-kı/-ki/-ku/-kü/-ğı/-gi/-ğu/-gü şəkilçisi aidlik şəkilçisi adlandırılır. Monqol və tunqus-mancur dilləri üçün də səciyyəvidir, V.Kotviç onu “ümumaltay mənsubiyyət şəkilçisi” adlandırmışdır17. Türk dillərinin qədim dövründə -ki şəkilçisinin funksiyalarının daha geniş olmuş, o, bir çox hal formaları ilə işlənmiş, söz birləşmələrinə də artırılmışdır: 1. Adlıq hal: tabğaçğı “Çindəki”, çölgi “çöllü, çöldəki”, ilki “ilk” – il “əvvəl, irəli”, edgü “yaxşı” – ed~eẑ “əşya, var-dövlət”. Müasir türk dillərindən fərqli olaraq, -ki şəkilçisi Orxon abidələrində yer bildirən sözlərin də adlıq hal forması ilə işlənmişdir. 2. Yönlük hal: bəriyəki “cənubdakı”, kurıyakı “qərbdəki”, yırayaku “şimaldakı”. 3. Yerlik hal: balıkdakı “şəhərdəki”, tağdakı “dağdakı”. 4. -ra/-rə və -ru/-rü şəkilçili sözlər (yönlük-yerlik və yönəltmə-istiqamət halı): içrəki “içəridəki”, öŋrəki “öndəki”. Söz birləşmələri ilə də işlənmişdir: tört buluŋdakı “dörd tərəfdəki”, anta yerüki “o yerdəki”, nəŋ yerdəki “nə yerdəki”. -ki şəkilçisi yalnız adlıq hallı sözlərə artırıldıqda əsl sözdüzəldici şəkilçi kimi çıxış edir, çünki məna məhdudiyyəti ilə qarşılaşır və müasir türk dillərində yalnız zaman bildirən sözlərə artırılır.