Təkrar istehsal dedikdə, sərf olunmuş kapital, istehsal vasitələrinin istehsala qaytarılması və izafi dəyərin bir hissəsinin yığıma çevrilməsi yolu ilə istehsal prosesinin təkrarı başa düşülür. İstənilən iqtisadi məhsul tədricən sərf olunur, istehlak olunur və başqa məhsulla əvəz edilməsini tələb edir. Təkrar istehsal, istehsal dövriyyəsi olmadan həyata keçirilə bilməz. Müasir dövürdə təkrar istehsalın qarşılıqlı əlaqədə olan mərhələləri daima yeniləşir. Belə ki, təkrar istehsal mərhələsinə yeni istehsalın elmi təşkili fazası da əlavə olunmuşdur. İstehsalın fasiləsizliyini, başqa sözlə, onun geniş miqyasda daim təkrar olunmasını təmin etmək üçün kapitalın ayrı-ayrı hissələri pul, istehsal vasitələri və hazır məhsul(mal) maneəsiz dövr etməlidir. Bu isə təkrar istehsalın 5 mərhələsini, fazasını əhatə edir: İstehsalın elmi- təşkili fazası, istehsal, bölgü, mübadilə, istehlak fazası. Təkrar istehsalın qlobal vəzifəsi və son məqsədi əhalinin rəngarəng tələbatının ödənilməsidir. Cəmiyyətin həyatının əsasını istehsalın fasiləsizliyi, kəsilməzliyi təşkil edir.
İstehsal fazasının işini əsasən istehlak olunmuş maddi nemətlərin bərpası təşkil edir. Lakin qeyd etmək lazımdır ki, təkrar istehsala nəinki maddi nemətlərin istehsalı və istehlakı aiddir, o habelə əhalinin, əmək resurslarının, işçi qüvvəsinin və ümumilikdə sosial-iqtisadi münasibətlərin də təkrar istehsalını əhatə edir. İstehsal fazasının mühüm funksiyalarından biri də keyfiyyət və kəmiyyət göstəricilərinin effektivliyinin artırılmasıdır ki, bunun üçün də istehsala başlayarkən istehsalın elmi təşkili fazasının naliyyətləri, yeniliklərindən istifadə etmək gərəkdir.
İstehsaldan sonra bölgü gəlir, belə ki, istehsalın bilavasitə nəticəsinin hansı hissəsinin kimə nəsib olacağı və istehsal olunan məhsulun sahibinin kim olacağı müəyyənləşdirilir. Bölgü əhalinin müxtəlif tələblərinin maddi vəziyyətlərinin müəyyən edilməsi üzrə, insanlar arasında sosial münasibətlərin formalaşmasında çox böyük rol oynayır. Təkrar istehsalın bölgü fazasının funksiyası ictimai istehsalın nəticələrinin və gəlirlərin bölüşdürülməsidir. Lakin, bölgü təkcə istehsalın nəticəsi deyildir. Əməyin nəticəsinin necə bölüşdürülməsi istehsal prosesinin səmərəliliyindən daha çox asıllıdır.
Əmtəə bölgü mərhələsini keçəndən sonra bazarda mübadiləyə, alqı-satqıya uğrayır. Mübadilənin mahiyyəti olan “əmtəə-pul”, yaxud “əmtəə-əmtəə”əməliyyatları həyata keçirir; bazar və onu müşayyət edən qiymət mexanizmi işə keçir. Məhsul əmtəəyə çevrilir. Mübadilə fazası əmtəənin istehlakçılara çatdırılması, mülkiyyət münasibətlərinin dəyişdirilməsi funksiyasını yerinə yetirir. Bu fazada malları pula çevirməklə məcmu milli məhsulun bu hissəsinin təkrar istehsalının fasiləsizliyi təmin olunur.
İstehlaka gəldikdə isə o təkrar istehsal sistemində son fazadır. İstehlak şəxsi və ictimai istehlak formasında çıxış edir. İstehlak təkrar istehsalın dövriyyəsi üçün zəmin yaradır.
Dəyişmə miqyasından (adətən 1 il) və keyfiyyətdən asıllı olaraq təkrar istehsal fərqləndirilir.
Dostları ilə paylaş: |