MEŞƏ FONDU, SU FONDU VƏ EHTİYAT FONDU TORPAQLARI
Maddə 31. Meşə fondu torpaqları
1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.
2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.
3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.
4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.
5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.
8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.
9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
Maddə 32. Su fondu torpaqları
1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:
Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;
su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;
hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.
2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət, ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir.21
3. Su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər.
4. Su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.
Maddə 33. Ehtiyat fondu torpaqları
1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.
2. Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir. DÜZƏLİŞ
Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir.
3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir.
4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.
5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
VIII fəsil
Dostları ilə paylaş: |