REYESTR (list/roll/register) – Görülən işlərin və sənədlərin yazıldığı kitab; ümumi siyahı.
REYTİNQ (rating) – Konkret proqramın (bəzən ayrı-ayrı aparıcıların) tamaşaçı auditoriyasının müxtəlif sosial təbəqələri arasında populyarlığını təsbit və əks etdirən statistik informasiya. Daha çox reklam sifarişçisinin istifadə və istinad etdiyi R. hər hansı telekanala, yaxud konkret verilişə baxan tamaşaçı sayının faizlə ifadəsidir. KİV sahəsində R. vasitəsilə bu və ya digər verilişə baxanların sayı müəyyənləşdirilir. Adətən, populyarlıq indekslərində ifadə olunan R. məsələləri ilə xüsusi xidmətlər və şirkətlər məşğul olur. Analitiklər R. məlumatları əsasında KİV sahəsində əsas tendensiyaları tədqiq edir, media bazarında onların rəqabət qabiliyyətini yüksəldən proqnozlar və məsləhətlər hazırlayırlar.