QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR ÜZRƏ YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT
Maddə 432. İşə yenidən baxılması
432.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər.
432.2. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə;
432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;
432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;
432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
Maddə 433. Məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxan məhkəmə
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu baxır.
Maddə 434. Ərizə vermənin qaydası və müddəti
434.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş bu Məcəllənin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər.
434.2. Ərizəçi işdə iştirak edən digər şəxslərə öz ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətlərini göndərməyə borcludur.
434.3. Ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur.
434.4. Müəyyən olunmuş müddət keçdikdən sonra ərizə verildikdə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim olunmadıqda, o, ərizəçiyə qaytarılır.
Maddə 435. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin məzmunu
435.1. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
435.1.1. mübahisə edilən aktın dəqiq göstərilməsi;
435.1.2. ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi;
435.1.3. ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və bunun üçün sübut vasitələrinin göstərilməsi;
435.1.4. qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər.
435.2. Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432-ci maddəsində göstərilən sənədlər əlavə olunur.
Maddə 436. Ərizə vermək üçün müddətin hesablanması
436.1. Ərizə vermək üçün müddət aşağıdakı qaydada hesablanır:
436.1.1. bu Məcəllənin 432.2.1-ci maddəsi ilə nəzərdə tutulan hallarda iş üçün mühüm əhəmiyyəti olan hallar açıldığı gündən;
436.1.2. bu Məcəllənin 432.2.2 və 432.2.3-cü maddələri ilə nəzərdə tutulan hallarda cinayət işi üzrə hökmün qanuni qüvvəyə mindiyi gündən;
436.1.3. bu Məcəllənin 432.2.4-cü maddəsi ilə nəzərdə tutulan hallarda—məhkəmə hökmünün, qətnaməsinin, qərardadının, qərarının qanuni qüvvəyə mindiyi gündən və ya dövlət orqanı, yaxud digər orqan tərəfindən öz məzmununa görə yenidən baxılan qətnamə, qərardad və ya qərarın əsaslandığı hökmə, qətnaməyə, qərardada və ya qərara zidd olan qərarın çıxarıldığı gündən.
436.2. Bu Məcəllənin 432-ci maddəsində nəzərdə tutulan hallar aşkar edildiyi gündən 3 il keçdikdən sonra bu barədə ərizəyə baxılmır.
Maddə 437. Ərizəyə baxılması
437.1. Ərizəyə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxır. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin hakimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 ehtiyat hakimdən biri ilə əvəz edir.
437.2. Məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:
437.2.1. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edilmədikdə, ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər);
437.2.2. bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadıqda, ərizənin rədd edilməsi haqqında;
437.2.3. ərizənin məzmununa dair bu Məcəllənin 435-ci maddəsinin tələblərinə riayət edildikdə və bu Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.
437.3 Bu Məcəllənin 437.2-ci maddəsində nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.
437.4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçiyə və işdə iştirak edən digər şəxslərə Plenum iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir. Lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur.[270]
Maddə 438. İşə yenidən baxmaq haqqında qərardad
438.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv edir, ya da yenidən baxmağı rədd edir.
438.2. Məhkəmə aktları ləğv edildikdə, iş bu Məcəllənin 3 və 4-cü fəsillərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə göndərilir və bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə tərəfindən yenidən baxılır.
Dostları ilə paylaş: |