildiyi hesabatda qeyd olunmuşdur. 

Nəzarət tədbirləri zamanı bəzi hallarda pensiya təyin olunması üçün ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının aparılmasında, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin hesablanmasında müvafiq qanunvericiliyin tələblərinə tam əməl edilmədiyi, habelə bir neçə halda  pensiya və müavinətlərin ödənişində artıq və əskik ödəmələrə yol verildiyi də aşkarlanmışdır.

Beləliklə, hesabatda, 2013-cü ildə Palata tərəfindən həyata keçirilmiş maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələrini ümumiləşdirərək Hesablama Palatası tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsində aparılmış əsassız ödənişlər üzrə 4323,5 min manat  və 37,9 min dollar məbləğində vəsaitin,  həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təqdim edilmiş məlumatlara görə, 2012-ci ildə Palatanın nəzarət tədbirlərinin nəticələri üzrə müəyyən edilmiş dövlətə dəymiş ziyandan 231,8 min manat məbləğində vəsaitin bərpasının dövlət büdcəsinə təmin olunduğu göstərilmişdir.  

Bundan əlavə, vergi və digər icbari ödənişlər üzrə 2465,2 min manat məbləğində əlavə vergi məbləğinin hesablanması, 17301,7 min manat və 14,3 min dollar məbləğində vergi borcunun uçota alınması təmin edilmiş, aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə Dövlət Sosial Müdafiə Fonduna çatacaq 196,1 min manat məbləğində vəsaitin köçürülməsi ilə Fondun büdcəsinə əlavə vəsait cəlb olunmuşdur.  

Hesabatda göstərilmişdir ki, yerinə yetirilməmiş iş və xidmətlər üzrə 1744,8 min manat məbləğində işlərin və xidmətlərin görülməsi, 1240,8 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi, habelə uçotdan kənarda qalmış 49445,7 min manat məbləğində əsas vəsaitlərin və 1825,4 min manat məbləğində mal-materialların, iş və xidmətlərin uçota alınması, qabaqcadan aparılan ödənişlər hesabına yaradılmış 7308,9 min manat məbləğində debitor borcun uçota götürülməsi və 86258,9 min manat məbləğində debitor borcun bağlanılması, həmçinin, yoxlanılan qurumlar tərəfindən hesabat ilində 28,8 min manat kreditor borcun uçota götürülməsi və 353,2 min manat məbləğində kreditor borcun bağlanılması təmin edilmişdir. Başqa sözlə, maliyyə vəsaitlərinin dövriyyədən çıxarılmaqla ümidsiz borca çevrilməsinin, büdcə vəsaitlərinin podratçı təşkilatlar tərəfindən əsassız maliyyə mənbəyi kimi istifadə olunmasının qarşısı alınmış, ödənilən vəsait müqabilində müvafiq qurumların zəruri mallarla (iş və xidmətlərlə) təchizatı başa çatdırılmışdır. 
Eyni zamanda, 78,1 min manat məbləğində maliyyələşmə məbləği azaldılmaqla real tələbat olmadan büdcə vəsaitlərindən təkrar və səmərəsiz istifadə olunmasının qarşısı alınmış, habelə debitor borcların yığılmasına və əlavə vəsaitlərin əldə edilməsinə imkan verən 66,2 min manat məbləğində əlavə gəlirin hesablanması təmin olunmuşdur.

Hesabat ilində Palatanın nəzarət tədbirləri nəticəsində 99,0 ştat vahidi azaldılmış, başqa sözlə nəzarət tədbirləri nəticəsində xeyli miqdarda vəsaitin qanunvericiliyin tələblərinə zidd olaraq xərcə yönəldilməsinin qarşısını qabaqcadan almaq mümkün olmuşdur. 

Bundan başqa, hesabat ilində vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə hallarına və bir çox ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərərin vurulması nəzərə alınaraq “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis Filialı və Şəki Regional Logistik Bazası, habelə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyi üzrə yoxlama materialları, dövlətə, debitor borclar nəzərə alınmadan,  ümumilikdə 2293,8 min manat məbləğində  zərər vurulması ehtimalı nəzərə alınaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. 

Qeyd olunanları yekunlaşdıraraq, Palata tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısının alındığı, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsinin təmin edildiyi, onların da ümumi məbləğinin, əvvəlki illərdə olduğu kimi, Hesablama Palatasının saxlanılmasına hesabat ilində sərf edilmiş büdcə vəsaiti ilə müqayisədə dəfələrlə çox olduğu göstərilmişdir. 

Palata hesabat ilində audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən məsul şəxslər barəsində aidiyyəti orqanlar tərəfindən ciddi intizam tənbehi tədbirlərinin görülməsinə də nail olmuşdur. Belə ki, 8 nəfər (1idarə və ya təşkilatın rəhbəri, 3 şöbə müdiri, 1 sektor müdiri, 3 baş mühasib) işdən azad edilmiş, 9 nəfərə (1 idarə və ya təşkilatın rəhbərinin müavini, 1 şöbə müdiri, 1 baş mühasib və 6 işçi) şiddətli töhmət, 127 nəfərə (33 idarə və ya təşkilatın rəhbəri, 7 idarə və ya təşkilatın rəhbərinin müavini, 25 şöbə müdiri, 9 sektor müdiri, 24 baş mühasib və 29 işçi) töhmət verilmiş,  105 nəfərə (6 idarə və ya təşkilatın rəhbəri, 3 idarə və təşkilatın rəhbərinin müavini, 36 şöbə müdiri, 1 sektor müdiri, 12 baş mühasib və 47 işçi) xəbərdarlıq edilmiş, 5 nəfər (1 idarə və təşkilatın rəhbəri, 3 şöbə müdiri, 1 işçi) aşağı vəzifəyə keçirilmişdir.

Bununla yanaşı, hesabatda, bəzi baş kredit sərəncamçılarının (nazirliklərin, komitələrin, baş idarələrin və s.) rəhbərləri tərəfindən Palatanın keçirdiyi nəzarət tədbirləri ilə aşkar olunmuş nöqsan və çatışmazlıqlara adekvat olan müvafiq tədbirlərin görülməsinin  hələ də təmin olunmadığı, bunun da son nəticədə dövlət başçısının dövlət vəsaitlərinin idarə olunması və istifadəsi üzərində zəruri maliyyə nəzarətinin daha da gücləndirilməsi barədə tapşırığının lazımi səviyyədə icra olunmasına mənfi təsir göstərdiyi qeyd olunmuşdur. 

Hesabat ilində aparılmış nəzarət tədbirləri, büdcə xərcləmələrinin normativ bazasının güclənməsinə, bəzi sahələr üzrə yeni normativlərin işlənilməsinə ehtiyac olduğunu, normativ-hüquqi aktlarda boşluqların aradan qaldırılması, icra prosesində ziddiyyət təşkil edən məqamların, birmənalı anlaşılmayan müddəalara yenidən baxılması zərurətinin mövcudluğunu göstərmişdir. Vurğulanmışdır ki, son illərdə Palatanın fəaliyyətinin nəticə göstəricilərindən biri də nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş bu məqamlarla bağlı müvafiq təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməsidir. Hesabat ili ərzində bu istiqamətdə hazırlanmış təkliflər də  nəzərə alınmaqla son beş ildə Palata tərəfindən bu məqsədlə dövlət maliyyə idarəedilməsi və büdcə prosesini əhatə edən 100-dən çox təklifin müvafiq qaydada hökumətə göndərilməsi təmin edilmişdir.

Sonuncu təkliflər zərfinə mövcud normativ-hüquqi aktlarda boşluqların və  müxtəlif aktlar üzrə uyğunsuzluqların aradan qaldırılması ilə yanaşı müxtəlif fəaliyyət sahələri üzrə tədbirlərə dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadəsini təmin edəcək yeni aktların yaradılması üzrə  təkliflər də daxil edilmişdir. 

Hesabatda Palatanın maliyyə-büdcə nəzarəti tədbirləri ilə yanaşı, cari fəaliyyətinin tənzimlənməsi istiqamətində də görülmüş işlər barədə ətraflı məlumat verilmişdir. 

Göstərilmişdir ki, hesabat ilində Hesablama Palatasının fəaliyyətinin mühüm göstəricilərindən biri də Palatanın 16-18 aprel tarixlərində “Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına ev sahibliyi etməsidir. Avropa ölkələri içərisində ikinci ölkə olaraq Azərbaycanda keçirilən bu beynəlxalq tədbirdə 6 beynəlxalq və regional təşkilata üzv 44 ölkənin AAQ-ından 100-dən çox nümayəndə, o cümlədən, 27 ölkə AAQ-nın birinci şəxsləri, həmçinin EUROSAI və ARABOSAI təşkilatlarının Prezident və Baş katibləri ilə yanaşı, AFROSAI təşkilatının Baş katibi də iştirak etmişdir. Konfrans zamanı bir neçə alt mövzular üzrə çıxışlar edilmiş, müzakirələr aparılmış, EUROSAI və ARABOSAI təşkilatlarının birgə Bakı Bəyanatı qəbul edilmişdir.  

Hesabatda qeyd edilmişdir ki, Hesablama Palatasının fəaliyyətinin qabaqcıl təcrübə və beynəlxalq standartlara uyğunlaşdırılması, BMT-nin məlum Qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, Hesablama Palatasının potensialının gücləndirilməsi məqsədilə İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının maliyyə yardımı və Dünya Bankının idarəçiliyi ilə “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsi çərçivəsində “2012-2014-cü illər üzrə Strateji İnkişaf  Planının həyata keçirilməsində Hesablama Palatasına köməklik göstərmək üçün Məsləhətçi Xidmətləri” adlı layihə həyata keçirilməkdədir. Bu layihənin “Fəaliyyət auditinin tətbiqi”, “Maliyyə auditinin təkmilləşdirilməsi", “Qanunvericilik və standartlar bazasının gücləndirilməsi” və “İnsan Resursları və təlimin təkmilləşdirilməsi” istiqamətləri üzrə yerinə yetirildiyi qeyd olunmuşdur. 

Vurğulanmışdır ki, Palatanın qanunvericilik bazasının INTOSAI-in standartlarına, xüsusilə Auditin Təməl Prinsiplərinə dair Lima Bəyannaməsinə və AAQ-ların Müstəqilliyinə dair Meksika Bəyannaməsinə uyğun təkmilləşdirilməsi, AAQ-ların Beynəlxalq Audit Standartları – İSSAİ-lərin Azərbaycan dilinə tərcümə olunması, həmin standartlara uyğunluq, fəaliyyət və risk əsaslı maliyyə auditləri üzrə təlimatların tərtib edilməsi, bu audit metodları üzrə təlim ehtiyaclarının müəyyən olunması, nəzarət tədbirləri zamanı Palatada elektron audit işçi sənədlərinin (EWPs) və kompüterin köməyilə audit alətlərinin (CAAT) tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi, Palatadaxili insan resursları siyasəti və prosedurlarının tərtib edilməsi, təlim strategiyasının və təlimatın hazırlanması kimi tədbirlərin həyata keçirilməsi layihənin əsas məqsədlərindəndir. 

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hesabat ilində Palata yeni istiqamət müəyyən etməklə, birgə təşəbbüslə Bankın maliyyələşdirdiyi layihələrdə satınalma fəaliyyəti üzrə sonradan baxış (“post review”) yoxlamaları ilə əlaqədar yerli AAQ-da potensialın artırılmasına yönəlmiş təlim proqramının icrasına başlamışdır. Dünya Bankının satınalmalar üzrə mütəxəssisləri tərəfindən və Palatanın müxtəlif struktur bölmə əməkdaşlarının iştirakı ilə keçirilmiş təlimlərdə Dünya Bankının müvafiq təlimatlarına əsasən tenderin keçirilməsi və məsləhətçilərin seçilməsi ilə bağlı prosedurlar, o cümlədən tender təkliflərinin açılması və qiymətləndirilməsi, podratçının risklərinin qiymətləndirilməsi, müqavilə qiymətlərinin tənzimlənməsi halları, qalibin elan edilməsi və müqavilənin imzalanması prosesi ilə bağlı təqdimatlar edilmişdir. 

Korrupsiyaya qarşı mübarizə Palatanın cari fəaliyyətinin əsas prioritet vəzifələrindən biri  olmaqla, əvvəlki illərdə olduğu kimi hesabat ilində də korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyəti əhatə etmişdir. 

Belə ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamının 5-ci bəndinin və həmin Sərəncamla təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Hesablama Palatasının 2013-cü il 04 fevral tarixli 13 nömrəli əmri ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasında görüləcək işlər barədə Tədbirlər Planı təsdiq edilmişdir.

Eləcə də, Hesablama Palatasında keçirilən təlimlərdə Hesablama Palatasında etik davranışa nəzarətin gücləndirilməsi və Palatada çalışan dövlət qulluqçularının etik davranış məsələləri üzrə keçirilən tədris kursları və təlimlərdə iştirakının təmin edilməsi, etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması, bu sahə ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi, daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, Palatada elektron dövlət sаtınаlmаlаrının tətbiq edilməsi, dövlət satınalmaları zamanı şəffaflığın təmin edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi, nəzarət tədbirləri aparılarkən dövlət satınalma müqavilələrinin icrasına, o cümlədən həmin müqavilələr üzrə ödənişlərə nəzarətin daha da gücləndirilməsi, Palata tərəfindən maliyyə-büdcə nəzarəti tədbirləri keçirilən qurumlarda dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinə əməl olunmasının yoxlanılması üzrə metodiki tövsiyənin hazırlanması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak, habelə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi, Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.

Hesabatda qeyd edilmişdir ki, ötən il Palata öz fəaliyyəti barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrinə məlumat vermiş, illik fəaliyyət haqqında hesabat, büdcə layihələrinə və onların icralarına dair qanun layihələrinə rəylər, həyata keçirilən maliyyə-büdcə nəzarət tədbirləri barədə məlumatlar Milli Məclisə təqdim edilmiş və “Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı”nda dərc olunmuşdur.

Palatanın hesabat ilində fəaliyyəti üzrə, eləcə də, Kollegiya iclaslarında qəbul edilən qərarlar barədə məlumatlar Kollegiya iclaslarından dərhal sonra Palatanın veb-saytında yerləşdirilmişdir.

Palatanın fəaliyyətində şəffaflığın təmin edilməsi, zəruri məlumatların vaxtında və daha çevik qaydada ictimaiyyətə çatdırılması üçün Palatanın internet informasiya ehtiyatlarından daha çox istifadə edilmişdir. Palatanın cari fəaliyyəti üzrə, eləcə də, Kollegiya qərarları barədə məlumatlarla birgə hesabat ilində veb-saytın bütün bölmələri üzrə aidiyyəti məlumatların vaxtında və dolğun yerləşdirilməsi, eləcə də yenilənməsi, Palatanın cari fəaliyyətini tənzimləyən qanunvericilik aktları və normativ-metodiki sənədlərlə təchiz olunması, Palatanın xərclər smetasının icrasını, həyata keçirilən dövlət satınalmalarını, habelə cari fəaliyyətin digər istiqamətlərini əhatə edən məlumatların, xəbərlərin, elanların və digər bütün zəruri informasiyanın vaxtında yerləşdirilməsi təmin edilmişdir.

Palatanın veb-saytının ingilis dili versiyası internet informasiya ehtiyatlarına əlavə edilmiş və məlumatların yenilənməsi və  il ərzində veb-saytın Azərbaycan və ingilis dili üzrə hər iki versiyasının texniki müşayiəti həyata keçirilmişdir.

Hesabatda göstərilmişdir ki, 2013-cü ildə Hesablama Palatasının fəaliyyətində mütərəqqi informasiya texnologiyalarının tətbiqi və nailiyyətlərindən geniş istifadə olunmasının təmin edilməsi işləri davam etdirilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə beynəlxalq fəaliyyəti INTOSAI və onun regional qurumları – EUROSAI və ASOSAI, həmçinin ECOSAI-ın tədbir və təşəbbüslərində iştirakı, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi və xarici Ali Audit Qurumları ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi ilə həyata keçirilmişdir. 

Ötən illərdə olduğu kimi, 2013-cü ildə də Hesablama Palatası INTOSAI təşkilatı çərçivəsindəki fəaliyyətini davam etdirmişdir. Həmin təşkilatın xüsusi əhəmiyyətə malik XXI Konqresində (INCOSAI) iştirak etmək məqsədilə Hesablama Palatasının nümayəndə heyəti 2013-cü il 17-28 oktyabr tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində rəsmi səfərdə olmuşdur. XXI INCOSAI çərçivəsində nümayəndə heyəti Palatanın üzv olduğu Potensialın Artırılması Komitəsinin və Peşəkar Standartlar Komitəsinin iclaslarında, Konqresin “Milli audit və milli idarəçilik” və “Maliyyə sahəsində uzun müddətli davamlılığın qorunmasında AAQ-ların rolu” mövzularına dair plenar sessiyalarında iştirak etmiş və INTOSAI təşkilatının üzvləri üçün ümumi və mühüm məsələlər, bu məsələlərin həlli istiqamətində təcrübə və nailiyyətləri barədə məlumatlar əldə etmişdir.

XXI INCOSAI-da iştirakdan əlavə Hesablama Palatasının INTOSAI daxilindəki fəaliyyəti bu beynəlxalq təşkilatın “Təbii fəlakətlərə ayrılan vəsaitlərin auditi zamanı yardımın auditi və hesabatlılığı üzrə” İşçi Qrupunun üzvləri ilə əməkdaşlığın davam etdirilməsini əhatə etmişdir. Palatanın nümayəndə heyəti hesabat ilinin 6-11 fevral tarixlərində Türkiyənin Ankara şəhərində “Təbii fəlakətlərə qarşı mübarizəyə dair” paralel audit ilə bağlı keçirilmiş III toplantıda iştirak etmişdir.

Hesablama Palatasının nümayəndə heyəti BMT və INTOSAI təşkilatlarının 22-ci Simpoziumunda iştirak etmək məqsədilə 2013-cü il 4-11 mart tarixlərində Avstriyanın Vyana şəhərinə səfər etmişdir. Simpozium “AAQ-lar tərəfindən audit və məsləhətləşmələrin aparılması: risklər və imkanlar, habelə vətəndaşların cəlb edilməsi” mövzusuna həsr edilməklə müxtəlif xarici AAQ nümayəndələrini və UN DESA, UN CEPA, UN EP, OECD və GIZ kimi beynəlxalq təşkilatların rəsmi şəxslərini bir araya gətirmişdir. 

2013-cü il ərzində Palata EUROSAI-ın, o cümlədən onun işçi və xüsusi qruplarının fəaliyyətləri çərçivəsində keçirilmiş bir çox tədbirlərdə təmsil olunmuşdur. Belə ki, 2013-cü il 20-23 noyabr tarixlərində Niderlandın Rotterdam şəhərində Niderland Audit Məhkəməsinin təşkilatçılığı ilə EUROSAI-ın I Gənclər Konqresi (“YES Congress”) keçirilmiş və üzv AAQ-ların gənc əməkdaşları arasında innovativ ideyaları, qabaqcıl təcrübələri, peşəkar fikirləri bölüşmək və yaymaq məqsədini daşıyan bu tədbirdə Hesablama Palatasının da təmsil olunması təmin edilmişdir. 

Bundan əlavə, hesabat ilində Hesablama Palatası üzv olduğu EUROSAI-ın “Ətraf mühitin auditi üzrə” və “Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə” İşçi qrupları çərçivəsində fəaliyyətini davam etdirmişdir. EUROSAI-ın “Ətraf mühitin auditi üzrə” İşçi Qrupunun 11-ci xəbər bülletenində “Azərbaycan Respublikası Hesablama Palatası ətraf mühitin auditini diqqət mərkəzində saxlayır” başlığı altında Palatanın hazırladığı məqalə dərc edilmiş və həmin məqalə İşçi Qrupun rəsmi veb-saytında yerləşdirilmişdir. Məqalədə ətraf mühitlə bağlı problemlərin vaxtında həll edilməsi və düzgün ekoloji siyasətin aparılması məsələlərinin cəmiyyətin sağlam inkişafı ilə yanaşı, iqtisadi inkişafa təkan verən amillərdən biri olması, Azərbaycanda həyata keçirilən uğurlu ekoloji siyasət nəticəsində ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının müvəffəqiyyətli icrası, habelə auditin nəticələri üzrə Hesablama Palatasının təklifləri, o cümlədən müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər haqqında məlumat öz əksini tapmışdır.

Palatanın nümayəndə heyəti 2013-cü il 10-14 noyabr tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilmiş EUROSAI-ın “Peşəkar standartlar” üzrə 2-ci Məqsəd qrupunun növbəti toplantısında iştirak etmişdir. 

Hesabatda qeyd edilmişdir ki, Palatanın INTOSAI-ın geniş tərkibə malik olan digər regional qrupu, ASOSAI çərçivəsində fəaliyyəti ilboyu davam edən yazışmalarla yanaşı 2013-cü ilin 11-15 noyabr tarixlərində “Fəlakətlərin idarə edilməsi qaydalarının auditi” mövzusunda keçirilmiş seminarda iştirak ilə bağlı olmuşdur. 2013-cü ildə Hesablama Palatası ECOSAI və bu təşkilat daxilində üzv olduğu Audit Komitəsi ilə bağlı tədbirlərdə fəal iştirak etmişdir. Belə ki, Palatanın əməkdaşları ECOSAI-ın Baş Katibliyi olan Pakistanın Baş Auditor Ofisinin yerləşdiyi İslamabad şəhərinə ezam edilərək ECOSAI-ın 2010-2012-ci illər üzrə maliyyə hesabatlarının auditini keçirmişlər. Audit INTOSAI-ın beynəlxalq standartlarına uyğun həyata keçirilmiş və nəticəsi kimi audit qrupunun tövsiyəsi ilə Katibliyin rəhbərliyi tərəfindən ECOSAI-ın İdarə Heyəti, komitələri, tətbiq etdiyi mühasibatlıq standartları, təlim fəaliyyəti və Bank Hesabları barədə vacib məlumatların maliyyə hesabatlarında düzgün şəkildə əks etdirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.

Hesabat ilində Hesablama Palatası Sədrinin  rəhbərliyi ilə Palatanın nümayəndə heyəti 2013-cü ilin 15-17 dekabr tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş ECOSAI təşkilatının 6-cı Assambleyasının işində iştirak etmişdir. Həmin tarixlərdə ECOSAI-ın 6-cı Assambleyası ilə əlaqəli silsilə tədbirlər – “İnformasiya Texnologiyalarının auditi” mövzusunda ECOSAI-ın 6-cı Simpoziumu, ECOSAI-ın İdarə Heyətinin 18-ci toplantısı, ECOSAI-ın Təlim Komitəsinin 13-cü toplantısı da keçirilmişdir. 

Hesabat ilində Palatanın nümayəndə heyəti Dünya Bankının təşkilati dəstəyi ilə keçirilmiş “Polşa-Azərbaycan: Bilik mübadiləsi Proqramı” çərçivəsində Polşa Respublikasının Ali Audit Ofisinin (NİK) nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak etmək məqsədilə 2013-cü il 24-29 noyabr tarixində Polşanın Varşava şəhərinə səfər etmişdir.

Hesablama Palatasının nümayəndə heyəti “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu”na və bu protokol əsasında imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə 2013-cü il 11-17 mart tarixlərində Türkiyənin Ankara şəhərinə səfər etmişdir.

Hesabatda o da qeyd edilmişdir ki, 2013-cü ildə Palataya müxtəlif beynəlxalq qurumlardan, AAQ-lardan və onların beynəlxalq təşkilatlarından çoxlu sayda kənar dövlət auditi, mühasibat uçotu, maliyyə və digər müvafiq iqtisadi məsələlər üzrə kitab, jurnal və hesabatlar daxil olmuşdur.

Hesabat ilində Palatanın müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən INTOSAI, EUROSAI, ASOSAI və ECOSAI təşkilatlarına 878 Avro və 1105 ABŞ dolları həcmində üzvlük haqqı  ödənilmişdir.


Cari fəaliyyət çərçivəsində, Hesablama Palatası tərəfindən 2013-cü il ərzində Palataya daxil olan 116 ərizəyə “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na və Hesablama Palatasının 2007-ci il 03 avqust tarixli Q-2 nömrəli iclas qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasında vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlıq işlərinin aparılması və Palatada vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vaxtında baxılaraq müvafiq qaydada araşdırılmış, ərizəçilər məlumatlandırılmış, zəruri hallarda isə ərizəçilər Palatanın məsul şəxsləri tərəfindən qəbul edilmişdir.

Dövlət qulluqçularının həvəsləndirilməsi ilə əlaqədar tədbirlərdən irəli gələn məsələlərin həlli məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na əlavələr və dəyişikliklər edilməsi barədə 2008-ci il 6 avqust tarixli 810 nömrəli Fərmanına müvafiq olaraq Hesablama Palatası Sədrinin Sərəncamı ilə Palatanın 24 əməkdaşına müvafiq ixtisas dərəcələri verilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasında 2014-cü ildə sədr, sədr müavini, auditorlar və Aparatın rəhbəri üçün vətəndaşların qəbulu günlərini və saatlarını əks etdirən cədvəl Hesablama Palatasının 2013-cü il 20 dekabr tarixli 104 nömrəli əmri ilə təsdiq edilmiş və rəsmi veb-saytda yerləşdirilmişdir.

 “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 21-IVKQ nömrəli Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri ilə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 26 fevral tarixli 28 nömrəli qərarı ilə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu arasında mövcud olan uyğunsuzluğun aradan qaldırılması məqsədilə Hesablama Palatasının 2013-cü il 08 may tarixli 1/11-431 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi təqdim edilmişdir. 

Hesabatda  göstərilmişdir ki,  Vətəndaş müraciətləri üzrə kargüzarlıq bu iş üçün təyin olunmuş vəzifəli şəxs tərəfindən həyata keçirilmiş, vətəndaş müraciətləri daxil olduğu gün qeydiyyat-nəzarət vərəqələrində mərkəzləşdirilmiş şəkildə qeydiyyata alınaraq, rəhbərliyin dərkənarına uyğun olaraq icraçılara çatdırılmışdır. 

2013-cü il ərzində vətəndaşların müraciətləri üzrə kargüzarlığın ümumi vəziyyəti aşağıdakı kimi olmuşdur:

-    Hesabat ilində 115 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da ötən dövrlə müqayisədə 56 müraciət və ya 32,7% azdır. Bu müraciətlərdən 42-i vəzifədən sui-istifadə ilə bağlı olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 45 müraciət və ya 51,7% azdır. Sosial məsələlər ilə bağlı 43 müraciət daxil olmuşdur ki, bu da 2012-ci il ilə müqayisədə 5 müraciət və ya 10,4% azdır. Bu müraciətlərin əksəriyyəti vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi barədə olmuşdur ki, bunlar müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir. Audit tədbirlərinin keçirilməsi ilə bağlı vətəndaşlardan 6 müraciət daxil olmuşdur ki, bununla bağlı Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılmasının mümkün olmaması və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə hazırlanacaq İş planlarında nəzərə alınmasının mümkün olması barədə vətəndaşlara məlumat verilmişdir. Bundan başqa daxil olan müraciətlərdən 1-i Hesablama Palatasının rəhbərliyinin qəbulu ilə bağlı, 1-i bələdiyyələrin fəaliyyəti, 1-i Hesablama Palatası tərəfindən keçirilmiş auditin nəticələri üzrə məlumatların verilməsi, 2-si göndərdiyi məktubun əsassız hesab edilməsi, 19-u iş ilə təmin olunmaq barədə olmuşdur. Qeyd etmək lazımdır ki, son üç il ərzində Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlər ilə bağlı olmuşdur. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına daxil olan 115 müraciətdən 33-ü eyni məzmunlu təkrar müraciətlərdir.

-    Hesabat dövründə daxil olan müraciətlər əsasən Bakı (28), Sumqayıt (2), Cəlilabad (8), Bərdə (1), Ağdam (5), Ağcabədi (1), Zərdab (3), Sabirabad (4), Ağstafa (1), Şəki (5), Quba (1), Lənkəran (1), Salyan (2), Gəncə (1), Göyçay (2), Göygöl (1), Yevlax (1), Qaradağ (1), Abşeron (12), Qobustan (1) şəhər və rayonlarından, 34-ü  elektron poçt vasitəsi ilə daxil olmuşdur.

-  Hesablama Palatasına daxil olan 7 müraciətdə vətəndaşın imzası və ünvanı göstərilmədiyi üçün onlar anonim sayılmış və baxılmamış, 50 müraciətdə qeyd edilən məsələlər Palatanın fəaliyyətinə aid olmadığı üçün onlar aidiyyəti təşkilatlara göndərilmiş və bu barədə müraciət edənlərə yazılı məlumat verilmiş, 37 vətəndaş müraciəti müvafiq qaydada cavablandırılmış, 13 müraciət məlumat xarakterli olduğu üçün, 4 vətəndaş müraciəti isə təkrar olduğu və dəfələrlə cavablandırıldığı üçün təhriri məruzəyə əsasən müvafiq qaydada işə alınmış, 4 vətəndaş aidiyyəti struktur bölmələri tərəfindən qəbul edilmiş və müvafiq qaydada sualları cavablandırılmışdır.

2013-cü ilin dövlət büdcəsində Hesablama Palatası üçün nəzərdə tutulmuş vəsait 3553,7 min manat təşkil etmişdir ki, həmin vəsaitdən cəmi 2794,6 min manat istifadə olunmuşdur. Başqa sözlə, Palatanın xərclər smetası üzrə nəzərdə tutulmuş proqnoz 78,6% səviyyəsində icra edilmişdir.

Bütün bunlarla yanaşı o da qeyd edilməlidir ki, Hesablama Palatası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2013-cü ildə  malların alınması, iş və xidmətlərin göstərilməsi üçün 10 kotirovka sorğusu keçirmiş,  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini gözləməklə  2013-cü ildə  malların alınması, iş və xidmətlərin göstərilməsi üçün müvafiq xərc maddələri üzrə cəmi 118500,0 manat məbləğində (91260 manat məbləğində ehtimal olunan qiymətinə) vəsaitə  qarşı ümumilikdə 40895 manat (ehtimal olunan qiymətin 44,8%-i)  büdcə vəsaitinə qənaət edilmişdir ki, bu da ümumi məbləğin 34,5%-nə və ehtimal olunan qiymətin 44,8%-nə bərabərdir.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  21 fevral  2013-cü il 35s nömrəli sərəncamı ilə “Beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üzrə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü”ndə  Azərbaycan Respublikası Hesablama Palatasına  237,0 min manat  məbləğində vəsait nəzərdə tutulmuşdur ki, həmin vəsaitdən də 2013-cü ilin aprel ayında Bakı şəhərində keçirilmiş Ali Audit Qurumlarının Avropa (EUROSAI) və Ərəb (ARABOSAI) Təşkilatlarının IV Birgə Konfransı zamanı 150,0 min manat xərc edilərək 63,3% icra edilmiş, başqa sözlə 87,0 min vəsaitə qənaət edilmişdir. Hesablama Palatasında uçot hesabat işləri müvafiq təlimata əsasən aparılmış, habelə Milli Standartlara uyğun tərtib edilən maliyyə hesabatları Palatanın maliyyə vəziyyətini, maliyyə nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkəti haqqında informasiyaları təmin etmişdir.



2013-cü ilin sonuna Hesablama Palatasının 6309,9 min manat aktivləri, o cümədən pul vəsaitləri və onların ekvivalentləri 2,4 min manat, qısamüddətli debitor borcları 2,2 min manat, ehtiyatlar 56,0 min manat, sair qısa müddətli aktivlər 8,4 min manat, torpaq tikili avadanlıq üzrə uzunmüddətli aktivlər 6229,3 min manat, qeyri- maddi aktivlər 6,3 min manat və sair uzunmüddətli  qeyri-maliyyə aktivlər 5,4 min manat olmuş, öhdəlikləri olmamışdır.   
Yüklə 78,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin