Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2015-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Uruqvay Şərq Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2015-ci il
№ 666
Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası
arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Uruqvay Şərq Respublikası,
iki ölkə arasında mövcud dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətində olaraq,
ikitərəfli əlaqələrdə mədəniyyətlərarası dialoqun rolunu vacib hesab edərək, həmçinin mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Razılığa gələn Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığı milli qanunvericiliklərinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə əsasən həyata keçirirlər.
Maddə 2
Razılığa gələn Tərəflər qarşılıqlı fayda əsasında ikitərəfli mədəni əməkdaşlığı inkişaf etdirirlər. Hər bir tərəf digər ölkənin mədəniyyəti, həmçinin bədii və mədəni dəyərləri barədə məlumatın öz ölkəsində yayılmasını təşviq edir.
Maddə 3
Razılığa gələn Tərəflər dövlət muzey və kitabxanaları arasında əməkdaşlığı dəstəkləyirlər. Mədəni mülkiyyətin nümayiş etdirilməsi halında, Tərəflər dövlətlərinin milli qanunvericiliklərinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə əsasən, onların qorunması və təhlükəsizliyi üçün lazımi tədbirlər görürlər. Bundan əlavə, onlar milli kitabxanalar arasında birbaşa əlaqələri, xüsusilə Azərbaycan və Uruqvayla bağlı materiallara çıxışı dəstəkləyirlər.
Maddə 4
Razılığa gələn Tərəflər hər iki ölkədəki mədəniyyət təsisatları, qrup, assosiasiya, fond və yaradıcılıqla bağlı digər mədəniyyət təşkilatları arasında birbaşa əlaqələrin və əməkdaşlığın inkişafını təşviq edirlər.
Maddə 5
Razılığa gələn Tərəflər mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində əldə olunmuş təcrübənin konfrans, simpozium və digər forumların təşkili, eləcə də mütəxəssislərin mübadiləsi və birgə araşdırmalar vasitəsilə öyrənilməsini dəstəkləyirlər.
Maddə 6
Razılığa gələn Tərəflər hər iki ölkədə keçirilən beynəlxalq musiqi, təsviri sənət, xalq sənəti, teatr və ya kino festivallarında təşkilatçıların şərtlərinə və qaydalarına müvafiq olaraq dəvət əsasında iştirak edə bilərlər.
Maddə 7
Azərbaycan tərəfinin dəvətinə əsasən Uruqvay tərəfi hər 2 (iki) ildən bir Bakı şəhərində keçirilən Ümum dünya Mədəniyyətlərarası Dialoq Forumunda öz yüksək səviyyəli nümayəndələri ilə iştirak etməyə səy göstərir.
Maddə 8
Razılığa gələn Tərəflər öz milli qanunvericiliklərinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq, onların müvafiq tarixi və mədəni irslərinin bir hissəsini təşkil edən əşyaların qanunsuz aparılmasının, gətirilməsinin və ötürülməsinin qadağan olunması və qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.
Maddə 9
Razılığa gələn Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək fikir ayrılıqlarını danışıqlar və məsləhətləşmələr yolu ilə həll edirlər.
Maddə 10
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə hər hansı əlavə və düzəlişlər edilə bilər. Belə əlavə və düzəlişlər bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
Maddə 11
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, Saziş avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərdə qüvvədə qalır.
Bu Sazişin ləğv olunması onun çərçivəsində bağlanılmış və davam edən layihələrə və proqramlara onlar başa çatanadək təsir etmir.
Bakı şəhərində 16 sentyabr 2015-ci il tarixində iki əsl nüsxədə olmaqla, hər biri Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası
|
Uruqvay Şərq Respublikası
|
adından
|
adından
|
(imza)
|
(imza)
|
Dostları ilə paylaş: |