Azərbaycan respublikasinin


Xüsusİ hİssə Yeddİncİ bölmə Cİnayət təqİbİ üzrə məhkəməyədək İcraat



Yüklə 3,22 Mb.
səhifə14/37
tarix22.10.2017
ölçüsü3,22 Mb.
#10014
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

Xüsusİ hİssə


Yeddİncİ bölmə

Cİnayət təqİbİ üzrə məhkəməyədək İcraat


XXV fəsil

Cİnayət İşİnİn başlanması


Maddə 204. Törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları

204.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.

204.2. İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir.

204.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.

204.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur.

204.5. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar.

204.6. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.

204.7. Bu Məcəllənin 204.1, 204.2, 204.4 və 204.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar şəxsin təqsirini könüllü boynuna alma haqqında ərizə ilə müraciət etdiyi hallara da şamil edilir.



Maddə 205. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında hüquqi şəxslərin (vəzifəli şəxslərin) məlumatları

205.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.

205.2. Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.

205.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubunda hüquqi şəxsin tam adı, yaxud vəzifəli şəxsin soyadı, adı, atasının adı, ərizəçinin xidməti ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, eləcə də məktuba əlavə edilən sənədlər haqqında məlumatlar qeyd edilməlidir.

205.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma hüquqi şəxs (vəzifəli şəxs) adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.

Maddə 206. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları

206.1. Cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.

206.2. Törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər.

206.3. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.



Maddə 207. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası

207.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;

207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar 20 (iyirmi) gündən, bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;112

207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.

207.2. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Belə şikayət olmadığı halda ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır. Həmin məlumatlara prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər.

207.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir:

207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir;

207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. 113

207.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, habelə hadisə yerinə baxış keçirə bilər. Hadisə yerinə baxış istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır.

207.5. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir:

207.5.1. cinayət işi başlamaq;

207.5.2. cinayət işinin başlanmasını rədd etmək;

207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək;

207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək.

207.6. Bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

207.7. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair şikayətlərə baxılması qaydası bu Məcəllənin 293—297-ci maddələri ilə müəyyən olunur.

Maddə 208. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsi

208.0. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına aşağıdakı hallarda səbəb olur:

208.0.1. təhqiqatçı, müstəntiq və ya prokuror cinayətin törədilməsini göstərən halları, yaxud cinayətin törədilməsindən dərhal sonra onun izlərini və nəticələrini aşkar etdikdə;

208.0.2. təhqiqatçı cinayət haqqında məlumatı təhqiqat orqanının əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarından və ya bu Məcəllənin 86-cı maddəsinə müvafiq olaraq digər cinayətin təhqiqatı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;

208.0.3. müstəntiq cinayət haqqında məlumatı bu Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq digər cinayətin istintaqı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;

208.0.4. prokuror cinayət haqqında məlumatı bu Məcəllənin 84-cü maddəsinə müvafiq olaraq digər cinayətin ibtidai araşdırması və ya məhkəmə icraatı zamanı, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;

208.0.5. məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda.

Maddə 209. Cinayət işinin dərhal başlanması

209.1. Bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır.

209.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmçinin aşağıdakı hallarda dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır:

209.2.1. qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə;

209.2.2. tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə;

209.2.3. insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda;

209.2.4. ictimai və ya yaşayış yerlərində, habelə dövlət müəssisə, idarə və ya təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə;

209.2.5. qanuni əsaslarla saxlama halları istisna olmaqla, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, radioaktiv materiallar, zəhərləyici maddələr aşkar edildikdə;

209.2.6. insanların oğurlanması və ya onların girov götürülməsi əlamətləri, habelə insanlar xəbərsiz itkin düşdüyü hallarda onların qətlə yetirilməsinə şübhələr olduqda;

209.2.7. insan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə;

209.2.8. tarix və ya mədəniyyət abidələri, habelə qəbirlər üzərində təhqiredici hərəkətlər edildikdə;

209.2.9. silahlı qiyam olduqda, hakimiyyət zorla ələ keçirildikdə və ya zorla saxlanıldıqda;

209.2.10. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda;

209.2.11. kütləvi iğtişaş olduqda;

209.2.12. təxribat və ya terror aktı törədildikdə;

209.2.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatının, Azərbaycan Respublikası Nazirlər Kabineti üzvünün həyatına sui-qəsd edildikdə;

209.2.14. məhkəməyə hörmətsizlik edildikdə;

209.2.15. hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, vəkilin, ekspertin, habelə təhqiqat və ya ibtidai istintaq orqanının, məhkəmənin icraatında olan cinayət işi üzrə zərər çəkmiş şəxsin və ya şahidin həyatına sui-qəsd edildikdə;

209.2.16. cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrum etmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda.

Maddə 210. Cinayət işinin başlanması qaydası

210.1. Bu Məcəllənin 209-cu maddəsində nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə qərar çıxarır.

210.2. Cinayət işinin başlanması barədə qərarda aşağıdakılar göstərilməlidir:

210.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

210.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

210.2.3. cinayət işinin başlanmasına səbəb, əsas və ya fakt;

210.2.4. cinayət işinin başlanmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;

210.2.5. cinayət işinin başlanmasından sonra onun ibtidai araşdırılma aparılması üçün icraata götürülməsi və ya verilməsi. 114

210.3. Cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərər çəkmiş kimi, cinayətin törədilməsi barədə məlumatla birlikdə mülki iddia verildikdə isə, bu şəxs həmin qərarda həmçinin mülki iddiaçı kimi tanınır.

210.4. Cinayət işinin başlanması barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

210.5. Cinayət işinin başlanması ilə eyni vaxtda davam edən və təkrar cinayətlərin qarşısının alınması, habelə cinayətin izlərinin, iş üçün əhəmiyyətli ola biləcək əşya və sənədlərin saxlanılması və mühafizəsi üçün tədbirlər görülməlidir.

210.6. Cinayət işinin başlanmasından sonra:

210.6.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin icraata götürülməsi və ibtidai istintaq aparılması üçün cinayət işini müstəntiqə göndərir və ya cinayət işini öz icraatına götürür və ibtidai istintaq aparır;

210.6.2. müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə ibtidai istintaq aparır;

210.6.3. təhqiqatçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə təhqiqat aparır.

Maddə 211. Cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması

211.1. Cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

211.2. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı şərtlərdən biri mövcud olduqda öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır:

211.2.1. təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə;

211.2.2. ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda;

211.2.3. ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda;

211.2.4. digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə);

211.2.5. qapalı məhkəmə baxışı üçün əsaslar bir təqsirləndirilən şəxsə aid olduqda, digərlərinə aid olmadıqda;

211.2.6. cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda.

211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz.

211.4. Başqa cinayət işinin ayrılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

211.4.1. cinayət işinin ayrılması üçün əsaslar;

211.4.2. cinayət işinin ayrılması üçün səbəb olmuş epizodlar və şəxslər;

211.4.3. cinayət işinin ayrılmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;

211.4.4. cinayət işinin sonrakı ibtidai istintaqının aparılması və öz icraatına qəbul edilməsi haqqında qərar.

211.5. Başqa cinayət işinin ayrılması haqqında qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin, maddi sübutların surətləri, yaxud əslləri əlavə edilir.

211.6. Başqa cinayət işinin ayrılması haqqında qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayrılan cinayət işi üzrə icraata əlavə edilir. Başqa cinayət işinin ayrılması haqqında qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

211.7. Başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi, habelə qanuni mənafeləri ilə əlaqəli olduqda zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır.



Maddə 212. Cinayət işinin başlanmasının rədd edilməsi

212.1. Cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır.

212.2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. 115

212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər.

212.4. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir:

212.4.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır; 116

212.4.2. məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Maddə 213. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi

213.1. Aşağıdakı hallarda təhqiqatçı və ya müstəntiq cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bilər:

213.1.1. həmin cinayətin araşdırılması onun səlahiyyətinə aid olmadıqda;

213.1.2. cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə.

213.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı yalnız həmin cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə, cinayət işinin başlanması haqqında məsələnin həll edilməsi üçün isə cinayətin törədildiyi yer üzrə yoxlama hərəkətlərinin aparılması zərurəti olduqda, istintaq aidiyyəti üzrə göndərə bilər.

213.3. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xüsusi ittiham qaydasında təqib edilən cinayətlər haqqında zərər çəkmiş şəxslərin şikayətlərini məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərməlidir.

213.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir.

213.5. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir; 117

XXVI fəsil


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin