Başqasını istəməm də, ey türk, çabuq sən gəl, sən!



Yüklə 28,54 Kb.
tarix21.10.2017
ölçüsü28,54 Kb.
#8629

“ Başqasını istəməm də, ey türk, çabuq sən gəl, sən! ”

yaxud Azərbaycanın turançı şairi Abdulla Şaiq

Bütün həyatını, potensialını, yaradıcılığını ideoloji məfkurəsinə həsr edən Abdulla Şaiq Azərbaycan ədəbiyyatının turançı şairlərindən biridir. Abdulla Şaiqin bütün ədəbi və pedoqoji fəliyyəti onun ideologiyasına xidmət edir. Ədibin bütün irsini ideya təmayülü baxımından 2 istiqamətə ayırmaq olar: türkçülüyün tərənnümü və əxlaq-didaktik motivlərin təbliği. Səmimi, romantik lirik yaradıcılğı istina edilərsə, Abdulla Şaiqin bütün ədəbi-bədii, elmi-publisistik, pedoqoji fəaliyyəti onun ideoloji baxışlarının inikasıdır.

Pedaqoq kimi milli şüurun oyanması, milli kimliyimizin bərqərar olması yolunda böyük işlər görən Abdulla Şaiq sözdə “məktəblərin milliləşdirilməsi barədə qərar” ın ardınca ilk anadilli siniflərin açılmasında, milli kadrların yetişdirilməsində yaxından iştirak etdi. Milli düşüncəyə sahib ilk ziyalıların yetişməsi onun adı ilə və onun adını daşıyan “Abdulla Şaiq Nümunə məktəbi” ilə bağlıdır. T.Ş.Simurq, R.Axundov, C.Cabbarlı, M.Müşfiq, A.Zamanov.

Bir faktı qeyd edək ki, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nin) ikinci rektoru T.Ş.Simurq universitetdə ana dilində təhsilin əsasını qoyan ilk rektor olmuşdur. Rektorun Abdulla Şaiq məktəbinin yetirməsi olduğunu bilərək, bu addımı labüd saymaq olar. Yaxud tələbələrindən Ruhulla Axun

Ədəbi ictimaiyyətə yaxşı məlumdur ki, Abdulla Şaiq ilk anadilli 20-yə yaxın dərsliyin müəllifi, bəzilrəini həmmüəllifi olmuşdur. Dərsliklərin tərtib prinsipləri və meyarları tərtibçinin dünyagörüşü, fikir təmayülləri və bədii zövqü haqqında müfəssəl təsəvvür yaradır. Gözümüz önündə osmanlı ədəbiyyatına, dünya ədəbiyyatı klassiklərinə bələd bir ziyalı canlanır. Qeyd edək ki, onun ilk dərsliklərində islam və onun böyük nümayəndələri barədə yazılar da yer alır. 1912-ci ildə nəşr olunan “Gülzar” dərsliyində “Həzrət Əlinin halı”, “Həzrət ömərin halı”, Abbas Səhhətin “Peyğəmbər” şeiri; “Türk ədəbiyyatı” (1920) dərsliyində Məhəmmməd Əminin “Tanrıya”, T.Fikrətin “Ramazan sədəqəsi”; “Türk çələngi” (1919) dərsliyinə Əli Səmədin “Əhmədin cihadı”, Cavadın “Bismillah”, “Allahın nuru” və s. əsərləri daxil edən Abdulla Şaiq uşaqların tərbiyəsində islam əxlaqının əhəmiyyətini görür və bunu dəyərləndirməyə çalışırdı.

Dərsliklərlə tanışlıq göstərir ki, onlarla türk ədəiyyatı nümunələri ağırlıq təşkil edir. Təkcə “Türk çələngi” dərsliyinin mündəricatı onun tərtibçisi Abdulla Şaiqin şəxsiyyəti və fikir təmayülləri barədə dolğun təsəvvür yaratmağa yardımçı olur. 1919-cu ildə nəşr edilən həmin dərslikdə “Şeyx Şamil Əfəndi”, “Türk aləmi”, “Türklük tufanı”, (Z.Göyalp), “Türk dili” (Ə.Hüseynzadə), “Türk qanı”, “Altun yurd” (Z.Göyalp), “Ulun-əkə xatun”, “TÜrk obasına səyahət” (İ.Ələvi), “Altun ordu” (Ə.Hikmət) kimi əsərlərdən nümunələr yer alır. Ümumiyyətlə, Abdulla Şaiq dərsliklərinə dıgər türk müəlliflərini o cümlədən M.Ə.Rəcaizadə, S.P.Sezai, Z.Göyalp, Ə.Hikmət, T.Fikrət, N.Əlkazımi, X.Z.Eşqizadə, R.Tofiq, Ə.Canib, M.Əmin, C.Şəhabəddin, K.Nabi, Ə.Səməd, İ.Hikmət və başqalarının bioqrafiyasını və yaradıcılığından nümunələri daxil edir.

Ə.Yursevər yazır: “ Xarakterinin uysallığı etibarilə növ siyasi həyatdan uzaq duran Şaiq məfkurə baxımından tamamən milliyətçi, türkçü, hətta turançı bir nümunəvvərdi. Sovet hökümətinin ilk sənələrində qələmə almış bulunduğu mütəəddit dərs kitablarından belə bu türkçülüyü və turançılığı gözə çarpmaqdadır”. (Ə.Yurdsevər. Abdulla Şaiq vəfat etdi.Vətən səsi, 14 mart, 1991)

Əsası Ziya Göyalp tərəfindən qoyulan türkçülüyündə estetikasında müxtəlif rəmzi-simvolik obrazlardan istifadə olunurdu. Qızıl-alma, yəhi vahi, mənəvi Turan idealı türkçülüyün ən son hədəfi idi. Abdulla Şaiq Qızıl almaya tez-tez müraciət edir. Bu idealı əsərləri ilə sıx-sıx gündəmə gətirən Abdulla Şaiq həyəcan təbili çalır. Daha çox bu fikri vurğulayır: Qızıl alma bağı divlərin əsarətindədir. Onun köməyə ehtiyacı var!

Abdulla Şaiq türkçülük simvolikasından yararlanaraq demək istədiyini obrazlı şəkildə, bədii boyalarla örtərək oxucuya çatdırırdı. 1921-ci ildə nəşr edilən “Yzıya pozu yoxdur” pyesi bu baxımdan diqqət çəkir. Sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda ortaya gələn bu əsərin əsas qayəsi turançılıq idi. Folklor motiv və obrazlarından istifadə edilən bu pyesdə Qəza mələyi Basyata deyir ki, sənin də qəzavü-qədərin yazılmışdır. Türk elinin ən böyük yağışı olan yeddibşlı divi öldürüb, onun əsiri olan dünya gözəlini sən qutaracaqsan. Onunla qızıl alma bağında şən şən yaşayacaqsan.

Maraqlıdır ki, 1920-ci ildə nəşr edilən “Arazdan Turana” poeması Abdulla Şaiq baxışlarının əhəmiyyətli tərəflərini açıb göstərir. Onun poeziyasında bir əzm, bir qəhrəmanlıq əks olunur. Təbiətən sakit, mülayim olan Abdulla Şaiq daxili gücü, məhəbbəti, nifrəti şeirlərində təzahür edir. Şeirlərində o yolundan dönməyən, istədiyindən əmin, amalı uğrunda heç bir şeyə güzəştə getməyən bir mücahiddir. Belə əhvalda Abdulla Şaiq Araz, Kür çaylarının, Samur kanalının obrazından istifadə edir. Şair çaylar kimi coşub daşır. Qarşısına çıxan maneələri vurub yıxmağı arzusundadır. “Arazdan Turana” poemasında alleqoriyaya üz tutan şair ürəyindəki fikirləri onların dili ilə səsləndirir. Bingöl ətəklərindən axıb gələn Araz, İranı, Turanı dolaşıb Qafqaz elinə gəlir, acıqlı Kürə yaxınlaşır və ona dərdini söyləyir:

Ox qardaşın, dinlə bəni bir zaman!



İztirablar içində çarpınır şimdi Turan

Girmiş sehirli divlər qızıl alma bağına,

Qara quzğun uşuşmuş soluns və sağına (səh 67)

Yaralı Turandan xəbər gətirən Araz çıxış yolunu da göstərir, onun türk nişanlısını gözlədiyini bildirir:

Gülümsərkən ağzından güllər saçan o gözəl

Şimdi ağlar, gözündən inci damlar. Xain əl

Girmiş məsum qoynuna, yaralayır köksünü,

İnlər: Yoxmu Turanda qurtaracaq ər bəni?

Nərdə o türk nişanlım, o qoç igid, qəhrəman?

Yolunu pək özlədim, yol ver ona yaradan!

Talıbzadələr ailəsi milli kökə, türk qanına bağlı bir nəsil olmuşdur. A.Şaiqin böyük qardaşı Axund Yusif Talıbzadə dövrünün görkəmli maarif və din xadimi, şair, dramaturq, hərbçi olmuşdur. O 1877-ci il yanvarın 22-də Tiflisdə anadan olmuşdur. Əslən Ərdəbilli, lakin Türkiyədə və ....təhsil almış müəllimi Yusif Ziyaya hörmət və ehtiram naminə özünə də eyni təxəllüsü götürən Yusif Ziya əsrin əvvəllərində Bakıda mədəni və siyasi sahələrdə fəaliyyət göstərmışdir. Şəriət müəlllimi kimi çalışan Yusif Ziya dövrü üçün qiymətli sayılan “ Təhsili-qəvaid ” adlı dil dərsliyini yazır və çap etdirir, Nəriman Nərimanovun “Nadir şah” faciəsini fars dilinə çevirir. İslam dininə dair 10-dan artıq kitabça və risalələri çapdan çıxır. Milli ruhda şeirlər yazmış Yusif Ziya, həm də “Ərmənusa” , “Əmr Xalid ibn Vəlid” faciələrinin də müəllifidir. Yusif Ziya ilk islam xəritəsinin yaradıcısıdır. O, “Musavat” partiyasının yaranmasında iştirak edən ilk üzvlərdən biri olur. 1912-ci ildə Osmanlı dövlətinə gedir və orada hərbi təhsil alır. Balkan müharibəsində, Birinci Dünya müharibəsində, Qars-Ərdəhan cəbhəsində türk ordusunu sıralarında ruslara, ermənilərə qarşı qəhrəmanlıqla vuruşur, 1918-ci ildə türk ordusunun tərkibində yenidən Bakıya qayıdır. ADR-in siyasi həyatında ciddi fəaliyyət göstərir. 1919-cu ildə Osmanlı dövləti nümayəndə heyətinin başçısı kim9i Təbrizə gedir, orada həmkarları ilə birlikdə Cənubi azərbaycanlıların azadlıq mübarizəsini dəstəkləyən “İttihadi-islam” cəmiyyətini yaradır.

XI ordunun Azərbaycanı istilasından sonra vətənə qayıdan Yusif Ziya İran sərhəddində həbs olunur, lakin Nəriman Nərimanovun zəmanaəti ilə buraxılaraq Naxçıvana hərbi komissar təyin edilir. Naxçıvanda yürüdülən Sovet siyasətindən narazı qalan Yusif Ziya 1922-ci ildə Bakıya qayıdır və Nəriman Nərimanovun razılığı ilə Türküstana yola düşür. Orada basmaçılar hərəkatına qoşulur, rus ordusuna qarşı vuruşlarda iştirak edir. Basmaçılar hərəkatının başçısı Ənvər paşanın müavini olur. 1923-cü ildə mayın 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanan Yusif Ziya Amu-Dərya çayını üzüb keçərkən boğulur və şəhid olur.

Yusif Ziyanın qardaşı Abdullanın fikri inkişafında əhəmiyyətli rolu olmuşdur. Fitrətən fərqli təbiətə malik olsalar da, eyni ideyanın daşıyıcıları idilər. “Ayrıca bir çox şeirlərindəAbdulla Şaiqin fikri siması üzərində mərhum ağabəyisi (böyük qardaşı) Axund Yusif (Yusif Ziya) Talıbzadənin böyük təsiri olmuşdur. Axund Yusifin türkçülüyündə və turançılığında isə kimsənin şübhəsi olmasa gərəkdir. Xarakter etibarilə tamamən xilafına olaraq fəal bir siyasət adamı və usanmaz bir mücadiləçi bulunan Axund Yusif ....Balkan müharibəalərində Türkiyəyə gedərək, orduya könüllü qeyd olmuş, və rəsadəti sayəsində çabuk irəliləyərək, kendi ifadinə görə minbaşı rütbəsinə qədər yüksəlmişdir.

Şaiqi Şaiq yapan Axund Yusifdir. Ağabəyisinə qarşı dərin sevgisi bulunan Şaiq, məfkurə xəzinəsini ondan irs almışdı”. ( Ə.Yurdsevər.Abdulla Şaiq vəfat etdi.Vətən səsi.14 mart, 1991)

Məqalənin əvvəlində mərhum akademik Kamal Talıbzadənin verdiyi məlumata görə, atası ona Yusif Ziyanın Orta Asiyada Ənvər paşanın rəhbərliyi altında aparılan döyüşlərdə yaralandığını və Amu-Dərya çayını keçərkən boğulduğunu bildirmişdi. Kamal müəllim yazır ki, 1940-cı illərin sonlarında Bakıda belə bir şayiə yayıldı ki, guya Axund Yusif sağdır, Türkiyədə yaşayır və Böyük Vətən müharibəsində illərində o, Berlinə gələrək azərbaycanlı əsirlərdən ibarət milli legionun-milli qvardiyanın təşkilində iştirak etmişdir. Xüsusi orqanlar tərəfindən uydurulmuş və məqsədli şəkildə şəhərə yayılmış bu şayiə Talıbzadələr ailəsi üçün qurulmuş bir qurğu idi. Tezliklə Talıbzadələr ailəsinin bütün üzvləri sorğu-suala çəkildi. Kamal Talıbzadənin məsələsi partiya bürosuna qoyuldu və Abdulla Şaiq 1950-ci ildə ev dustağı vəziyyətinə salındı. ( Kamal Talıbzadə. Aşkarlanmış həqiqət. Vətən səsi. 14 mart, 1991)

A.Şaiqin Ruqiyyə Talıbzadə adlı bacısı da olmuşdur. O, 22 iyul 1884-cü ildə Tiflisdə anadan olmuşdur. Təəssüf ki, Ruqiyyə xanım haqqında nə Abdulla Şaiqin “Xatirlərim” ində, nə də başqa mənbələrdə heç bir məlumat yoxdur. Əlimizd olan məlumat Abdulla Şaiqin Mənzil Muzeyində saxlanan Axund Mustafa Talıbzadəyə aid olan sənəd və qohumların verdiyi məlumatlardır.

Adı çəkilən sənəddə Axund Mustafa Talıbzadənin çalışdığı vəzifələr və ailə vəziyyəti barədə məlumat verilir. Buradan məlum olur ki, Axund Mustafa və Mehri xanımın Yusif, Abdulla adlı oğlanlarından başqa 22 iyul, 1884-cü il təvəllüdlü qızı Ruqiyyə də olmuşdur.

Ruqiyyə xanımın qohumlarının, xüsusən nəvəsi Ruqiyyə Rzayevanın sözlərinə istinad etsək, o çox uzun ömür sürməmiş, təxminən 24-25 yaşlarında vəfat etmişdir. Ruqiyyə xanım 14-15 yaşlarında əslən Cənubi Azərbaycandan olan Tağı Rzayevlə ailə həyatı qurmuş və onların 5 övladı olmuşdur. Sonuncu övladını dünyaya gətirən zaman- 1919- cu ildə Ruqiyyə xanım vəfat etmişdir.

Yenə qohumların xatirələrinə əsaslanaraq deyə bilərik ki, Ruqiyyə xanım çox mədəni, ziyalı bir qadın olmuşdur. O, toxumağı, tikməyi bacaran, müxtəlif əl qabiliyyətlərinə malik bir xanım idi. Bundan əlavə, ictimai işlərdə də fəallıq göstərən Ruqiyyə xanım qadınlar şurasının üzvü imiş. Talıbzadələr nəslinin digər nümayəndələri kimi, Ruqiyyə xanım da, öz mühitində kifayət qədər hörmətə nüfuza malik idi. Və insanlar ona məsləhət və tövsiyyələr üçün tez-tez müraciət edirdilər.

Çox gənc ikən dünyasını dəyişən Ruqiyyə xanımın məzar daşında Abdulla Şaiq aşağıdakı bəndi yazdırır:

Rahat uyu bu məzarda, türk qızı,

Oxşar səni türkün ayı, yıldızı.

Türklük üçün sərf etdiyin əməklər

Boşa getməz, bir gün açar çiçəklər.



Bir bənddən ibarət olan şeirdə böyük həqiqətlər, böyük mətləblər gizlənir. Bir bəndlik şeirdə 3 dəfə türk sözünü işlədən Abdulla Şaiqin idealı, bacısına sevgisi, gələcəyə inamı ( bu böyük acıya rəğmən) əks olunur. Bütün həyatı boyu milli mənafeyi şəxsi mənafeyindən üstün tutan ədibin bu anda da özünü ailəsinə deyil, millətini, onu gələcəyini fikirləşməsi düşündürücüdür. Şeirdən də görünür ki, Ruqiyyə xanım, həqiqətən, ictimai-siyasi sahədə fəallıq göstərmiş, müəyyən nailiyyətlər əldə etmişdir.


Yüklə 28,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin