Ключевые слова: ашуг, народная литература, ашугское стихотворение, происхождение.
Fuad Köprülünün elmi araşdırmaları içərisində aşıq ədəbiyyatının tədqiqi mühüm yer tutur. Aşıq ədəbiyyatının geniş elmi mənzərəsini yaradan, onun təşəkkül tapmasından başlayaraq müasir dövrə qədər gəlib keçdiyi tarixi mərhələlərin elmi-nəzəri şərhini verən M. F.Köprülü bu ədəbiyyatın türk düşüncə sistemində müstəsna əhəmiyyətini tutarlı elmi dəlillərlə sübut etmişdir.
Məlumdur ki, aşiq ədəbiyyatı uzun müddət diqqətdən kənar qalmış, xalq ədəbiyyatının bir bölməsi kimi dəyərləndirilmişdir. İlk dəfə II Məşrutiyyətdən sonra Rza Tevfiq 1911-ci ildə “Peyam” qəzetində aşıq şeiri ilə bağlı məlumat vermiş, təsnifat da aparmışdır. Daha sonra F.Köprülü “Aşıq tərzinin mənşəyi və təkamülü haqqında bir təcrübə” adlı məqaləsinin girişində bu haqda məlumat vermişdir. Bundan əlavə, Ziya Göyalpın “Türkçülüyün əsasları” əsərində də xalq ədəbiyyatının bölmələri nəzərdən keçirilmiş, aşıq və təkkə ədəbiyyatı haqqında dəyərli fikirlər irəli sürülmüşdür. (5, 550)
Ümumiyyətlə, M. F.Köprülünün türk aşıq ədəbiyyatına aid tədqiqatları sistemliliyinə görə ilkin araşdırma olmaqla bərabər, elmi tutumuna, zəngin faktoloji bazasına görə seçilir. Sonrakı dövrdə aşıq ədəbiyyatına dair tədqiqatlar aparan alimlər bu və ya digər dərəcədə bu mənbədən faydalanmışdırlar: “Aşıq ədəbiyyatı haqqında ilk ciddi əsər F.Köprülünün “Türk saz şairləri” adlı antologiyasıdır. Beş ana bölmədən ibarət olan bu antologiya XVI-XIX əsrlərdə Osmanlı İmperiyası sərhədləri içində yetişən başlıca saz şairləri haqqında biyoqrafik bilgilərlə şeirlərindən örnəklər vardır. Aşıq ədəbiyyatı haqqında günümüzə qədər aparılan çalışmalarda əsas olaraq bu əsərindən irəli sürdüyü görüşlər əsas alınmışdır”. (5, 551)
Yeri gəlmişkən, qeyd edək ki, bu antologiya yalnız XVI-XIX əsrlərdə yaşamış aşıqların şeirlərindən seçilmiş poetik nümunələrdən ibarət olmaqla qalmır. Belə ki, “Saz şairləri, dünən və bugün” adlı geniş ön sözdə F.Köprülü aşıq ədəbiyyatına, onun spesifikasına dair bilgilər vermiş, bu sənət sahəsinin təşəkkülündə klassik, təkkə və xalq şeiri ənənələrinin təsirindən, aşıq şeirinin türk toplumunun ictimai, mədəni dünyagörüşünün formalaşmasında olan iştirakından bəhs etmişdir. Bundan əlavə, hər dövrün aşıq şeirindən nümunələr verməzdən əvvəl tədqiqatçı həmin dönəmin səciyyəsindən, ictimai şərtlərindən də söhbət açmış, saz şairləri haqqında qısa və dolğun oçerklər verməklə dövrün ədəbi-bədii mənzərəsini daha da dolğun təsvir etməyə nail olmuşdur. (4)
F.Köprülü elə tədqiqatçılardandır ki, irəli sürdüyü mülahizələrin, elmi-nəzəri dünyagörüşün həqiqiliyini yüksək professionallıqla, dərin həyati və təcrübi faktlarla izah edirdi. Burada diqqəti F.Köprülünün tədqiqatçılıq özəlliyini xarakterizə edən bir məsələyə yönəltmək istərdik. Bildiyimiz kimi, humanitar elmlərin ayrı-ayrı sahələri cəmiyyətin, elmi düşüncənin və ictimai şüurun inkişafı nəticəsində müxtəlif qollara ayrılmışdır. Diferensiasiya nəticəsində müxtəlif sahələrə ayrılan həmin elmi istiqamətlər zahirən bir-biridən nə qədər fərqlənsələr də, mahiyyət etibarilə onlar arasında dərin elmi bağlılıq vardır. Bu baxımdan, sosial-ictimai elmlər olan folklorşünaslıq, ədəbiyyat, etnoqrafiya, tarix və s. kimi istiqamətlərdə axtarışlar aparan istənilən tədqiqatçı bu sahələr arasındakı mədəni əlaqələri bilmədən düzgün elmi qənaətlərə gələ bilməz. Bu mənada, geniş erudisiyaya və humanitar elmlər arası məntiqi əlaqənin incəliklərinə dərindən bələd olan F.Köprülü araşdırdığı məsələnin çoxyönlü aspektinə nəzər salmaqla aydın elmi düşüncə sərgiləmiş olurdu. Tədqiqatçı Dilbər Zamanzadə də “Fuad Köprülü və Azərbaycan ədəbiyyatı” adlı monoqrafiyasında F.Köprülünün universal elmi təfəkkürünün bu məsələsinə toxunmuşdur. (6, 5-6)
F.Köprülünün haqlı olaraq qeyd etdiyi kimi, hafizələrdə, xalqın şifahi yaddaşında və bəzi nadir nüsxələrdə qorunan belə nümunələrin gələcək nəsillərə çatdırılması işi olduqca vacibdir ki, bunun üçün “Aşıq tərzi haqqında elmi bir tərkib həyata keçirmək üçün bunları diqqətlə toplamaq, təsnif və tərtib etmək, bu ədəbiyyatın şəklə və lisana aid başqa xüsusiyyətlərini və ictimai həyat ilə bağlarını göstermek lazımdır”. (3, 196)
F.Köprülünün aşıq ədəbiyatının düzgün qavranılmasına və gələcəkdə bu sahədə araşdırmalar aparacaq tədqiqatçılara düzgün elmi istiqamət vermək üçün dediyi mülahizələr bu gün üçün də öz elmi dəyərini qorumaqdadır: “Müxtəlif ictimai təbəqələr arasında necə bir gözlə görüldükləri qısaca anlattığımız aşıqlar haqqında daha ətraflı bir fikir əldə etmək üçün, bunların hansı ictimai çevrələrdə nə kimi ictimai şərtlər daxilində yetişdiklərini, məsleklərinin yetişməsinin formalaşmasının xüsusiyyətlərini, bədii zövqlərinin mahiyyetini bilmək tələb olunur. Hər hansı bir sənət şəklini anlamaq üçün, hər şeydən öncə, onu yaradan ictimai çevreyi maddi və mənəvi bütün şərtləriylə öyrənmək zərurəti ədəbiyyat tarixinin bir vacib funksiasıdır. Bu baxımdan, aşıq tərzi (yaxud aşıq ədəbiyyatı, aşıq şeiri) dediyimiz sənət şəklini daha yaxşı anlamaq üçün, bunu yaradan saz şairlərinin hansı ictimai çevrələrdə və necə şərtlər altında yetişdiklerini izah etməliyik”. (4, 31) Bu qeydlərdən də aydın göründüyü kimi tədqiqatçı aşıq sənətinin mahiyyətinə nüfuz etmək, bu sənət fenomenin səciyyəsini vermək üçün onun yetişdiyi ictimai mühiti ətraflı izah edir.
F.Köprülü aşıq ədəbiyyatını tədqiq edərkən ilk növbədə onun nə zamandan fəaliyyət göstərməsinə nəzər salır və lap erkən çağlardan xalq şair və musiqişünaslarının olduğunu tarixi mənbələr əsasında göstərir. O, Qərb mənbələrinə nəzərən V əsrdə Atilla ordusunda belə şairlərin olduğunu göstərir. Həyat hadisələrini bədii hissin predmetinə çevirmək ənənəsi lap əski çağlardan türk etnosunun yaddaşında xüsusi yer tutmuşdur. Sevinc, xoşbəxtlik, qələbə və nailiyyətləri, kədər, ölüm, üzüntü və iztirabları poetik qəlibə salmaq türkün ruhunun incəliklərindən xəbər verir. F.Köprülünün Çin qaynaqlarına istinadən türkün şeirə və musiqiyə vurğun olmasını, Göytürklərin kollektiv şəkildə türkülər söyləyib rəqs etmələrini, nəinki şənlik məclislərində, eyni zamanda matəm ayinlərində də şairlərin iştirak etməsini göstərməsi kimi faktlar şeirin xalqın həyat tərzinin ünsüründən biri olduğunu göstərir. Türk toplumu öz ruhunun mənəvi tələbatını belə nümunələrlə qarşılayırdı, saza, sözə, milli hissin ifadəsinə uyğun gələn bütün vasitələri öz varlığında yaşadırdı. (3, 160) Ənənəyə belə möhkəm bağlılığın nəticəsidi ki, “türklər islamiyyət dairəsinə girdikdən sonra da xalq arasında və ordularda, hətta İslam mədəniyyətinin təsirlərinə rəğmən qövmi ənənələrdən bir çoxunu saxlayan hökmdar saraylarında da xalq şairlərinin mövcud olacağı tam təbiidir”. (3, 160)
Genetik kodlarda yaşayan dayanıqlı milli ruhun sayəsində lap qədim çağın mədəniyyəti ilə müasir düşüncə arasında yaxından səsləşmə türklərin mədəni kimliyini mühafizə etmişdir. Belə olmasa idi, uzun əsrlik tarixi proseslərin nəticəsi ilə bağlı olaraq yad etnik-mədəni ünsürlər, müxtəlif dini-ideoloji təsirlər nəticəsində toplum varlığını itirmək təhlükəsi qarşısında qalardı (3, 160) Düzdür, hər bir mədəni xalqda olduğu kimi, türklərdə də digər toplumun təsiri ilə müəyyən keyfiyyətlər yaranmışdır. Lakin bu prosesin davamlı bir hal almaması üçün türk xalqlarının həyatında aşığın mühüm tarixi, mədəni rolu olmuşdur.
İslam dini fərqli mentalitetə, ənənəyə, məişət tərzinə, etiqad və ayinlərə məxsus xalqları vahid dini ideya ətrafında birləşdirməyə çalışırdı. Bu təsirə isə ən çox uzun əsrlik mənəvi irsi olmayan, zəngin dini-mifoloji keçmişi ilə seçilməyən xalqlar düşürdü. Cəlal Bəydili türk mədəni-mənəvi düşüncəsinin özümlü cəhətlərinə nəzər yetirərək yazır: “Türk dini-mifoloji düşüncə sisteminin öyənilməsini nə qədər çətinləşdirir çətinləşdirsin, milli mədəniyyət tarixinin araşdırılması sübuta yetirir ki, hər hansı ayrı yeni dini anlayışı qəbul edən zamanlarda da türk düşüncəsi özündə olanı itirməmiş, ən çətin anlarda onu öz düşüncəsinə uyğunlaşdıra bilmişdir”. (2, 30) Nəinki islamlaşmış türklər, eyni zamanda müxtəlif dini sistemlərin daşıyıcıları olan ayrı-ayrı türk xalqlarını bir-birinə bağlayan, mənəvi bağları qırılmağa qoymayan ümumtürk mədəniyyəti (folklor, mifologiya, tanrıçılıq dünyagörüşü və s.) vardır ki, bütün bular dini təsirlərin onların həyatlarındakı ümumiliyi, ortaqlığı aradan götürməsinə mane olmuşdur: “Bu baxımdan ayrı-ayrı dinlərə mənsub, bir-birindən uzaqda yaşayan türk xalqlarının mövsüm mərasimləri arasındakı yaxınlıq, oxşarlıq, eynilik, eləcə də müxtəlif səbəblərdən yaranmış fərqliliklər maraq doğurur”. (7, 26) Bunun səbəbi onunla bağlıdır ki, ortaq milli dəyərlər türklərin hər zaman birliyini kompleks şəkildə təmin edirdi. Türklər üzərində islamiyyətin dərin təsirinin olduğunu göstərən F.Köprülü qeyd edirdi ki, əski ənənələr, bütpərəstlik dövründən qalma ədəbi şəkillər uzun müddət keçməsinə baxmayaraq islami rəng alaraq öz varlığını mühafizə edə bilmişdir. (3, 57) “Zamanla islamiyyət türklər arasında geniş yayılmış və türklərin ruhları ilə ənənələrində önəmli bir yer almışdır”, (1, 65) – deyən türk alimi Bahaeddin Ögele görə türklərin həyat tərzinə islam dini böyük təsir göstərsə də, onların fəaliyyət proqramının ümumi ana xəttini poza bilməmişdir. Bu da səbəbsiz deyildir. Zəngin mifoloji mətnlər vasitəsilə öz varlığının ilkin qatlarına bağlı olan, öz müstəqil dini sisteminə və düşüncə tərzinə söykənən türk toplumu müstəqil təfəkkürə və azad fikrə sahib idi. Tanrıçılıq dünyagörüşünə sahib olan türklər əski ənənələrinin daşıyıcısı kimi milli gələnəyə bağlı idi və onu yaşatmaq, gələcəyə çatdırmaq funksiyasını folklor, mifologiya, etnoqrafiya və tarixi yazılar vasitəsilə ötürürdülər.
Beləliklə, bütövlükdə türklərin milli dəyərlərinə və genetik xüsusiyyətlərinə bağlı olan aşıq şeirinin sayəsində bu toplum öz əzəli xüsusiyyətlərini, adət-ənənələrini və vərdişlər sisemini qorumuşdur. F.Köprülünün bu sahədə apardığı araşdırmaların istiqamətverici, sağlam elmi-nəzəri düşüncələrə bağlı cəhətləri bu günə qədər bir sıra alimlərin bu istiqamətdə apardığı araşdırmalarda mühüm mənbə rolunu oynadığı kimi, bundan sona da öz aktuallığını qoruyacaqdır.
Dostları ilə paylaş: |