Azərbaycan Respublikasının Təhsil Qanunu


IV bölmə. Təhsil prosesinin iştirakçıları, onların hüquqları, vəzifələri və sosial müdafiəsi



Yüklə 178,46 Kb.
səhifə2/2
tarix17.12.2017
ölçüsü178,46 Kb.
#35117
1   2

IV bölmə. Təhsil prosesinin iştirakçıları, onların hüquqları, vəzifələri və sosial müdafiəsi

Maddə 46. Təlim-tərbiyə prosesinin iştirakçıları

Təlim-tərbiyə prosesinin iştirakçıları sırasına daxildir:



    • tərbiyə və təhsil alanlar — uşaqlar, şagirdlər, tələbələr (bakalavrlar), kursantlar, müdavimlər, stajkeçənlər, ordinatorlar, magistrlər (aspirantlar), doktorantlar;

    • pedoqoji işçilər — dayələr, tərbiyəçilər, pedaqoji işlə məşğul olan magistrlər, müəllimlər, psixoloq-praktiklər, sosioloq-pedaqoqlar, əmək təlimi ustaları, metodistlər, məktəbdənkənar müəssisələrin pedaqoji işçiləri, elmi işçilər, mühəndis texniki işçilər, tədris-köməkçi heyət, kitabxana işçiləri, pedaqoji mətbuatın əməkdaşları, təhsil orqanlarının işçiləri, təlim-tərbiyə müəsisələrinin başçıları;

    • valideyn və ya onları əvəz edənlər, ailə tipli uşaq evlərinin valideyn-tərbiyəçiləri;

    • təlim-təbiyə prosesində iştirak edən müəssisə, idarə, təşkilat, fond, assosiasiya, cəmiyyət və birliklərin nümayəndələri.

Maddə 47. Tərbiyə və təhsil alanların hüquqları və vəzifələri

1. Tərbiyə və təhsil alanların hüquqları aşağıdakılardır: nəzərdə tutulmuş qaydada təlimin profil və formasını, fərdi proqram və sinifdənkənar məşğuliyyəti seçmək; təlim-tərbiyə müəssisələrinin tədris istehsalat, elmi mədəni-məişət, idman, iaşə, sağlamlıq bazasından istifadə etmək; informasiyadan sərbəst istifadə etmək; elmi fəaliyyətin bütün növ və sahələrində iştirak etmək; peşəsi və ixtisası üzrə təhsilini davam etdirmək; təhsilin təşkili, idarəolunması və təkmilləşdirilməsində iştirak etmək; özfəaliyyət birliklərində iştirak etmək; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təlim və iş şəraiti ilə təmin olunmaq; əsas təhsil pilləsini başa vurmuş uşaqların dərsdən sonra və iş vaxtından əlavə saatlarda əmək fəaliyyəti ilə məşğul olmaq; peşə və ali ixtisas məktəblərində təhsili müvəqqəti olaraq dayandırmaq; təhsil yerini dəyişmək; müəssisənin səhiyyə və sağlamlıq xidmətindən istifadə; istismar, fiziki və psixi zorakılığın bütün növlərindən, hüquqa zidd, insan ləyaqəti və şərəfini alçaldan hərəkətlərdən müdafiə olunmaq. Müəyyən olunmuş hallar istisna edilməklə, uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, stajkeçənlər, ordinatorlar, aspirantlar və doktorantların təhsil prosesi ilə bilavasitə bağlı olmayan işlərə və tədbirlərə cəlb olunması qadağandır.

2. Tərbiyə və təhsil alanların vəzifələrinə daxildir: biliyini daim artırmaq və dərinləşdirmək, praktiki bacarığını, peşə-ixtisas hazırlığını təkmilləşdirmək və durmadan dərinləşdirmək; ümumi mədəni səviyyəsini yüksəltmək; təlim-tərbiyə müəssisəsinin nizamnaməsinə və daxili qaydalarına əməl etmək; təhsil qanunvericiliyinə, əxlaq və etika normalarına, təlim-tərbiyə prosesi ilə bağlı birgəyaşayış qaydalarına riayət etmək.

Maddə 48. Tərbiyə və təhsil alanlar üçün əlavə sosial-maddi təminat

Dövlət büdcəsindən maliyyələşdirilməyən müəssisələr, idarələr, təşkilatlar, assosiasiyalar, birliklər, cəmiyyətlər, fondlar, ayrı-ayrı vətəndaşlar, habelə xaricdə yaşayan və fəaliyyət göstərən şəxslər, müəssisə və cəmiyyətlər öz vəsaitləri hesabına tərbiyə və təhsil alanlara əlavə olaraq sosial-maddi köməklik göstərə bilərlər. İstehsalatdan ayrılmaqla təhsil alan şəxslər iş yerindən əlavə məzuniyyət almaq hüququna, qısaldılmış iş vaxtı, həmçinin qanunvericiliklə müəyyən edilmiş başqa imtiyazlara malikdirlər. Ümumtəhsil məktəblərində məktəblilərə maddi yardım göstərilməsi məqsədilə icbari təhsil fondu yaradılır. Fond məktəbin saxlanılması üçün sərf olunan illik xərclərin bir faizdən az olmayaraq ayrılmış vəsait, həmçinin müəssisə, təşkilat, cəmiyyət və ayrı-ayrı vətəndaşların vəsaiti hesabına yaradılır. Ümumtəhsil məktəblərinin şagirdləri güzəştli qiymətlər əsasənda ildə bir dəst məktəbli forması ilə təmin olunur. Aztəminatlı ailələrə forma və dərsliklər pulsuz verilir. Aztəminatlı ailədən olan ibtidai sinif şagirdlərinə pulsuz isti nahar yeməyi müqabilində pul ödənişi verilir. Kənd yerlərində məktəbdən 3 kilometr artıq məsafədə yaşayan şagirdlərin məktəbə nəqliyyatla pulsuz gətirilib aparılması təmin edilir. İstehsalat təlimi və praktika zamanı şagird və tələbələrə (o cümlədən tibb təhsili alan tələbələrə) gördükləri iş müqabilində tam əmək haqqı verilir, təhlükəsiz və sağlamlıq üçün zərərsiz iş şəraiti təmin olunur. İndeksasiya aparılmaqla tələbə və aspirantların təqaüdü 1993-cü ildən başlayaraq tədriclə qabaqcıl ölkələrin tələbə və aspirantlarının təqaüdü səviyyəsinə çatdırılır. Əlavə ayırmalar hesabına elmi araşdırmaların genişləndirilməsinə vəsait ayrılır.

Maddə 49. Pedaqoji fəaliyyət, pedaqoji işçilərin hüquq və vəzifələri

Pedaqoji fəaliyyətlə yüksək mənəvi keyfiyyətləri, müvafiq təhsili, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan, sağlamlığına görə pedaqoji işə yarayan şəxslər məşğul ola bilərlər. Məhkəmənin qərarına əsasən, yaxud hökumət tərəfindən təsdiq olunmuş siyahıda göstərilən tibbi səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Təhsil müəssisəsinin pedaqoji heyəti həmin müəssisənin Nizamnaməsi əsasında komplektləşdirilir. Pedaqoji işçilərin attestasiyası keçirilir. Attestasiya nəticəsində işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, onun peşə ixtisas səviyyəsi və praktiki hazırlıq dərəcəsi müəyyənləşdirilir. Attestasiya komissiyasının qərarı qanunvericiliyə müvafiq olaraq pedaqoji işçinin tutduğu vəzifədən çıxarılması üçün əsasdır.

Pedaqoji işçilər aşağıdakı hüquqlara malikdirlər: peşə şərəfi və layaqətini müdafiə etmək; normal iş şəraiti yaradılmasını tələb etmək; təlimin forması, metod və vasitələrini seçməkdə sərbəstlik, pedaqoji təşəbbüskarlıq göstərmək; fərdi pedaqoji fəaliyyətlə məşğul olmaq; müəssisənin Nizamnaməsinə uyğun olaraq təhsilin idarə olunmasında iştirak etmək; rəhbər vəzifələrə seçmək və seçilmək; ixtisasını artırmaq və yenidən ixtisaslaşmaq; uzadılmış pullu məzuniyyətə çıxmaq; qanunvericilik yolu ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək.

Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla pedaqoji işçiləri işdən ayırmaq qadağandır.

Pedaqoji işçilərin vəzifələrinə daxildir: dövlətin təhsil siyasətini yerinə yetirmək; tərbiyə və təhsil alanların tədris və elmi araşdırma proqramlarını dövlət standartları səviyyəsində mənimsəmələri üçün zəruri şərait yaratmaq; əməyi və şəxsi nümunəsi ilə milli zəminə və ümumbəşəri sərvətlərə, bütün insanlıq üçün qiymətli olan mənəvi dəyərlərə — həqiqətə, ədalətə, sədaqətə, vətənpərvərliyə, humanizmə, rəhmdilliyə, əməksevərliyə, demokratikliyə, prinsipiallığa və başqa keyfiyyətlərə hörmət və məhəbbət aşılamaq, valideynə, ailəsinə, qadınlara, yaşılılara, uşaqlara, ətraf mühitə, bütövlükdə Azərbaycan təbiətinə, Azərbaycanın və Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət hissi yaratmaq; tərbiyə və təhsil alanları xalqlar, etnik, milli və dini qruplar arasında qarşılıqlı anlaşma, sülh və razılığa əsaslanan şüurlu həyata hazırlamaq; pedaqoji etikaya, əxlaqa riayət etmək; uşağın, şagirdin, tələbənin ləyaqətinə, şərəfinə hörmət bəsləmək; uşaqları və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları spirtli içkilər, narkotik maddalər işlətməkdən və digər zərərli vərdişlərdən çəkindirmək; müntəzəm olaraq peşə-ixtisas səviyyəsini, praktiki hazırlığını, pedaqoji ustalığını, ümumi mədəniyyətini yüksəltmək, əlavə məşğələlər və sinifdənkənar tədbirlər keçirmək.

Maddə 50. Pedaqoji işçilərin sosial müdafiəsi və imtiyazları

Pedaqoji işçilərin sosial müdafiəsi və imtiyazları aşağıdakı kimi müəyyən olunur və buna dövlət təminatı verilir:

1. Təlim-tərbiyə müəssisəsi işçisinin əmək haqqı (vəzifə maaşı) vəzifə borcunun və müqavilə ilə (konraktla) nəzərdə tutulmuş işlərin icrasına görə verilir; təlim-tərbiyə müəssisələri işçilərinin minimum əmək haqları və vəzifə maaşları Azərbaycan Respublikası üzrə orta əmək haqqından yuxarı səviyyədə müəyyən olunur, onların əmək haqqı indeksasiya aparılmaqla 1993-cü ildən başlayaraq tədriclə qabaqcıl ölkələrin təhsil işçilərinin əmək haqqı səviyyəsinə çatdırılır; məktəbəqədər tərbiyə, ibtidai, əsas orta ümumtəhsil məktəbləri, peşə məktəbləri, peşə litseyləri, habelə buna müvafiq olan təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji işçilərin əmək haqlarındakı fərq aradan qaldırılır; elmi dərəcəsi və elmi adı olan mütəxəssis orta ümumtəhsil məktəblərində, peşə məktəbləri, litseylər, gimnaziyalar, kolleclər, texnikumlarda işlədikdə ali məktəblərdə olduğu qədər əmək haqqı alır; təlim-tərbiyə müəssisələri onların ixtiyarında olan əmək haqqı vəsaiti daxilində ştatlarda dəyişiklik etməklə tarif stavkalarını artırmaq hüququna malikdirlər; yuxarıda göstərilənlər nəzərə alınmaqla təhsil müəssisələrində kateqoriya prinsipi əsasında əmək haqqı sisteminə keçirilir. Müəssisənin kateqoriyası dövlət attestasiyası zamanı təlim-tərbiyə işində əldə olunmuş nəticələrə görə müəyyən edilir.

2. Normal əmək və məişət şəraiti, istirahət, tibb xidməti, beş ildə bir dəfədən az olmayaraq ixtisasının artırılması, zəruri hallarda yenidən ixtisaslaşdırılması təmin olunur.

3. Sosial müdafiəyə və peşə-ixtisas fəaliyyətinə hüquqi təminat verilir.

4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada altı saatlıq iş günü, qısaldılmış iş həftəsi və uzadılmış pullu məzuniyyət hüququna malikdirlər.



5. Ümumtəhsil, texniki-peşə müəssisələrinin, idman və incəsənət məktəblərinin həftəlik tarif stavkası 12 saatdır. Həmin müəssisələrdə və məktəblərdə həftəlik dərs yükü tarif stavkalarının sayına müvafiq surətdə hesablanır və tarif stavkalarının sayına uyğun olaraq tam həcmdə ödənilir.

Qalan təhsil müəssisələrinin professor-müəllim heyətinin ümumi dərs yükü 450—500 saatdır və onların 1,5 stavka həcmində dərs aparmasına müstəsna hallarda yol verilir.

6. Birinci növbədə mənzil almaq, növbədənkənar xidmət göstərilmək hüququna malikdirlər; yaradıcı pedaqoji işçilər hər on illik fasiləsiz pedaqoji fəaliyyətdən sonra təhsil müəssisəsinin nizamnaməsində nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq müddəti bir ilədək uzadıla bilən və haqqı ödənilən əlavə yaradıcılıq məzuniyyəti götürə bilərlər.



7. Tərkibində pedaqoji işçisi olan ailələr enerji və kommunal xidməti xərclərindən azaddırlar.

8. Pedaqoji fəaliyyətin spesifik xüsusiyyətləri ilə bağlı olaraq, təhsil işçilərinin müəyyən kateqoriyalarına səhhətinə dəyən zərəri ödəmək üçün əmək haqlarının (vəzifə maaşlarının) 15-25 faizindən az olmayaraq ödənc verilir.

9. Qanunvericilik əsasında struktur dəyişiklikləri aparılarkən iş yerini itirdiyi üçün axırıncı əmək haqqı məbləğində ödənc verilir.

10. Xəstəliyə görə pedaqoji fəaliyyətdən məhrum olduqda və ya müvəqqəti olaraq başqa işə keçməyə məcbur olduqda əmək haqqı həcmində birdəfəlik müavinət verilir.



11. Pedaqoji işçilər şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) pulsuz istifadə hüququna malikdirlər.

Maddə 51. Pedaqoji işçilərin həvəsləndirilməsi

Təlim-tərbiyə sahəsində uğurlarına görə pedaqoji işçilər dövlət mükafitları, fəxri adlar, orden və medallar, döş nişanları, fəxri fərmanlar, pul mükafatları və s. ilə mənəvi və maddi cəhətdən rəğbətləndirilirlər. Bu zaman təlim-tərbiyə sahəsindəki nailiyyətlərlə yanaşı ictimai rəy də nəzərə alınır. Pedaqoji işçilərə verilən fəxri adlar və onların mükafatlandırılması xüsusi əsasnaməyə müvafiq olaraq tənzim edilir.



Maddə 52. Valideynlərin hüquq və vəzifələri

Valideynlərin (və ya onları əvəz edənlərin) hüquqları aşağıdakılardır: yetkinlik yaşına çatmamış uşaqlar üçün təlim-tərbiyə müəssisəsi, həmçinin tərbiyəçi və müəllim seçmək; təhsil müəssisələrinin ictimai özünüidarə orqanlarına seçkilərdə iştirak etmək (seçmək və seçilmək); uşaqların tərbiyəsi və təhsili ilə bağlı olaraq müxtəlif orqanlara müraciət etmək; müxtəlif dövlət və məhkəmə orqanlarında öz uşaqlarının qanuni hüquqlarını müdafiə etmək.

Valideynlər və ya onları əvəz edənlərin vəzifələrinə daxildir: uşaqların fiziki və psixi sağlamlıqlarının, fitri istedadları və təbii imkanlarının inkişafı qayğısına qalmaq; onların ləyaqətinə hörmət etmək; valideynə, ailəyə, soykökünə, Vətənə, doğma dilinə, xalqına, onun tarixinə, qardaş xalqların, başqa ölkələrin və xalqların ümumbəşəri dəyərlərinə hörmət və məhəbbət hissi yaratmaq, əməksevərlik, xeyirxahlıq və mərhəmət hissi aşılamaq; məktəbəqədər tərbiyə və ümumtəhsil müəssisələrində tərbiyə və təhsil almalarına qayğı göstərmək və ya ailədə dövlət standartları səviyyəsində təhsil almalarını təmin etmək; xalqın ənənələrinə, qanunlarına, insan hüquqlarına hörmət hissi tərbiyə etmək.

Dövlət valideynlərə və ya onları əvəz edənlərə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərir, onların hüquqlarını müdafiə edir.



V bölmə. Təhsil sistemi müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası

Maddə 53. Təlim-tərbiyə müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti

Təhsil üstün maliyyələşdirilən strateji fəaliyyət sahəsidir. Dövlət təhsili maliyyələşdirərkən onun maddi-texniki bazasını dünya standartlarına uyğunlaşdırmaq xətti yeridir. Təhsil müəssisələrinin maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Dövlət, təhsil sisteminin maliyyələşdirilməsini 1995-ci ildə qabaqcıl dövlətlərin səviyyəsinə çatdırmaq siyasəti yeridir və hər il təhsil sistemi üçün buna müvafiq olaraq büdcə vəsaiti və zəruri valyuta ayırır.

Təhsilin maliyyələşdirilməsi üçün əlavə mənbələr: nazirliklər, müəssisələr, idarə və təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müqavilə əsasında kadr hazırlığı, ixtisasartırma və yenidən kadr hazırlığı üçün ayırdıqları vəsait; təlim-tərbiyə müəssisələrinin müxtəlif növ fəaliyyəti (tədris, elmi, istehsal və s.) və xidmətlər müqabilində əldə etdikləri gəlir; Azərbaycanın və xarici ölkələrin dövlət və qeyri-dövlət müəssisələri, təşkilatları, cəmiyyətləri, idarələrinin, habelə vətəndaşlarının könüllü ayırmaları hesabına əldə olunan vəsait.

Qeyri-dövlət təlim-tərbiyə müəssisələri öz vəsaitləri hesabına maliyyələşdirilir.



Mülkiyyət formasından asılı olmayaraq, təlim-tərbiyə müəssisələri vergi və rüsumlardan, ödənclər verməkdən azaddır.

Təhsil üçün ayrılmış büdcə vəsaiti və təlim-tərbiyə müəssisələrinin müxtəlif mənbələrdən toplanılmış gəliri toxunulmazdır.

Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə müəssisələrinin maliyyələşdirilməsi müvafiq qaydada dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.

Maddə 54. Təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazası

Təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasına daxildir: binalar, tədris-kliniki bazalar, əczəxanalar, torpaq sahələri, maşın və avadanlıq, müxtəlif qurğular və laboratoriyalar, tədris təsərrüfatı, nəqliyyat növləri və başqa qiymətli maddi-texniki təchizat vasitələri.

Dövlət təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsini, onun yeni tədris-istehsalat və kliniki bazalar, kitabxanalar, maşın və avadanlıqla təchiz olunmasını üstün inkişaf edən fəaliyyət sahəsi hesab edir, onu dünya standartlarına bərabərləşdirmək xətti yeridir.

Təlim-tərbiyə müəssisəsi üçün binalar, idman-sağlamlıq və istirahət kompleksləri, təhsil sistemi işçiləri üçün mənzil və tələbə yataqxanaları tikintisi üstün inkişaf etdirilir və dövlət bu sahədə çalışan təmir-tikinti idarələri üçün güzəştli vergi sistemi müəyyən edir.

Nazirliklər, müəssisə, idarə və təşkilatlar tədris, elmi-istehsal xidmətləri və kadr hazırlığı müqabilində tədris müəssisələrinə müxtəlif cür maşın və avadanlıq, nəqliyyat vasitələri, torpaq sahələri və s. vermək hüququna malikdirlər.

Mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisəsi üçün maşın, avadanlıq, aparat və s. istehsal edən müəssisələr vergilərdən qismən azad edilir.

VI bölmə. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq

Maddə 55. Təhsil sahəsində beynəlxalq müqavilə və sazişlər

Təhsil sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilir.

Təhsil müəssisələri, idarə və təşkilatları xarici ölkələrin müvafiq tədris müəssisələri və təşkilatları ilə birbaşa müqavilələr, sazişlər bağlamaq hüququna malikdirlər.

Beynəlxalq müqavilə və sazişlərin şərtləri Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə müvafiq olmadığı ayrı-ayrı hallarda beynəlxalq müqavilə şərtləri tətbiq olunur.



Maddə 56. Azərbaycan Respublikasının təhsil müəssisələrinin, idarələrinin və təşkilatlarının beynəlxalq əməkdaşlıq hüququ

Təhsil müəssisələri, idarə və təşkilatlarının beynəlxalq əməkdaşlığı təhsil qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Bütün mülkiyyət formalarından olan təhsil müəssisələri, idarələr, təşkilatlar, habelə müxtəlif təhsil qurumları xarici ölkələrin təhsil müəssisələri, təşkilatları və qurumları ilə, habelə beynəlxalq təşkilat və müəssisələrlə müstəqil surətdə birbaşa əlaqəyə girmək, təcrübə və kadr mübadiləsi aparmaq, birgə proqramlar Həyata keçirmək, təhsil müəssisələri açmaq, beynəlxalq tədbirlərdə iştirak etmək və əməkdaşlığın başqa formalarını həyata keçirmək hüququna malikdirlər.

Təhsil müəssisələri və təşkilatlarının beynalxalq əməkdaşlıq nəticəsində əldə olunan maliyyə vəsaiti, o cümlədən valyuta ehtiyatı toxunulmazdır və müvafiq təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin həyat şəraitinin yaxşılaşdırılmasına sərf edilir.

Təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıqdan əldə olunan gəlirindən şəxsi qazanc məqsədilə istifadə olunmasına yol verilmir.



Maddə 57. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə təhsil almaq hüququ

Azərbaycan Respublikası vətəndaşları hökumətlərarası müqavilələrə, nazirliklər, təhsil müəssisələri arasında bağlanmış sazişlərə əsasən xarici ölkələrin tədris müəssisələrində təhsil ala bilərlər. Tək-tək şəxslər də fərdi müqavilələr əsasında xarici ölkələrin tədris müəssisələrində təhsil almaq hüququna malikdirlər.



Maddə 58. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayanşəxslər üçün, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur.

Xarici ölkələrdə yaşayan azərbaycanlılar, həmçinin Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmiş digər millətlərin nümayəndələri Azərbaycan Respublikasının təhsil müəssisələrinə sərbəst surətdə daxil ola bilərlər.



Azərbaycan Respublikasında təhsil alan əcnəbilərin təhsil sahəsində hüquq və vəzifələri Azərbaycan Respublikası vətəndaşlarının hüquq və vəzifələri ilə eynidir.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 7 oktyabr 1992-ci il.

324.



«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 1992-ci il, № 69) («VES Consultancy» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 24, maddə 1031) («VES Consultancy» LLC).

27 iyul 1994-cü il tarixli, 860 nömrəli; 14 fevral 1995-ci il tarixli, 973 nömrəli; 5 noyabr 1996-cı il tarixli, 188-IQD nömrəli; 27 dekabr 1996-cı il tarixli, 222-IQD nömrəli; 27 dekabr 1996-cı il tarixli, 229-IQD nömrəli; 13 iyun 1997-ci il tarixli, 318-IQD nömrəli; 10 oktyabr 1997-ci il tarixli, 380-IQD nömrəli; 2 aprel 1999-cu il tarixli, 647-IQD nömrəli; 2 aprel 1999-cu il tarixli, 650-IQD nömrəli; 20 fevral 2001-ci il tarixli, 83-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 178-IIQD nömrəli; 15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 1 iyun 2004-cü il tarixli, 677-IIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə («VES Consultancy» LLC).

19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür(«VES Consultancy» LLC).

© VES Consultancy LLC
Yüklə 178,46 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin