-lığ/-lig şəkilçisinin məhsuldarlığı və demək olar ki, məhdudiyyət olmadan bütün isimlərə artırıla bilməsi onu qrammatik şəkilçilərə yaxınlaşdırır. Sahiblik şəkilçisi də adlandırılır: ərklig “güclü, müstəqil”, təblig “hiyləgər”, külig “məşhur”, küŋlig “kənizli”, ellig “dövlətli” və s. Fikrimizcə, -lığ şəkilçisi isimdən feil düzəldən -la və feildən sifət düzəldən -ığ şəkilçilərinin birləşməsi nəticəsində yaranmışdır. -lığ>-lı şəkilçili sifətlər -la şəkilçili feillərin nəticəsini bildirir: duzla- – duzlu. -lığ şəkilçisində birgəlik, daha dəqiq desək, mövcudluq bildirən -l elementini görmək olar, o, -lığ morfemində ya birbaşa, ya da -la şəkilçisi vasitəsilə iştirak etmişdir.
Orxon abidələrinin dilində sözləri əlaqələndirmək üçün işlənən -lı/-li şəkilçisi də var: ...inili-eçili kiŋşürtügin üçün bəgli-bodunlığ yoŋşurtukın üçün... (KT ş 6) “...kiçik qardaşlarla böyük qardaşları bir-birinə qarşı qaldırdığı üçün, bəylərlə xalqı bir-birinə düşmən etdiyi üçün...”. Qədim türk dilindəki -lığ və -lı şəkilçilərinin eyni mənbədən yarandığını, qədim variantın -lığ olduğunu, sonralar differensiallaşaraq bir məqamda -lığ, digər məqamda isə -lı şəklində sabitləşdiyini güman etmək olar.
Dostları ilə paylaş: |