MEDİABAZAR (media market) – Bu və ya digər şirkətə məxsus KİV-in auditoriyanı əhatə rayonu, mass-medianın köməyi ilə informasiya texnikasının, proqramların və reklamın yayılmasının səmərəli gerçəkləşdirilməsi zonası.
MEDİAMORFOZ (mediamorphosis) – KİV proqramlarında faktların, yaxud ideyaların təhrifi, fakt və hadisələrin bilərəkdən eybəcərləşdirilməsi.
MEDİQRAFİYA (mediography) – Kinofotosənədlərin, videoyazıların və s. hər hansı bir mövzu üzrə siyahısı.
MEXANİKİ YAZI (mechanical recording)– Yazan elementin köməyi ilə yazı daşıyıcısının materialında dərinliyin əmələ gəlməsinə əsaslanan yazılış sistemi. Bu zaman yazı daşıyıcısı qrammofon vallarıdır. Qrammofon valına yazı kəsici alətlə üzərinə donmuş lak çəkilmiş hərlənən diskə köçürülür. Kəsici alət daimi sürətlə diskin kənarından mərkəzinə doğru irəliləyərək laklanmış diskin səthində yarıqlar əmələ gətirir. Alınan diskdən metal nüsxələr düzəldilir, bunlardan isə qrammofon valları ştamplanır.