Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi
Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi
6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.
6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.
Maddə 7. Ailə hüquqlarının müdafiəsi
Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur.
Maddə 7-1. Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.2
Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi
8.1. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur.
8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.
İkinci bölmə
Nikahın bağlanması və nikaha xitam verilməsi
3-cü fəsil
Nikahın bağlanma qaydası və şərtləri
Maddə 9. Nikahın bağlanma qaydası
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.3
9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.4
9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.5
Maddə 10. Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.6
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Maddə 11. Nikahın bağlanma şərtləri
11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 7
11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
Maddə 12. Nikahın bağlanmasına mane olan hallar
12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;8
12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.9
Dostları ilə paylaş: |