Məsələnin qoyuluşu: Əzizxan Tanrıverdinin folklorla bağlı tədqiqatları onun linqvistik araşdırmaları kontekstində təhlil olunur.
İşin məqsədi: Professor Ə.Tanrıverdinin folklor və folklorşünaslıq sahəsindəki tədqiqatları, xüsusi olaraq “Dəli Kür” romanının poetik strukturunda alimin aşkarlayıb təhlilə cəlb etdiyi folklor qaynaqları barədə təsəvvür yaratmaq.
Folklor xalqın milli sərvətidir. Bu sərvətdən hərə bir cür istifadə edir, faydalanır. Doğulduğu andan son mənzilə qədər insanı xalqın yaratdığı poetik örnəklər müşayiət edir, nağıllarla böyüyür, dastanları dinləyib mətinləşir, sevməyi öyrənir, saz musiqisi ilə ruhlanır, aşıq şeirləri və bayatılarla zövqümüzü kökləyirik.
Folklorun ecazkarlığından qələm sahibləri daha çox bəhrələnmişlər. Folklor hər bir zaman yazılı ədəbiyyat üçün əsas qida mənbəyi olmuşdur. Folklorla yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi ədəbiyyatşünaslıqda zaman-zaman araşdırılıb öyrənilmişdir. Bu işi görənlər çox zaman folklorşünaslar, ədəbiyyat tarixçiləri, tənqidçilər və nəzəriyyəçilər olmuşlar.
Folklorla yazılı ədəbiyyatın qarşılıqlı təsiri özünü forma və məzmun elementlərində, ideya və motivlərdə, dildə – bədii ifadə vasitələrində göstərdiyi üçün folklor və yazılı ədəbiyyat probleminin araşdırılması ilə daha çox folklorşünas alimlər məşğul olmuşlar. Dilçi alimlərin də adı çəkilən problemə üz tutması təbii görünməlidir. Orta əsr Azərbaycan alimləri Xətib Təbrizi, Yusif Tahir Xoylu, Ömər Gənci, Nəsirəddin Tusi, Vəhid Təbrizi, Məhəmməd Təbrizi və başqaları həm ədəbiyyat, həm də dil məsələlərini tədqiq etməklə fundamental əsərlər yazmışlar. Şərqin böyük şairlərinin poetik əsərlərini şərh edən tənqidi əsərləri ilə yanaşı, onların bir sıra abidə və əlyazmaların (divanların) dilinə yazdıqları düzəlişlər, dilçilik traktatları bu gün də elmi dəyərini itirməmişdir. XX yüzilliyin görkəmli alimləri Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə və qeyriləri öz sələflərinin yolunu deyilən istiqamətdə davam etdirmişlər. Bu gün Tofiq Hacıyev, Qəzənfər Kazımov, Nizami Cəfərov və başqaları həm dil, həm də ədəbiyyat məsələlərini dərindən tədqiq edən görkəmli alimlərimizdir. Onlar çoxşaxəli tədqiqatlarını filologiyanın hər iki qolu üzərində quraraq qiymətli əsərlər yazırlar. Elmi indeks baxımından dilçi hesab olunsalar da, adı çəkilən alimlər ədəbiyyat tariximizi ən qədim çağlardan ən yeni dövrə qədər çox yaxşı bilir, tədqiq edir, müasir ədəbi prosesi ciddi şəkildə izləyərək, diqqət çəkən bədii əsərlər və onların müəlliflərinin sənətkarlığı barədə tənqidi yazılar yazmaqla ədəbiyyatşünaslığımıza töhfələr verirlər.
İxtisasca dilçi olub, lakin ədəbiyyatşünaslıq və folklorşünaslıq məsələləri ilə də sintetik tərzdə məşğul olan görkəmli alimlərimizdən biri də filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdidir. Alimin “Kitabi-Dədə Qorqud”un obrazlı dili” (1), “Kitabi-Dədə Qorqud”un söz dünyası” (2), “Poeziyanın dili və dilin poeziyası” (3), “Dədə Qorqud kitabı”nda at kultu” (4) və sonuncu “Dəli Kür” romanının poetik dili” (5) kitabları və çoxsaylı məqalələri deyilənləri təsdiq etməkdədir. Ə.Tanrıverdi erudisiyalı alim, çoxplanlı tədqiqatçıdır. Biz onu yuxarıda adı çəkilən sələfləri və müasirləri olan böyük alimlərlə müqayisə edə bilərik.
İyirmiyə yaxın kitabın müəllifi olan Əzizxan müəllim olduqca məhsuldar alimdir. Ötən – 2012-ci ildə alimin iki sanballı monoqrafiyası çapdan çıxıb. İlin birinci yarısında bizi “Dədə Qorqud kitabı”nda at kultu” əsərilə sevindirən professor ilin sonunda “Dəli Kür” romanının poetik dili” monoqrafiyası ilə bir daha heyran etdi. Son kitab elmi ictimaiyyət və İ.Şıxlı nəsrini sevənlər üçün hadisəyə çevrildi. Əsərin rezonans doğurmasını ölkə mətbuatında çap olunan çoxsaylı resenziyalar, əsərin təqdimat mərasimində səslənən, alimin yaradıcılığına dəyər verən qiymətli rəylər sübut etməkdədir.
Əzizxan Tanrıverdinin yaradıcılığının bir istiqaməti folklorla bağlıdır. Onun həm də AMEA Folklor İnstitutunun aparıcı mütəxəssislərindən olması təsadüf deyil. O, Azərbaycanın nüfuzlu qorqudşünaslarından biridir. Professor M.Allahmanlı yazır: “...”Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalar Ə.Tanrıverdinin elmi fəaliyyətində ayrıca bir tərəfdir. ... Təxminən iki yüz ilə yaxındır ki, dastan öyrənilir, təhlil edilir. Ədəbiyyatçılar, dilçilər, tarixçilər, etnoqraflar, musiqiçilər, coğrafiyaçılar və s.– hamısı bütün istəklərini, qaranlıqları aydınlaşdırmaq üçün ona müraciət edirlər. Məhz dilçi alimimiz Ə.Tanrıverdi də dil tarixi kontekstində təkcə dil tarixi faktlarını araşdırmaqla məhdudlaşmır” (6). Ə.Tanrıverdi “Dədə Qorqud” eposunun dili, leksikası, obrazları ilə bağlı yeddi kitab müəllifidir. Onlardan sonuncusu “Dədə Qorqud kitabı”nda at kultu” folklorşünaslığımız üçün daha əhəmiyyətlidir. Kitaba folklorşünas alim, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı tərəfindən geniş, elmi cəhətdən dəyərli bir “Ön söz”ün yazılması da təsadüfi xarakter daşımır (7).
Ə.Tanrıverdi “Kitabi-Dədə Qorqud”u əzbər bilir. Onun hər cümləsini, hər sözünü, səslərini, hətta rənglərini belə gözləri ilə çəkib içinə ötürüb. Xilqətindən öz soyunu sevən Əzizxan müəllim eposun vərəqlərini hər dəfə çevirəndə türkə, türkçülüyə olan sönməz sevgisi bir boy da artıb. Oğuz övladlarının pasportu olan “Kitab” alimin varlığına hakim olan mənəviyyat külliyyatıdır. Yer üzündə türkü tanıyan, əlinin suyuna bələd olan hər kəs yaxşı bilir ki, at türk kişisi üçün nə deməkdir. Mənə elə gəlir ki, Ə.Tanrıverdi bunu dünyada hamıdan yaxşı bilir. Onun üçün də düşüncə və qənaətlərini əldə etdiyi mənbə materialları və ağlının mühakiməsi əsasında yazdığı “At kultu” kitabında bəyan edir. O, “Türk-oğuz cəmiyyətində ata olan münasibəti” at türk üçün “oğuldur”, “qardaşdır”, “sədaqətli dostdur, yoldaşdır, xilaskardır” fikirləri ilə ümumiləşdirir. Alimin “Dədə Qorqud kitabı”ndakı türk düşüncəsindən çıxardığı son nəticə belədir ki, “at igidin (qəhrəmanın) özündən də üstündür”. Eldən eşitdiyim, Əzizxan müəllimin özünə də söylədiyim atla bağlı “at igidin arxasıdır” (oğul, qardaş, dost, arxa olduğu kimi), “at igidin ömür-gün yoldaşıdır” (alimin dediyi kimi tabutudur), “at muraddır” (arzuya çatdıran, ideala qovuşduran qanaddır) kimi atalar sözləri də bu yöndə fikri, düşüncəni zənginləşdirməyə xidmət edən sınanmış xalq deyimləridir.
Görkəmli folklorşünas R.Qafarlı doğru qeyd edir: “Professor Əzizxan Tanrıverdinin yaradıcılığında əski oğuz-türk yazılı abidəsi – “Dədə Qorqud” eposu dilçilik, folklorşünaslıq, fəlsəfə, tarix və etnoqrafiya müstəvisində ümumiləşdirilərək tədqiqata cəlb edilir. Onun elmi fəaliyyətinin əsas istiqaməti və mövzusu bu dünya şöhrətli oğuznamənin sirlərinin açılmasına yönəlmişdir” (7, 5).
Professor Ə.Tanrıverdinin “Dəli Kür” romanının poetik dili” monoqrafiyası filoloji sferada hadisəyə çevrildi. Sensasiya yaradan bu əsər haqqında ölkənin nüfuzlu mətbuat orqanları səhifələrində respublikanın görkəmli alimlərindən Himalay Qasımov (“Xalq qəzeti”, 24 fevral 2013), Təyyar Salamoğlu (“525-ci qəzet”, 13 fevral), Elman Quliyev (“525-ci qəzet”, 23 fevral), Mahmud Allahmanlı (“Kredo”, 9 fevral), Yaqub Babayev (“Kaspi”, 16-18 fevral), Məhərrəm Hüseynov (“Yeni Azərbaycan”, qəz., 21 fevral), Həcər Hüseynova (“Müəllim sözü”, fevral, 2013) və başqalarının dərc etdirdikləri resenziyalarda ifadə olunan maraqlı fikirlər monoqrafiyanın mündəricəsini, orada qoyulan mətləbləri təhlil edir, onun elmi məziyyətlərini açıqlayır. Yazılan rəylər fərqli aspektlərə yönəlmiş olsa da, ümumi fikir alimin yaradıcılığına düzgün qiymət verməklə yekunlaşır. Digər mühüm məsələlərlə yanaşı, “folklorla yazılı ədəbiyyatın qarşılıqlı təsiri problemi” hər zaman dilçi alimin diqqət mərkəzindədir. Əzizxan müəllim son tədqiqat əsərində bu məsələni daha geniş qoymuşdur.
“Dəli Kür” romanının poetik dili” əsərinin maraqlı mündəricə strukturu vardır. Görkəmli ədəbiyyatşünas, nəsr tədqiqatçısı Təyyar Salamoğlu kitaba “Nəsr dilinin şeiriyyəti monoqrafik araşdırma obyekti kimi” adlı “Ön söz” yazmışdır. Kitab müəllifi də bu gün üçün qeyri-adi olan bir yolla gedərək qədim kitab (divan) bağlama ənənəsinə söykənib əsəri “Kitabın yazılma səbəbi” adlı “dibaçə” xarakterli “Ön söz”ü ilə başlayır (8).
Ə.Tanrıverdi təbii fəhmi, nəzəri hazırlığı və alim səriştəliliyi ilə uca İsmayıl Şıxlı mənəviyyatının, fenomenal epik düşüncəsinin son dərəcə bədii, poetik ifadəsi olan “Dəli Kür” ecazkarlığını zərrəbin, rentgen dəqiqliyi ilə araşdırır, kim üçünsə sirli-gizli qalan nöqtələri ustalıqla aşkarlayır.
Diqqət etsək, öz araşdırmalarını üç fəsildə istiqamətləndirən müəllif əvvəlinci fəsildə “Dəli Kür” romanının poetikasını şərtləndirən əsas amil kimi şifahi xalq ədəbiyyatını nəzərdən keçirir. “... “Dəli Kür”ün bədii mətni milli folklorun epik və lirik janrları, xüsusən də “Dədə Qorqud” və “Koroğlu” eposlarının mətni ilə bu qədər konkretlikdə heç vaxt müqayisə predmetinə çevrilməyib. Etnik yaddaşdan gələn ədəbi təcrübənin həm mətn səviyyəsində, həm epik düşüncənin hüdudları səviyyəsində eposdan romana keçidi şərtləndirən əlamətləri dəqiq müşahidə və tipoloji ümumiləşdirmə obyektinə çevrilməyib” (8, 7).
“Dəli Kür”ü “xalq ruhunun daşıyıcısı” hesab edən Ə.Tanrıverdi doğru qeyd edir ki, şifahi xalq ədəbiyyatı ilə “Dəli Kür”ün bağlılığı ayrı-ayrı folklor janrı örnəklərindən istifadə etməklə həm birbaşa, həm də “bir mövzu daxilində deyil, müxtəlif problemlər müstəvisində”, yəni dərin qatlarda özünü göstərməkdədir. Alim əvvəlcə romanda rast gəlinən atalar sözləri, bayatı, nəğmə, eydirmə, əfsanə, xalq mahnıları və aşıq şeirlərindən bəhs edərək onları təhlil edir.
Həyatın elə bir sahəsi yoxdur ki, əcdadlarımız onunla bağlı müdrik kəlamlar, əsrlərin sınaq və təcrübəsi nəticəsində gəldikləri qənaətləri ümumiləşdirən obrazlı atalar sözü söyləmiş olmasınlar. Adətləri hər şeyi “yüz ölçüb, bir dəfə biçmək” olan Azərbaycan türkləri həyat və məişətlərində qarşılaşdıqları hər bir şey, olay haqqında hökm vermək, qəti, bitkin fikir bildirmək üçün həkimanə tərzdə obrazlı sözlərdən istifadə etmişlər. Nəticədə atalar sözləri və zərbi- məsəllərdən ibarət çox zəngin bir xəzinə yaratmışlar. Elə bir insan yoxdur ki, danışıq zamanı xalqın bu xəzinəsindən az-çox istifadə etməsin. Yazıçı və şairlər yaratdıqları obrazlar vasitəsilə fikrin təsirli, dolğun olmasından ötrü xalqın söz xəzinəsinə tez-tez baş vurmuşlar. İ.Şıxlı atalar sözü və məsəllərdən təbii formada, yerli-yerində, məharətlə faydalanan sənətkarlardandır. Əzizxan Tanrıverdi “Dəli Kür”də yazıçının xalq kəlamlarından bir neçə formada yararlandığını yazır. Yazıçı epik obrazların monoloq və dialoqlarında ifadə edilən fikirlə onu qüvvətləndirən atalar sözləri arasında, əsasən, “atalar deməyibmi”, “bir məsəl var”, “deyirlər” kimi rabitə yaradan, əlaqələndirici sözlərdən istifadə etmişdir. Yazıçının ustalıqla işlətdiyi atalar sözü və məsəlləri romanın ayrılmaz hissəsi hesab edən tədqiqatçı surətlərin dilində 50-dən artıq xalq kəlamının işləndiyini göstərir. Onun fikrincə, “romana daxil edilmiş atalar sözləri surətlərin dilinə uyğunlaşdırıldığı üçün ahəngdar və poetik səslənir”. Məsələn, “Cahandar ağanın dilində: “Kişi tüpürdüyünü yalamaz”, Zərnigar xanımın dilində: “Təzə bardağın suyu sərin olar”; Şahnigarın dilində: “Ərsiz arvad yüyənsiz at” və s. (5, 27). Alimin fikrincə, İ.Şıxlının qoca kişinin dilində işlətdiyi “Su sənəyi suda sınar” atalar sözü və arxasınca işlətdiyi “Gəmiçini ya sel aparar, ya suda boğular” cümləsi semantik baxımdan sinonimlik təşkil edən obrazlı fikirlərdir. Monoqrafiya müəllifi qeyd edir ki, sonuncu obrazlı cümlə “müəllifin (İ.Şıxlının – Q.U.) yaratdığı hikmətli söz kimi görünür” (5, 28). Müdafiə etdiyimiz bu fikrə onu əlavə edək ki, bu təbii prosesdir. Xalqın söz xəzinəsi, atalar sözlərindən ibarət külliyyatımız daim İsmayıl Şıxlı kimi müdrik insanların, ustadların hesabına zənginləşmiş və zənginləşməkdədir.
Tədqiqatçının fikrincə, romanda işlədilmiş atalar sözü və məsəllər üç formada təzahür edir: orijinalda olduğu kimi (“Kişi tüpürdüyünü yalamaz”); qismən dəyişdirilməklə (“Dost dostla tən gərək, tən olmasa gen gərək” əvəzinə “Yoldaş yoldaşa tən gərək, tən olmasa gen gərək” formasında); daha çox dəyişikliyə uğramaqla (“Mən axtardığımı tapdım” – “Axtaran tapar” əvəzinə) və fikrin semantikasını, mahiyyətini başqa şəkildə ifadə edib örnəyin orijinalını xəlvətdə saxlamaqla (“Allah kasıba qız verincə başına daş salsa yaxşıdır” cümləsi dolayısı ilə “Qız yükü, duz yükü” kəlamının məzmununu ifadə etməkdədir).
Alim “Dəli Kür” romanında işlədilmiş atalar sözlərini mənaca çeşidləyərək 11 semantik qrupa ayırır. Bu qruplaşdırma, bəzi məqamları mübahisəli görünsə də, əsasən, müsbət qiymətləndirilməlidir.
Atalar sözü kimi səslənən, lakin yazıçı təfəkküründən qaynaqlanan bəzi hikmətli sözlər də tədqiqatçının diqqətindən kənarda qalmamışdır. Qeyd etdiyimiz kimi, folklor həm təsir edir, həm də təsirlənir. Xaqani, Nizami, Füzuli, Vaqif, M.F.Axundzadə, Sabir, S.Vurğun, O.Sarıvəlli, B.Vahabzadə, İ.Şıxlı və onlarla başqa söz sənətkarlarının qələmindən pərvazlanmış söz və ifadələr xalqın sığal və təğyirindən sonra atalar sözü statusu qazanaraq təqdir olunmuş və şifahi söz sərvətimizi daha da zənginləşdirərək artırmışdır.
Monoqrafiya müəllifi romanda rast gəlinən folklor nümunələrini janrlar üzrə xüsusi başlıqlar altında qruplaşdırır. Nədənsə alim özünün də etiraf etdiyi kimi, romanda cəmi bir bayatı, bir nəğmə mətni (əslində meyxana), bir eydirmə (sağın nəğməsi), bir əfsanə və bir aşıq qoşmasına təsadüf edilməsinə baxmayaraq, başlıqları cəm halında verir: “Bayatılar”; “Nəğmələr”; “Eydirmələr”; “Əfsanələr”; “Aşıq şeirləri”.
Ə.Tanrıverdi romanda çağırılan:
Eləmi qar qalandı,
Qış gəldi qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı –
dərin ictimai-fəlsəfi məzmunlu el bayatısının yazıçı tərəfindən qəhrəmanının iztirablı düşüncələrə qərq olduğu zaman, gərgin psixoloji durumunu oxucuya çatdırmaq məqamında yardımçı vasitə kimi işlədildiyini qeyd edir. Tədqiqatçının (əslində oxucunun) bayatının şərti metaforik anlamına əsaslanaraq çıxardığı qənaət doğrudur: “Qarğa pristavın, laçın isə Cahandar ağanın simvolu kimi çıxış edir”.
Sufizm İslam tarixində ən geniş yayılmış tərıqətlərdən biri olmuşdur. Qüdsiyyətə, mənəvi paklığa, ülviyyətə söykənən bu dini təriqətin müxtəlif məzmunlu qolları və cərəyanları olmuşdur. Onlardan biri də son əsrlərdə geniş yayılmış “Nəqşibəndlik” hesab olunur. Bu sufi cərəyanı Azərbaycanda da geniş yayılmışdı. Lakin yerlərdə insanların avamlığından, savadsızlığından istifadə edən mollalar, yalançı axundlar ideyanın mahiyyətini təhrif edir, Molla Sadıq kimi yalançı mürşidlər müridlərin başını piyləyir, onların ekstaza yetişmə vəziyyətlərindən pozğun məqsədlər, əxlaqsız hərəkətlər üçün istifadə edirdilər. “Dəli Kür” romanında İ.Şıxlı qondarma sufi zaviyəsinin iç üzünü açır. Şahnigarın aldanaraq getdiyi məclisi və xanəgahı təsvir edərkən yazıçı romanda beş misralıq “meyxana” mətnindən istifadə etmişdir. Ə.Tanrıverdi bu nümunəyə də öz münasibətini bildirmişdir.
Monoqrafiyanın maraq doğuran nöqtələrindən biri də romanda rast gəlinən sağın nəğməsi (eydirmə) və anadil quşları haqqında əfsanə barəsində tədqiqatçının şərhləridir. “Eydirmə” sağına başlarkən sağılası inəyin yelin əzələlərini boşaltmaq, əmcəklərinin gözünü (klapanını) açmaq üçün sağıçı tərəfindən oxunan ovsunlayıcı nəğmədir. Alimin fikrincə, yazıçı uyğun səhnədə örnəkdən yararlanmaqla “sanki Mələyin ruhunu sakitləşdirir, əzablı günlərini unutdurur, digər tərəfdən, burada qədim türk etnoqrafiyasından süzülüb gələn eydirmənin özünə yeni nəfəs, yeni ruh” vermiş olurdu.
Yazıçı “Anadil” əfsanəsini romanın poetik strukturuna son dərəcə ustalıqla daxil etmişdir. Gecənin sakitliyində xəyalları ilə tək qalan Əşrəfin qulaqlarına dəyən quş səsləri vaxtilə eşitdiyi əfsanəni yenidən ona xatırladır. Onu da qeyd edək ki, əfsanə quşlarla bağlı yaranmış digər örnəklərə bənzəsə də, orijinal variant təsiri bağışlayır.
Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri xalq mahnılarıdır. Bu janrın örnəkləri ümumişlək olmaları ilə səciyyələnirlər. Yazılı ədəbiyyatın dram və nəsr kimi sahələrində xalq mahnılarından geniş istifadə olunur. “Dəli Kür”də rast gəlinən mahnılar əsasən məhəbbət mövzusundadır. Əlbəttə, söhbət mahnı mətnlərindən gedir. Romanda rast gəlinən parçalar bir, ya iki misra, bəzən bir və bir neçə bənddən ibarət olur. Alimin müşahidəsinə görə, mahnılardan alınan tək misralar təşbeh kimi işlədilir və poetikliyi artırır. Qoşa və ya daha çox misralı parçalar müəllifin təhkiyəsinə uyğunlaşdırılaraq, əsərin məzmununa təbii şəkildə qovuşaraq surətlərin dilində oxunur və səhnənin təsir gücünü çoxaldır. “Dəli Kür”də yeri gəldikcə işlənən (oxunan) “xalq mahnısının semantik yükü ilə obrazın (zümzümə edənin – Q.U.) taleyi eyni xətdə birləşir” – deyən Ə.Tanrıverdi mətnləri qarşılaşdırıb ortaya çıxardığı nəticələri ümumiləşdirərək oxucusu ilə bölüşür. Doğru qeyd olunur ki, romana daxil edilmiş xalq mahnıları vəsfi-hal olmaqla “hamının ruhunu oxşayır”, “xəyalən uzaqlara aparır”.
Romanın poetik strukturunda birbaşa hadisənin təhkiyəsi ilə bağlanan, obrazın psixoloji durumunu, daxili duyğularını oxucuya bəyan edən, əsərin bədii siqlətini, təsir gücünü qüvvətləndirən bir məşhur aşıq şeiri də yer almışdır. Bu ulu Qurbaninin “Sallana-sallana gələn Salatın” misrası ilə başlanan məşhur “Dəyər sənə” rədifli qoşmasıdır. Tədqiqatçı doğru qeyd edir ki, İ.Şıxlı qoşmanın “möhürbənd”ində nədənsə “Qurbani” əvəzinə “aşıq” sözü işlədir. Bizcə, bunun bir səbəbi var. Yazıçı qoşmanın müəllifini konkretlikdən ümumiliyə ona görə aparır ki, romanda təsvir olunan vəziyyətə (səhnəyə) daha uyarlı olsun. Qoşma “Qurbani” dastanında ustadın – haqq aşığı Qurbaninin dilindən söylənir. “Dəli Kür”də vəziyyət başqadır. Yazıçının uzlaşdırdığı ünvan Salatın olsa da, sevən subyektin adı başqadır. O, aşiq, yəni aşıqdır. Onu da xatırladaq ki, qoşma romanda, Əzizxan müəllimin də qeyd etdiyi kimi, çox yerinə düşmüş görünür. Qurbaninin son dərəcə poetik dillə təsvir etdiyi “gözəl” obrazı İ.Şıxlının qadın qəhrəmanı ilə çox oxşardır.
Yuxarıda qeyd olunduğu kimi, “Dəli Kür”də “Dədə Qorqud kitabı”nın da təsiri sezilməkdədir. Tədqiqatçının müəyyənləşdirdiyi kimi, bu təsir üzdə deyil, dərin qatlarda bəllənir. Semantik struktur əlaqələr, oxşarlıqlar “Kitab”ın varisi olan bir çox epik nümunələr kimi, “Dəli Kür” romanında da “ideya-məzmun, poetik forma” baxımından özünü göstərməklə şərtlənməkdədir. “Dədə Qorqud kitabı” özündən sonra gələn bir çox epik düşüncə məhsulu üçün ideya qaynağı, “mənəvi qida mənbəyi” olmuşdur. “Kitab”dakı milli və bəşəri azadlıq ideyaları “Dəli Kür” üçün də səciyyəvidir” – fikrini davam etdirən Ə.Tanrıverdi sonra yazır: “Kitab”dakı qəhrəmanlar kafirlərlə döyüşürsə, qəzavata gedirsə, “Dəli Kür”dəki Cahandar ağa və silahdaşları da rus imperiyasının məmurları ilə (kazaklarla) döyüşür” (5, 43).
“Kitab”la roman arasındakı oxşarlıq və paralelləri ümumiləşdirən tədqiqatçı tayfa başçıları, liderlər arasında bənzəyişi, obrazların xarakter yaxınlığını dəqiqliklə görür və üzə çıxarır. Eposdakı bəzi motivlərin romanda analoji təzahürünə diqqət çəkilir. Ov səhnələri, ailənin maraqlarının qorunması, qurtulması üçün baş qəhrəmanın təkbaşına mübarizəyə qalxması, nökər-naibin köməyindən imtina, hər iki əsərdə atın kult səviyyəsinə qaldırılması, qəhrəman adlarının semantik yaxınlığı, tayfa başçılarının övladlarına məhəbbəti və onlara tələbkar münasibəti, papaq atributu, kişilik, comərdlik keyfiyyətləri, namus, ailə-əxlaq məsələləri eposu və romanı yaxınlaşdıran ideya-məzmun qaynaqları kimi Ə.Tanrıverdinin araşdırmalarında həssaslıqla nəzərdən keçirilir. Alimin fikrincə, onun üzə çıxardığı oxşarlıqlar hələ hamısı deyil, bu mövzu geniş və sistemli şəkildə araşdırılarsa, çox şey əldə etmək olar.
Alimin qənaətinə görə, “Koroğlu” dastanı da romanın ruhuna hopmuşdur” (5, 51). Dastanla “Dəli Kür” arasında yaxınlıq o dərəcədə güclüdür ki, Ə.Tanrıverdi Cahandar ağanı Koroğlunun davamçısı, bəlkə də, bir neçə əsr qeyb olub Cahandar adı ilə yenidən peyda olan cəngavərin özü hesab edir. Lakin Cahandar öz ömrünü özünəməxsus tərzdə yaşamaqdadır.
“Koroğlu”da qəhrəmanın öz qocalığı ilə bağlı söylədiyi qoşmadan üç bəndi yazıçı Cahandar ağanın düşdüyü sarsıntılar burulğanı, depressiya vəziyyəti haqqında aydın təsəvvür yaratmaq üçün istifadə etmişdir. El aşığının ifasında səslənən qoşmanın sözləri romanın poetik strukturu ilə üzvi şəkildə calaq olunur. Koroğlunun məyusluğunu, zəmanə və etibarsız insanlar ucundan düçar olduğu mənəvi sarsıntıları ifadə edən poetik misralardan İ.Şıxlı öz qəhrəmanının keçirdiyi hissləri büruzə verib qabartmaq üçün ustalıqla istifadə etmişdir. Cahandar ağa oxunan aşıq mahnısının hər bir misrasının ifadə etdiyi məzmunla öz halı, vəziyyəti arasında yaxınlıq, eyniyyət görür: “Mənmi qocalmışam, ya zəmanəmi?!” – poetik-fəlsəfi sualı Cahandar ağanı tərk etmir, əksinə, düşüncələrin girdabına çəkir. Tədqiqatçı alim bunları dəqiqliklə müşahidə edir və fəhmli bir psixoloq səriştəsi ilə təhlil edib oxucuya çatdırır.
Ə.Tanrıverdi “Koroğlu” ilə “Dəli Kür” arasındakı oxşarlıqları azı 12 xarakterik əlamət üzrə qruplaşdırmışdır. Bunlar təhkiyə oxşarlığı, Çənlibel və Göytəpə adları ilə simvollaşdırılmış cəmiyyətlər, ata olan münasibət: Qırat və Qəmər paralelləri, qəhrəmanın igidliyini şərtləndirən amillər: döyüş şücaəti, silahla davranma, süvari məharəti, nərə-hayqırtı, saza-sözə dəyər vermə, Qoşabulaq və Kürün mifik gücü, qəhrəmanların sadəlik və təvazökarlıq kimi sifətləri, qəhrəmanın etibarlı ətrafa, dostlara malik olması və s. cəhətlərdə özünü göstərir. Bundan əlavə, alim eposla romanın poetik strukturunda təsadüf edilən bir sıra onomastik vahidlərin oxşarlığı məsələsinə də diqqət çəkir: Çənlibel və Göytəpə toponimləri; Qoşabulaq və Kür hidronimləri; Qırat və Qəmər zoonimləri; Nigar, Zərnigar, Şahnigar kimi qadın adları; Əhməd və Həsən kişi adları və s.
Dostları ilə paylaş: |