Bəxtiyar Tuncay
Neolit inqilabı və Türk tarixinin başlanğıc nöqtəsi: Çatal-Höyük mədəniyyəti
Dünya tarixinin ən maraqlı səhifələrindən biri və bəlkə də, birincisi elm aləmində «Neolit inqilabı» və ya «neolitizasiya» adı ilə məşhur olan dövrdür ki, məhz həmin dövrdə bəşəriyyət bəsit yığıcılıq təsərrüfatına əsaslanan iqtisadiyyatdan daha modern təsərrüfat növünə, əsasında istehsalat dayanan iqtisadiyyata keçmiş, həmin dövrdə əkinçilik ortaya çıxmış, heyvanların əhliləşdirilməsi baş vermişdir. İnsanlar kənd təsərrüfatı məhsulları, buğda, arpa, noxud, ət, süd, dəri, yun, iplik, parça, xalça, qab və s. istehsal etməyə başlamışlar. Belə hesab edilir ki, mezolitdən (orta daş) neolitə (yeni daş dövrü) keçid ən azı 10 min il əvvəl Yaxın Şərqdə baş vermişdir (Anil K. Gupta, 2004).
«Neolit inqilabı» anlayışını elmə 1923-cü ildə G. Çayld gətirmişdir. Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Bu dövr üçün ən əsas xarakterik xüsusiyyətlərdən biri insanların mağaraları tərk edərək evlər tikməyə başlaması, öz təsərrüfat sahələrinin yaxınlığında şəhərlər və qəsəbələr salmasıdır (Чайлд Г., 1956). Elmə məlum olan ən qədim iki şəhər – İerixon (Иерихон…) və Çatal-Höyük (Hodder İ., 2014) məhz həmin dövrün abidələridir. Bunlardan birincisi Fələstin ərazisində peyda olmuş və bu gün də mövcudluğunu davam etdirir. İkincisi isə Türkiyədə - Konya düzənliyində aşkar edilmiş, xarabaları arxeoloqlar tərəfindən üzə çıxarılmışdır. Hər iki şəhərin e.ə. VIII minillikdə ortaya çıxdığı hesab edilir.
Adı çəkilən bu iki şəhər-mədəniyyətlərindən Çatal-Höyük bizim üçün daha böyük önəm daşıyır. Çünki bu mədəniyyətin neolit və eneolit dövrünə aid mədəni təbəqələrindən tapılan 800-ə yaxın skeletdən DNT nümunələri götürülüb və məlum olub ki, şəhər əhalisinin daşıdıqları genomlar içərisində R1b və R1a haploqrupları dominantlıq təşəkil edirdi. Şəhər əhalisinin 24 faizi R1b, 14 faizi isə R1a haploqrupunun daşıyıcısı olub (Hodder İ., 2014).
Bu fakt bizə «Neolit inqilabı»nın müəlliflərinin R1b və R1a haploqrupunun daşıyıcıları olan türklərin ulu babalarının olduqlarını söyləməyə əsas verir. Doğrudur, Çatal-Höyüklülərin içərisində az nisbətlərdə başqa haploqruplara sahib insan qalıqlarına da rast gəlinib və onların 1 faizi Qafqaz mənşəli J haploqrupuna sahib olub. Lakin onların heç birinin izinə sonrakı minilliklərdə bütün Avrasiyanı əhatə edən neolit və eneolit «inqilablar zənciri»ndə rast gəmirik. Yalnız J haploqrupunun sahiblərinin R1a və R1b-lilərlə birlikdə miqrasiya etdiyinin şahidi oluruq. Hazırda J (J2 və J1) haploqrupu Türkiyədə dominanta çevrilib və bu Y-xromosomu daşıyanlar say baxımından R1a və R1b-liləri, yəni təmiz türk soyluları keçib.
Anadolu və Qafqazdan türklərlə birlikdə Avropa, Ərəbistan yarımadası və Afrikanın şimalına, eləcə də şərqə - Türküstana doğru hərəkət edən J-lilər öz izlərini uyğur və özbəklərin genofonduna da önəmli dərəcədə həkk etdirə biliblər.
Araşdırmalar nəticəsində uyğur türklərinin 25.8 %-inin J, 22.6 %-inin R1a və 19.4 %-inin R1b Y-DNT haploqruplarına sahip olduqları məlum olub (Yali Xue, Tatiana Zerjal, Weidong Bao, Suling Zhu, Qunfang Shu, Jiujin Xu, Ruofu Du, Songbin Fu, Pu Li, Matthew E. Hurles, Huanming Yang, and Chris Tyler-Smith, 2006, p. 2431-2439). Anadolu türklərində ise bu göstəricilər müqabil olaraq belədir: 24 % J, 7.5 % R1a ve 16 % R1b (Distribution of European.., 2012).
Türk xalqları
|
R1b
|
R1a
|
I
|
C
|
O
|
J
|
N
|
T
|
L
|
Türkiyə türkləri
|
16.1
|
6.9
|
5.1
|
—
|
—
|
24.0
|
3.8
|
2.5
|
4.2
|
Altaylar (Quzey)
|
6.0
|
38.0
|
0.0
|
—
|
—
|
2.0
|
10.0
|
—
|
—
|
Altaylar (Güney)
|
1.0
|
53.1
|
2.1
|
—
|
—
|
4.2
|
11.5
|
—
|
—
|
Qazax
|
5.6
|
3.7
|
0.0
|
66.7
|
9.0
|
0.0
|
1.9
|
0.0
|
—
|
Qırğız
|
1.9
|
63.5
|
1.9
|
—
|
—
|
4.9
|
2.4
|
—
|
0.0
|
Uyğur
|
17.6
|
22.1
|
0.0
|
—
|
—
|
34.0
|
6.0
|
0.0
|
4.4
|
Özbək
|
9.8
|
25.1
|
2.2
|
—
|
—
|
21.4
|
0.0
|
—
|
3.0
|
Türkmənistan türkmənləri
|
36.7
|
6.7
|
0.0
|
—
|
—
|
23.8
|
9.5
|
—
|
0.0
|
Tatar
|
8.7
|
34.1
|
4.0
|
—
|
—
|
—
|
23.0
|
—
|
—
|
Yakut
|
—
|
—
|
—
|
—
|
—
|
—
|
80.0
|
—
|
—
|
Qeyd etmək lazımdır ki, J genomuna Gürcüstan ərazisindəki Satsurbliya paleolit mağarasında və Kotias Klde mezolit dövrünə aid karst mağarasında yaşamış adamların qalıqlarında rast gəlinib. Bunlardan birincisi 13132-13138 il, ikincisi isə 9529-9895 il öncə yaşamışlar (Y Chromosome Consortium, 2002). Hazırda bu haploqrup Nax-Dağıstan dillərində danışan xalqlarda dominantlıq təşkil edir və ümumiyyətlə Şimali Qafqazda G haploqrupundan sonra ikinci yerdədir. Amma Qafqaza kənardan gəlmə olan G-dən fərqli olaraq, J DNT xromosomu yerli haploqrupdur. Onun daşıyıcıları, çox güman ki, 15 min il öncə də indi danışdıqları dildə, daha doğrusu Nax-Dağıstan dillərinin nax (çeçen və inquş) və Dağıstan dillərinə parçalanmamış olduğu dövrün vahid əcdad dilində danışırdılar. Əlbəttə, bu bir ehtimaldır, onu sübut etmək üçün əldə yeganə dəlil odur ki, sözügedən haploqrup Nax-Dağıstan xalqlarından çeçenlərdə və inquşlarda təqribən 80 %, dağıstanlılarda (ləzgilərdə, kubaçinlərdə, darginlərdə, tabasaranlarda, laklarda və s.) 60-70 % təşkil edir, amma deyilən fikrin əksini sübut etmək üçün heç bir əks dəlil tapmaq da mümkün deyil.
Beləliklə, dünyanın ilk şəhəri və mədəniyyət mərkəzi hesab edilən Çatal-Höyükün ərsəyə gəlməsində və deməli, həm də Neolit inqilabının baş verməsində türklərin ulu babaları ilə yanaşı Nax-Dağıstan xalqlarının da əcdadları müəyyən qədər iştirak etmişlər.
Çatal-Höyükükün arxeoloqlar tərəfindən üzə çıxarılmış ən qədim təbəqəsi e.ə. 7400-cü illərə təsadüf edir. Sakinlərin şəhəri tunc dövründən əvvəl, təqribən e.ə. 5600 il öncə ekoloji problemlər üzündən tərk etdiyi hesab edilir.
Şəhərin qazıntılarına 1958-ci ilin 10 noyabrında başlanmışdır. Qazıntıları ilk dövrdə Britaniya Arxeologiya İnstitutunun üç əməkdaşı – Devid Frenç, Alan Holl və Ceyms Mellart aparmışlar.
Hər şey Konya yaxınlığında çatalı (çəngəli) xatırladan iki höyükün (təpənin) arxeoloqların diqqətini çəkməsindən, ilkin kəşfiyyat işləri zamanı keramika qırıqları və obsidana rast gəlməsindən və təpələrin altında unikal bir neolit məskəninin gizləndiyinin anlaşılmasından sonra başlandı (Balter Michael., 2005, p. 127).
Çatal-Höyükün ilk qazıntılardan sonrakı görünüşü
1961-ci ilə qədər arvadı ilə birlikdə Hacılar-təpənin qazıntılarında iştirak edən C. Mellart oradakı işlərini tamamladıqdan sonra Çatal-Höyükün qazıntılarına başlamış və bu işə 1965-ci ilə qədər bilavasitə özü rəhbərlik etmişdir (Kleiner Fred S., 2006, p. 12–14). O, arxeoloji işlərlə məşğul olduğu dövrdə onunla birlikdə Danimarka Milli Muzeyinin əməkdaşı, paleobotanik Hans Halbaerk də paralel tədqiqatlar aparırdı. Danimarkalı alim burada mədəni buğda, arpa və noxud qalıqları taparaq tədqiq etmiş və Çatal-Höyükün dünyanın ilk əkinçilik mərkəzlərindən biri olduğunu təsdiq etmişdir (Hans Helbaek, 1964, p. 121–123).
Arxeoloji qazıntılar nəticəsində məlum oldu ki, Çatal-Höyüklülər mis əldə etməyi öyrənən və bununla da eneolit inqilabına imza atan ilk pionelərdən olmuşlar.
Belə hesab edilir ki, Azərbaycanda və ümumilikdə Qafqazda Мezolit dövrü Neolit dövrü ilə e.ə. VII-VI minilliklərdə, yəni Anadoludan bir qədər gec əvəz olunmuşdur. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Anazağa, Firuz, Böyükdağ), Naxçıvan Kültəpəsində, Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat keçirdiyini göstərir (Baxşəliyev V. B. 2007, s. 30).
Qafqazda, o cümlədən Azərbaycanda Eneolit dövrünə keçid də Anadolu ilə müqayisədə bir qədər gec baş vermişdir. Bu, e.ə. VI-IV minillikləri əhatə edir. Bu dövrdə mis emalının və metalişləmənin əsası qoyulmuşdur. Azərbaycanın mis yataqları ilə zəngin olması və bu ərazidə mis külçəsinə rastlanması mis emalının erkən meydana gəlməsi və inkişafı üçün şərait yaratmışdır. Eneolit dövründə iqtisadiyyatın inkişafı əhali artımına səbəb olmuş, yaşayış üçün əlverişli olan yeni ərazilər məskunlaşdırılmışdir (Baxşəliyev V. B. 2007, s. 32).
Çatal-Höyükdə evlər çiy kərpicdən divar-divara tikilirdi, bu səbəbdən də onların qapı və pəncərələri olmurdu. Qapı və pəncərə rolunu damda açılmış girişlər oynayırdı. Bu girişlər evin həm qapısı, həm işıqlanma və ventiliyasiya sistemi, həm də bacası rolunu oynayırdı. Evlərə həmin girişlərdən nərdivanlarla daxil olurdular. Evlərin bir-birinə bitişik damları küçə və meydançaları əvəz edirdi.
Bütün bu deyilənləri nəzərə alaraq, biz türkün arxeoloji və genetik tədqiqatlarla tam dəqiq təsbit edilmiş və izlənə bilən genetik tarixini, eləcə də mədəniyyət tarixini məhz Çatal-Höyükdən başlamaq lazım olduğu qənaətindəyik.
Çatal-Höyüklülər ölülərini kurqanlarda basdırmırdılar və belə hesab edilir ki, kurqanda dəfn adəti eneolit dövründə peyda olub. Amma əldə olan bəzi məlumatlar sözügedən adətin artıq neolit dövründə cücərməyə başladığını və bunun Azərbaycan ərazisində baş verdiyini ciddi şəkildə ehtimal etməyə əsas verir. Bu barədə sonra danışacağıq.
Qaynaqça
-
Anil K. Gupta. Origin of agriculture and domestacion of plants and animals linked to early Holocene climate ameliration // Current Science, Vol. 87, No. 1, 10 July, 2004.
-
Balter Michael. The Goddess and the Bull. New York: Free Press, 2005.
-
Baxşəliyev V. B. Azərbaycan arxeologiyası ( Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007, 239 s.
-
Hans Helbaek. First Impressions of the Catal Huyuk Plant Husbandry // Anatolian Studies. 1964. № 14. p. 121–123.
-
Hodder İ. Çatalhöyük’te 9 Bin Yıl Önce Hükümetsiz Eşit Bir Yaşam Vardı. Arkeoloji Haber. 23 Eylül 2014.
-
Distribution of European Y-chromosome DNA (Y-DNA) haplogroups by country in percentage, Feb 2012 (http://www. eupedia.com/europe/ european_y-dna_haplogroups.shtml).
-
Kleiner Fred S. Gardner's Art Through the Ages: The Western Perspective: Volume 1. Twelfth. Belmont, California: Wadsworth Publishing, 2006.
-
Yali Xue, Tatiana Zerjal, Weidong Bao, Suling Zhu, Qunfang Shu, Jiujin Xu, Ruofu Du, Songbin Fu, Pu Li, Matthew E. Hurles, Huanming Yang, and Chris Tyler-Smith. Male demography in East Asia: a north-south contrast in human population expansion times, Genetics, 172:4 (April 2006): p. 2431-2439.
-
Y Chromosome Consortium "YCC" (2002). «A Nomenclature System for the Tree of Human Y-Chromosomal Binary Haplogroups». Genome Research 12 (2): 2002, p. 339–348.
-
Иерихон // Электронная еврейская энциклопедия.
-
Чайлд Г. Древнейший Восток в свете новых раскопок / Предисловие В. И. Авдиева; пер. с англ. М. Б. Граковой-Свиридовой. М.: Издательство иностранной литературы, 1956. 324 c.
Dostları ilə paylaş: |