Fleblər
Birincili bağlanma mümkün olmayacaq qədər böyük yaralar bir dəri qrefti və ya fleblə bağlana bilər. Dəri qrefti flebə nisbətən daha sadə olduğu üçün birinci qreft haqqında fikirləşmək lazımdır. Fleblə bərpanın da lazımlı, hətta üstün olduğu hallar mövcuddur. Dəri qreftindən fərqli olaraq fleb, köçürülməsi zamanı bədən ilə vaskulyar əlaqəsini ya daim qoruyur, ya da bir damar anastomozu edilərək yenidən yaradır. Tərkibində arterial və venoz komponentlər olan bu vaskulyar əlaqə donor sahədən akseptor sahəyə kifayət dərəcədə qan dövranı təmin edir. Dəri qreftinin qidalanması üçün lazımlı qan dövranı olmayan sahələrdə dəri köçürülməsi bu sistemlə başa çatır. Həmçinin fleblər, göz qapaqları, dodaqlar, qulaqlar, burun və yanaqların rekonstruksiyasında mükəmməl nəticə yaradır, sümük çıxıntılarına yumşaq toxuma dəstəyini təmin edirlər.
Fleblərin bəzi çatışmayan cəhətləri də vardır. Kobud görünə bilərlər, tüksüz bir sahəyə tük daşıya bilərlər, uzun müddətli hospitalizasiya ilə birlikdə bir çox başqa əməliyyatlara ehtiyac yarana bilər. Məsələn, üzdə istifadə olunan zaman dəri flebinin kobud görünüşü və qalınlığı üz əzələləri ilə edilən mimikaya mane ola bilər.
Təsviri: Dəri flebinin tərkibinə vaskulyar ayaqcıq və ya bədənlə bir tərəfdən əlaqəsi olan dəri və dərialtı toxumalar daxildir. Vaskulyar ayaqcıq ya köçürülmə zamanı qorunur, ya da yenidən yaradılır. Sonuncuya azad fleblər daxildir və flebin damarları ilə akseptor sahədəki müvafiq damarlar arasında mikrovaskulyar anastomoz yaradılır.
Qan təchizatı fleb köçürülməsində ən vacib faktordur. Bu səbəbdən bir fleb planlalaşdırılan zaman dərinin qan təchizatını yaxşı bilmək lazımdır.
İnkişafla əlaqədar olaraq aortadan 3 fərqli arteriya tipinin - seqmental, anastomotik və aksial areteriyaların başlanğıc götürdüyünü demək olar.
Aortadan 30 cüt sıra seqmental arteriya çıxır ki, bunların da hər birində ventral və dorzal şaxələr var. Dorzal şaxə corda spinalis-i qidalandırır, ventral şaxə intercostal və lumbal arteriyaların mənşəyini yaradır. Ventral və longitudinal olaraq bu sıralar arasında anostomik damarlar yerləşir və nəticədə interkostal toraksik (a.mammaria interna) və epiqastrik arteriyalar meydana çıxır. Ətraflar isə aksial arteriyalar (a.brachialis, a.radialis, a.ulnaris) ilə qidalanır. Aksial arteriyalar ətrafların proksimalında əzələlərin dərinliyində yerləşir, distalda isə daha səthi yerləşirlər. Bu arteriyaların bəzi xüsusiyyətləri var :
Perfuziya təzyiqi cəhətdən aortanın davamını təşkil edən əsas arteriyalardır.
Əzələlərin dərinliyində yerləşirlər.
Tək bir böyük vena və periferik bir sinirlə birlikdə olurlar.
Seqmental, anastomotik və ya aksial mənşəli bu damarlar əzələ və üzərindəki dərinin qidalanmasını 2 perforan kanaldan biriylə və ya hər ikisilə -birbaşa kutanoz damarlar və muskulokutanoz damarlarla təmin edirlər.
Dostları ilə paylaş: |