Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə45/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   41   42   43   44   45   46   47   48   ...   78
Bu prinsiplər, əlbəttə, adın üslubi keyfiyyətlərini müəyyənləşdirə bilir” [122, s.36]. İlyas Əfəndiyev, hər şeydən əvvəl, yaratdığı personaj və obrazlarla işirakçıları bir-birindən fərqləndirmişdir. O, yaddaqalan obrazlar yaratmışdır.

Bədii ədəbiyyatda antropo­nimlərin növləri vasitəsilə surət, obraz adlandırılır. Belə ki, yazıçı bəzən yaratdığı surətə xalq içərisində ən geniş yayılmış, rəğbət qazanmış adı verir, bəzən də yaratdığı obrazın xarakterinə uyğun xalq içərisində məqsədəuyğun ad tapmadıqda yazıçı özündən ad, familiya uydurmağa məcbur olur. Lakin hər iki halda adlar surətə verilir” [7, s.170].

İlyas Əfəndiyevin dramlarında kişi adları daha çoxdur: Ədalət, Qənimət, Savalan (“Məhv olmuş gündəliklər”); Nicat, Həsənalı, Böyük bəy, Qaçaq Bahadır, Bayram bəy, Qaragöz oğlan, Qüdrət, Əsgər (“Mahnı dağlarda qaldı”); Valeh Qəriboğlu, Renat Muratov, Əhmədcan, Batı, Otar, Dadaş, Barsuq, Ümid, Qulu (“Qəribə oğlan”); Vahid, Hətəm, Kamandar, Fərəh, Qubuş, Təbriz (“Bağlardan gə­lən səs”); Hidayət xan, Mirzə Ruhullah, Zahir bəy, Daş­dəmir, Şahmar, Fərəc bəy (“Xurşidbanu Natəvan”) və s.

Dramaturq pyeslərində qadın adlarını da sevə-sevə yaratmışdır: Fəridə, Anjel (“Məhv olmuş gündəliklər”); Fəxrəndə xanım, Şahnaz, Gülgəz (‘Mahnı dağlarda qaldı”); Nata, Məlahət, Kəmalə (“Qəribə oğlan”); Gülcan, Çiçək (“Bağlardan gələn səs»); Bəyim, Təhminə, Şahzadə (“Xurşidbanu Natəvan”) və s. Onun əsərlərində tarixi şəxsiyyətlərin adlarına da təsadüf olunur: Xurşidbanu Natəvan, Knyaz Xasay, Seyid Hüseyn, Nəvvab (“Xurşidbanu Natəvan”).

İ.Əfəndiyevin dramlarında bəzən adlardan bəhs edən hissələrdə emosionallıq güclü olur. Məsələn, “Büllur sarayda” dramında:

Aynur (bərk sarsılmış). Sən evlənmisən? Həbib (dərindən nəfəs alaraq). Bəli! Aynur (çətinliklə). Kimdi yoldaşın? Həbib. Bir azərbaycanlı qız. Aynur. Adı nədir? Həbib. Aynur... Aynur (göz yaşları arasından gülümsəyərək). Doğrudan? (Həbib başı ilə təsdiq edir). Təsadüfə bax... (Göz yaşları arasından gülümsəyərək). Nə etməli, bu Aynur xoşbəxt olmadı, qoy, o Aynur xoşbəxt olsun! Sağ ol! Mənim ürəyimdə qoyub getdiyin məhəbbət üçün sağ ol! [54, c.2, s.340].

Addəyişmə məsələlərinə dramaturq tez-tez toxunur. Dramaturqun “Seyx Xiyabani” dramında bu məsələ ilə qarşılaşırıq:



Səhər. Nə deyim? O hara, mən hara? O zabit, Şahzadənin yavəri. O hətta adını da dəyişib, Həsən Soltan eləyib... Gülrux. Mənə də atam, anam Güllü nənənin adını qoymuşdu. Ərə gələndən sonra valigil dəyişib Gülrux elədilər.

Səhər (oxuyur).

Araz axar lil ilə,

Dəstə-dəstə gül ilə.

Mən yarımı sevirəm

Şirin-şirin dil ilə.

Həsən Soltan (gəlir). Sizin söylədiyiniz bayatılarda öz adımı eşitmək mənə birdən-birə qəribə təsir elədi… Səhər. Elə isə, nə üçün Araz kimi gözəl adınızı dəyişmisiniz? Həsən Soltan. Mən dəyişməmişəm, zəmanə dəyişib... [54, c.2, s.366].

Bəzi əsərlərdə obrazın xarakteri ilə əsərin adı uyğundur. Məsələn, “Qəribə oğlan” Valehə verilən ləqəbdir. Valeh təsvir edilən konkret şərait və mühit daxilində personajların bir çoxuna “qəribə oğlan” təsiri bağışlayır. Bu qəribəlik isə mənfi çalarlı deyil, obrazın obyektivliyindən, təmizliyindən, həqiqəti üzə şax demək bacarığından, ağıllı və cəsarətli olmasından irəli gəlir.

İ.Əfəndiyev dramlarında real toponimlərlə yanaşı, qeyri-müəyyən toponimik vahidlərdən də çox istifadə etmişdir. Məsələn, “Xurşidbanu Natəvan” dramında tez-tez “o tay-bu tay” sözlərini işlətməklə Cənubi və Şimali Azərbaycan adlarını xatırladır.

Seyid Hüseyn – Ay qız, sən Savalan dağı haqqında mahnı oxumaqda yoxsa o taylısan? Təhminə – Bəli ağa, İrandanıq [46, s.14].

Dialoqun sual replikasında işlənmiş toponim qeyri-müəyyən, cavab replikasındakı isə müəyyəndir (yəni İran). Dəqiqlik, konkretlik xüsusiyyətlərinin müəyyənləş­dirilməsi zamanı aşkar olur ki, toponimlər inzibati ərazi ölçüsü hüdudlarından kənara çıxmadıqda rəsmi ad kimi işlənir. Bədii dialoji mühitdə isə üslubi səciyyələndirmə ilə müəyyən mətləbləri göstərməklə əlaqədar olaraq inzibati ərazi ölçüsü itir, toponimik vahid emosional ifadə vasitəsinə çevrilir və bu zaman dəqiqlik, konkretlik yox, qeyri-müəyyənlik anlayışı qabarıqlaşır.

Dramlarda toponimlərin qeyri-müəyyənliyi rəngarəng formalarda təzahür edir. Məsələn, toponimin qeyri-müəyyənliyi dramaturqun “Araz qırağı kəndləri” ifadəsində də öz əksini tapmışdır. Hidayət xan – Bizim Arazqırağı kəndlərimizdəki ağamız bu gün xəbər gətirib ki, guya sən Arazdan Mil düzünə arx çəkdirmək istəyirsən. Özü də bu arx bizim torpaqlardan keçəsidir… [46, s.35].

“Arazqırağı kəndlər”, “Arazın o tayı”, “Arazın bu tayı” o əraziləri tanımayanlar üçün qeyri-müəyyəndir. Bu ifadə sırf üslubi toponimdir. Üslubi toponimlər də xüsusi adların bir növü kimi obrazlılıq, emosionallıq, poetiklik keyfiyyəti kəsb etdiyi üçün fikrin parlaq ifadəsini, forma gözəlliyini şərtləndirən mühüm bir dil vasitələri kimi çıxış edir, dövrün mühüm problemlərini yüksək bədii dillə əks etdirmək işində sənətkara geniş imkanlar verir. Üslubi material kimi qeyri-müəyyən toponimlər dramaturq tərəfindən düzgün seçildikdə, dramın ümumi dil-nitq fonu obrazlılıq və ifadəlik vasitələri ilə boyanmış olur. Yerində, məqamında istifadə edilən qeyri-müəyyən toponimlər dramın bədii dilinin keyfiyyətini də qat-qat artırır, personajların nitqinə qüvvətli təsir göstərir.

Dramaturq gözlənilmədən və müəyyən məqsəd üçün toponimləri “müxtəlif mühit”ə salır. Beləliklə, qeyri-müəyyən toponimik vahid real toponimlərin qarşılığı kimi, ikinci törəmə adı kimi, əvəzedici və təsəvvürdə, nəzərdə tutulan, uyğunlaşdırılmış adı kimi “fəaliyyət göstərir”.

Dramlarda toponimlər vasitəsilə uzaq ərazilərə işarələr edilir. Məs.:



Knyaz Xasay (həyəcanla) - Peterburqun, Parisin salonları üzümüzə açıq olduğu halda, axı biz nə üçün bu uzaq qalanı kəsdirib oturmuşuq? [46, s.17]. Knyaz Xasay – Bizdən sonra həyat yoxdur, Banu, inan bu fəlsəfəyə! Gəl gedək…Gedək uzaqlara…İstəyirsən, Parisə…İstəyirsən, İtalyaya… [46, s.42].

Bu obrazın dialoqunda real və qeyri-real toponimlərlə bəzi sosial mətləblər açılır. “Qala” qeyri-müəyyən toponimi Şuşa toponiminin sinonimi kimi işlədilir. Çünki bu əsərdə həm də Şuşa şəhərinə Xurşidbanu Natəvanın su çəkdirməsindən söhbət gedir. Knyaz Xasayın dialoqunun davamına diqqət yetirək: Nə işimiz var bizim bu mütəsib qaragu­ruhun içində?! Sən nə qədər zəhmət, xərc çəkib bu dağın başına şirin su çəkdirirsən, onlar da səni heylə mükafatlandırırlar.



Xurşidbanu (əsəbi) – Mən bulağı onlar üçün çəkdir­mirəm! Mən o bulağı qışın çovğununda yeddi-səkkiz kilometr piyada yol gedib meşədən şirin su gətirən zəhmətkeş əhali üçün çəkdirirəm! [46, s.17].

Sonrakı dialoqlarda “Qala” yerinə «Şuşa» toponimi qeyd olunur: Möhnət – Banu bəyim, sən bir ətək pul töküb Şuşa əhlinin canını şor sudan qurtardın… [46, s.31].

Replikalarda işlədilən real toponimlər vasitəsilə konkretlik, dəqiqlik ifadə olunur. Məs.: Qoca Knyaz (kresloda əyləşərək) – Yolda bizə dedilər ki, xan qızı Xurşidbanu Mil düzünə səyahətə çıxıb… Knyaz Xasay – Bəli, əmi, Xurşidbanu Arazdan Mil düzünə arx çəkdirmək istəyir [46, s.27].

Real toponimlərlə əsərdəki hadisələr, görüləcək işlər xatırlanır. Bu zaman qədim tayfa adları da çəkilir: Xurşidbanu – Salam əzizim. (Knyazı öpür). Mil düzünü gəzdiyimi eşidib Şahsevəni, Afşar camaatı tökülüb gəlmişdilər. Mənim Arazdan Mil düzünə arx çəkdirmək istədiyimi bilib o qədər sevinirdilər ki, əllərindən güclə qurtarmışam [46, s.28].

Dramlarda istifadə olunan toponimik vahidlər vasitəsilə ərazinin başlıca xüsusiyyətləri də göstərilir. Məs.: Möhnət – Biz ilan mələyən Haramıdan gəlirik. Arazın iki ağaclığında olan ucsuz-bucaqsız Mil düzünün bərəkətli torpaqları zəbanə çəkib yanır. Şahsevən, Afşar, Ağcabədi, Qarabulaq camaatı su dərdindən o torpaqları əkib becərə bilmir. Sən xeyir işlər anasısan. Banu bəyim, bəlkə Arazdan da Mil düzünə bir arx çəkdirəsən bizim əlimizi çörəyə çatdırasan. Dana-dunamızın dalınca arana-dağa ayaq döyməkdən canımız qurtarar [46, s.31].

Toponimlər üslubi məqamlarda estetik rənglərə boyanır. “Estetik funksiya isə bədii ədəbiyyatda müəllif idealının, təsəvvürünün təsviridir; adi dil normalarından kənaraçıxmadır; üslubi-semantik əlamətin qabarıqlaş­dırılmasıdır” [206, s.17].

Yer adları üslubi məqamda o zaman işlədilir ki, onlar müəyyən emosional anlayış bildirsinlər. Mətndə yer adlarına məxsus emosional anlayışlar hadisəyə aid situasiyanın və şəxsə aid psixoloji vəziyyətin ifadə olunması yolu ilə canlandırılır” [153, s.6].

Beləliklə, deyilənləri bu cür ümumiləşdirə bilərik ki, bədii dialoqlarda hadisə və təsvirlə bağlı olaraq inzibati ərazi anlayışı bildirən real toponimlər konkretlikdən uzaqlaş­dırılır. Konkretlikdən uzaqlaşdırılmış toponimlər hər hansı bir məqam haqqındakı təsəvvürləri də ümumiləşdirir. Belə toponimlərdə qeyri-müəyyənlik anlayışı öz əksini tapa bilir. Bu isə hadisənin məkan genişliyini canlandırır, dialoqların bədii obraz və personajlarına xas olan tipikləşməni və fərdi keyfiyyətləri gücləndirir.

Onomastik vahidlərin üslubi-poetik əlamətləri birbaşa bədii dialoqlarla əlaqədardır. İ.Əfəndiyevin qurduğu dialoqların bədii siqləti, ifadə vasitələri çoxaldıqca onların üslubi boyaları da zənginləşir.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin