Məhkəmə və cİnayət prosesİndə İştİrak edən şəxslər
VII fəsil
Məhkəmə
Maddə 66. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr
66.0. Azərbaycan Respublikasında cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir:
66.0.1. rayon (şəhər) məhkəmələri;
66.0.2. hərbi məhkəmələr;
66.0.3. ağır cinayətlər məhkəmələri;23
66.0.4. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi;24
66.0.5. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi;25
66.0.6. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
66.0.7. apellyasiya məhkəmələri;26
66.0.8. Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Maddə 67. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti
67.1. Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər.
67.2. Rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar.
67.3. Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar.
67.4. Hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.27
Maddə 68. Hərbi məhkəmələrin aidiyyəti
68.1. Hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər.
68.2. Hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən , az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən , az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Naxçıvan Muxtar Respublikasının ərazisində müvafiq hərbi məhkəmə Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirir.28
68.3. Hərbi məhkəmələr məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. 29
68.4. Hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.30
Maddə 69. Ağır cinayətlər məhkəmələrinin aidiyyəti 31
69.1. Ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.
69.2. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.32
69.3. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.33
Maddə 70. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin aidiyyəti
70.1. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.
70.2. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi müharibə və hərbi xidmət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmişsə, onun barəsində işə də ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi tərəfindən baxılır).
70.3. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə yalnız məhkəmənin yurisdiksında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.34
Maddə 70-1. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin aidiyyəti 35
70-1.1. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.
70-1.2. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.
70-1.3. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. 36
Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti
71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
71.2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi aşağıda göstərilən birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:
71.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin;
71.2.2. yurisdiksiyasına aid edilmiş hərbi məhkəmələrin;
71.2.3. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin. 37
Maddə 72. Apellyasiya məhkəmələrinin aidiyyəti
72.1. Apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
72.2. Apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:
72.2.1. yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin;
72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin;
72.2.3. yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin. 38
72.2.4 yurisdiksiyalarında baş vermiş cinayətlərlə bağlı işlər üzrə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin.39
Maddə 73. Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti
73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.
73.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası və ya hərbi kollegiyası apellyasiya instansiyası məhkəmələri və andlılar məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır. 40
73.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarlardan Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatları, Azərbaycan Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır. 41
Maddə 74. Ərazi üzrə məhkəmə aidiyyəti
74.1. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid olan birinci instansiya məhkəməsində baxılır.42
74.2. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir:
74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur;
74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur.
74.3. Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
74.5. Cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır.43
74.6. Cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır.44
74.7. Cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə, digəri isə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən hərbi məhkəməyə, Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinə, yaxud Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən hərbi məhkəmədə baxılır.45
74.8. Eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.46
74.9. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında materiallara birinci instansiya məhkəmələrində aidiyyəti üzrə baxılması bu Məcəllənin 442.1, 510.1, 511.1, 512.1, 513.1, 514.1, 515.2, 516 - 519-cu maddələri ilə müəyyən olunur. 47
Maddə 75. Cinayət işinin və ya digər materialın məhkəmə aidiyyəti üzrə verilməsi
75.1. Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir.
75.2. Məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir.
Maddə 76. Cinayət işinin və ya digər materialın məhkəmə aidiyyətinin dəyişdirilməsi
76.1. Cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər:
76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə;
76.1.2. məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə;
76.2. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir.
76.3. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər. 48
Maddə 77. Məhkəmə aidiyyətinə dair mübahisələrin həlli
77.1. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir.
77.2. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır.
Maddə 78. Məhkəmənin tərkibi
78.1. Azərbaycan Respublikasının məhkəmələrində cinayət işlərinə hakimlər təkbaşına və ya kollegial tərkibdə baxırlar.
78.2. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə dair cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır.
78.3. Ağır cinayətlər məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxarkən hərbi məhkəmələrdə cinayət işlərinə andlı iclasçıların iştirakı ilə və ya üç hakimdən ibarət kollegial tərkibdə baxılır.49
78.4. Apellyasiya instansiyası məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara apellyasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə baxılır.
78.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında və ya hərbi kollegiyasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara kassasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə, həmin işlərə və materiallara əlavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə — Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılır. 50
78.6. Bu maddədə nəzərdə tutulmuş qaydalara zidd olaraq cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılması üçün hər hansı hakimin və ya andlı iclasçının cəlb edilməsi qadağandır.
Maddə 79. Andlı iclasçılar kollegiyası
79.1. Bu Məcəllənin 359-cu maddəsində nəzərdə tutulmuş hallarda ağır cinayətlər məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və hərbi məhkəmələrdə cinayət işlərinə baxılması üçün andlı iclasçılar kollegiyası yaradılır.51
79.2. Andlı iclasçılar kollegiyası bu Məcəllənin 360—366-cı maddələrində nəzərdə tutulmuş qaydada on iki əsas və iki ehtiyat andlı iclasçıdan ibarət tərkibdə yaradılır.
79.3. Məhkəmə baxışı nəticəsində andlı iclasçılar kollegiyası yalnız təqsirləndirilən şəxsin törədilmiş cinayətdə təqsirliliyinə və ya təqsirsizliyinə dair verdikt çıxarır.
79.4. Cinayətin törədilməsi və cinayət təqibi ilə bağlı olan hallardan asılı olaraq andlı iclasçılar kollegiyası məhkəmə iclasında sədrlik edənin diqqətini təqsirli bildiyi şəxsə qarşı mərhəmətli olmaq imkanına cəlb edə bilər.
Maddə 80. Hakim
80.1. Cinayət mühakimə icraatında hakimin səlahiyyətləri bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.
80.2. Birinci instansiya məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan, məhkəmə baxışına hazırlıq görülməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, yaxud digər qərarının icrasının təmin edilməsini həyata keçirən hakim bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş məhkəmə səlahiyyətlərindən istifadə edir.
80.3. Hakimlər kollegiyasının tərkibində cinayət işinə baxan hakim işə baxılması ilə əlaqədar ortaya çıxan bütün məsələlərin həllində digər hakimlərlə bərabər hüquqlardan istifadə edir.
80.4. Andlı iclasçıların iştirakı ilə, habelə hakimlər kollegiyası tərəfindən məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında sədrlik edən və ya cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxan hakim bu Məcəllənin 81-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edir.
Maddə 81. Məhkəmə iclasında sədrlik edən
81.1. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışı keçirilərkən məhkəmə iclasında hakim sədrlik edir. Cinayət işinə və ya materiala hakimlər kollegiyası tərəfindən baxılarkən məhkəmənin sədri, onun müavini və ya hakimlərdən biri sədrlik edir.
81.2. Sədrlik edən məhkəmə iclasının gedişinə rəhbərlik edir, cinayət işinə ədalətlə baxılmasının təmin edilməsi və məhkəmə baxışına və məhkəmə iclasında iştirak edən şəxslərin davranışına aid digər prosessual tələblərə əməl edilməsi üçün bu Məcəllədə nəzərdə tutulmuş bütün tədbirləri görür. Məhkəmə iclasında sədrlik edən baxılan cinayət işinə və materiala aidiyyəti olmayanları məhkəmə baxışından kənarlaşdırır.
81.3. Andlılar məhkəməsinin iclasında sədrlik edən hakim, verdikt çıxarılması istisna olmaqla, cinayət işinə baxılması ilə əlaqədar bütün məsələlər üzrə məhkəmənin səlahiyyətlərini həyata keçirir. Sədrlik edən məhkəmə iclasının gedişində andlı iclasçıların sübutları tədqiq etməsini və tam qavramasını, onların hüquqlarının həyata keçirilməsini təmin edir.
81.4. Hakimlər kollegiyası tərəfindən işə baxılarkən məhkəmə iclasında sədrlik edən hakim işə baxılması və həll edilməsi ilə bağlı bütün məsələləri digər hakimlərin müzakirəsinə verir.
Maddə 82. Andlı iclasçı
82.1. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
82.1.1. cinayət işinə baxılmasında iştirak etmək üçün seçmə zamanı məhkəmə iclasına gəlmək və sədrlik edənin suallarına düzgün cavab vermək;
82.1.2. özü və digər şəxslərlə münasibətləri barədə məhkəmə iclasında sədrlik edənə əlavə məlumatlar təqdim etmək;
82.1.3. bu Məcəllənin 367.2-ci maddəsində müəyyən edilmiş mətn üzrə and içmək;
82.1.4. məhkəmə iclasının qaydalarına əməl etmək və məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
82.1.5. məhkəmə iclasında fasilə elan edildikdə və ya işə baxılması təxirə salındıqda məhkəmə iclasında sədrlik edənin təyin etdiyi vaxtda məhkəmə baxışının davam etdirilməsi üçün gəlmək;
82.1.6. məhkəmə iclasında sədrlik edən hakim tərəfindən qoyulmuş hər bir xüsusata dair sual-cavabında və ya verdikt çıxarılması məsələləri ilə əlaqədar müşavirə otağında təsdiqedici və ya inkaredici səs vermək;
82.1.7. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
82.1.8. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
82.2. Andlı iclasçı bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
82.2.1. məhkəmədə baxılan sübutların tədqiqində iştirak etmək;
82.2.2. məhkəmə iclasında sədrlik edənə müraciət edərək cinayət hadisəsinə dair onlara aid olmayan halların müəyyən edilməsi üçün suallar verilməsini xahiş etmək;
82.2.3. maddi sübutlara, sənədlərə, əraziyə və binalara baxış keçirilməsində, məhkəmədə aparılan digər bütün istintaq hərəkətlərində iştirak etmək;
82.2.4. baxılan cinayət işinə aid qanunun normalarını, məhkəmədə elan edilən sənədlərin məzmununu, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərin əlamətlərini və aydın olmayan anlayışları izah etməyi məhkəmə iclasında sədrlik edəndən xahiş etmək;
82.2.5. məhkəmə iclasında sədrlik edən, yazılı müraciət edərək mütəxəssisə onun səlahiyyətinə aid məsələlərin izah olunmasını xahiş etmək;
82.2.6. məhkəmə iclasında yazılı qeydlər aparmaq.
82.3. Andlı iclasçıya aşağıdakılar qadağandır:
82.3.1. cinayət işinə baxılarkən məhkəmə iclası zalını tərk etmək;
82.3.2. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan baxılan işin mahiyyəti ilə əlaqədar hər hansı şəxslə ünsiyyət saxlamaq;
82.3.3. baxılan cinayət işinə dair məhkəmə iclasından kənarda məlumat toplamaq.
Maddə 83. Andlı iclasçıların aparıcısı
83.1. Andlı iclasçıların aparıcısı məhkəmə iclasında işə baxılması zamanı ortaya çıxan bütün məsələlərin həllində və andlı iclasçılar kollegiyası tərəfindən verdikt çıxarılmasında digər andlı iclasçılarla bərabər hüquqlardan istifadə edir.
83.2. Digər andlı iclasçıların birgə ümumi vəzifələri ilə yanaşı andlı iclasçıların aparıcısı aşağıdakı əlavə vəzifələri yerinə yetirir:
83.2.1. baxılan cinayət işinin müzakirəsində andlı iclasçıların hər birinin iştirakına bərabər imkanlar yaratmaqla onların müşavirələrinin gedişinə rəhbərlik etmək;
83.2.2. müşavirə otağında andlı iclasçılara sual vərəqəsini elan etmək;
83.2.3. zərurət olduqda andlı iclasçılar kollegiyasında səsverməni təşkil etmək və onun nəticələrini yekunlaşdırmaq;
83.2.4. sual vərəqəsindəki suallara andlı iclasçılar kollegiyasının cavablarını yazmaq;
83.2.5. məhkəmə iclasında andlı iclasçılar kollegiyasının verdiktini elan etmək;
83.2.6. andlı iclasçıların tapşırığı ilə məhkəmə iclasında sədrlik edənə xahişlə müraciət etmək.
VIII fəsil
Dostları ilə paylaş: |