Azərbaycan respublikasinin


Cİnayət mühakİmə İcraatı zamanı-konfİdensİallıq və müddət məsələlərİ



Yüklə 3,22 Mb.
səhifə13/37
tarix22.10.2017
ölçüsü3,22 Mb.
#10014
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Cİnayət mühakİmə İcraatı zamanı-konfİdensİallıq və müddət məsələlərİ


XXIII fəsil

Cİnayət mühakİmə İcraatı zamanı konfİdensİallığın qorunması


Maddə 199. Şəxsi və ailə sirrinin qorunması

199.1. Cinayət mühakimə icraatı zamanı şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

199.2. Prosessual hərəkətlərin gedişində hər hansı şəxsin şəxsi həyatına aid məlumatların, habelə onun gizli saxlanılmasını lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları bu məlumatların yayılmamasını öhdələrinə götürür və onlardan bu barədə yazılı iltizam alınır.

199.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə onun şəxsi həyatına aid məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə özünün və ya başqasının həyatına aid məlumatları bildirməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

199.4. Şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.

199.5. Şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi və ya ailə sirrinin yayılması nəticəsində hər hansı şəxsə vurulan ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.



Maddə 200. Dövlət sirrinin qorunması

200.1. Cinayət mühakimə icraatı zamanı dövlət sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

200.2. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

200.3. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu ona etibar edilmiş dövlət sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq dövlət orqanının rəhbərinə yazılı məlumat verməlidir.

200.4. Dövlət sirrini özündə əks etdirən məlumatlarla bağlı cinayət işlərinin icraatı bu cür məlumatların yayılmaması barədə öhdəlik götürmüş müstəntiqlərə, prokurorlara və ya hakimlərə həvalə edilir. Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Dövlət sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir. 109

110200.5. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.

Maddə 201. Peşə və kommersiya sirrinin qorunması

201.1. Cinayət mühakimə icraatı zamanı peşə və kommersiya sirlərini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

201.2. Prosessual hərəkətlər aparılarkən peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların zərurət olmadan toplanmasına, istifadə və yayılmasına yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları həmin məlumatları yaymamalıdırlar və onlardan bu barədə iltizam alınır.

201.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir.

201.4. Cinayət prosesini həyata keçirən orqan şəxsə peşə və kommersiya sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

201.5. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu və ya hər hansı mülkiyyət formasına malik müəssisə və ya təşkilatın işçisi ona etibar edilmiş peşə və kommersiya sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq orqanın, müəssisə və təşkilatın rəhbərinə yazılı məlumat verməlidir.

201.6. Peşə və ya kommersiya sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq olunmalıdır.

XXIV fəsil


Cİnayət mühakİmə İcraatında müddətlər


Maddə 202. Müddətlərin hesablanması

202.1. Cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır.

202.2. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır.

202.3. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.

202.4. Cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir.

202.5. Cinayət mühakimə icraatı zamanı vəzifəli şəxslərin müəyyən olunmuş müddətlərə riayət etməsi prosessual sənədlərdə müvafiq qeydlərlə təsdiq olunur. Cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur.



Maddə 203. Müddətin buraxılmasının nəticələri və onun bərpa olunması qaydaları

203.1. Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır.

203.2. Cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddəti bitmişsə, onun icrası göstərilən şəxsin vəsatəti və ya xahişi ilə buraxılmış müddətin bərpa edilməsi məsələsinin həllinədək dayandırıla bilər.

203.3. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir.

203.4. Təhqiqat və ya istintaq orqanının müddətin bərpasından imtina etməsindən prokurora şikayət verilə bilər. Məhkəmənin buraxılmış müddətin bərpasından imtina etməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyəti daxilində ona müraciət etmək üçün buraxılmış müddəti bərpa etmək hüququ vardır. Digər prosessual müddətlərin uzadılması və ya bərpa olunması məsələsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həll edilir. 111


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin