Baxış, meyİtİn qəbİrdən çıxarılması və şəxsİ müayİnə
Maddə 236. Baxış
236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır.
236.2. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır.
236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında azı 2 (iki) hal şahidi iştirak edir.
236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır.
236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür.
236.6. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:
236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer;
236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
236.6.4. hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda);
236.6.5. hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda);
236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;
236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar.
236.7. Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır.
236.8. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.
Maddə 237. Meyitin qəbirdən çıxarılması (ekshumasiya)
237.1. Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün məhkəməyə təqdimatla müraciət edilməsi haqqında əsaslandırılmış vəsatət qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.
237.2. Meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər.
237.3. Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.
237.4. Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:
237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer;
237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
237.4.3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı;
237.4.4. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş şəxslərin soyadı, adı və atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
237.4.5. meyitin qəbirdən çıxarılmasında ölənin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin iştirak etdiyi halda, onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
237.4.6. meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya meyitin qəbirdən çıxarılması zamanı video və kino çəkilişdən və ya digər texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;
237.4.7. müşahidə edilmə ardıcıllığı ilə meyitin qəbirdən çıxarılması zamanı bütün aşkar olunanlar.
237.5. Meyitin qəbirdən çıxarılması haqqında protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.
237.6. Meyitin qəbirdən çıxarılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.
Maddə 238. Şəxsi müayinə
238.1. Məhkəmə-tibb ekspertizasının keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədi ilə müstəntiq onların şəxsi müayinəsini apara bilər.
238.2. Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir. Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır.
238.3. Təqsirləndirilən və ya şübhəli şəxs üzərində şəxsi müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir.
238.4. Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə və ya qanunla müəyyən edilmiş hallarda həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən aparılır. Barəsində şəxsi müayinə aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.136
238.5. Əks cinsdən olan şəxsin soyundurulması zərurəti yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır.
238.6. Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və protokolda aşağıdakılar göstərilir:
238.6.1. şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer;
238.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
238.6.3. şəxsi müayinədə iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin və ya həkimin vəzifəsi, soyadı, adı və atasının adı;
238.6.4. şəxsi müayinənin aparılmasında iştirak edən şəxslərin soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;
238.6.5. müşahidə edilmə ardıcıllığı ilə şəxsi müayinə zamanı bütün aşkar olunanlar.
238.7. Şəxsi müayinə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.
XXX fəsil
Dostları ilə paylaş: |