Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir.
Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır.
Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir:
Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Nardaran – Nar və daran (Farscada: داران -olan) kəlmələrindən ibarətdir. Fars dilində narı olan anlamındadır.
Nardaran – yəni mərd insanların məskunlaşdığı məkan;
Nardaran – yəni nur olan yer. Çünki bu müqəddəs torpaqda 7-ci İmam Museyi Kazimin qızı Rəhimə xanım (az yaşlı övladı) və Xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. Bununla yanaşı qədim tikili də qorunub saxlanılır.
Nardaran yəni – Qəlblər nuru. Çünki bu kəndin adı bəzi mənbələrdə Nurdelan (qəlblər nuru) kimi qeyd olunub.
Nardaran qəsəbəsinin əhalisi islamın şiə məzhəbinə sadiq olmaları ilə fərqlənirlər. Kəndin mərkəzi meydanı İmam Hüseyn meydanı adlanır. 1991-ci ildə kənddə Azərbaycan İslam Partiyasının əsası qoyulub. Partiyanın fəaliyyətinə qadağa qoyulsa da, kənddə bu partiya fəaliyyət göstərir və əhali arasında güclü dəstəyə malikdir. Kənddə 2000, 2002 və 2006, 2015-ci illərdə kütləvi iğtişaşlar baş vermişdir.
Kənddə II Şah Abbasın dövründə inşa edilən qədim Həci Bəxşi məscidi (Bu məscidə bitişik halda Azərbaycanda yeganə olan üstü açıq məscid yerləşir), onunla üzbəüz yerləşən Şah Abbas karvansarası, Qədim Qala, Məscid-mədrəsə kompleksi (bu kiçik qədim məscid "Qərib cinlər diyarında" filmində ev kimi göstərilib), həmçinin Cümə məscidi, Hacı Qulaməli məscidi, Dırbay məscidi, Ağa məscidi, bir neçə su ovdanları (bu su ovdanlarında biri "Sehirli xalat" filmində xanın piləkanları çıxaraq qaçdığı səhnədə göstərilir), bundan əlavə qədim hamamlar və qədim qəbristanlıqlar, qədim qəbrüstü yazılı daşlar da mövcuddur. Kənddə Şirvanşahların dövründə tikilmiş gözəl memarlıq üslubunda olan Xan Bağı mövcuddur. Bu Xan sarayından dənizə, kənd qalasına, Ziyarətgaha və sonu bilinməyən istiqamətə gedən yeraltı yollar var. Bu kənddə Qalagah, Qədəmgah, Paçan, Küladüz, Əlməgə, Ümüd qayası və s. adda qədim yer adları var.
Nardaran kəndi Bakının dəniz kənarı kəndlərindən biridir. Şirə torpaqla zəngin olan bu məkanda bir çox meyvə və tərəvəzlər yetişir. Bağlarda ağ tut, xar tut, əncir, üzüm (xüsusən ağ şanı), iydə və s. meyvə ağacları bitir. Bir zamanlar bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün burada uca bir ev tikdirir. Nardaranın dəniz havası qıza tam şəfa verir. Onun üçün inşa edilən uca tikili isə sonralar mayak kimi istifadə olunur. Bağların dəniz kənarı hissəsində Ümüd qaya adlı ərazisində qədim Qobustandakı daşlarda olduğu kimi qayalar üzərində müxtəlif işarələr və yazılar mövcuddur. Sara Aşurbəyli yazır ki, bu sahə Abşeronda ən qədim tapıntıdır. Kənd iki tərəfdən qayalıqlarla əhatələnib. Gün çıxan tərəf Bilgəh kəndi, gün batan tərəf isə Kürdəxanı və Pirşağı kəndləri ilə qonşudur.
Nardaran qəsri — Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.
Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin 1301-ci ildə memar Mahmud ibn Səd tərəfindən inşa edilməsi haqqında məlumat verir. Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir.
Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir. Qəsrin inşasında yerli daşlardan istifadə edilmişdir.