Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Orta ümumtəhsil məktəblərinin
başlıca vəzifəsi gəncləri həyatı və özünü dərk edə bilən bir şəxsiyyət kimi
yetişdirməkdən ibarətdir. Ümumi təhsil fənləri bu vəzifənin yerinə yetirilməsində
xüsusi rol oynayır. Biologiya bu fənlərdən biri olmaqla canlılar aləmindən bəhs
edir, şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların
yaranması, quruluşu, yayılması, inkişafı, qorunması, ən başlıcası isə biososial varlıq
olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə
şərait yaradır. İnsanın davamlı inkişafı və sağlamlığının qorunması ilə bağlı zəruri
bilik, bacarıq və əməli vərdişlər verir.
Biologiya təbiətə aid digər elm sahələri ilə sıx əlaqədardır. Fizikanın,
kimyanın, riyaziyyatın, coğrafiyanın bir sıra qanunları və ekoloji problemlər
haqqında təsəvvürü olmayan bir insan həyatı lazımi səviyyədə dərk edə
bilmədiyindən, biologiyanın tədrisi prosesində həmin fənlərə istinad edir. Yalnız
bu halda dünyanın tam bir vahid kimi qavranılması üçün zəmin yaranmış olur.
Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa
düşən şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və sağlam həyat
tərzinə hazırlanır.
Canlılar aləmi insanın iqtisadi həyatında mühüm yer tutur. Bu baxımdan
təsərrüfat sahələrində bitkilərin, heyvanların və digər canlıların rolu haqqında
biliklərlə yanaşı, şagirdlərə genetika, seleksiya, biotexnologiya, bionika,
mikrobiologiya, biofizika, biokimya, fiziologiya, molekulyar biologiyaya aid elmi
yeniliklərin çatdırılması zərurəti yaranır.
Yaxud şagirdlər təbii mühitin qorunmasının zəruriliyini dərk etməklə
vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal ekoloji
problemləri başa düşürlər. İnsanın qorunmasının Yer kürəsinin bütövlükdə
qorunması ilə bağlı olması qənaətinə gəlirlər. Onlar təbiətin gözəlliklərindən zövq
alır, vətənə, torpağa daha doğma münasibət bəsləyirlər.
Bütün bunlar şagirdlərin intellektual inkişafı, vətənini sevən yetkin şəxsiyyət
kimi formalaşması baxımından əhəmiyyət daşıyır.
Biologiya fənninin ümumi orta və tam orta təhsil səviyyələrində tədrisi
nəzərdə tutulur. Şagird ümumi orta təhsil səviyyəsində canlılar aləmini öyrənməklə
daha dolğun bilik və bacarıqlara yiyələnir. Tam orta təhsil səviyyəsində isə artıq
həyata hazırlanan şagird təbiətin ayrılmaz hissəsi olan canlılar aləmini və özünü
dərk etmiş olur.
Biologiya fənninin məqsədi şagirdlərə canlılara dair zəruri bilik və bacarıqlar
mənimsətməklə onlarda ekoloji mədəniyyət, estetik zövq, humanist və
vətənpərvərlik keyfiyyətləri formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata
keçirilməsi üçün:
Dostları ilə paylaş: |