Tarixi məlumatlar. Yanığın sağaldılması haqqında ilk məlumatlar Hippokrat (b.e.ə. 460-377) tərəfindən verilmişdir. Sonralar bizim eranın 100-ci illərində Selsus və Qalen bu barədə məlumatlar vermişlər.
1797-ci ildə Edvard Kentiş “mədən işçilərində əmələ gələn yanıqların araşdırılması” adlı kitabı ilə bu mövzuda ən önəmli məlumatlar yazmış və yanığın ilk dövrlərində açıq, sonralar isə qapalı müalicəni məsləhət görmüşdür. Ceyms Earl 1799-cu ildə yanıq ağrıları zamanı buzun tətbiqi barəsində fikirlər söyləmişdir. XIX əsrdə yanığın sağalması barəsində yeni təkliflər olmasa da, bu müddətdə müxtəlif yerli təsir göstərən maddələr məsləhət görülmüşdür. Bunlara, karbonat turşusu, civə-2-xlorid, qurğuşun karbonat, sink oksid, donuz piyi, gümüş nitrat, gənəgərçək yağı kimi maddələri aid etmək olar.
1905-ci ildə Sneve açıq müalicə metodunu məsləhət görmüşdür. 1906-cı ildə Oppenheymer trinitrofenol (epitelin regenerasiyasını yaxşılaşdıran maddə) ilə müalicə metodunu məsləhət görmüşdür. 1919-cu ildə açıq müalicə metodu yenidən populyarlaşmış və Sandfordun tətbiq etdiyi parafinin istifadəsi geniş vüsət almışdı. 1925-ci ildə Davidsonun yazdığı “yanığın sağalmasında tannik turşusunun tətbiqi” adlı kitab bu dövrdə çox istifadə olunmuşdur. 1940-cı ildə sulfanilamidin kəşfi ilə əlaqədar yerli bakteriostatik maddələrin tətbiqi dövrü başlanmış və bu, 1964-cü ildə Moyer və əməkdaşlarının çapığa penetrasiya edən yerli bakteriostatik preparatların tətbiqinə qədər istifadə olunmuşdur.
Son 30 ildə yanıqdan sonra meydana çıxan metabolik, hemotoloji, su-elektrolit balansı pozğunluqlarının daha yaxşı öyrənilməsi, şok əleyhinə dərman preparatlarının tətbiqi və bir çox ölkələrdə yanıq sağaltma mərkəzlərinin açılması ilə əlaqədar olaraq ölüm faizi xeyli azalmışdır.
Dostları ilə paylaş: |