II QAZİ GƏRAY XANIN DÖVRÜMÜZƏDƏK YETİŞƏN YARLIQLARI
Tarixi mənbələrdə adı bəzən Bora Ğazı Geray (كراى غازى بورا), bəzən də “Gəray Ğazi (غازى كراى) II Qazi Gəray Xan (1551-1607) iki dəfə (1588-1596 və 1596-1607) Uluq Ordanın (Turanın) uluq xanı olub. Bu iki xanlıq dövrü arasında Uluq Orda dövlətinə I Dövlət Gəray Xanın oğlu I Fətih Gəray Xan başçılıq edib.
Qazı Gəray gənc yaşlarından atası I Dövlət Gəray Xanın hərbi yürüşlərində, o cümlədən Həştərxan səfərində iştirak edib. 1578-ci ildə qardaşları Adil Gəray və Şakay Mübarək Gərayla birlikdə Azərbaycana – qızılbaşlara qarşı yürüşdə iştirak edən Qazi Gəray həmin ilin noyabrında Şirvanın Ağsu nayihəsində baş verən döyüşlərində iştirakçısı olub. Həmin döyüş Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi və onun kalğa (vəliəhd) olan qardaşı Adil Gəray qızılbaşlara əsir düşdü və bir il sonra edam edildi.
Növbəti il, yəni 1579-cu ildə Uluq Orda və Osmanlı qoşunları ilə Azərbaycan qoşunları arasında savaş Dağıstan və Şirvan ərazilərində baş verdi. Osmanlı və tatarlar Bakıya qədər irəliləyərək qızılbaş qoşunlarını məğlubiyyətə uğratdılar. Qazi Gəray bu döyüşdən sonra iki min tatar süvarisini Osmanlıların əmrinə verərək özü Kırıma dönmüş, bir qədər sonra isə yenidən geri qayıdaraq Çirvan torpaqlarının hakimi olmuşdur.
1581-ci ildə, qızılbaşlara qarşı növbəti yürüş zamanı Qazi Gəray əsir düşdü və Azərbaycan sərkərdəsi Həmzə Mirzənin əmri ilə Ələmut zindanında həbs edildi. Qızılbaşlar ona Azərbaycan şahının tərəfinə keçməyi, şahın qızı ilə evlənərək Şirvan hakimi vəsifəsində qalmağı və Osmanlılara qarşı savaşmağı təklif etsələr də, İslam xəlifəsinə qarşı çıxmayacağını bildirərək qəti etiraz etdi, nəticədə həyatının 7 ilini məhbəsdə keçirməli oldu.