MAQNİT YAZISI (magnetinc vision system) – İnformasiyanı yazan və oxuyan (yenidən canlandıran) sistem; yazma prosesi informasiya daşıyıcısının (maqnit lenti, məftili və s.) və ya onun ayrı-ayrı hissələrinin qalıcı maqnit vəziyyətinin yazılacaq informasiyaya uyğun siqnallarla dəyişdirilməsi yolu ilə aparılır. Yenidən canlandırma zamanı əks çevrilmə baş verir və göstərilən dəyişikliklərə müvafiq informasiya siqnalları hasil olunur. M.y.-ndan səsin (maqnitofon, diktofon), təsvirlə birlikdə səsin (videomaqnitofon), ölçü, idarəetmə, hesablama siqnallarının və s. yazılması üçün istifadə olunur.