Sosial iqtisadi həyat. Yaxın Şərq ölkələrində olduğu kimi, XV əsrdə Azərbaycanda da ənənəvi “torpaq beşliyi” – çeşidli torpaq sahibliyi qalmaqda idi. Bunlar divan, xassə, mülk, vəqf və soyurqal torpaq sahibliyi idi.
Dövlət torpaqları dövlət xəzinəsinə aid torpaqlar idi və iki hissəyə bölünürdü: divan və xassə torpaqları. Bunların arasında yalnız bir fərq var idi ki, divan torpaqlarından yığılan vergilər dövlət xərclərinə yönəldilir, xassə torpaqlarından alınan gəlir padşah ailəsinin və bütünlükdə sarayın saxlanılmasına xərclənirdi. Vəqf torpaqları da 2 yerə ayrılırdı – dini müəssisələrə aid torpaqlar vəqfi-xeyri, ruhanilərin özlərinə aid olan torpaqlar isə vəqfi-əhli adlanırdı. Oturaq əyanların irsi torpaqları mülk adlanırdı. Bu torpaqlar sözsüz olaraq atadan oğula və ya başqa hüquqi varisə keçə bilir, alqı-satqıya qoyulur, istənilən zaman bu və ya başqa bir şəxsə bəxş edilə və hətta hərraca qoyula bilirdi. Aydındır ki, bu torpaqlarda oturub, onu becərən kəndlilər mülk sahiblərindən tam asılı idilər. Mülk torpaqlarının böyük hissəsi kənd icmasına verilirdi və onları bəzən səhv olaraq “icma torpaqları” adlandırılırdılar. Mülklərin ikinci hissəsi sahələr şəklində ayrı-ayrı kəndlilərə icarəyə verilirdi. İcma torpaqlıarına görə vergi elliklə ödənilirdisə, icarəyə görə hər bir kəndli özü ayrı-ayrılıqda vergi ödəyirdi. Torpaq sahibliyinin sonuncu – 5 - ci forması “soyurqal” monqol ağalığı dövründə formalaşmışdı və “bəxşiş” mənasını verir. Soyurqal hərbi-köçəri əyanlara xidmət müqabilində verilirdi və irsən nəsildən-nəslə ötürülürdü. Azərbaycanda xidmətə görə verilən ilkin soyurqal kimi Səfəvi ordeninin başçısı Şeyx İbrahim Şeyxşaha Ərdəbil mahalının bəxşiş edilməsini göstərə bilərik. Şeyxşahdan sonra gələn səfəvilər isə buranın tam hüquqlu hakimləri olmuşlar.
Vergilər.XVəsrdə Azərbaycan əhalisi 40-a yaxın vergi və mükəlləfiyyətlər yerinə yetirirdilər. Kəndlilər əkdikləri torpağa görə malcəhət ödəyirdilər ki, bu da məhsulun 20 % -ni təşkil edirdi. İstər kənd, istərsə də şəhər əhalisi sudan istifadəyə görə bəhər vergisi ödəyirdilər. Maldarlıq yarımköçəri xarakter daşıyırdı. Maldarlardan çobanbəyi vergisi toplanılırdı. Sənətkarlardan tamğa, tacirlərdən isə bac vergisi alınırdı. Müsəlman olmayanlardan cizyə adlanan can vergisi alınırdı.
Hülakilər dövləti dağıldıqdan sonra Azərbaycanda gedən siyasi mübarizələr, müharibələr, yadellilərin yürüşləri ölkənin iqtisadi həyatına dağıdıcı təsir göstərdi. Şəhər həyatı, sənətkarlıq, ticarət tənəzzülə uğradı. Azərbaycanın Teymur tərəfindən istila edilməsi və onun zülmü ölkənin təsərrüfat həyatına sarsıdıcı təsir göstərdi, xalqı aclığa məhkum etdi. Dövrün müasirlərindən biri yazırdı:”Teymur gedəndən sonra ölkəmizdə dəhşətli aclıq yarandı, aclıq hər yeri bürüdü... gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə qırıldığını söyləməyə gücümüz çatmır”
Qaraqoyunlu dövründə kənd təsərrüfatı, sənətkarlıq düşdüyü ağır vəziyyətdən qurtula bilmədi. Yalnız Ağqoyunlu dövründə, Uzun Həsənin apardığı islahatlar nəticəsində iqtisadiyyatda inkişaf başladı. XV əsrdə Azərbaycanda olmuş Avropa diplomat və səyyahlarının gündəliklərində Şimali Azərbaycan torpaqlarının dirçəlib inkişaf etməyə başladığı göstərilir. Ambroko Kontariniyə görə, bura (Şirvan) “gözəl və bərəkətli düzənlik görünüşünə malikdir və Uzun Həsənin vilayətlərinə (Cənubi Azərbaycana) nisbətən daha yaxşı, daha varlıdır”.
Suvarma arxlarının və kəhrizlərin çox olması, sıradan çıxanların bərpa olunub istifadəyə qaytarılması istər Cənubi Azərbaycanda, istər də Şimali Azərbaycan torpaqlarında əkinçiliyin, ipəkçiliyin, pambıqçılığın, üzümçülüyün, bağ və bostanların inkişafına yol açdı. Azərbaycan ipəkçiliyi onu nəinki Yaxın və Orta Şərq şəhərləri, həm də Cənubi Avropa dövlətləri ilə sıx bağlayırdı. Şirvanşahlar dövlətində istehsal olunan ipək Venetsiyada, Bursada, Dəməşqdə və bir sıra başqa şəhərlərdə satılır, burada ondan gözəl parçalar və məxmər toxunurdu. O zaman ipək, Azərbaycanı “Böyük ipək yolu”na bağlayan bir vasitə, ölkə ixracının başlıca göstəricisi idi. Azərbaycan ipəyi Rusiyada da satılır, bu dövlət ərazisinə çıxarılan mallar içərisində görkəmli yer tuturdu. Azərbaycanın ipək təsərrüfatı beynəlxalq ticarətdə və ölkələrarası əmək bölgüsündə mühüm iqtisadi amilə çevrilmişdi.
XV əsrdə Şamaxı mühüm ipəkçilik mərkəzinə çevrilmişdi. Kontariniyə görə, Şamaxı ipəyi Venetsiyada Talaman ipəyi adı ilə tanınırdı. Şamaxıda çeşidli ipək parçalar istehsal edilirdi. Şirvanşah dövlətinin paytaxtı həm də beynəlxalq ipək ticarəti mərkəzlərindən biri olmuşdu. Adı çəkilən Kontarini öz gündəliyində yazmışdır: "Şamaxı Təbriz kimi böyük deyil. Ancaq mənim fikrimcə, hər baxımdan ondan daha yaxşı, yaşayış üçün zəruri olan hər şeylə doludur". Şamaxı şəhristanı təqribən 100-200 hektar sahə tuturdu. Tarixən yaranmış olan əhali sıxlığı nəzərə alınarsa, burada beş-on min ev və ya otuz-altmış min əhali yerləşirdi.
Ölkənin başqa qədim şəhəri olan Təbriz isə bütün Yaxın və Orta Şərqin böyük sənət və ticarət mərkəzlərindən biri idi. XV yüzilin başında ispan səyyahı Klavixo Təbrizdə 200 min ailə yaşadığını yazmışdır. Həmin yüzilin sonunda isə tarixi qaynaqlarda Təbriz şəhərində 200-300 min adamın yaşaması göstərilir. Başqa bir avropalının müşahidəsinə görə, Miranşahın Təbriz şəhərindən topladığı gəlir Fransa kralının öz dövlətindən götürdüyü gəlirdən çox idi.
Ötən yüzillərdə olduğu kimi, Təbriz bütün Yaxın Şərqin həyatında öz iqtisadi yerini saxlayırdı. 1395-ci ildə Həştərxanın, 1400-cü ildə isə Bağdadın Teymurun qoşunları tərəfindən dağıdılması tarixçilərin fikrincə Təbrizin dəyərini daha da böyük etmişdi. Bakuvinin yazdığına görə: “Təbrizin güclü divarları və heyrət ediləcək binaları var. Bu, Azərbaycan ölkəsinin paytaxtıdır. Orada çaylar çoxdur, şəhər bağlar əhatəsindədir". Kontarini isə yazmışdır: "Burada hər cür ərzaq malları var. Ərzağın qiyməti bahadır. Şəhərdə bir neçə bazar vardır. Buraya çoxlu ipək gətirilir. Sonralar ipək karvan vasitəsilə Hələb şəhərinə aparılır". İpək və ipəkçiliklə yanaşı, Təbrizdə pambıq və yundan toxunmuş parçalar, şal, gəbə, zərgər malları, silah və bəzək şeyləri istehsal olunurdu. "Dərai-yi qəssab" adlanan dörd rəngli Təbriz ipək parçası о zaman bütün Azərbaycan sənətkarlığının göstəricisi sayılırdı.
Təbriz və Şamaxı ilə yanaşı, Sultaniyyə şəhəri də alış-veriş mərkəzi kimi tanınırdı. Klavixonun yazdığına görə, xristian ölkələrindən, Kafa (Krım) və Trabzondan, Türkiyə, Suriya və Bağdaddan tacirlər "Hər il bura ticarətə gəlirlər". Təbriz, Şamaxı, Sultaniyyə, Marağa, Ərdəbil, Gəncə, Beyləqan və başqa şəhərlərdə pulkəsən zərbxanalar vardı. Bu, sənətkarlığın mühüm göstəricilərindən biri sayılırdı.
XV əsrdə Azərbaycan dövlətləri təkcə Şərq və Avropa dövlətləri ilə deyil, həmçinin güclənməkdə olan Rus dövləti ilə də ticarət əlaqələri qurmuşdular. Şirvan tacirləri Volqaboyu və Moskva bazarlarına ipək parça, pambıq və pambıqdan hazırlanan parçalar, xalça, zinət əşyaları, çərəz məhsulları, qab-qacaq, neft və sairə ixrac edir, əvəzinə Azərbaycana xəz-dəri, mum, bal, kətan parça və sair rus məhsulları gətirirdilər. Ticarətdə Xəzər dənizindən istifadə artmışdı. XV yüzillikdə Xəzər dənizi üzərində başlıca liman kimi Bakı şəhərinin rolu artmış, Dərbənd isə öz əhəmiyyətini itirməyə başlamışdı.
XV əsr Azərbaycan dövlətləri mahiyyət etibarı ilə feodal dövlətləri idi və kəndlilərin, sənətkarların istismarı üzərində fəaliyyət göstərirdilər. Feodal istismarının artması xalq çıxışlarına, üsyanlara səbəb olurdu. Bu dövrdə baş verən ən böyük üsyanlardan biri 1484-cü ildə Maku yaxınlığındakı Sofi kəndində baş verən üsyandır. Üsyana Qaraqoyunlu sülaləsindən olan Topal Əhməd başçılıq edirdi. Səfəvi Şeyx Heydər Ağqoyunlulara qarşı mübarizədə bu üsyandan yararlanmağa çalışdı və gizlicə üsyana dəstək verdi. Lakin 1484-cü ildə Sultan Yaqub Mirzənin qoşunları Qarabulaq kəndi yaxınlığında üsyançıları darmadağın etdi. Feodallara qarşı üsyanlar, həmçinin Təbrizdə, Astarada, Şirvanda da baş vermişdi.