Mayatlar kuntukda (Tundra içində açıq düzənlik) yaşayırdılar. Oğlan onların düşərgəsinə çatanda boş çumlardan (saxa-yakutlara məxsus xüsusi çadırlardan) başqa bir şey görmədi. Həmin vaxt mayatlar birlikdə balıq tutmağa getmişdilər. Fürsətdən istifadə edən gənc onların yaylarının maral damarından düzəldilmiş iplərini açdı.
Çumların birində qoca bir qarıya rast gələn oğlan bu əsir qadından başına gələnləri danışmasını xahiş edir. Qarının söylədiklərindən belə aydın olur ki, bu onun dopdoğma anasıdır. Oğlan ona gəlişinin səbəbini və niyyətini açıb söyləyir.
Axşam tərəfi mayatlar balıq ovundan geri dönürlər. Onların önündə öndərləri Mahan-Mehçə və qardaşı, qadın hörükləri kimi uzun hörükləri olan Ünqkəəbil gəlirdi. Mahan-Mehçə gənci gördü və onun Ürənə nə qədər çox oxşadığından heyrətə düşdü. Lakin oğlan bildirdi ki, guya o, kasıb bir balıqçının oğludur. Anası, Ürənin arvadı da düşmənləri azdırmaq üçün dedi ki, guya Ürənlə onun heç vaxt övladları olmayıbmış. Buna baxmayaraq, Mahan-Mehçə hər ehtimala qarşı oğlanı öldürmək qərarına gəldi. Bunu başa düşən gənc yerindən cəld sıçrayaraq ox-yayını götürdü, var qüvvəsi ilə çığıraraq gerçəkdən də Ürənin oğlu olduğunu təsdiq etdi və dərhal da bir ox atıb, ayaqları öz uzun hörüklərinə dolaşan Ünqkəəbili öldürdü. Düşmənlər öz oxlarını götürüb qarşılıq vermək istəyəndə yaylarının iplərinin açıldığını və yararsız hala düşdüyünü gördülər və nə edəcəklərini bilmədilər. Ürənin oğlu isə onları bir-bir dənləməyə başladı. Mayat soyunun yarısını məhv etdi. Digər yarısı isə canlarını qaçıb gizlənməklə qurtara bildilər.