Azərbaycan Respublikası Hesablama Palatasının



Yüklə 61,99 Kb.
tarix22.10.2017
ölçüsü61,99 Kb.
#9930


Azərbaycan Respublikası Hesablama Palatasının

2010-cu ildə fəaliyyəti haqqında hesabat
Hesablama Palatasının 2010-cu ildəki fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına, Palatanın təsdiq olunmuş İş planına və digər müvafiq normativ sənədlərə əsasən həyata keçirilmişdir.

Hesabatda qlobal maliyyə-iqtisadi böhranı ilə əlaqədar əksər dünya ölkələrində iqtisadi gərginliyin davam etdiyi şəraitdə ölkəmizdə makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, iqtisadi aktivliyi təmin edəcək əlverişli investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala zəruri vəsaitlərin yönəldilməsi, ölkənin valyuta ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə artması, dövlətin maliyyə potensialının xeyli möhkəmlənməsi kimi uğurlu nəticələr xüsusi qeyd edilmiş və vurğulanmışdır ki, belə bir şəraitdə səmərəli kənar dövlət maliyyə nəzarəti nəzərdə tutulmuş fiskal siyasətin daha çevik həyata keçirilməsinə və maliyyə sabitliyinin qorunub saxlanılmasına dəstək verməklə yanaşı, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin tərtibi və icrası prosesində büdcə vəsaitlərinin çevik idarə edilməsində qanunvericiliyin tələblərinin gözlənilməsini, onlardan səmərəli və məqsədyönlü istifadə olunmasını izləməyə imkan vermiş, habelə bu sahədə ayrı-ayrı büdcə təşkilatlarında yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasına şərait yaratmışdır.

 Qeyd edilmişdir ki, dövlət maliyyə nəzarətinin daha şəffaf, işlək və çevik olması, habelə büdcə vəsaitlərindən istifadə zamanı maliyyə intizamının daha da gücləndirilməsi və onun ölkədəki mövcud iqtisadi şəraitə adekvat olması tələb olunur ki, bu da Palatanın nəzarət tədbirləri zamanı büdcə vəsaitlərindən sui-istifadə edilməsinə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması istiqamətində fəaliyyətinin daha da genişləndirilməsini aktual vəzifələrdən birinə çevirmişdir. 2010-cu ildə bu vəzifələrin icrası olaraq Palata tərəfindən ekspert-analitik fəaliyyət sahəsində aşağıda qeyd olunan rəylər hazırlanaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur:

 “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata Rəy;

 “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy;

 “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy;



  “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəy.

Hesablama Palatası özünün kənar dövlət maliyyə nəzarəti funksiyasının səmərəli və keyfiyyətlə yerinə yetirilməsinə xüsusi diqqət yetirmiş və Palata tərəfindən 2008-ci ildə 23 audit, 21 analitik təhlil işi və 1 monitorinq, 2009-cu ildə 31 audit və 10 analitik təhlil işi həyata keçirilmişdisə, 2010-cu ildə 41 audit və 6 analitik təhlil işinin keçirilməsi təmin edilmişdir. Göründüyü kimi, Palata nəzarət tədbirlərinin keçirilməsində sonrakı maliyyə-büdcə nəzarətinə daha çox üstünlük vermiş, hesabat ilində 2008-ci və 2009-cu illərlə müqayisədə 18 və10 audit tədbiri çox keçirmişdir.

Hesabat dövründə bu audit tədbirləri vergi gəlirlərinin qanunvericiliyə uyğun formalaşdırılması və icrası vəziyyətinin araşdırılması, dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə vaxtında və səmərəli istifadə olunmasını, habelə bu vəsaitlər üzrə maliyyə əməliyyatlarının qanunvericiliklə müəyyən edilmiş qaydalara və müddətlərə uyğun həyata keçirilməsini müəyyən etmək məqsədilə aparılmışdır.



Hesabatda Palata tərəfindən həyata keçirilmiş audit tədbirləri zamanı dövlət büdcəsinin gəlirləri sahəsində vergi ödəyicilərinin məlumatlandırılması, uçotu, vergi bəyannamələrinin təqdim edilməsi, bu sahədə müasir informasiya texnologiyalarının tətbiq edilməsi, elektron sənəd dövriyyəsinin həcminin artırılması və bunun vergi sistemində şəffaflığın daha da artmasına xidmət etməsi, hesabat ilində borcların məbləğinin nisbətən azaldılması, yeni mexanizmlərin istifadə olunması kimi müsbət işlərlə yanaşı, ayrı-ayrı tədiyyə növləri üzrə proqnoz göstəricilərinin vergitutma bazasının tam şəkildə müəyyən olunmadan tərtib edilməsi, hesablanmış vəsaitlərin tam həcmdə dövlət büdcəsinə ödənilməməsi, qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergilərin könüllü ödənilməsi səviyyəsinin aşağı olması, səyyar vergi yoxlamalarının aparılması və nəticələrinin rəsmiləşdirilməsi zamanı müvafiq normativ-hüquqi aktların tələblərinin gözlənilməməsi, vergi uçotunda durmayan fiziki şəxslərlə müqavilələrin bağlanılması və s. kimi nöqsan və çatışmazlıqlar aşkar olunmuş, vergi inzibatçılığının yüksəldilməsi, vergi borclarının azaldılması tempinin sürətləndirilməsi, hər bir tədiyyə növü və region üzrə tapşırıqların yerinə yetirilməsinə nail olunması, vergilərin yığılmasında ahəngdarlığın qorunması, yeni daha mütərəqqi metod və mexanizmlərin tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir.

Hesabatda qeyd olunmuşdur ki, dövlət büdcəsinin xərcləri üzrə keçirilən audit tədbirlərində mövcud qaydaların tələbləri gözlənilməklə proqnoz layihələrinin funksional və iqtisadi təsnifatın bölmələri, paraqrafları və xərc maddələri səviyyəsində hazırlanması, xərc smetalarının və tarifləşmə siyahılarının normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsi, yerlərdə Pensiya İslahatı Konsepsiyasına müvafiq tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin mütəmadi olaraq avtomatlaşdırılması, pensiyaların verilməsi üçün nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə xərclənilməsi, həmçinin kimyəvi, bioloji və digər preparatların tətbiqi qaydalarının hazırlanması və həmin qaydalara uyğun tədbirlərin həyata keçirilməsi, zəruri baytarlıq tədbirləri həyata keçirilməklə mal-qaranın və başqa heyvanların xəstəliklərdən qorunması işinin gücləndirilməsi, kollektor-drenaj şəbəkələrinin, hidrotexniki və hidrometrik qurğuların işlək vəziyyətdə saxlanılması, daşqın və selə qarşı sahilbərkitmə və bəndatma işlərinin həyata keçirilməsi, mənzil-kommunal təyinatlı obyektlərin vaxtında pasportlaşdırılması, inventarlaşdırılması, qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə olunması, dəmir yollarının və ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi, yolların və yol qurğularının vaxtından əvvəl aşınması və dağılması hallarının qarşısını almağa yönəldilən tədbirlərin gücləndirilməsi, avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının layihələndirilməsi, tikilməsi, yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin vaxtında hazırlanması, investisiya proqramına əsasən elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, mövcud elektrik verilişi xətlərinin və yarımstansiyaların avadanlıqlarının yeniləşməsi kimi müsbət işlərlə yanaşı, bir sıra nöqsan və çatışmaqlıqlar, o cümlədən büdcə təşkilatlarının saxlanılması xərcləri üzrə bəzi hallarda büdcə sifarişlərinin tərtibi zamanı real tələbatın düzgün müəyyən edilməməsi, smeta xərclərinin icrasında ahəngdarlığın gözlənilməməsi, nəzərdə tutulmadığı halda işçilərə maddi yardımın və mükafatın verilməsi, ezamiyyə xərcilərinə normadan artıq vəsaitin ödənilməsi, bəzi hallarda mərkəzi aparatda daha az ştat vahidi ilə şöbələrin yaradılması, fiziki şəxslərlə müxtəlif xidmətləri yerinə yetirmək üçün mülki hüquqi müqavilələr əvəzinə qısa müddətə əmək müqavilələrinin bağlanılması, sosial sahələrdə artıq ştat vahidlərinin və sinif komplektlərinin saxlanılması hallarına yol verilməsi, rəhbər işçilərə normativdən artıq dərs yükünün proqnozlaşdırılması, müvafiq təlimatın tələblərinə əməl edilməyərək pedaqoji işçilərə əmək haqqının ödənilməsində faktiki dərs yükünün artırılması və bu artımın digər əlavə ödənişlərə də şamil edilməsi, analıq məzuniyyətində və ya müalicədə olan işçilərə artıq əmək haqqının ödənilməsi, təhsil haqlarının vaxtında yığılmaması, səhiyyə sahəsində artıq tarif dərəcələrinin müəyyənləşdirilməsi, ərzaq məhsulları, dərman preparatları və sarğı ləvazimatları üzrə əskik və ya artıq olma hallarına yol verilməsi, ərzaq məhsulları və yanacaq sərfi üzrə nəzərdə tutulmuş normalara əməl edilməməsi, habelə beynəlxalq tədbirlərin keçirilməsinə normadan artıq vəsaitin xərc edilməsi, xərclərin icrası zamanı təyinat dəyişikliklərinə yol verilməsi, bir sıra hallarda cari və əsaslı təmir işlərinin az yerinə yetirilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə gəlir potensialının tam nəzərə alınmaması, pensiyaların təyin olunması ilə bağlı prosedurların yerinə yetirilməsində qanunvericiliyin tələblərinə tam riayət edilməməsi; fitosanitar və baytarlıq xidməti sahəsində bəzi bitki və bitkiçilik məhsullarının ölkə ərazisinə karantin icazəsi alınmadan idxal edilməsi, normadan artıq baytarlıq preparatlarının silinməsi, baytarlıq preparatlarının alınması zamanı təsdiq edilmiş tədbirlər planındakı tələbatdan kənarlaşma hallarına yol verilməsi, mənzil-kommunal sahəsində vəsaitlərin proqnozlaşdırılması zamanı müvafiq yaşayış sahələrinə görə gəlirlərin düzgün hesablanılmaması, qeydiyyatda olan əhalinin sayının düzgün nəzərə alınmaması səbəbindən müvafiq xərclərin artırılması, mənzil fondunun saxlanılması üzrə istismar yığımının az hesablanılması, abadlaşdırma üzrə həyata keçirilən təmir-tikinti işlərinin düzgün uçota alınmaması, küçə və parkların işıqlandırılması xərclərində əmək haqqı ilə bağlı olmayan xərclərin normaya nisbətən çox olması, küçə və yaşıllıq sahələrinin təmizlənməsi sxemlərinin hər bir ərazi üzrə ünvanı göstərilməklə hazırlanmaması, investisiya sahəsində bəzi layihə-smeta sənədlərinin xüsusi razılıq (lisenziya) olmadan tərtib edilməsi, bağlanılmış icarə müqavilələri üzrə daxil olmuş vəsaitin dövlət büdcəsinə köçürülməməsi, təsdiqedici sənədlər olmadan təhtəlhesab şəxslərin hesabından vəsaitin birbaşa xərcə silinməsi, tikinti işlərinin aparılması ilə əlaqədar sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilələrdə mütləq öhdəliklərin əks etdirilməməsi, obyektlərin inşası üzrə işlərin düzgün təşkil edilməməsi və nəticədə işlərin icra müddətinin uzanması və tikinti-quraşdırma işlərinin dəyərinin artması, yolların təmiri işlərinə tətbiq olunan artım əmsalları üzrə hesabatların tərtib edilməməsi, dövlət satınalmaları sahəsində bir sıra hallarda malların (iş və xidmətlərin) satınalınması zamanı satınalınacaq malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməməsi, məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə satınalmaların ayrı-ayrı müqavilələrə bölünməsi, satınalma prosedurları keçirilmədən malların tədarük edilməsi, müvafiq icra hakimiyyətinin razılığı olmadan təyinat dəyişikliyi, həmçinin satınalınma metodunun dəyişdirilməsi hallarına yol verilməsi, obyektlərin layihə-smeta sənədlərinin hazırlanması üzrə satınalmaların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməməsi və s. aşkar edilmişdir.

Palata tərəfindən Şəki şəhəri üzrə yerli xərclərin tərtibi və yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin icrasının auditi çərçivəsində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə dövlət büdcəsinin “Mədəniyyət və incəsənət sahəsində fəaliyyət” köməkçi bölməsi və “Təhsil” bölməsi üzrə yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin auditi zamanı şöbənin məsul vəzifəli şəxsləri tərəfindən kassadan nağd pul vəsaitlərinin əsassız olaraq silinməsi, ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə hesablanılmış vəsaitin artırılması hesabına yaradılmış artıq vəsaitin bir hissəsinin Beynəlxalq, Kapital, Rabitə və Dəmiryol Banklarının Şəki filiallarında işçilərin və kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə Şöbənin strukturlarında işləməyən kənar şəxslərin adlarına açılmış saxta, eləcə də şöbənin müxtəlif strukturunda çalışan işçilərin adlarına açılmış 2-ci saxta bankomat kartlarına ödənilməsi, cədvəllərdə müavinət alanların sayının artırılması hesabına vəsaitin əsassız olaraq kassadan silinməsi, xüsusi vəsait üzrə yığılan nağd pulun kassaya mədaxil edilməməsi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırılması və sair bu kimi bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərərin vurulması nəzərə alınaraq Hesablama Palatası Kollegiyasının qərarı ilə Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi üzrə yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

Kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi istiqamətində Palatanın hesabat ilindəki maliyyə-büdcə nəzarət fəaliyyəti üzrə əldə edilmiş nəticələrin yekunu olaraq hesabatda göstərilmişdir ki, əvvəlki ildə olduğu kimi 2010-cu ildə də aparılmış nəzarət tədbirləri nəticəsində Palatanın saxlanılmasına sərf edilmiş büdcə vəsaitindən bir neçə dəfə çox dövlət vəsaitinin büdcəyə bərpa edilməsi, səmərəsiz xərcin qarşısının alınması və müvafiq qaydada uçota götürülməsi təmin edilmiş, buraxılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin, həmçinin yol verdikləri nöqsan və maliyyə pozuntularına görə aidiyyəti məsul şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə nail olunmuş, habelə Palata tərəfindən verilmiş bir sıra təkliflər müvafiq dövlət orqanları tərəfindən dəstəklənmişdir.

Hesabatda Palatanın maliyyə-büdcə nəzarəti tədbirləri ilə yanaşı cari fəaliyyətin tənzimlənməsi istiqamətində də görülmüş işlər barədə ətraflı məlumat verilmişdir, o cümlədən:

• dövlət qulluqçularının həvəsləndirilməsi ilə əlaqədar tədbirlərdən irəli gələn məsələlərin həlli məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na əlavələr və dəyişikliklər edilməsi barədə 2008-ci il 6 avqust tarixli 810 nömrəli Fərmanına müvafiq olaraq Hesablama Palatası Sədrinin Sərəncamları ilə Palatanın 25 əməkdaşına müvafiq ixtisas dərəcələri verilmişdir;

• hesabat dövründə vətəndaşların müraciətlərinə Palata tərəfindən “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na və Hesablama Palatasının 2007-ci il 03 avqust tarixli 19/151 nömrəli iclas qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasında vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlıq işlərinin aparılması və Palatada vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vaxtında baxılmış, müraciətlər müvafiq qaydada araşdırılmış, ərizəçilər məlumatlandırılmış, xüsusi hallarda isə ərizəçilər Palatanın məsul şəxsləri tərəfindən qəbul edilmişdir;

• Hesablama Palatası tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamının icrası ilə bağlı görülmüş işlər haqqında illik hesabat Azərbaycan Respublikasının Baş Nazirinə təqdim edilmişdir;

• Palatanın potensialının gücləndirilməsi məqsədilə Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi” (CAPSAP) çərçivəsində Palatanın Strateji İnkişaf Planının icrasını təmin etmək və Layihənin “Dövlət sektorunda hesabatlılıq” adlı 2-ci komponenti üzrə nəzərdə tutulmuş tədbirləri həyata keçirilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 22 iyul tarixli 211s nömrəli Sərəncamına uyğun olaraq 2010-cu il 08 dekabr tarixində Hesablama Palatasının inzibati binasında İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri və Hesablama Palatasının sədri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası Hökuməti arasında “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” Layihəsi üzrə (SECO Layihə nömrəsi:UR-00379.01.01) texniki yardım haqqında Saziş” imzalanmışdır. 

• hesabat ilində “Azərbaycan Respublikasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu” imzalanmışdır. Bununla da Hesablama Palatası ilə digər dövlət hakimiyyəti orqanları arasında imzalanmış Razılaşma Memorandumlarının sayı 6-ya çatdırılmışdır.

• hesabat ilində dövlət vəsaitlərinin təyinatı üzrə və qənaətlə istifadə olunması, habelə maliyyə intizamının gücləndirilməsi istiqamətində Palatanın səlahiyyətlərinin genişləndirilməsini təmin etmək üçün Palatanın fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında əlavələr edilmişdir. Belə ki, Azərbaycan Respublikasının 2010-cu il 12 fevral tarixli 954-IIIQD nömrəli Qanununa əsasən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilmişdir:

“dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir”.

• 2002-ci il 5 mart tarixli 269-II Q nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin 4-cü maddəsinə uyğun olaraq hesabat ilində Palata tərəfindən “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən xarici ölkələrin ali audit qurumları ilə birgə və paralel nəzarət tədbirlərinin aparılması Qaydaları”,  “Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrasına nəzarət edilməsi Qaydaları”, “Azərbaycan Respublikası Hesablama Palatasının nəzarət tədbirləri zamanı audit sübutlarının əldə edilməsi Qaydaları”, “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən maliyyə-büdcə nəzarəti tədbirləri keçirilən qurumlarda normativ-hüquqi aktların tələblərinə əməl olunmasının yoxlanılması Qaydaları”, “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin idarə edilməsi Qaydaları” hazırlanmış və müvafiq Kollegiya qərarları ilə təsdiq edilmişdir;



• Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasından Palataya daxil olmuş İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində 2010-cu il 31 mart tarixdə Azərbaycan Respublikası ilə bağlı ikinci raund dəyərləndirmə hesabatının qəbul edilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tövsiyyələrə müvafiq rəy verilmişdir;

• dövlət büdcəsinin formalaşdırılmasına və dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunmasına, dövlət əmlakının və vəsaitlərinin idarə olunmasına dövlət nəzarətinin gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması, qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdə mövcud olan boşluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədilə Hesablama Palatası tərəfindən 32 bənddən ibarət təkliflər hazırlanmış və 2010-cu il 25 fevral tarixli 1/2/01-222 nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Bu təkliflərdə fərdi təhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində rəhbər işçilərin, inzibati-təsərrüfat, tədris-yardımçı, tibbi və xidmətedici heyətin say tərkibinin müəyyənləşdirilməsi, məktəbdənkənar müəssisələrdə dərnəklərin təşkili, təhsil müəssisələrində çalışan işçilərə əlavə haqların ödənilməsi, sağlamlıq imkanları məhdud şəxslərin təhsili, təhsil ocaqlarında, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tənzimlənməsi ilə bağlı normativ sənədlərin hazırlanması və ya müvafiq təlimatların müddəalarına yenidən baxılması, yaşayış minimumu və ünvanlı dövlət sosial yardımı haqqında müvafiq qanunvericilik aktlarında müvafiq dəqiqləşmələrin aparılması, əlilliyin müəyyən edilməsi ilə bağlı əlavə müavinətlərin ləğv edilməsi və ya əmək stajı və ağırlıq dərəcəsindən asılı olmayan konkret bir məbləğin müəyyən edilməsi (gözdən əlillər istisna olmaqla), mərkəzi kitabxana sistemində ştat sayını müəyyənləşdirən və mənzil-kommunal təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanılmasını tənzimləyən normativ sənədin hazırlanması, hazırda istifadə edilən “müvəqqəti normaların” dəqiqləşdirilmiş normaları özündə əks etdirən qaydalarla əvəz edilməsi, əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxlarının dərəcələrinə və qeyri-qanuni heyvan ovuna görə cərimələrin məbləğinə yenidən baxılması, büdcə vəsaiti hesabına əkin materiallarının (tinglər, toxmacalar) yetişdirilməsi və satılmasını tənzimləyən müvafiq normativ-hüquqi sənədin hazırlanması, dövlət satınalmaları sahəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi digər satınalma metodlarının tətbiqi ilə malların (işlərin və xidmətlərin) satınalınma prosedurunun icrası üçün vaxt limitinin müəyyən edilməsi, bir mənbədən satınalma metodundan istifadə şərtlərinin dəqiqləşdirilməsi, satınalmaların nəticələri barədə məlumatların mütəmadi olaraq təşkilatların rəsmi internet saytında yerləşdirilməsi, qalibin müəyyən edilməsi üçün tenderdə iştirak edən iddiaçıların sayının deyil, real təkliflərə malik olmaqla tenderə buraxılanların sayının əsas götürülməsi, ehtimal olunan məbləğin hesablanmasında iştirak edən şəxslərin satınalma prosedurunun iştirakçısı olmasının qadağan edilməsi, müqavilənin yerinə yetirilməsi təminatının konkret müəyyən edilməsi və onun müqavilənin son müddətinə qədər qüvvədə olma şərtinin təsbit olunması, kotirovka sorğusu üsulu ilə həyata keçirilən satınalmalara tələblərin sadələşdirilməsi, açıq tender və kotirovka sorğusu üsulu üzrə müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti üzrə müəyyənləşdirilən minimum məbləğlərə yenidən baxılaraq müvafiq qaydada artırılması, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerlərdə birmənalı yerinə yetirilməsi üçün bütövlükdə Qanunun icra mexanizmlərini tənzimləyəcək müvafiq Təlimatın işlənib hazırlanılması, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş əlavə dəyər və aksiz vergisinin geri alınması və onlar tərəfindən beş bank günü ərzində tam həcmdə dövlət büdcəsinə ödənilməsi, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə əsas vəsaitlərin uçotu qaydalarının dəqiqləşdirilməsi, istehlak bazarına nəzarət sahəsindəki səlahiyyətlərin dəqiqləşdirilməsi məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, etil (yeyinti) spirti, alkoqollu içkilər və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə cərimə məbləğlərinin artırılması məqsədəmüvafiq hesab edilmişdir;

• hesabat ilində, həmçinin, Hesablama Palatası üzvləri və əməkdaşlarının xarici ölkələrin Ali Audit Qurumları (AAQ-lar) və onları birləşdirən beynəlxalq təşkilatlar (INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI və s.) tərəfindən təşkil edilən korrupsiya ilə mübarizə və AAQ-ların fəaliyyətində şəffaflığın təmin edilməsi mövzularında keçirilən beynəlxalq konfrans və tədbirlərdə iştirakı təmin edilmişdir. Belə ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının həyata keçirilməsinə nəzarət üzrə yaradılmış ekspert qrupunun 2010-cu ilin iyun ayında keçirilmiş görüşündə hökumətin ekspert qrupunun tərkibində Hesablama Palatasının nümayəndəsinin iştirakı təmin edilmişdir.

Hesabat dövründə Hesablama Palatası tərəfindən beynəlxalq fəaliyyət istiqamətində INTOSAI və onun Regional İşçi Qrupları (ASOSAI və EUROSAI), habelə ECOSAI (İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin Ali Audit Qurumları (AAQ) Birliyi) təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, bir çox ölkələrin AAQ-ları ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı əməkdaşlıq sahələrində kompleks işlərin aparılması davam etdirilmişdir.
Belə ki, Palata tərəfindən Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Dövlət Nəzarət Komitəsi arasında Əməkdaşlığa dair Saziş layihəsi hazırlanmış və Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizə gələn Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin Sədri ilə Azərbaycan Respublikası Hesablama Palatasının Sədri tərəfindən 2010-cu il 03 iyun tarixində “Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Respublikasının Dövlət Nəzarət Komitəsi arasında əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) XX Konqresi 2010-cu ilin 22-27 noyabr tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş və konqresdə 152 ölkənin Ali Audit Qurumlarının (AAQ) nümayəndələri, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Hesabat dövründə Palata əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, xüsusilə seminar və təlim kurslarında onların iştirakının təmin olunması üçün işlər davam etdirilmiş və Palatanın əməkdaşları aşağıda qeyd olunan treninq, seminar və konfranslarda iştirak etmişlər:

 • 5-6 aprel 2010-cu il, Türkiyə Respublikasının Antalya şəhərində “Ətraf mühitin auditi” mövzusunda keçirilmiş təlim kursu;


 • 13 sentyabr-8 oktyabr 2010-cu il, Hindistanın Noida şəhərində ASOSAI-ın “Səmərəlilik auditi” mövzusunda keçirilmiş təlim kursu;
 • 1-12 noyabr 2010-cu il, Türkiyənin İstanbul şəhərində “Ətraf mühitin auditi” mövzusunda keçirilmiş təlim kursu;
 • 22 noyabr - 4 dekabr 2010-cu il, Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş “İnformasiya texnologiyalarının auditi” mövzusunda seminar; 
 • 13-18 dekabr 2010-cu il, Koreyanın Seul şəhərində keçirilmiş “ASOSAI regionunda kənar dövlət auditinin gücləndirilməsi” mövzusunda seminar.

Hesabat ilində Hesablama Palatasının fəaliyyətini tənzimləmək məqsədilə Palatanın 23 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 84 məsələ üzrə müvafiq qərarlar qəbul edilmiş, Palataya dövlət təşkilatlarından və müxtəlif yerli və xarici təşkilatlardan 1239 sənəd, o cümlədən, dövlət təşkilatlarından 774, xarici təşkilatlardan 329, müxtəlif yerli təşkilatlardan 99, mətbuat orqanlarından 9, dövlət hakimiyyət orqanlarından 26, telefonoqram şəklində 2 sənəd, habelə 239 kitab, məcmuə və jurnal daxil olmuş, Palata tərəfindən isə müxtəlif ünvanlara ümumilikdə 1077 məktub, o cümlədən dövlət hakimiyyəti orqanlarına 69, dövlət təşkilatlarına 468, müxtəlif yerli təşkilatlara 273, xarici təşkilatlara 251, mətbuat orqanlarına 5, fiziki şəxslərə 2 məktub, habelə ayrı-ayrı ünvanlara 9 telefonoqram göndərilmişdir.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Palatanın cari fəaliyyətini lazımi səviyyədə təşkil etmək üçün kadr potensialının və maddi-texniki təminatın gücləndirilməsi, yüksək ixtisaslı kadrların işə qəbul edilməsi, metodoloji təminatın təkmilləşdirilməsi, normativ-metodiki sənədlərin hazırlanması və s. məsələlərin diqqətdə saxlanılması və öz fəaliyyətini beynəlxalq təcrübə və standartların tələbləri səviyyəsində tənzimləmək üçün 5 yeni normativ-metodiki sənəd hazırlanaraq müvafiq qaydada təsdiq olunması, habelə həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən Palata tərəfindən nəzarət tədbirinin predmetinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 83 təqdimatın göndərilməsi, bunun da 2008-ci ildə göndərilən təqdimatlardan 42 ədəd (və ya 102,4%), 2009-cu ildəki müvafiq göstəricidən isə 26 ədəd (və ya 45,6%) çox olması Hesabatda xüsusi qeyd olunmuş və təqdimatların 36%-nin nazirliklərə, 8%-nin komitə və baş idarələrə, 7%-nin büdcədənkənar dövlət fondlarına (təsisatlarına), 27%-nin yerli qurumlara, 22%-nin isə digər orqanlara göndərilməsi barədə məlumatlar hesabatda ətraflı əks etdirilmişdir.

2010-cu ildə Hesablama Palatasının müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən INTOSAI, EUROSAI, ASOSAI və ECOSAI təşkilatlarına 878,0 avro və 1105,0 ABŞ dolları həcmində üzvlük haqqı ödənilmişdir.

Hesabat dövründə Palatanın fəaliyyəti barədə mütəmadi olaraq kütləvi informasiya vasitələrinə (KİV) məlumatlar “Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti barədə məlumatların hazırlanması və kütləvi informasiya vasitələrində yayılması Qaydaları”na uyğun olaraq əsasən press-reliz, məlumat və ya xəbər şəklində ötürülmüş, eyni zamanda ayrı-ayrı informasiya agentlikləri və mətbuat orqanlarından Palataya daxil olmuş informasiya sorğuları müvafiq qaydada cavablandırılmışdır.

Hesabat dövründə Palatanın fəaliyyətində şəffaflığın təmin edilməsi, zəruri məlumatların vaxtında və daha çevik qaydada ictimaiyyətə çatdırılması üçün Palatanın daha çox internet informasiya ehtiyatlarından istifadə edilmişdir. Hesabat ilində veb-saytın bütün bölmələri üzrə aidiyyəti məlumatların vaxtında və dolğun yerləşdirilməsi, Palatanın cari fəaliyyətini tənzimləyən qanunvericilik və normativ-metodiki təminatın zəruri materiallarla təchiz olunması, Palatanın xərclər smetasının icrasını, həyata keçirilən dövlət satınalmalarını, habelə cari fəaliyyətin digər istiqamətlərini əhatə edən məlumatların, xəbərlərin, elanların və digər bütün zəruri informasiyanın vaxtında yerləşdirilməsi təmin olunmuşdur. Hesabat ilində, həmçinin, Palatanın veb-saytının yeni ingilis dili versiyası hazırlanaraq internet informasiya ehtiyatlarına əlavə edilmiş və il ərzində veb-saytın Azərbaycan və ingilis dili üzrə hər iki versiyasının texniki müşayiəti həyata keçirilmişdir. Hesabat ilində Palatanın müasir informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilmişdir.

Hesabatda qeyd olunmuşdur ki, Hesablama Palatasına 2010-cu il ərzində 139 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da ötən dövrlə müqayisədə 135,6% çoxdur. Bu müraciətlərdən 79-u vəzifədən sui-istifadə ilə bağlı olmuşdur ki, bu da 2009-cu illə müqayisədə 97,5% çoxdur. Sosial məsələlər ilə bağlı 28 müraciət daxil olmuşdur ki, bu da 2009-cu il ilə müqayisədə 115,4% çoxdur. Bu müraciətlərin əksəriyyəti vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, təqaüdlərinin düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi barədə olmuşdur ki, bunlar da müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir. Audit tədbirlərinin keçirilməsi ilə bağlı vətəndaşlardan 7 müraciət daxil olmuşdur ki, bununla bağlı Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılmasının mümkün olmaması və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə hazırlanacaq İş planlarında nəzərə alınmasının mümkün olması barədə vətəndaşlara məlumat verilmişdir. Bundan başqa, daxil olan müraciətlərdən 6-sı bələdiyyələrin fəaliyyəti, 12-si iş ilə təmin olunmaq, 3-ü əmək mübahisələri, 4-ü məişət problemləri barədə olmuşdur. Qeyd etmək lazımdır ki, son üç il ərzində Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlər ilə bağlı olmuşdur.

Hesabat ilində Hesablama Palatasının fəaliyyətini səmərəli təşkil etmək üçün 2010-cu ilin dövlət büdcəsində 3727,0 min manat məbləğində vəsait nəzərdə tutulmuş və həmin vəsaitdən cəmi 2913,1 min manat istifadə edilmişdir. Başqa sözlə, Palatanın xərclər smetası üzrə nəzərdə tutulmuş proqnoz 78,2% səviyyəsində icra edilmişdir.

Belə ki, dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə “Əməyin ödənişi” bölməsi ümumi xərclərin 80,9%-ni təşkil etməklə 79,8% həcmində icra edilmiş və ya 3014,8 min manat təyinata qarşı kassa icrası 2404,9 min manat olmuşdur.

“Malların (iş və xidmətlərin) satın alınması” bölməsi ümumi xərclərin 15,7%-ni təşkil etməklə 73,8% icra edilmiş və ya 585,0 min manat təyinata qarşı kassa icrası 431,6 min manat olmuşdur. 

“Təqaüdlər və sosial müavinətlər” bölməsi Palatanın ümumi xərclərinin tərkibində 1,6% təşkil etməklə 44,9% icra edilmiş və ya 59,8 min manat təyinata qarşı kassa icrası 26,9 min manat olmuşdur.

“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi ümumi xərclərin tərkibində 1,2% təşkil etməklə 97,4% icra edilmiş və ya 46,5 min manat təyinata qarşı kassa icrası 45,3 min manat olmuşdur. 



“Digər xərclər” bölməsi isə ümumi xərclərin tərkibində 0,6% təşkil etməklə 21,3% icra edilmiş və ya 20,8 min manat təyinata qarşı kassa icrası 4,4 min manat olmuşdur.



Yüklə 61,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin