2.3.1. Oğuz qrupu türk dillərində ölümlә bağlı ortaq etnoqrafik leksika vә frazeoloji ifadәlәr Oğuz qrupu türk dillərinin lüğət tərkibinin bir hissəsini təşkil edən ölümlə bağlı leksika qədimdən bu günə kimi onların “dünyanı tərketmə”, “yoxolma” düşüncələrini özündə əks etdirir. İnsan həyatının hər bir anında baş verə biləcəyinə inandığı ölümü heç bir zaman yaxına buraxmamış, hətta “ölüm” sözünün əvəzindən müəyyən evfemizlərdən istifadə etmişdir: dünyasını dəyişdi, axirətinə qovuºdu və s. Qədim türklərdən qalma yas adətləri, nəinki azərbaycanlılar, hətta bütün türk xalqlarında geniş şəkildə qorunub saxlanmışdır. Ölüm baş verdikdən sonra insanlar ölən yaxınları üçün müəyyən mərasimlər keçirirlər. Müasir oğuz qrupu türk dillərində, o cümlədən dialektlərində “ölmək” mənasını ifadə etmək üçün müxtəlif sözlərdən(həm alınma, həm də türk mənşəli) istifadə edilir. Belə ki, Azərbaycan dilinin dialektlərində: Əbədiməg (Biləsuvar) -ölmək [5, s.134]; Əncəri itmək (Şəki)-yox olmaq, ölmək, başı batmaq [5, s.161]; Əzjan (Füzuli)-məhv olmaq [5, s.168]; Köpürtməx (Meğri)-öldürmək [5, s.261], “tələf oldu”, “dünyasını dəyişdi”,“candan oldu”,“canını tapşırdı”,“keçindi”,“rəhmətə getdi”, “haqq dünyasına qovuşdu” (Qərb qrupu dialek.) [29, s.118] və s. Azərbaycan dilinin Bakı şivəsində “ölmək” mənasında “sərnigün olmaq” ifadəsi işlənir: “Səni görüm sərnigün olasan”. “Sərnigün olmaq” tərkibinin II komponenti milli, I komponenti isə fars mənşəlidir.“Sərnigün” farsca iki sözün birləşməsindən əmələ gəlib: sər (baş) +nigün (aşağı). Bu sözün hərfi tərcüməsi “başı aşağı olmaq”dır. Bakının İçərişəhər hissəsində “sərnigün olmaq” həm də “başı batmaq”, “itmək” anlamlarını ifadə edir[5, s.192]. Türkmən dilinin əksər dialektində “ölüm” sözü əvəzinə ərəb dilindən keçmiş və “ölüm vaxtı, vəfat çağı” [97, s.143] mənasını ifadə edən “acal” leksik vahidindən istifadə edilir. Bu leksik vahid demək olar ki, əksər oğuz qrupuna daxil olan türk dillərində kiçik fonetik fərqlə işlənir: “əcəl” (Azərb.), “ecel” (Türk.), “ecel” (qaqauz). “Azərbaycan dilini türk və türkmən dillərindən fərqləndirən bir cəhət həmin dillərin qalınlaşmaya, Azərbaycan dilinin isə incələşməyə meyilli olmasıdır” [38, s.140]. “Acal” sözü ilə bağlı “acallı”- “ölümlü, ölüm xoflu”; “acalsız”-“əcəli yetməyən, vaxtsız ölən” ifadələri də geniş şəkildə işlənir: “Acalı yetən tilki hinine bakıb üyrer” [97, s.11], “On gat öyün bolsa demir galadan, Ajal tapar emr bolsa Alladan” (Məhdimqulu) [282, s.46]. Bütün türk dillərində olduğu kimi Türkmən dilində də “ölümü” adlandırmaq üçün müxtəlif evfemizmlərdən istifadə olunur: “yurdunu yeniledi”, “emanetini verdi”, “sahibinə kavuştu” və s [129, s.200]. Anadoluda yaşayan türkmənlər də “ölümü” ifadə etmək üçün “hakka yürümək”, “gerçeklere kavuşmak”, “kalıp değiştirmek”, “sır olmak”, “emaneti teslim etmek”, “Cemale ve Didare kavuşmak” kimi ifadələrdən istifadə edirlər [164, s.23].
Azərbaycan dilinin Qax dialektində “yas mərasimi” mənasında həm digər dialektlərdən, həm də digər türk dillərindən tamamilə fərqli fonetik quruluşa malik olan “saqlam” kəlməsindən istifadə olunur [5, s.416]. Salyan dialektində “ölünü dəfn etmək”,“basdırmaq” mənasında isə “qarasuağ, qarasuağolmağ” sözlərindən istifadə olunur [5, s.281]. Bizə elə gəlir ki, “qarasuağ, qarasuağolmaq” ifadəsi həm ölünü qəbrə qoyandan sonra üzərinin örtülməsi ilə, həm də artıq həmin insanın işığının söndüyünü bildirən bir məna ilə əlaqəli yaranmışdır. Türkmən dilinin lüğətində “ölünü basdırmaq” mənasında ərəb mənşəli “dəfin” sözü ilə paralel şəkildə “dulamak” (“İn sonunda öz doğanlarınızı öz eliniz bilen dulan”), “gölemek”,“çaylamak”, “yerlemek”[269, s.312] terminləri də işlənir. Anadolu və şimali Mesopotamiya türklərində də ölüm əvəzinə “vadəsi doldo”, “Takdiri İlahi təcəlli etdi”,“yazısı belə yazılmış” kimi ifadələr işlənir [166, s.38].
Ölümlə bağlı leksik vahidlərdən biri “qəbiristan” sözüdür. “Qəbiristan” ərəb sözü olan qəbir (məzar, gör) və fars sözü olan ıstan (yer) vahidlərindən təşkil olununb “ölü basdırılan yer”,“məzarıstan” mənalarını ifadə edir [53, s.373]. Azərbaycan dilinin dialektlərində bu mənanı ifadə etmək üçün müxtəlif leksik vahidlərdən istifadə edilir: “Gəlyləş” (Bolnisi) [5, s.177], “gö:rasannıx” (İmişli) [5, s.185], “sərdaxıl” (Lənkəran) [5, s.428], “səvorgar” (Gəncə) [5, s.431], “qarayer” (məzar, gör, qəbir) (Naxçıvan) [24, s.23] və s. Azərbaycan dilinin Təbriz dialektində işlənən “tün” sözü həm “qaranlıq gecə”, həm də “məzar”, “qəbir” mənalarını ifadə edir: “Tünbətün şah bizə həddən artıq zülm etdi” [91, s.32]. “Məzar//mazar” qədim tatar dilində və müasir tatar dilinin dialektlərində “ölünün paltarlarının, yataq və digər əşyalarının qoyulduğu yer”, “ölənin ruhu” və “məzarlıq” mənalarını ifadə edir. Müasir Sibir türklərinin dilində bu leksik vahid “qədim xurafat”ı, hətta “təhqiredici sözlər”i simvolizə edir [221, s.38]. Əksər türk xalqlarında məzar iki hissədən ibarət olur: “qəbrin üzəri” mənasında “hayatı”, “ölünün dəfn olunduğu yer” anlamında isə “şanısı”. Azərbaycan dilinin bəzi dialektlərində “şanısı” mənasında “ləhət”, “əhlət” [161, s.84], “sappa” (Qazax, Mingəçevir) [5, s.419] terminlərindən istifadə olunur. Türkmən dilində “ölü basırılan yer” mənasında türk mənşəli “qonam” [269, s.499], fars mənşəli “gor” və ərəb mənşəli “qəbir” və “məzar” [269, s.802]: “Ol mazarın üstünde otırdı-da, özünı sınlamağa başladı” ; “kəfən” mənasında “köpün” [269, s.744] kimi leksik ifadələrin də işləndiyini görmək olur: “İçerde Halnazarın meydi yuyulyan vağtında Mammatveli hocanın yolbaşçılığı bilen gapıdakı düşeğin üstünde ona köpün tikmağe otırdılar”.Türkmən dilinin izahlı lüğətində “[caay]” sözü “yaşamaq, işləmək və ya ev üçün qurulan bina”,“çaylamak”[çaaylamak] isə “vəfat edəni torpağa qoymaq, dəfn etmək”dir. Beləliklə, “çay” məzar, “çaylamak” məzara dəfn etməkdir [97, s.175]. Türkmən dinlində geniş şəkildə işlənən yasla bağlı terminlərdən biri də “sağana” sözüdür. “Sağana” içərisi otaq kimi hazırlanmış qəbir deməkdir[269, s.137]. M. Eroz qədim türklərdən gələn “bölməli məzar” adətinin bir çox müasir türk xalqlarında işləndiyini qeyd edir [140, s.57]. “Bölməli məzar” iki hissədən ibarət olur. Qədim türklər əzizlərinin cəsədlərini gizli bölmədə dəfn edirdilər ki, qəbirə ziyan yetirmək istəyənlər meyidə toxunmasınlar. Ikinci hissə isə boş saxlanılırdı. Türkmən dilində“lahat”-qəbrin aşağı tərəfində hazırlanmış içəri hissə anlamında işlənir. Türkiyənin Biləcik bölgəsinin Osmaneli kəndində “bölməli məzar”ın gizli hissəsini “sarlanbaç”[183, s.60], Taxtaçı türklərində “koytan” adlandırırlar. Boş çuxurun üzərinə çarpaz şəkildə qoyulan taxtalara “saptırma”, məzarın baş və ayaq ucuna basırılan taxtaya isə “cerenk” deyirlər [183, s.61].
Oğuz qrupu türk dillərinin lüğət tərkibində ölümlə bağlı digər terminlərə geniş şəkildə rast gəlinir: “ölü”-“göleğ” (türkm.); “yas mərasimi təşkil etmək” - “qulplu, qulplu çıxartmaq” (Balakən) [5, s.314]; “ölünün yuyulduğu yer”- “bəsdər” (Salyan) [5, s.52], “yuyat” [29, s.120] (keçmişdə ölünü xüsusi daşlar üzərində yuyurmuşlar. Həmin daş “ölü daşı”, “meyid daşı” adlanırmış); “məzar qazan”- “gölekçi” (türkm.); “ölünü yuyan”-yucu/veli/mürdəşir (Qulağına yucu barmağı girsin) [90, s.4],“ölü yuyan”[29, s.120], “yuyucu”[26, s.186], “qassal”[161, s.75], “ölü yuyucular//yıkayıcılar”(türkm.); “duldalık”-ölünü yuduqları yer; “saki”- yuyulma işində hocaya yardınm edən şəxs (Türk.); “başdaşı”-“sal”(Ordubad) [5, s.416]; “Tabut”-“salaca” (Ağdam, Gədəbəy) [5, s.416]; “tahrətin tutma”-adi su ilə ölünün beldən aşağı hissələrinin yuyulması [161, s.75]; “şak”-məzarın yuxarı hissəsində hazırlanan evə bənzər hissə”; “töwür kaldırma”- məzarlıqda dua etmə (türkm.); “ölünün paltarı/ əşyaları ”- “soxa” (soxiyə qalasan) [5, s.193], “andıra” (əvi andıra qalsın) (Təbriz) [75, s.36], “soxa//sovxa”, “andır”, “merət” İravan Çuxuru dialektində bəlli mənadan əlavə “pis şey”, “yiyəsiz mal” anlamları da daşıyır (Bu kimin andırıdır, atılıb bura?) [26, s.11] Bu söz türkmən türkcəsində “üstdən geyinilən paltar” mənasını ifadə edir: “Ol arzılanıp duran köne soykasını çıkarmaya durdı” [97, s.105]”; “yas yerində yığılan pul”- “xələt” (Tovuz) [5, s.218]; “ölənin üzərinə salınan kəlağayı”- “qara irət” [90, s.1] bəzi bölgələrdə isə “tabut xalçası”;“ölünün qırxı çıxıncaya qədər hər cümə axşamı keçirilən mərasim”- “adına”[90, s.5], “cumalık/koku çıkartma” [167, s.94], özbəklər “pərşəmbəlik” [167, s.368]; “ölümün 4- cü günü”-“yasötürən” [90, s.4]; “qırx gün ərzində mollanın qəbiristanlığa gedib yasin oxuması”-“qırx oxumaq” [90, s.5], “yasanaqlıq”- İraq türkmənlərində ölümün üçüncü və yeddinci gününə qədər yas saxlayan yaxın əqrəbalarına verilən pul [82, s.69] və s. Türkmənlər ölünün uzaqda yaºayan qohumlarının ölü ilə vidalaşması üçün ölünün dəfn edilməməsini “mərhumu misafir etmək” adlandırırlar[129, s.102]. Ölümün başlamasına “can çekişmek”, “zekaret çekmek” və ya qısaca “zekaret”; yas mərasiminin bitməsi-“yas kaldırma” (Türk.) [107, s.194]. Ölüm hadisəsini qohumlara, qonşulara xəbər verən şəxs anlamında “sail” leksik vahidindən istifadə olunur (Türk) [187, s.42]. “Sail” sözü “kəlimə//söz soruşan”, “sual edən”, “akıcı akan” mənalarını ifadə edir [132, s.1096].
Yas mərasimi keçirilən müddətdə ölünün savabına verilən yemək və ehsanlarla bağlı bir sıra leksik vahidlər işlənir: “ölümün üçüncü günü ehsan üçün bişirilən halva”- “ağız acısı” [90, s.4], Taxtaçılarda isə “döşək aşı//döşək qurbanı” [167, s.157], İraq türkmənlərində “xeyrat” [9, s.68], Dədəli türklərində ölümün 7 və 40-da verilən ehsan mənasında “can aşı”, ilində isə “heyrat//hayrat” terminləri işlənir [167, s.101]. Xəmsə türklərində tabutun önündə aparılan şirniyyat” mənasında “vercenaz” (ölü şirnisi) adlanır [167, s.10]. Türkmən dilində ölü üçün mərasim keçirmək “degsin//degsin etmək” adlanır [97, s.259]. Bu mərasimdə bişirilib paylanılan xörək “kokun” adlanır [97, s.728]: “Menim mehribanlarıma değsin etsin. “ölümün üçü, yeddisi, qırxı, yüzü və ilində verilən yemək-“huda yolu”adlanır [129, s.215]; Naxçıvan bölgəsində yas yerinə gətirilən qida ərzaqları (çörək, yumurta, pendir və s.) mənasını ifadə etmək üçün “qoltuq çörəyi” , “bişirilmiş yemək” mənasında isə “çölmək gətirmə”, “qazan gətirmə” kimi leksik vahidlərdən istifadə olunur [161, s.92]. Taxtaçı türklərdə isə ölünü basırıb gələndən sonra verdikləri ehsan “yas yeri” adlanır [167, s.157]. Şimalı Azərbaycanda “yas yeri” sözü kiçik semantik dəyişikliklə işlənərək “yas mərasimi keçirilən yer” mənasını ifadə edir. Kərkük müsəlman türklərində ölünün ardından verilən yeməklər, ehsanlar “ölü aşı// ölü arafatı// ölü sofrası” kimi leksik vahidlərlə adlanır [167, s.323]. Anadoluda “kı”, “kırk ekmeği”, “kazma takırtısı”, “ölünün kırkı”, “can aşı”, “zıkkım yemeği”, “hayır”, “ölü ekmeği”, “kazma kürek helvası”, “hayrat yemeği”, “ölü aşı”, “yiyeceğini etmek”, “hayırlı vermek” kimi adlar verilmişdir. Bunlardan başqa ölü üçün verilən bəzi ehsanlar da var ki ziyafət xarakteri daşımır: “şemşek”,“köncülü”,“hamur”, “yağ”, “soğan”, “ölü giliği”, “meyve”, “lokma”, “can helvası”, “yoğurt ekmek”, “çay” [187, s.88]. Qaraqalpaq türklərində cənazə günü bişirilən halvaya “canlık” deyirlər [163, s.58]. Ölünün üçüncü günündə çörək bişirib ikram etmək adəti Şərqi Anadoluda “semini” adı ilə geniş şəkildə işlənməkdədir. Uyğur türklərində ölümün 3-də verilən yeməyi “üçüncü gün hayrı”, cümə axşamları verilən yeməyi “hayır yemeği”, qırxında verilən yeməyi isə “kırk nezir” adlandırırlar [193, s.313]. Türkiyənin Pazarcık bölgəsində ölünün ilində verilən yeməyə “aş” deyirlər [193, s.47].
İnsan ölən zaman görülən ən mühüm tədbirlərdən biri də kəfənin hazırlanmasıdır. Azərbaycan dilnin lüğət tərkibində kəfənlə və kəfənin hissələri ilə bağlı müxtəlif leksik vahidlər işlənir. Kəfənlə (müxtəlif bölgələrlə bağlı olaraq 3, 5, 7 hissələrdən ibarət ola bilir) bağlı: “peştemal”, “köynək”, “xələt”; kəfənin hissələri (ölənin qadın və ya kişi olması ilə bağlı kiçik fərqlər olur): “əmmamə”, “ləçək”, “yaşmaq”, “döşlük” [161, s.78]. Türk dilinin lüğət tərkibində “zarlık bezi”-kəfən; “iç göynek//sır örtüsü”- kəfəndən əvvəl sarınana köynək(ölünün başından keçirilərək geyindirilir); “iman bezi”- kəfəndən əvvəl ölünün sinəsinə və ön tərəfinə örtülən bez (Mersin); “poşi”-qadın ölünün başına bağlanan tülbənd [193, s.39] kimi ifadələr işlənir. Deyilənlərə görə, kəfənin biçilməsi gözəyarı şəkildə həyata keçirilir. Azərbaycan türkləri birinə hirslənəndə qarğış anlamında “boyuna qamış ölçüm”,“boyuna xam ip tutum” ifadələrindən istifadə edirlər. Bizə elə gəlir ki, bu ifadələr məhz keçmişdə kəfənin ölçülməsi prosesindən qalan izlərdir.
Müasir Azərbaycan türklərində dəfn ilə bağlı bir sıra adət və mərasimlər keçirilir. Naxçıvanda ölünü dəfn edən zaman “alt-üst etmə” adətini yerinə yetirirlər. Bu mərasim qəbrin torpağı tökülən zaman üst torpağını altdan, alt torpağını üstdən tökülməsidir. Bu da xalq arasında “altı üstünə çevrilsin, yəni dünyası dəyişilsin” mənasını ifadə edir [161, s.82]. Kültəpədə aparılan arxeoloji qazantılar zamanı tapılan bəzi qəbirlərdə qədim türklərdən qalma “ölünün başının altına daş qoyma” adətinin izləri aşkar olunmuşdur. Bəzi tədqiqatçılar “əli çörəyə çatanda başını qoydu daşa” ifadəsindən çıxış edərək bu adətin gənc yaºda ölən üçün keçirildiyini qeyd edir (O.A.Abibullayev), bir qisim alimlər isə bunu daş//dağ kultu ilə əlaqələndirirlər [161, s.105]. Zəngilan şivəsində dəfn zamanı “kaftar-kosu qorxutmaq” adı altında bir adət varmış. Üç gün (ruh bədəndən tam ayrılana qədər) ölünün dəfn olunduğu yerdə baş tərəfindən ocaq qalayarmışlar [60, s.183]. Türkiyənin Kastamonu bölgəsində cavan bir insan öləndə onun üçün “fiğan” adlanan mərasim keçirilir. Bu mərasim üç gün davam edir. Həmin üç gün ərzində evdə heç bir iş görülməz, hətta yemək də bişirilməz [107, s.194].
Azərbaycan, türk və türkmən ədəbi dillərində, o cümlədən dialektlərində işlənən ölümlə bağlı leksik vahidlərin əksəriyyəti fonetik və semantik cəhətdən eynilik təşkil edir. Bu ifadələrin çoxusu ərəb və fars mənşəli olub intensiv işlənmə tezliyinə malikdir. Bu tematik qrupda türk mənşəli sözlər azlıq təşkil edir.