Cənubi Koreyada İT sahəsində 1980-ci illərdə işlənib hazırlanmış «Baza Milli İnformasiya Sistemi» (National Basic İnformation System - NBİS) adlı birinci Dövlət Proqramının həyata keçirilməsinə 1987-ci ildən başlanılmışdır. Bu proqrama yenidən baxılaraq 1994-cü ildə «National İnformation Super Highway» («Milli İnformasiya Super Magistralı») layihəsi qəbul edilmiş və 1995-ci ildən bu layihə “Korea İnformation İnfrastructure-KII” Koreya İnformasiya İnfrastrukturu” adlandırılmışdır82.İnkişaf etmiş dövlət iqtisadiyyatına keçməyə imkan verən bu Proqramda 2 yüksək sürətli milli informasiya şəbəkəsinin yaradılması nəzərdə tutulur:
• Dövlət şəbəkəsi. Bu şəbəkə mərkəzi və yerli dövlət orqanlarını, məktəbləri, kitabxanaları və müxtəlif ictimai təşkilatları birləşdirəcəkdir.
• Xüsusi sektor şəbəkəsi. Bu şəbəkə şirkətlərə və sıravi vətəndaşlara interaktiv multimedia genişzolaqlı şəbəkə xidməti göstərəcəkdir.
1999-cu ildən isə üç mərhələli “Vision 2025” layihəsi qəbul edilmişdir.
2000-2001-ci illərdə dövlət müəssisələrinin 50%-ə qədəri internet vasitəsi ilə satınalma əməliyyatları aparmışlar. Ölkədə 2002-ci ilin sentyabrında dövlət satınalmaları üçün vahid Portal yaradılmışdır. Elektron iqtisadiyyatın inkişafı sayəsində 2001-ci ildə ölkədə elektron ticarətin həcmi 80 milyard dolları aşmışdır.
2000-2010-cu illərdə “Biotech 2000” proqramına 1,8 milyard dollara yaxın vəsaitin qoyulması hesabına biotexnologiyalar bazarının həcmini 6,5 milyard dollara çatdırmaq nəzərdə tutulmuşdur.
2001-ci ildə e-hökumət quruculuğunda 45-ci yeri tutan Cənubi Koreyada 2002-ci ilin noyabrından «www.egov.go.kr» Portalının fəaliyyətə başlaması ilə bu ölkə bu sahədə dünya liderlərindən birinə çevrildi. Özündə vətəndaşlara göstərilən 400-ə yaxın xidməti və 4 min kateqoriya üzrə informasiyanı cəmləşdirən bu Portal G4C («Hökumət vətəndaş üçün») e-xidməti və informasiya xidməti iki servisin birləşdirilməsi hesabına yaradılmışdır.
«Rəqəmsal uçurum»u aradan qaldırmaq məqsədi ilə «KiberKoreya» (1999-2002) proqramı həyata keçirilmiş, ölkədəki bütün məktəblər kompüterlə və internetə pulsuz çıxışla təmin edilmişdir. Evdar qadınlara, pensiyaçılara, hərbiçilərə, əlillərə və dustaqlara rəqəmsal xidmətin göstərilməsi təşkil edilmişdir. 2 milyard dollarlıq maliyyə vəsaiti hesabına başa gəlmiş peyklə yayımlanan televiziya verilişləri 2006-cı ildə 2,5 milyon əhalini əhatə etmişdir.
İT texnologiyaları sahəsində milli informasiya infrastrukturunun yaradılmasına görə Cənubi Koreya hətta Yaponiyanı ötə bilmişdir.
2002-ci ilin noyabr ayının əvvəllərində hökumət administrasiyası və Daxili İşlər Nazirliyi e-hökumət sisteminin reallaşmasını tamamlamış və həmin il noyabrın 1-dən “Korean Electronic Government” veb-saytları fəaliyyətə başlamışdır.
“Korean Electronic Government” www.korea.go.krsaytları bütün administrativ təşkilatları əhatə edən informasiya sistemindən istifadə edir. İnternet vasitəsilə 393 əsas məsələ barədə sorğu vermək və 4 min kateqoriya üzrə lazımi məlumatlar almaq olur. Daxili İşlər Nazirliyinin inteqrasiya olunmuş internet xidməti dünyada bu sahədə birincidir.
Regionda e-hökumət sahəsində liderliyə iddialı olan Cənubi Koreyanın təşəbbüsü və lobbiçiliyi ilə paytaxtı Seulda yerləşən Cənubi-Şərqi Asiya, Çin, Yaponiya və Cənubi Koreyanın (ASEAN Plus 3) birgə regional e-hökumət planı işlənib hazırlanır.
Beləliklə, e-hökumət sahəsində dövlət siyasətinin işlənib hazırlanmasının və həyata keçirilməsinin Şərq modeli-“mərkəzləşdirilmiş model” bu siyasəti bürokratik aparatın köməyilə formalaşdırılmasını nəzərdə tutur. “Mərkəz-regionlar və yerli hakimiyyət” və “elektron demokratiya” çərçivəsində “yuxarıdan aşağıya” modeli işləyir. Belə ki, hakimiyyətin yuxarı eşalonunda qəbul edilmiş qərarlar aşağılara və konkret olaraq yerli idarəçilik orqanlarına çatdırılır. Bu axırıncılar isə dövlət siyasətinin və proqramlarının sadəcə icraçılarına çevrilirlər.
Yuxarıdakı fikirləri ümumiləşdirirək e-hökumətin quruculuğunun strategiyasını, mərhələlərini, e-hökumətin strukturunu, onun inkişaf etmiş ölkələrdəki fəaliyyətini dünya təcrübəsi əsasında təhlil edərək aşağıdakı nəticələrə gəlmək olar:
Nəzəri cəhətdən informasiya cəmiyyəti konsepsiyasına söykənən e-hökumət quruculuğu dövlət idarəçiliyində müvəqqəti, “dəbdə olan” bir layihə olmayıb, hər bir ölkənin dövlət idarəçiliyində müasir informasiya texnologiyalarından istifadə edən və zamanın tələblərindən doğan bir idarəetmə üsuludur.
E-hökumət quruculuğu dinamik bir proses olub, bir neçə mərhələdə həyata keçirilir.
E-hökumət dövlət idarəçiliyində İKT-nin potensial üstünlüklərindən istifadə etməklə reformalar aparmağa imkan verir.
E-hökumət layihəsinin reallaşması ənənəvi inzibati proseslərə xas olan çatışmazlıqları aradan qaldırmaqla dövlət idarəçiliyini keyfiyyətcə yeni bir mərhələyə qaldırır.
Ənənəvi dövlət strukturu baxımından e-hökumətdə siyasi və inzibati komponentlər ayırd edilir.
Bu yuxarıda qeyd etdiyimiz komponentlər baxımından dünya praktikasında e-hökumət quruculuğunun Qərb və Şərq modeli formalaşmışdır.
Hər bir ölkədə e-quruculuğu üçün müəyyən vacib şərtlərin olması vacibdir.
E-hökumət yaratmaq üçün hər bir ölkənin öz strategiyası olur. Bu strategiya daxili, yaxud xarici fəaliyyətə istiqamətlənmiş olur. Ekspertlərin fikrincə, e-hökumət strategiyasının səmərəliliyi daxili siyasi istiqamət, problemlərin tam görünməsi, e-hökumətin yaradılması üçün səmərəli layihənin olması, bu layihənin səmərəli idarə olunması, lazımi səlahiyyətin olması və adekvat texnoloji infrastrukturun olması kimi bir sıra şərtlərdən asılıdır.
Səmərəli fəaliyyət göstərən e-hökumətin qurulması dövlətin ali rəhbərliyinin siyasi iradəsi və bu prosesdə iştirakı, texniki təchizatın kifayətedici səviyyəsi və əhalinin kompüter savadlılığının qaneedici səviyyəsi kimi bir sıra şərtlər tələb edir. Bu vacib şərtlərdən biri də davamlı və stabil maliyyə mənbələrinin olmasıdır.
Dostları ilə paylaş: |