“AZӘrpoçT” DÖVLӘt müӘSSİSӘSİNİN



Yüklə 69,78 Kb.
tarix21.10.2017
ölçüsü69,78 Kb.
#8722





  1. ÜMUMİ MÜDDƏALAR




      1. “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra – Cəmiyyət) Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən yenidən təşkil edilir.

      2. Cəmiyyət Azәrbaycan Respublikası Rabitә Nazirliyinin 23.09.1999-cu il tarixli, 151 saylı “Poçt rabitәsi saһәsindә islaһatların davamı vә strukturun tәkmillәşdirilmәsi һaqqında” əmri ilә yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 14.12.1999-cu il tarixdə D344 nömrə ilə dövlət qeydiyyatına alınmış “Azərpoçt” Dövlət Müəssisəsinin hüquqi varisidir.

      3. Azərbaycan Respublikasının Rabitə Nazirliyinin hüquqi varisi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (bundan sonra - Nazirlik) 07.10.2004-cü il tarixli 122 saylı əmri ilə “Azərpoçt” Dövlət Müəssisəsinə Milli operator statusu verilmişdir.

      4. Cəmiyyət, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

      5. Cəmiyyətin mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir. Cəmiyyət müstəqil balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri olan möhürə, müvafiq ştamplara, blanklara və banklarda müvafiq hesablara malikdir.

      6. Cəmiyyət öz fәaliyyәtini həyata keçirərəkən Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əmr və göstərişlərini, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) müvafiq normativ xarakterli aktlarını, habelə daxili reqlamenti, qayda və prosedurları rəhbər tutur.

      7. Cəmiyyət öz fəaliyyətini həyata keçirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs statusuna malik olan törəmə müəssisə, həmçinin filial, şöbə, nümayəndəlik və digər ayrıca bölmələr (bundan sonra – bölmə) təsis edə bilər. Cəmiyyətin filial və nümayəndəliklərinin açılması, yenidən təşkili və ləğvi barədə qərarları Nazirliyin təklifi əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Komitə) qəbul edir. Cəmiyyət törəmə müəssisə və bölmələr barədə məlumatları hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

      8. Cəmiyyətin bölmələri hüquqi şəxs deyildir və Nazirliklə razılaşdırılmaqla Cəmiyyətin təsdiq etdiyi Əsasnamələr əsasında fəaliyyət göstərirlər. Bölmələrin rəhbərləri bu Nizamnamə və öz Əsasnamələri ilə nəzərdə tutulmuş qaydada təyin edilir və Cəmiyyət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərirlər.

      9. Cəmiyyət, poçt-maliyyə xidmətlərini həyata keçirərkən bank qanunvericiliyi ilə müəyyənləşdirilən prudensial normativlərə və tələblərə, korporativ idarəetmə standartlarına riayət edir.

      10. Cəmiyyət öz gəlir və mənfəətindən büdcəyə vergiləri, eyni zamanda büdcədənkənar fondlara məcburi ayırmaları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları əsasında düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin edir.

      11. Cəmiyyətin Azərbaycan dilində tam adı “Azərpoçt” məhdud məsuliyyətli cəmiyyəti, qısaldılmış adı “Azərpoçt” MMC-dir.

      12. Cəmiyyətin hüquqi ünvanı: Bakı şәһәri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçәsi, 36.




  1. CƏMİYYƏTİN FӘALİYYƏTİNİN MƏQSƏDİ VƏ PREDMETİ




    1. Cəmiyyətin əsas fəaliyyət məqsədi əhaliyə yüksək keyfiyyətli poçt və poçt-maliyyə xidmətlərinin göstərilməsi və mənfəət əldə edilməsidir. Cəmiyyətin fәaliyyәt predmetinә Azәrbaycan Respublikasının әrazisindә və ondan kәnarda qüvvәdә olan qanunvericiliklә müәyyәn olunmuş qaydada vә qadağan olunmayan, eyni zamanda Mərkəzi Bank tərəfindən verilən lisenziyada maliyyə xidmətləri sahəsində qadağan edilməyən aşağıdakı fəaliyyət növləri aiddir:

    • Poçt xidmətləri sahəsində:

  • ümumi istifadədə olan poçt rabitəsi xidmətləri (universal, sürətli, kuryer və s.);

  • xüsusi təyinatlı poçt rabitəsi xidmətləri (xüsusi poçt rabitəsi və s.);

  • dövrü mətbuatın abunəsi və satışı;

  • teleqraf göndərişlərinin qәbulu vә çatdırılması;

  • dövlət poçt ödənişi nişanlarına bərabər tutulan markalayıcı maşının həkkinin hazırlanması, eləcə də filateliya məhsullarının satılması və yayılması;

  • pul baratlarının qəbulu, göndərilməsi və ödənişi;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər xidmətlər.

    • Biznes və ticarət xidmətləri sahəsində:

  • turizm və şəhərlərarası nəqliyyat gedişi biletlərinin, həmçinin lotereya biletlərinin satışı;

  • loqistika (yükdaşıma) xidmətləri;

  • elektron poçt və internet xidmәtlәrinin göstәrilmәsi;

  • şәһәrlәrarası vә beynәlxalq telefon danışıqları xidmәtlәrinin göstәrilmәsi;

  • kommunal və digər xidmət haqqlarının yığılması;

  • dövlət sosial sığorta ödənişlərinin (pensiya, müavinət və s.) vətəndaşlara çatdırılması;

  • xırda ticarət və kommersiya xidmətlərinin təşkili;

  • poçt göndərişləri vasitəsilə idxal və ixrac əməliyyatları;

  • məişət cihazlarının və avadanlıqların təmiri;

  • nəşriyyat-poliqrafiya, mətbuat və reklam fəaliyyəti;

  • oymaçılıq-həkkaklıq məhsullarının hazırlanması;

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər xidmətlər.

    • Poçt-maliyyə xidmətləri sahəsində:

  • poçt hesablarının açılması və aparılması;

  • pul köçürmələrinin həyata keçirilməsi;

  • maliyyə təsisatlarında, o cümlədən Mərkəzi Bankda müxbir hesabların açılması;

  • poçt əmanətlərinin qəbul edilməsi;

  • ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklərinin buraxılması;

  • müştərilərin sifarişi və vəsaiti hesabına xarici valyutanın alqı-satqısı;

  • nağd pulun və digər qiymətlilərin inkassasiyası.

    1. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə Cəmiyyət yalnız müvafiq dövlət orqanlarından belə razılıq (lisenziya) aldıqdan sonra məşğul ola bilər.




  1. CƏMİYYƏTİN NİZAMNAMƏ KAPİTALI

3.1 Cəmiyyətin nizamnamə kapitalı 21 (iyirimi bir) milyon manat həcmindədir və dəyəri 10.5 (on tam onda beş) milyon manat, əmlak şəkilində olmaqla 2 (iki) paydan ibarətdir. Cəmiyyətin Nizamnamə Kapitalı 100 faiz Komitəyə məxsusdur.



3.2 Cəmiyyətin nizamnamə kapitalının həcminə edilən dəyişikliklər Nazirliyin təklifi əsasında Komitə tərəfindən təsdiq edilir.



  1. CƏMİYYƏTİN İDARƏETMƏ STRUKTURU VƏ DAXİLİ REQLAMENTİ




    1. Cəmiyyətin ali idarəetmə orqanı Ümumi Yığıncaqdır.

    2. Ümumi Yığıncağın aşağıdakı səlahiyyətləri Nazirliyin təklifləri əsasında Komitə tərəfindən həyata keçirilir:

      1. Cəmiyyətin Nizamnaməsini və onun Nizamnamə Kapitalının miqdarını dəyişdirmək;

      2. Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək.

    3. Ümumi Yığıncağın aşağıdakı səlahiyyətləri Nazirlik tərəfindən həyata keçirilir:

      1. İdarəetmə orqanlarının üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək, müvafiq hallarda onlarla əmək müqavilələri bağlamaq, onların səlahiyyətlərini müəyyən etmək;

      2. Cəmiyyətin illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq etmək;

      3. Cəmiyyətin inkişaf istiqamətlərini və əməkhaqqı sistemini müəyyən etmək, strukturunu təsdiq etmək.

    4. Cəmiyyət idarəetmə orqanlarının strukturunu, gəlirlər və xərclər smetasını, ştat vahidlərinin sayını və onların saxlanılması xərclərini normativ sənədlərə, işin həcminə və mürəkkəbliyinə müvafiq olaraq Nazirliklə razılaşdırılmaqla təyin edir.

    5. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik təkbaşçı icra orqanı olan Baş Direktor tərəfindən həyata keçirilir. Baş Direktor, onun müavinləri, Cəmiyyətin baş mühasibi və siyahısı Nazirlik tərəfindən müəyyən edilən rayon və şəhər filiallarının rəhbər işçiləri, eləcə də Cəmiyyətin daxili audit şöbəsinin rəhbəri Nazirlik tərəfindən bu vəzifələrə təyin edilir və vəzifədən azad edilirlər. Siyahısı Nazirlik tərəfindən müəyyən edilən rayon və şəhər filiallarının rəhbər işçiləri, habelə Cəmiyyətin daxili audit şöbəsinin əməkdaşları Nazirliklə razılaşdırılmaqla, digər işçilər isə müstəqil şəkildə Cəmiyyətin Baş Direktoru tərəfindən bu vəzifələrə təyin edilir.

    6. Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti Müşahidə Şurası (bundan sonra - Şura) həyata keçirir.

    7. Cəmiyyətin Baş Direktoru Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün dövlət orqanlarında, müəssisə və təşkilatlarda təmsil edir, Cəmiyyətin aktivləri barəsində öz səlahiyyətləri çərçivəsində sərəncam verir və müqavilələr bağlayır, Cəmiyyətin bütün işçilərinə şamil edilən əmr və göstərişlər verir. Cəmiyyətin Baş Direktoru səlahiyyətlərini Cəmiyyətin Nizamnaməsinə uyğun həyata keçirilməsinə görə məsuliyyət daşıyır.

    8. Cəmiyyət bu Nizamnaməyə uyğun olaraq təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:

      • Cəmiyyətin təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati şöbələri, onların funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;

      • Cəmiyyətin idarəetməsi və nəzarəti altında olan bölmələrin rəhbərlərinin vəzifələri;

      • Daxili audit şöbəsinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;

      • Cəmiyyətin və onun bölmələrinin maliyyə xidmətlərinə rəhbərlik edən şəxslərin maliyyə fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri;

      • Cəmiyyətnin və onun bölmələrinin maliyyə xidmətlərinə rəhbərlik edən şəxslərin vəzifəyə təyin və azad edilməsi qaydaları.

    1. Cəmiyyətin daxili reqlamentində edilən dəyişikliklər 5 (beş) təqvim günü müddətində Mərkəzi Banka təqdim edilir.

    2. Şura:

4.10.1 Şura 5 üzvdən ibarətdir. Şuranın üzvləri 5 ildən artıq olmayan müddətə Nazirlik tərəfindən, Nazirliyin məsul şəxsləri sırasından təyin edilir. Onlar təkrar müddətə təyin edilə bilərlər.

4.10.2. Şuranın sədri Şuranın üzvləri arasından Şura üzvləri tərəfindən seçilir. Şuranın sədri Şuraya rəhbərlik edir.



      1. Şuranın iclasları növbəti və ya növbədənkənar ola bilər.

      2. Şuranın növbəti iclasları ən azı üç ayda bir dəfə Şuranın sədri tərəfindən çağırılır.

      3. Şuranın növbədənkənar (fövqəladə) iclasları Cəmiyyətin maraqları tələb etdikdə Şura üzvlərinin tələbi ilə, Şuranın sədri tərəfindən çağırılır.

      4. şuranın tərkibi üzvlərinin sayının yarısına qədər azaldıqda, otuz təqvim günü ərzində Şuraya yeni üzvlər təyin edilir.

      5. Şuranın iclaslarına çağırılma Şuranın sədrinin üzvlərə üç təqvim günü qabaqcadan, iclasın yerinin, vaxtının, müzakirəyə çıxarılan məsələlərin göstərilməsi şərtilə, xəbərdarlıq göndərilməsi ilə həyata keçirilir. Şuranın iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

      6. Şuranın iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır.

      7. Şuranın iclası keçirildikdə, iclasın yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Protokol Şuranın sədri və katibi tərəfindən imzalanır.

    1. Daxili audit:

4.11.1. Cəmiyyətdə audit işinin təşkili üçün Daxili audit şöbəsi yaradılır.

4.11.2. Daxili audit şöbəsi Nazirliyin nəzarəti altında fəaliyyət göstərir və Cəmiyyətin rəhbərliyi ilə qarşılıqlı surətdə Cəmiyyətdə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir.

4.11.3. Daxili audit şöbəsinin fəaliyyətinin standartları və qaydaları “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirliyin əmr və göstərişlərinə, Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarına və beynəlxalq daxili audit standartlarına əsaslanır.


  1. CƏMİYYƏTİN MALİYYƏ HESABATLIĞI, ƏMLAKININ YARANMASI VƏ MƏNFƏƏTİNİN BÖLÜŞDÜRÜLMƏSİ




    1. Cəmiyyətin hər növbəti maliyyə ili 01 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövrü əhatə edir.

    2. Cəmiyyət onun fəaliyyətini və maliyyə vəziyyətini əks etdirən mühasibat uçotunu aparmalı və hesabatlar hazırlamalıdır. Cəmiyyət maliyyə hesabatlarını Azərbaycan Respublikasının qanunvericiliyinə və “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”na uyğun hazırlayır.

    3. Cəmiyyətin icmal maliyyə hesabatı, ayrıca olaraq Cəmiyyətin və konsolidasiya əsasında onun törəmə müəssisələrinin, bölmələrinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.

    4. Cəmiyyətin əmlakı dövlət mülkiyyətidir.

    5. Cəmiyyətin əmlakı, qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri Cəmiyyətin müstəqil balansında əks olunan digər dəyərlərdən ibarətdir.

    6. Cəmiyyətin əmlakının yaranması mənbələri aşağıdakılardır:

    • Təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı;

    • Sərbəst təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər;

    • Bank kreditləri və digər kreditlər;

    • Müəssisənin iştirakı ilə yaradılan müəssisələrdə nizamnamə fonduna qoyuluşular;

    • Universal poçt rabitəsi xidmətlərinin göstərilməsi ilə bağlı zərərin ödənilməsi üçün dövlət büdcəsindən, habelə qüvvədə olan normativ xarakterli aktlarla qadağan edilməmiş digər mənbələrdən ayırmalar;

    • Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına.

5.7 Cəmiyyətin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər.

5.8 Təsisçinin razılığı olmadan Cəmiyyətin əmlakı (natura və ya pul şəkilində) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilən yüklülüklər müəyyən edilə bilməz.

5.9 Cəmiyyət öz törəmə müəssisələri, habelə bölmələri arasında maliyyə vəsaitləri hərəkətinin axınını və material qiymətlilərin yerləşdirilməsini istehsalat zəruriyyətindən irəli gələrək müstəqil təyin edir.

5.10 Kreditorlarla hesablaşmalar aparıldıqdan sonra qalan sərbəst mənfəətindən istifadə etmək, Nazirliyin əmr və göstərişlərini nəzərə almaqla, Cəmiyyətin tam səlahiyyətlərinə aiddir.




  1. KOMMERSİYA VƏ BANK SİRRİ




    1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq poçt hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə, habelə poçt rabitəsi sahəsində məxfiliyin qorunmasına Cəmiyyət təminat verir.

    2. Cəmiyyətin mövcud və keçmiş rəhbərləri və digər əməkdaşları Cəmiyyətin idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan poçt rabitəsi, kommersiya və bank sirrini təşkil edən məlumatları qorumağa borcludurlar.

    3. Poçt rabitəsi, kommersiya və bank sirri təşkil edən məlumatlar yalnız Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda və qaydada açıqlanır. Kommersiya və bank sirri təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada intizam, mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.




  1. CƏMİYYƏTİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ, MƏSULİYYƏTİ




    1. Cəmiyyət Milli operator kimi öz funksiyalarını yerinə yetirilməsinə və milli poçt rabitəsinin inkişafına yönəldilmiş tədbirlərin həyata keçrilməsi məqsədilə zərurət yarandıqda müvafiq dövlət orqanları qarşısında məsələlər qaldırır və təkliflərlə çıxış edir. Cəmiyyət poçt rabitəsi sahəsində elektron xidmətlərin formalaşdırılması və inkişaf etdirilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görür.

    2. Cəmiyyət öz qarşısında duran vəzifələrin icrası məqsədilə törəmə müəssisələrinin, bölmələrinin qısamüddətli və uzun müddətli proqnoz planlarını hazırlayıb təsdiq edir. Cəmiyyətin ümumi proqnoz planları isə Nazirlik tərəfindən təsdiq edilir.

    3. Cəmiyyət öz səlahiyyətləri çərçivəsində və qanunvericiliyə müvafiq qaydada xarici təşkilatlarla və xarici dövlətlərin poçt müdiriyyətləri ilə, habelə xarici kredit təşkilatları ilə danışıqlar aparır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, eləcə də onların assosiasiyalarına və digər birləşmələrinə qoşulur.

    4. Cəmiyyət aşağıdakı müstəsna hüquqlara malikdir:

      1. Poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;

      2. Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyəri, tirajı, onların nəşri, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılmasına dair təkliflər vermək;

      3. Göndəricilərdən sadə məktub və poçt kartlarının yığılması üçün poçt qutularını istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;

      4. Poçt rabitəsi obyektlərinə indeksləri təyin etmək;

      5. Poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;

      6. Qanunvericiliyə uyğun olaraq maliyyə xidmətlərini, o cümlədən Ümumdünya Poçt İttifaqının tələblərinə müvafiq olaraq poçt ödəniş xidmətlərini (pul köçürmələri, poçt çekləri, poçt əmanətləri və s.) həyata keçirmək.

    5. Cəmiyyətin fəaliyyəti ilə bağlı olan tariflər mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti və Nazirliklə razılaşdırılmaqla müəyyən olunur.

    6. Cəmiyyət yaşayış məntəqələrinin, həmçinin yaşayış binalarının layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı Cəmiyyətin poçt obyektlərinin yerləşdirilməsi üçün binaların tikintisini, binalarda yerlərin və ya torpaq sahələrinin ayrılmasını dövlət hakimiyyəti və bələdiyyə orqanlarından tələb edir.

    7. Cəmiyyət öz öhdəliklərinə görə ona məxsus olan və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb irəli sürülə bilən bütün əmlakı ilə məsuliyyət daşıyır. Cəmiyyətin və dövlətin müvafiq öhdəlik götürdüyü hallar istisna olmaqla, bütün digər hallarda Cəmiyyət dövlətin, dövlət isə Cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır.

    8. Cəmiyyət poçt hesabları açarkən öz müştərilərini identifikasiya etməli, anonim bank hesablarının açılmasına yol verməməli, çirkli pulların (cinayət yolu ilə əldə edilmiş pulların) leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə yönələn əməliyyatların qarşısını qanunvericiliyə müvafiq surətdə almalıdır.

    9. Cəmiyyət qəbul etdiyi poçt əmanətlərini və poçt hesablarının qalıq vəsaitlərini yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızlarında, mərkəzi bankların qiymətli kağızlarında, habelə müvafiq icra hakimiyyəti orqanının Mərkəzi Bankla birlikdə müəyyən etdiyi investisiya strategiyası çərçivəsində mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, yüksək reytinqli digər maliyyə alətlərində, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada kredit kartları üzrə yerləşdirə bilər.


  1. CƏMİYYƏTİN LƏĞVİ VƏ YENİDƏN TƏŞKİL EDİLMƏSİ




    1. Cəmiyyət Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada ləğv və ya yenidən təşkil edilə (birləşdirilə, bölünə, ayrıla, çevrilə) bilər.

    2. Cəmiyyət hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı andan ləğv edilmiş və ya yenidən təşkil edilmiş sayılır.

    3. Ləğv edilmiş Cəmiyyətin əmlakının və maliyyə vəsaitlərinin bölüşdürülməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.




  1. DİGƏR MÜDDƏALAR




    1. Bu Nizamnamənin tələblərinə riayət edilməsi Cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri üçün məcburidir.

    2. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin əmr və göstərişləri ilə tənzimlənir.

    3. Bu Nizamnamə dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

    4. Bu Nizamnaməyə hər hansı əlavə və dəyişikliklər Nazirlik tərəfindən hazırlanır və Komitə tərəfindən təsdiq edilir.

    5. Bu Nizamnamənin poçt-maliyyə xidmətləri ilə bağlı müddəalarına edilən əlavə və dəyişikliklər Mərkəzi Bankla qabaqcadan yazılı surətdə razılaşdırılır.

    6. Nizamnamədə hər bir sonrakı əlavə, dəyişiklik hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmaq üçün təqdim edilməlidir və belə əlavə, dəyişiklik yalnız hüquqi şəxslərin dövlət reyestrində qeydə alındığı andan hüquqi qüvvəyə minir.

    7. Cəmiyyətin Nizamnaməsində edilən və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış dəyişikliklər 3 iş günü müddətində Mərkəzi Banka təqdim edilir.

    8. Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası Azərbaycan Respublikası qanunvericilyi ilə ziddiyyət təşkil edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinin müddəası tətbiq edilir.



Yüklə 69,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin