EFFEKT GENERATORU (effects generator) – Videoeffektlər (sıxışdırma, həndəsi fiqurlar, hərlənmə və s.) yaratmaq üçün istifadə olunan elektron qurğu.
EFFEKTİV MONTAJ (effective edit) – Tez-tez bir-birini əvəzləyən qısa və çoxsaylı kadrların montajı. Məsələn, yanğın vaxtı dəhşətdən əyilmiş üzlər, alov, su şırnağı, yanğınsöndürən və s. göstərilir. Çəkilən səhnələr qısaldıqca daha güclü effekt alınır.
EFFEKT MAŞINI (effects machine) – Montaj zamanı kadrda xüsusi effektlər (qar, duman, şimşək) müxtəlif keçidlər yaratmaq üçün istifadə olunan qurğu.
EFFEKT SƏVİYYƏSİ (effect level) – Təsvirdə hər hansı xüsusi effektin görüntü üzərinə çıxma dərəcəsini müəyyənləşdirən (nizamlayan) tənzimləyici.