Bəxtiyar Tuncay
Noyabr ayının son iki gününün xronikası: Fasiləsiz mitinqlər və tətil davam edir, ermənilər Bakıdan gedir
Ədalət Tahirzadə yazır:
«29 NOYABR 1988.
13.00. Yataqxana qonşularəm Nazım və Qurbanla birgə aerokassaya gəldik baxmağa. İçəri adamla dolu idi. Bayır qapının birinin ağzı yalnız ermənilərlə dolmuşdur. Qapıda rusca yazı vardı: “6 zal – prodaja biletov tolko na Yerevan” (6-cı zal. Yalnız yerevana bilet satışı). Burada 200-300 erməni vardı. Gələndə “Elmlər Akademiyası” metro stansiyasındakı aerokassanın qarşısında da çoxlu adam yığışmışdı. Deyilənə görə, aeroportda da erməni əlindən tərpənmək mümkün deyil.
13.10. Zorge küçəsində poliklinikaların yanından keçirik. Birinin qapısı ağzında qırmızı pillə üstündə yazılmışdır: “Tətilçilər, tibb işçiləri sizinlədir!”. Başqa bir poliklinikanın pəncərəsində kağız yazılıb vurulmuşdur: “Tibb işçiləri tətilçilərə xidmət edir. Yaşasın Qarabağ!”.
Ü.Hacıbəyov küçəsində rus əsgərləri bir erməninin (köçən) ev şeylərini maşına yükləyirlər.
***
Srağagün Azərbaycan televiziyası ilə akademik Firidun Köçərli çıxış edib. Camaatda şair Qabilin çıxışı nə qədər məhəbbətlə qarşılanmışdısa Firidun Köçərlinin çıxışı o qədər etiraz doğurmuşdu. F.Köçərli dindarların mitinqdə çıxışını ələ salmış, ümumiyyətlə, çıxış edənlərin savadsız olduğunu demişdi.
***
Yerevana dekabrın 27-sinədək biletlər satılıb qurtarıb.
***
İçəri dünən gecə odun buraxmayıblar. İndi də tək-tük odun keçirmək istəyənləri qoymurlar. İki-üç oğlan əlində şirə balonu içəri keçmək istəyirdi. Bizim növbətçilər qoymadılar, dedilər ki,əsgərlər onsuz da sındıracaq.
13.25. Meydanda adam azdır, 200-250 min olar. Meydan təmizlənib. Bu gün Akademiyadakı 143 N-li poçtun müdiri, erməni Davidova Karinanı işdən çıxarıblar (əsasən qadınlar). Camaatın Moskvaya vurduğu etiraz teleqramlarını ötürmürmüş.
***
Hava səhərdən çisəkli-yağışlıdır. İndi isə buludlar parçalanıb.
***
14.00. “XXII qurultay adına neftayırma zavodunun çadırında olduq. Tətil edirlər, ancaq çalışırlar ki, xarici ölkələrə cərimə verməsinlər. Çox mübariz əhval-ruhiyyəli kollektivi vardı. 1989-cu il üçün Ermənistana neft göndərilməsinə etiraz edirlər. Dedilər ki, zavod tezliklə tamam dayanacaq, çünki tankerlər neft daşımır. Bir döyüşkən qız dedi ki, 17 ermənini zavod əmək kollektivi şurasının qərarı ilə işdən azad etdik. (Bu üsulu ilk dəfə S. Rüstəmxanlı irəli sürmüşdü). Beləliklə, Bakının ən böyük sənaye müəssisəsi keçən V gündən (25 noyabrdan) tətilə qoşulub…» (5).
Noyabr-dekab mitinqləri təkcə özünün əzəməti, xalqın möhtəşəm birliyi ilə deyil, eyni zamanda o vaxta qədər keçmiş SSRİ-də misli görünməmiş tətil hərəkayı ilə də yaddaşlara həkk olunmuşdur.
Belə hesab edilir ki, SSRİ tarixində siyasi amaclı ilk tətillər ermənilər tərəfindən keçirilib. Amma həqiqət budur ki, SSRİ-də ilk dəfə, lokal şəkildə və iqtisadi amaclı da olsa, tətil keçirməyə cəhd hələ 1986-cl ildə Nemət Pənahlının təşəbbüsü ilə L. Şmidt adına zavodda edilib. Nemət bəy bu barədə yazır: «…Bizim 12-ci sexdə də keyfiyyət məsələsini ortaya atdılar. Bu da onunla nəticələndi ki, növbə ərzində biz daha on-on iki detal yox, ən yaxşı halda 5-6 detal hazırlaya bilirdik. Belə olduğu üçün də maaşımız birdən birə iki dəfə azaldı.
Uşaqları, çətinliklə də olsa, inandırdım ki, hazırladığımız detallara qoyulan qiymətləri dəyişə bilərik. Tələbimiz sükutla qarşılandı. Belə olan halda, iş yoldaşlarımı tətil etməyə və işi dayandırmağa inandıra bildim. Bir gün belə, iki gün belə… Bütün zavod həyacana gəldi. Məsələ burasındadır ki, bizim sex işləməyəndə bütün zavod məcbur dayanırdı. Həmin günlərin termini ilə desək, iş ahəngi pozulurdu. Üç gün sonra məcbur qalıb maaçımızı artırdılar və biz yenidən işə başladıq. Bu, mənim fəhlələrin gözü qarşısında baş verən ilk gözəgəlimli qələbəm idi. Odur ki, nüfuzum birdən-birə daha da artmış oldu. Nüfuzumun artması isə zavod rəhbərliyinə sərf etmirdi. Bu onları qorxudurdu. Odur ki, başıma çox sayda cəlbedici və şiriniləndirici təkliflər yağmağa başladı. Öncə təklif etdilər ki, işə çıxmayım, ayda bir dəfə gəlib imza ataraq maaşımı alım. Razılaşmadım. Daha böyük vədlər gəldi: 1 otaqlı mənzil, ali məktəbin tələbə bileti və s. Təklif vədlərə laqeyid yanaşmam təkcə rəhbərliyi deyil, fəhlə yoldaşlarımı da çox təəccübləndirirdi…» (3, s. 100-101).
Ə. Tahirzadənin qeydlərində daha sonra oxuyuruq: «Bu gecə çadırlar az qala ikiqat artıb. hər çadırın qarşısında onun məxsus olduğu rayonun, kəndin, müəssisənin, zavodun və b. adı yazılıb. Meydanın cənubu artıq çadırlarla başdan-başa örtülüb. Ermənistanlılar danışırlar ki, Ermənistandan getmək çox qorxulu olub, ermənilər yolda maşının qabağını kəsib yandırır, dağıdırlar. Ağsu rayonunun çadırındakılar deyirlər ki, Ağsu, Şamaxı, İsmayıllı rayonlarında erməni kəndlərini kütləvi şəkildə boşaldırlar. Şamaxının və İsmayıllının I katibləri bu işdə fəal iştirak ediblər. Tapşırıblar ki, nə edirsiniz edin, ancaq ölüm olmasın. İndi erməniləri Mərəzəyə yığıb oradan yola salırlar.
***
İki gün qabaq Kirov rayonunda bir erməni öz evini yandırıb qaçıb. ki, guya bizimkilər edib bunu.
15.00. Əsgərlərin yanında durmuş növbətçi oğlanla söhbət edirəm - odunu içəri buraxmamağaəmr verilib, ərzaq da buraxmırlar. Bununla camaatı dağıtmaq istəyirlər. Yeni Suraxanı kəndinin çadırında söhbət edən qoca bir kişi deyir ki, heç kəs bura yeməyə gəlmir, ac dolansaq da duracağıq. Bir orta yaşlı kişi onun sözünə qüvvət verib dedi ki, odun da verməsələr kürək-kürəyə söykənib qızınacağıq, özümüzü yumruqla isidəcəyik, ancaq buradan getməyəcəyik. Ermənilərin kütləvi getməsindən söz düşəndə dedilər ki, Yerevana biletin qiyməti 300 manata, Moskvaya isə 150 manata qalxıb. Gərək sakitliklə çıxıb getsinlər. Öldürmək, döymək olmaz. Bir oğlan dedi ki, bazarda, çörək mağazalarında onlara yemək satılmır. (Bu hərəkat, deyəsən, genişlənib).
Bəli, bu gün mənə aydın oldu ki, erməniləri Azərbaycandan çıxarmaq uğrunda kütləvi, geniş hərəkat başlanıb. Bu, Ermənistandan bizimkilərin çıxarılmasına cavabdır. Əgər fevral-iyun aylarında onların bu hərəkətinə laqeyd yanaşdıqsa, indi xalq heç bir vədə, beynəlmiləlçilik çağırışına qulaq asmaq istəmir; o, ermənilərə nifrət edir, onlara inanmır.
15.35. Radio ilə: Prokurorluğun verdiyi rəsmi məlumat. Dövlət əmlakını külli miqdarda mənimsədiyinə görə Stepanakert inşaat materialları kombinatının sabiq direktoru Manuçarov həbs edilmişdir. Cinayətkar dəstənin başqa üzvləri də həbs edilmişdir. (“Ura!”).
***
96-25-53 (Hacı Əzim Əzimov) (Şaumyana aid sənədlər var).
***
İngiliscə şüar: “To restore the soviet power in upland Karabakh”. “We uphold a just cause!”. Türkcə: “Dağlık Karabağda Sovyet Hakimiyeti berpa edilmelidir”.
***
16.35. Zığ kəndindən çadırında kağız üstündə karandaşla yazılıb: “Ermənin yaxşısına lənət”. Çadırın üstündə Türkiyənin bayrağı dalğalanır. Boynuna qırmızı lent bağlamış qurbanlıq qoyun var. Yəqin ki, axşam kəsib camaata paylayacaqlar.
***
Çadırları da içəri keçirməyə qoymurlar. Ona görə bir neçə çadır əsgər sırasından bayırda, “Abşeron” mehmanxanasına tərəf qurulmuşdur.
17.00. Qobustan qəsəbəsi sakinlərinin çadırı yanında bir qoçu kəsib ağacdan asmışlar. Boynu lentli bir çöngə ilə qoyun isə növbə gözləyir.
***
Yeni şüarlar:
"Bakı nümayişçilərinə Qəbələ (Qutqaşen) hədiyyəsi",
"Əli bəy Huseynzadə, Əliağa Kürçaylı, Xəlil Rza ( Salyan rayonu nəzərdə tutulur) yurdundan gəlmişik!, Qorbaçov, biz səni gözləyirik.
17.30. Bir oğlanın başında qırmızı türk fəsi var (ortası qotazlı). Zavodların (tətilə çıxan) sayı xeyli artıb. Ona görə daha onların adlarını göstərmirəm. Bu gün işləməyən zavodlardansa işləyən zavodların adını sadalamaq daha asandır. Adamları hər iki mehmanxana tərəfdən əsgərlər, sonra isə bizim uşaqlar diqqətlə, yalnız pasportuna görə yoxlayıb buraxırlar. Meydanda 350-400 min adam var (təkcə çadırlarda 20-30 min nümayişçi olar). Qalanların hamısı fəhlə və ziyalılardır. Vəzifəli adamlara rast gəlməzsən. Döşündə “Qızıl ulduz”, “Oraq və çəkic” ordenləri, Ali Sovet deputatının nişanı olan bir nəfəri də görmədim. Akademiklər, SSRİ xalq artistləri, xalq şairləri, xalq yazıçıları və b. yoxdur bu adamlar arasında. Şairlərdən Qabil, yazıçılardan Yusif Səmədoğlu, alimlərdən Kamil Vəliyev gecələr də meydanda olur. Bir neçə dəfə rejissor Eldar Quluyevi görmüşəm.
Rejissor Eldar Quliyev
17.45. Hava bərk soyuqdur. Dostum Qorxmaz Məmmədovla birgə gəzişirik. Tribunalarda əvvəlki coşğunluq yoxdur. Doğrudur, soldakı 1-inci tribuna yenə “formadadır”, ancaq bütövlükdə coşğunluq get-gedə azalır - deyəsən, uşaqlar gündən-günə yorulur.
Xor:
“Biz ölərik, Ne”məti tək qoymarıq!”.
Soldakı 2-ci tribunanın arxasında boş qalan yerdə samovar qoyublar. Qızlar buradan tribuna sakinlərinə çay verir, onları qızdırırlar.
***
Camaat odunu paltarlarının altında xəlvət keçirir içəri.
18.00. Hava tamam qaralıb. Bu gün mikrofon verilməyib. Camaat yerindən tərpənmir. Şüarlar eşidilir:
“Əhmədova azadlıq!”,
“A - zər - bay - can!”,
“Qa - ra - bağ!”,
“Sum - qa - yıt!”,
“Ne-mət!”.
Hökumət evinin divarları və qarşıdakı, meydanın dəniz tərəfindəki iki dəmir qurğunun - məhəccərin üstü qırmızı və ağ parça üzərində yazılmış şüarlarla doludur. Tribunaların qarşısından təxminən 15 metr aralı sahə boya-boy boşdur. Camaatın qarşısını qadınlar kəsib - onlar uzun skamyalarda oturub. Çoxusunun dizinin üstünə qatlanmış adyalsalınıb. Arxalarında isə camaat ayaq üstə durub. Meydanın işıqları yandırıldığı üçün hamı bir-birini yaxşı görür.
18.10. Radio ilə təcili məlumat: SSRİ Səhiyyə Nazirliyi və respublika SN bildirir ki, meydanda epidemiyanın yayılması üçün təhlükə son həddə çatmışdır. Ona görə epidemiyanın bütün Bakıya yayılmaması üçün qadın və uşaqların meydanda qalması qadağandır. (Təkrarı fitlə, uğultu ilə qarşılandı).
“Öldü var, döndü yox!”,
“Biz ki varıq, xəstəlikdən qorxmarıq!” (xor, sürəkli).(Soyuq havada epidemiya yayılması mümkün deyil).
18.15. Aclıq edən oğlanlardan biri boşaldılmış meydançadan keçir. Hər yandan “eşq olsun!” sədaları ucalır. Bir oğlanla əyninə əsgər şineli geymiş qızın qoltuğunda olan bu oğlan hansı dəstənin qarşısından keçirdisə bu səs ucalır. Deyəsən, oğlan camaata ruh verməkdən ötrü gəzir.
18.20. Biz soldakı 1-inci tribunada tələbələr arasındayıq. Uzaqda sağdakı (üzbəüz) dəmir qurğu üzərinə bu şüarlar (hərəsinin uzunluğu 20-30 m) bağlanılır:
“Kirovabad şəhəri dahi şairimiz Nizami Gəncəvinin adını daşımalıdır!”,
“Azərbaycan SSR-in suveren hüquqları təmin edilsin!”,
“Gələcəyimiz naminə Azərbaycanda olan kimyəvizavodlar ixtisar olsun!”.
Göy parça üzərində ağ rənglə yazılan bu şüarların məzmunu üslubca qüsurlu olsa da səliqəsindən bilinir ki, peşəkar rəssam (yəqin ki, tələbə) əlindən çıxıb. Özüm əl çalmaq istəyəndə gördüm ki, bu soyuqda əl çalanda adamın əli sızıldayır. Deməli, əlçalanlar məhz bu səbəbdən azalıbmış!
18.30. Meydan sağdan və soldan yavaş-yavaş “əriməyə” başlayır.
Xor:
“Qurban olum Qarabağın daşına,
Daşı düşsün erməninin başına!”.
Bir dəstə qadın qabaqdan keçib getmək istədi.
Xor:
“Ay camaat, getməyin!
Meydanı tərk etməyin!”.
Çağırışa baxmayaraq onlar getdilər.
Xor:
“Ermənilər getdilər,
Meydanı tərk etdilər!”.
18.40. “XVI əsrdə azəri türklərinin Səfəvi dövləti” xəritəsi (əldə çəkilmə) baş tribuna qarşısına qoyulmuşdur.
18.49. Şərgşunaslıq İnstitutunun elmi işçisi Çeşmazərlə söhbət edirdik. Qorxmaz soruşdu ki, niyə Demokrat Partiyasını Tudə partiyasından ayırmırsınız? Cavab: Bunu KQB istəmir. Mən 6 il DP katibi olmuşam. Mən katib olanda partiyanı Qulam Yəhya əlimdən aldı, məni Kamçatkaya, Sibirə göndərtdi. DP-nın məhvinə o, qol çəkdi. İndi qəbri Bakıda, Fəxri xiyabandadır. Bir qız soruşdu ki, indi Cənubla birləşmək mümkündürmü? Cavab:
- Yox. Birincisi, ona görə ki, xalq hələ bu fikrə hazır deyil. İkincisi də, Cənubda bizə “Rusiyət” deyirlər ki, bu da vəziyyəti mürəkkəbləşdirir.
18.55. Nemət böyük bir dəstə ilə gəldi “əfqanlar”ın əhatəsində. Baş tribunanın sağından milislər onu yuxarı buraxmadılar. Sol tərəfdən qayıdıb gəldi. Yarıya kimi qalxdı yuxarı. Tribunadan 2-3 nəfər təhlükəsizlik əməkdaşı çıxıb onunla nəsə danışıq apardı.
“Ne-mət!”, “Ne-mət!” (sürəkli)» (5).
Ədalət bəyin qeydə aldığı bu epizodda iki önəmli məqamın şahidi oluruq. Birincisi, adına Siyaməkin xatirəsində də rast gəldiyimiz Çeşmiazərin «Tudə» Partiyasının MK üzvü Heşmətyar Rəisidən fərqli olaraq, meydanda sərbəst dolaşdığı məsələsidir ki, çox gümün ki, ətrafı müşahidə edərək, növbəti təhlillər üçün vəziyyəti öyrənirmiş.
İkinci nəqam, artıq Nemətin tribunaya buraxılmamasıdır. Bu, şübhəsiz ki, hədəfin SSRİ-dən ayrılmaq olduğunu, Azərbaycanda Milli Azadlıq Hərəkatının başlanmasını bəyan etməsi ilə əlaqədar idi.
Ədalət Tahirzadə daha sonra yazır:
«21.30. Meydanın özündə təxminən 10-15 min adam var.
Lap yeni şüarlar:
“Var olsun xalqa qoşulanlar!”.
“Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!”,
“Qanımı verərəm,
Qarabağı vermərəm!”.
21.40. Salyandan gəlmiş 80 yaşlı Kərimova Kiçikxanımla söhbət etdim. Həmrəylik üçün bura gəlmişdir. Gecəni də burada qalacaq. Meydanı hərlənən dəstəyə qoşulub “Qarabağ” qışqıra-qışqıra getdi.
22.35. 6 maşın gəldi (içi dolu əsgər), dolanıb “Azərbaycan” mehmanxanası tərəfə keçib ötdülər. Camaat bunu görüb təşvişə düşdü. Hamı tez əsgərlər tərəfə axışdı. Bir azdan həyəcanlar yatdı. Camaatda, bir növ, başıpozuqluq yarandı. “Təşviqatçı” jurnalının müxbirləri Şaiq və Məmməd şikayətlənirlər ki, niyə belə başsızlıq yaranmağa qoyublar? Bu fikrə gətirən səbəblərdən biri bu gün mikrofonun verilməməsi və nümayiş komitəsi üzvlərindən heç kəsin camaat içinə çıxmamasıdır» (5).
Tahirzadənin bu qeydindəki bir məqam da çox önəmlidir. Bir yandan qeyd edir ki, Nemət böyük bir dəstə ilə gəldi “əfqanlar”ın əhatəsində. Baş tribunanın sağından milislər onu yuxarı buraxmadılar. Sol tərəfdən qayıdıb gəldi. Yarıya kimi qalxdı yuxarı. Tribunadan 2-3 nəfər təhlükəsizlik əməkdaşı çıxıb onunla nəsə danışıq apardı. O biri yandan da deyir ki, nümayiş komitəsi üzvlərindən heç kəs camaat içinə çıxmamışdır. Bu fakt bir dafa sübut edir ki, Nemətin «nümayiş komitəsi»nə heç bir dəxli olmadığı kimi, «nümayiş komitəsi»nin də bu mitinqin idarəçiliyinə heç bir dəxli olmamışdır. Bu isə sözügedən «komitən»i hakimiyyətin əlində bir alət adlandıran Nemət Pənahlı və Məhəmməd Hatəminin haqlı olduğunu təsdiqləyir. Həmin komitə əmrləri bilavasitə Vəli Məmmədov və Rafiq Zeynalovdan, onlar isə Əbdürrəhman Vəzirovdan alırdılar.
Tahirzadənin yazdığına görə, «Yoldaşlar deyirlər ki, bu meydanda 13 gündür ki, Azad Azərbaycan hökuməti mövcuddur. Bu meydanda tam demokratiya hökm sürür. Camaatın böyük əksəriyyəti Nemətin dünənki çıxışından əsasən narazı qalıb; SSRİ-dən ayrılmaq, leninizm - pyotrizm və sosializm - faşizm kimi bənzətmələrin hələ çox tez olduğunu söyləyirlər. Düzdür, Nemət özü də dünən dedi ki, mikrofon verilmədiyinə görə hirslənib belə sözlər dedim, ancaq, hər halda, bu sözlərin ciddi deyilmədiyini düşünmək yanlış olardı. Mən bir şeyi hiss edirəm ki, xalq hərəkatını içəridən parçalamaq üçün güclü təbliğat aparılır. Dünən Nemət onu nüfuzdan salmağa çağıran gizli bir təlimatı oxudu. Camaatın içində də mən məhz mitinq üçün gəldiyinə inanmadığım bir çox adamı görürəm.
Dünəndən Sabir, Əbülfəz və Xəlil Rza tribunada görükmür. Deyəsən, Nemətlə onları ayrı sala biliblər. Əslində Nemət özü də buna şərait yaradır. Mən ona hörmət bəsləyirəm; hərəkatın son dərəcə mütəşəkkilliyində, camaatın ideyaca mətinləşməsində onun rolu hədsizdir. Həm də əqidəsindən onu döndərmək, ələ almaq çox çətin, daha doğrusu, qeyri-mümkündür. Ancaq dünəndən hiss etdim ki, onda böyüklük hərisliyi, həvəsi yaranır və özünü Xiyabaninin, Səttarxanın yerində hiss edir. Bu hiss indi reallıq ölçülərini məhv etdirməklə yanaşı özünü də fəlakətə apara, xalq hərəkatını uçuruma yuvarlada bilər. Mənim də, ziyalılarımızın çoxunun da arzusu budur ki, Sabirin zəkası, təfəkkürü ilə Nemətin mətinliyi ayrı düşməsin.
Hamı hərəkatımızın taleyi üçün təşviş keçirir, 13 günlük zəhmətin, əziyyətin bəhrə verməsini arzulayır. İndiliksə meydanda dayanmışıq, tələbələr əsgərlərə “psixi təsir” göstərmək üçün “Qa-ra-bağ!” qışqıra-qışqıra meydanı dörd dolanırlar.
Bir müşahidəmi də yazmaq istəyirəm. Qızlarımızın başında kələğayılar çoxalıb. Özü də bu yaylıq onlara çox yaraşır!
Xor: “Ermənilər çuşkadır,
Bizimçün iqruşkadır!”.
Əsgərlər girən gecəsi (24-ünə keçən gecə) bəzənmiş 38-69 AQ, “Jiquli” (rəssam Şahinin maşını) tankın qabağına keçmişdi ki, içəri girmək istəyirsinizsə məni basıb keçin. Bu maşın hər gün camaata yemək gətirir. Sürücü gecələr onun içində yatır və maşını həmişə sağ tribunanın qarşısında saxlayır. Bu gecə əmrlə odunsuz qaldığı üçün meydanda tonqalların sayı xeyli azalıb. Əksinə, çadırların sayı ölçüyəgəlməz dərəcədə artıb. Onların hamısının içində isə dəmir sobalar qoyulub. Meydanın cənubu, ortadakı fəvvarənin dörd yanı və sol-sağdakı bütün ağaclıqlar (dənizədək) çadırlarla dolub. Çadırlardan kiçik şəhər yaradılıb.
Onu da hökmən deməliyəm ki, hər tonqal başı, hər çadır təbliğat mərkəzinə çevrilib. Ziyalılarla fəhlələrin çox maraqlı söhbətləri olur. Mən bu 13 gündə bir dəfə də olsun şəxsi söhbət eşitmədim. Hamı istisnasız olaraq Azərbaycanın taleyi ilə bağlı mövzuda danışır. Alimlər, jurnalistlər, yazıçılar və başqaları öz bildiklərini həvəslə fəhlələrə çatdırırlar. Bu gecə mənyataqxana qonşum Qorxmazla birgə poladəritmə zavodunun çadırında oldum. Çay içəndənsonra söhbətimiz alındı. Qorxmaz fəhlələrin Cənubi Azərbaycanla birləşmək imkanımız, ruhanilərə, dinə münasibət, Azərbaycanın gələcəyi və s. haqqında suallarına çox geniş və əhatəli cavab verdi. Mən isə milli birliyin yaranması üçün dilə sevgini dinə pərəstiş səviyyəsinə qədər qaldırmağın zəruriliyini dedim və dil sevgisi ilə bağlı bir çox faktlar gətirdim, uşaqları ana dilində oxutmağa çağırdım. Söhbətimiz fəhlələrin çox xoşuna gəldi. Bütün çadırlarda belə söhbətlər gedir. Çadırların əksəriyyətində yemək-içmək axşamüstü boldur. Deyəsən, özlərinin də ac qala biləcəyini duyan əsgərlər qoyunların və yeməyin içəri keçirilməsinə liberal yanaşıblar. Təkcə Ağsu rayonunun çadırı yanında 8 qoyun cəmdəyi təmizlənib ağacdan asılıb. Əmircan kəndinin, musiqiçilərin çadırları yanında da qoyunlar şaqqalanıb və camaata kabab verilir. Bakı komendantının əmri ilə şəhərə rayon maşınları buraxılmadığına, ərzaq maşınları geri qaytarıldığına görə indi Bakı kəndləri bu boşluğu doldururlar. Zirə, Hövsan, Zığ, Pirhəsən, Əmircan, Yeni Suraxanı və başqa kəndlərdən gələnlər çox qeyrətlə camaata yemək verir. Çay, çörək, yemək, demək olar ki, bütün çadırlarda az və ya çox dərəcədə var. Kim hansı çadıra istəsə girib qonaq ola bilər.
Böyük lövhədə şer bəndi:
“Mən bu meydana qədəm qoymamışam şöhrət üçün,
Mal üçün, izzət üçün, şövkət üçün, sərvət üçün.
Yaradıb haqq məni öz millətimə xidmət üçün,
Hazıram canı fəda etməyə bu niyyət üçün.
Məhəmməd Biriya”» (5).
Tahirzadənin noyabrın 29-u ilə bağlı qeydlərindən belə məlum olur ki, həmin gün mikrofon sönük olduğundan və Nemətin tribunaya yolu bağlı olduğundan həmin gün heç bir çıxış olmayıb. «Nümayiş komitəsi»nin üzvləri də yuxarıdan əmr gəlmədiyi üçün meydanda görünməyiblər.
Salnaməçimiz növbəti gün baş verənlərin təsvirinə belə başlayır:
«30 NOYABR 1988.
00.10. Sol tribunanın qarşısında ortada bir oğlan əlindəki ağaca bağlanmış iki bayrağı (Azərbaycanın) yellədir, ətrafda isə oğlan və qızlar "Azərbaycan", "azərtürk" oxuya-oxuya yallı gedirlər.
00.15. Radio ilə meydana xəbər verildi ki, Nemət xalqı, guya rus xalqını təhqir edir. Camaatı hərbi vəziyyətdə küçəyə çıxmağa çağırır. Onu köhnə rəhbərliyin adamları öyrədib. Nemət deyir ki, hökumət yoxdur. O, xalqı qırğına çağırır. (Danışan Tibb İnstitutunun aclıq elan edən tələbəsidir). Azərbaycanı müxtəlif torpaqlara bölmək gərək deyil. Xalqı qırğına aparmaq istəyir Nemət. Biz birləşməliyik. (Veriliş televiziyada gedir). Nemət bir sözü beş dəfə təkrar edir. Əsas işimiz o idi ki, Topxanada işi dayandırdıq. (Fit, "satqın!", "Ne-mət!" – sürəkli). (Veriliş yalnız Nemətin mənəvi məhvinə həsr edilib). Meydanda külli miqdarda pul yığılıb, hanı o pullar?
00.55. "Ne-mət!", "Ne-mət!". Tonqal ətrafında söhbətlər oldu.
Heç kəs eşitdiyinin həqiqiliyinə inanmırdı. Birisi dedi ki, bu gecə də yatmamaq üçün bir şey lazım idi, o da oldu.
00.57. Nemət gəldi camaatın içinə. Tofiq Fikrətin "Millət şərqisi"ni əzbər dedi. Sonra bildi ki, mikrofon quraşdırılıb, danışmaq üçün getdi dəniz tərəfə.
***
Bir oğlan: Gedin Nemətə deyin ki, mingəçevirli Qismət deyir ki, onun yolunda can verməyə hazırıq. Zəng vurmuşam, sabah mingəçevirlilər burada olacaq. (Radioda, televiziyada danışan: Zeynalov Namiq - ağdamlı. ATİ, IV kurs. 6 il həbsdə yatıb)…» (5).
Namiq Zeynalovun televiziyadakı çıxışı, əlbəttə ki, aysberqin gözlə görünən hissəsi idi. Gözlə görünməyən hissəsi isə qondarma «nümayiş komitəsi»nin Nemətə qarşı apardığı iyrənc təbliğat və təxribat kampaniyası idi ki, bu kampaniyanı Məhəmməd Hatəmi «Acı həqiqətlər» kitabında tam çılpaqlığı ilə ifşa etmişdir (1, s. 52).
Nemətin tribunaya yolu kəsildikdən sonra meydanın ortasında bu sətirlərin müəllifinin «qızılbaş» dostları ilə birgə meydaın ortasında qurduğu mikrofona yaxınlaşmış və nitqlərini oradan söyləmişdir. Məlumat üçün bildirim ki, biz həmin mikrofonu quraşdıranda, Becan Fərzəliyev və Fəzail Ağamalı yanımıza gəlmiş, bunun iki tirəliyə səbəb olacağını söyləyərək, mane olmağa çalışmışdılar. Fəqət onlara heç bir əhəmiyyət verməmişdim. Həmin mikrofon bizə - tribunaya yaxın buraxılmayan Xalq Hərəkatı Cəbhəsinin üzvlərinə xidmət edirdi.
Məhz bu mikrofonun sayəsində Məhəmməd Hatəmi də danışmaq imkanı əldə etmiş və zəifləməkdə olan nüfuzunu yenidən bərpa etmək imkanı qazanmışdı. Etibar Məmmədov müsahibələrinin birində bununla bağlı deyir: «Meydan hərəkatını başladan doğrudan da Ənvər Əliyev olub. Prosesi tribunadan idarə edənlər əsasən Nemət Pənahlı və Sabir Rüstəmxanlı olublar. Lakin hərəkatın tribunadan kənar, meydanın içindən idarə edilməsi faktı da olub. Bu prosesə də Məhəmməd Hatəmi Tantəkin rəhbərlik edib. 26 noyabrdan 27 noyabra keçən gecə isə Azadlıq meydanındakı kütləni tribunadan idarə edənlərlə aşağıdan idarə edənlər arasında mövqe ziddiyyətləri olub. Nəticədə, Nemət Pənahlı başda olmaqla, tribunadakı rəhbərlər meydanı tərk ediblər. Proseslərə rəhbərlik Hatəmi Tantəkinə keçib. Onlar bütün gecəni rus əsgərlərinin mühasirəsində meydanda keçiriblər» (2).
Etibar bəy tarixlərdə müəyyən səhvə yol versə də, onun fikirləri ilə razılaşmamaq olmur. Hatəmi yenidən nüfuzunu əvvəlki səviyyədə bərpa etsə də, Neməti dəstəkləməkdə və müdafiə etməkdə davam etmişdir. Bu, Ədalət bəyin aşağıdakı qeydlərindən də açıq-aydın görünür:
«01.25. Nemət:
- Mənə gündüzdən bu komediyanı xəbər vermişdilər. Bu gün mikrofonu ona görə vermədilər ki, mən onları ifşa edə bilərdim. Xalqın birliyini pozmaq üçün belə iftiraya əl atdılar. Ziyalı xalqın siması, ziyalı xalqın düşünən beynidir. Mən ziyalıları yox, ziyasızları tənqid etməliyəm. Telestudiyanın bütün işçiləri bu verilişə qarşı çıxsa da, veriliş efirə getdi. (Şer dedi). (Mikrofon çox pis işlədiyi üçün çox sözünü eşitmədim). Sabir yazıçıdır, sadəlövhdür. Əgər bilmək istəsəniz Xudu Məmmədovun ürəyini "Qayğı" cəmiyyəti partlatdı. O, kiməsə yardım etmək istəyirdi. Başçıları bu gün pis vəziyyətə düşüb. "Vətən" cəmiyyətini tənqid etdim. Elçin də səhv edir. (Şer dedi. İti hafizəsi varmış!).
Bizim xalqı necə olursa-olsun məhv etməyə çalışırlar. Pambıq tarlaları, kimya zavodları analarımızı analıqdan məhrum edib. (Şer söylədi). İndi bütün Azərbaycan xalqı səsimizə səs verib. Düşmən Azərbaycan xalqının bu birliyindən qorxub. Düşmən bu birliyi pozmağa çalışır. Biz and içirik ki, bu birliyi pozmayacağıq. ("And içirik!"). (Məmməd Arazın "Azərbaycan" şerini söylədi). Danışan bişərəfin qrup yoldaşı buradadır, söz ona verilir.
01.48. Tələbə:
- Televiziyada danışan Namiq türmədə olub, alverçiliklə məşğuldur. Yaxşı ad çıxarmışdı. Aclıq elan edib. Dünən onu Volodarski adına fabrikin yanında yemək yeyən görüblər. Bizim adımızdan istifadə edib. On gündür ki, yox idi burada. Deyirdi ki, orada sıxlıqdır, nə var orada? Deyirlər meşə çaqqalsız olmaz. Ar olsun belə çaqqallara!
01.51. Hatəmi:
- Tətil, nümayiş davam edir. Neməti sıradan çıxarmaq üçün nümayiş komitəsi yaratdılar. İndi də belə çirkin fitnəkarlığa əl atdılar. DQMV-ni ləğv etməyincə buradan çəkilməyəcəyik. Tarix İnstitutu tariximizi qəbiristanlığa çevirmişdir. Xalqın öz tarixindən xəbəri yoxdur. Azərbaycan xalqına zərbəni zərbə üstündən vurmuşlar. Mən hamını Nemətin ətrafında daha sıxbirləşməyə çağırıram. Azərbaycan xalqının mübarizəsinə eşq olsun!
01.57. Nemət:
- Bizim mübarizəmiz dörd ildir ki, gedir. Şmidt (indiki Səttar xan) zavodunun bütün fəhlələri mənim ətrafımda birləşib. İndiyədək mənə ev, vəzifə, institut, pul təklif ediblər. Bir qadına 7 min manat pul verdilər ki, məni ləkələsin. Qadın dedi ki, mən sizin kimi fahişə deyiləm. Biz tətil üçün ərizə vermişdik. Fuad Musayev dedi ki, xalqımızın mənəviyyatı yoxdur, nümayiş üçün. Mən dedim ki, ayrı-ayrı adamların mənəviyyatı olmaya bilər, xalqa isə bu sözü demək olar? Sonra məni çayxanada tutdular. Məni Kirov rayonuna apardılar, halbuki Nərimanov rayonunda tutulmuşdum - Fətulla Hüseynov üzr istədi. Ayın 2-sində rəsmi aclıq elan etdim. Onda üzümə iki nəfər şahid durğuzdular ki, mən guya camaatı Sumqayıt qırğınına çağırmışam. Sonra məni 300 manat çərimə etdilər. Kollektiv tətil etdi. Nərimanov rayonunun I katibi mənə dedi ki, sizin iş Əliyevlə bağlıdır. Bəzi zəif adamları qısma-boğmaya saldılar. Dedilər ki, Nemət aclıqdan əl çəksin. Partiyadan, işdən qovulanları bərpa edəndən sonra aclığı dayandırdım.
Xalqla birləşdiyi üçün Rəfail Allahverdiyevi işdən çıxardılar (H.Əliyev dövründə Bakı İH rəhbəri). Naxçıvanda Nurəddin Mustafayevi - xalqın üstünə tank yeridəni xalq çıxara bilmir. Xalqla yaxınlaşanlar onlara lazım deyil. Düşünən beyni olan ziyalılarımız təqib altındadır.Müəyyən fəhlələrin zəif yerindən yapışacaqlar ki, o fəhlə maaşsız necə dolanacaq? Ancaq onu bilməliyik ki, bu gün Azərbaycan xalqının taleyi həll olunur. Min cürə fitnə ilə araya qarışıqlıqsalmaq istəyəcəklər. Biz iqtisadi blokadaya almalıyıq. Ehtiyacı olanlar çəkinməsinlər, desinlər, biz onları dardaqoymarıq. ("Öldü var, döndü yox"). Sabahdan təşkilati işi gücləndirməliyik.
"Əfqan"lardan xahiş edirik ki, yumruq kimi birləşsinlər. İdmançılar, həkimlər, iqtisadçılar... öz dəstələrini yaratsınlar. Bu gün qeyrət günüdür. Bu gün xalqın müqəddəratı həll olunur. Azərbaycan xalqının milli gəliri142 milyard manat olduğu halda büdcəsi 3 milyard manatdır.Xahiş edirik ki, tarixçilər bu hərəkatın salnaməsini yazsınlar, kameralar çəksinlər. Bu, xalqın ənşərəfli tarixidir.Bu gün düşməni mənim dünənki çıxışım vahiməyə salıb. Ya əsl sosializm, əsl leninizm olmalıdır,ya da hamımız pasportlarımızı təhvil verib SSRİ-dən çıxmalıyıq. (Alqışlar).
Bu gün rus xalqı da bizimlədir. Pribaltika xalqları, gürcülər, qazaxlar, estonlar səsimizə səs verib. Ya bu xalq öz hüquqlarını bərpa etməlidir, ya da iki gündən sonra pasportlarını təhvil verəcək. And içirik! (“And içirik!”)(Şer dedi).(Nemət ortada durub, qabağında bir oğlan, arxasında bir oğlan dayanıb. Üç oğlan da əllərində meqafonları tutub).
02.25. Ağamalı Sadiq:
- Özünüz görürsünüz ki, bizi necə parçalamaq istəyirlər. Çoxları elə bilir ki, bu hərəkat kortəbiidir. Deyirlər ki, bir fəhlə başçılıq edir. İndinin fəhləsi 70 il qabaqkı deyil. Nemət Allahın verdiyi Nemətdir. Hərəkat kortəbii deyil. Qələbəmiz çox da uzaqda deyil. Televizorda deyildiyi kimi, guya biz rusa qarşı çıxırıq. Ancaq biz yalnız öz azadlığımızı istəyirik.
Allah sizə yar olsun. Öz birliyinizlə azadlığın dadını görəcəksi-niz. Sizi Nemətin ətrafındabirləşməyə çağırıram.İnsan dünyaya bir dəfə gəlir. Ancaq xalq yolunda gedən baş min il yaşayır.
02.30. Kimsə (Politexnik İnstitutun dosenti):
- Bu bizim xalqın taleyində gözlənilən gündür. Artıq hərəkətlərə yol verilməsin. Yalnız birlik yolu ilə qələbəyə getmək olar. Azəri türkləri olduğumuz halda bizi "farslaşmış türklər" adlandırırlar. Akademik Ziya Bünyadovun xidmətləri çox olsa da, Azərbaycan xalqının tarixində əyintiyə yol verib.
Sumqayıt hadisəsini yaratmazdan qabaq düşmən Qafan hadisəsini yaratdı. Didərginləri “qaçqın” adlandırdıq. Erməni qadını azərbaycanlı qadın kimi qələmə verib cavanları qızışdırıblar. Qriqoryanın adam öldürməsindən niyə danışmırlar? Faktları yığıb dövlət məhkəməsini fakt qarşısında qoyarlar. Sumqayıtda türmə qapısını açdıran da erməni olub.
02.45. Kimsə:
- Televiziyadakı çıxış 13 günlük hərəkatımıza xəyanətdir.02.47. Xatirə: Yoldaşlarım və ağdamlı qızlar adından deyirəm ki, Namiqə ar olsun! O, provokatordur. Biz söz veririk ki, onu bura gətirəcəyik. (Qız ağlayır). ("Ar olsun!").
02.49. Nemət:
- Pərt olmayın. Koroğlular olan yerdə Keçəl Həmzələr də olmalıdır. Belə bişərəflər heç vaxt birliyimizi sarsıda bilməyib və bilməyəcək. Biz bilirik ki, o fitnəyə qarşı bütün Azərbaycan xalqı ayağa qalxacaq. And içirik ki, bu birliyimizi pozmayacağıq! ("And içirik!"). Bu gün ürəyində Vətən eşqi olanların hamısı bir bayraq altında birləşməlidir. Yaşasın Azərbaycan xalqının birliyi! Yolumuz azadlıqdır! Öldü var, döndü yox! Kim istəyir gəlsin danışsın. (02.54).
02.55. Qadın:
- Biz sizinlə gecəli-gündüzlü 13 gündür ki, buradayıq. Biz dörd tələb etmişdik və and içmişdik ki, bu tələblər ödənilməyincə buradan getməyəcəyik. Sizə bir məlumat oxumaq istəyirəm. Tibb İnstitutunun tələbəsi Namiq Zeynalov qabaqcadan hazırlanmış ssenari üzrə hərəkatımızı yerə vurmağa çalışdı. O, cinayətkardır. Nemət Pənahlıya böhtan atıb. İki gün aclıq edən adamın tribunaya buraxılması bizim günahımızdır. Biz xalqa arxalanmalıyıq. Mən qardaşımız Nemətin səsinə səs verirəm. Mən deyirəm: "Biz ölərik, Neməti tək qoymarıq!". (Xorla təkrar).
03.02. Kimsə. Şer söylədi. Sonu:
- "Müstəmləkə vətənim var".
03.07. Dəmir Gədəbəyli:
- Tənbəki bol olanda hamı qəlyan çəkir. Buranı başqa xalqları təhqir tribunasına çevirməyək. Boşboğazlıq lazım deyil. Bir-birimizin ayağını basmayaq...
03.15. Məni tutub apardılar qeydlər etdiyim üçün. "Şəxsiyyətimi müəyyənləşdirib" buraxdılar. Qayıdanda bir kişi danışırdı.
Kişi: - Biz qüvvələrimizi parçalamamalıyıq. Böhtanlara baxmamalıyıq. Deyirdilər ki, guya Ermənistanda əsgərlərə gül-çiçək veriblər, ancaq hiylədir. Bizdə isə həqiqətən qardaşlıq yaranıb. Biz sovet xalqları hamımız erməni daşnaklarına qarşı mübarizə aparmalıyıq...
03.30. Məni yenə tutub apardılar. Bu vaxt yığıncaq da dağılışdı.
03.35. EA işçisi olan bir yoldaşın dediyindən:
- Dünən institutumuzda iclas çağırılıb. Təklif oldu ki, Nemət savadsızdır, fəhlədir, hərəkata rəhbərlik edə bilməz, ona görə də camaat içərisində təbliğat aparıb onun nüfuzunu öldürmək gərəkdir. Ancaq 2-3 nəfər ciddi etiraz etdi ki, elə ermənilər də bunu istəyir. Təklif keçmədi. Bu məqsədli yığıncaqlar bir çox müəssisələrdə də keçirilib. Deməli, bu axşamkı fitnəkarlıq təsadüfi deyilmiş. Aclıq edənlərin çadırına vurulmuş 4 fotodan 1-inin yeri boş qalmışdı - o da Namiqin fotosunun yeri idi.
Xor:
"Babək, Koroğlu, Ermənilər it oğlu".
06.00. "8 km qəsəbəsi 6No-li bina Xalq Cəbhəsi sizinlədir". (Belə "xalq cəbhələri" çox idi). Maarif Xalıqovla gəzişirik. Bir şeyə diqqətimi yönəldir: əsgərlər avtomatların başına süngü də taxıblar. Meydan boyu səpələnmiş seyrək tonqallar xəsisliklə yanır. On - on beş dəqiqə qabaq Maarif müəllimlə birgə Qaraçuxurun çadırından çıxdıq. (Bu çadırda oturub bir az dincimizi alırdıq). Burada nümayiş komitəsi yaratmaq istəyən iki dəstə bərk mübahisə edirdi. Ağız deyəni qulaq eşitmirdi. Yeni komitənin nə məqsədlə yaradıldığı mənə aydın deyildi, ancaq onu bilirəm ki, hərəkatın rəhbərliyini əməlli-başlı parçalaya biliblər və deyəsən, Neməti "siyasi hakimiyyət"dən də uzaqlaşdırmaq istəyirlər. Ancaq fəhlələr ona çox dərindən inanırlar» (5).
Tahirzadə burada çox incə bir məqama toxunmuş, Nemətin «siyasi hakimiyyətini» devirmək üçün böyük bir kampaniyaya start verildiyini sezmiş, fəqət «yeni komitənin nə məqsədlə yaradıldığını anlamadığını» dilə gətirmişdir. Bu halda söhbət, əlbəttə ki, Lenin prospekti 5 (və ya 3) ünvanında yerləşən bədnam «nümayiş komitəsi»nin şöbəsinin yaradılması cəhdindən gedib və bu xəyanətkar addım mitinq iştirakçılarının sərt təpkisi ilə üzləşib. Neməti «devirməyə», bu yolla bəyan edilmiş Milli Azadlıq kursunu məhv etməyə çalışan həmin komitəyə kimlərin daxil olduğunu isə Hatəmi bircə-bircə qeyd etmişdir (1, s. 52).
06.12. Camaatı meydana çağırdılar ki, adam az qalıb.
06.20. Me(cənublu) başçılığı ilə "Öldü var, döndü yox" oxuya-oxuya meydanı dolaşır. Bir şey də müşahidə etdim: bu gecə heç yerdə meyxanaçılar gözə dəyməyib. Səbəbini deyə bilmərəm.
***
Xor:
"Ay camaat, qışqırın,
Meydanı qızışdırın!".
Bu gecədən "Azərbaycan" mehmanxanası tərəfdə - meydanın cənubunda uşaq oyunlarımeydanı da "inqilabçı"ların sərəncamındadır. Uşaqlar çadır parçaları ilə kəsib burada iki "otaq" düzəldiblər. Oyun maşınlarını qırağa düzüblər.
7.30. Tonqal qırağında Salyandan gələnlərlə söhbət etdim. Bu gecə saat 9-da gəlib çatıblar. Salyandan Ələtəcən piyada gəliblər, oradan Bakıya isə yük vaqonunda (təx. 500 nəfər). Yolda əsgərlər, milis işçiləri dəfələrlə qabaqlarını kəsib saxlamaq istəyiblər, xeyri olmayıb. Deyirlər ki, Salyandakı beton zavodunu və b. zavodların hamısını saxlayıblar.
7.41. Ne-mət!”, “Ne-mət!” (sürəkli).
Təxminən saat 9-a qalmış Qorxmazla birgə meydandan çıxıb evə yollandıq. Yolda iki yerdə tanklar camaatın qarşısını kəsmişdi (Ü. Hacıbəyov küçəsində), halbuki başqa günlər təkcə APİ-nin qabağında tank dururdu, özü də buradan heç nə soruşmamış buraxırdılar, "Cənub" mehmanxanasının altındakı qəzet köşkündə növbədə çox dayandıq, bizə 2-3 adam qalmış qəzet qurtardı.
"26-Bakı komissarı” (Sahil) metrosu ilə "Bakı Soveti"nə gəldik. Buradakı qəzet köşkünün qarşısına xeyli adam toplaşmışdı; qəzet hələ gəlməmişdi, camaat gözləyirdi. Hamı axşam televiziya ilə çıxış edən tələbə Namiq Zeynalovu lənətləyir, onun qanının halal olduğunu söyləyirdi. Nə isə, qəzet gəldi və camaat növbəyə düzüldü. 3-4 dəqəqədən sonra bir papaq havada fırlanıb bir az aralıda yerə düşdü. Bəlli oldu ki, bir qoca erməni heprimi (“Yefrem” adından yaranan bu sözü Kafya nənəm rəhmətlik “əntərləşmiş qoca erməni kişisi” mənasında işlədirdi) növbəsiz qabağa soxulub, papaq da onundur. Erməni nəsə donquldandı, camaat başladı onu bayıra dartmağa. Üstünə söyüşlər sel kimi yağdı. O sözlərin heç birini bir batman balla da yemək olmazdı. Axırı, erməni qəzet alıb bayıra çıxdı və dedi ki, papağımı gətirin. (Papağı isə bu vaxt köşkün damına atmışdılar). Camaat onu dolamağa başladı. Yandan ötən bir rus uşağı çıxıb papağı düşürdü. Qoca erməni erməniləri söyməyə başladı. Dedi ki, mən də onlara nifrət edirəm.
Qorxmaz bu vaxt çox canfəşanlıq göstərdi, dedi ki, bu sözlərini yaz ver, mən dərc etdirəcəyəm. Sıramızda bir hərbçi mayor da vardı (azərbaycanlı), erməni üzünü ona tutub rusca dedi ki, məndə sənin kimi mayoram, görürsən ki, məni təhqir edirlər, niyə susursan? Camaat tez yerindən dedi ki, mayor sənin keşikçindir? Bu vaxt bir rus əsgəri və praporşiki camaata yaxınlaşdı. (Sonra bəlli oldu ki, onları xəlvətcə bir rus qadını çağırıb; rus özü də qəzet almaq üçün bayaq növbəyə durmuşdu). Hərbi komendantlığın nümayəndələri olan bu şəxsləri görən kimi qoca erməni qışqırmağa başladı ki, bəs kömək edin, mən də mayoram, məni təhqir edirlər. Praporşik soruşdu ki, papağınızı kim atıb? O boylandı, papağını tullayan getdiyi üçün onu tapmadı və birdən Qorxmazı göstərdi ki, bununla başqa bir cavan oğlan atıb (təki kimi isə ilişdirsin!).
Qorxmaz qabaqca bu həyasızlıqdan özünü itirdi, sonra isə praporşikə dedi ki, mən heç nə etməmişəm. Camaatın hamısı praporşikin üstünə düşdü ki, bu oğlanın heç bir təqsiri yoxdur. O, sözə baxmayıb Qorxmazı komendantlığa aparmaq istədi. Bu vaxt cavan bir oğlan vəsiqəsini göstərib (yəqin ki, DTK əməkdaşı idi) dedi ki, bu oğlanın heç bir təqsiri yoxdur. Əksinə, “kişi”nin özü provokatordur, araya dava salmaq istəyir, onun sənədlərini yoxlayın. Bundan sonra praporşik həmin ermənini qabağına salıb apardı. Mən gördüm ki, camaatda ermənilərə qarşı nifrət elə coşub-daşır ki, bunun qarşısını artıq heç nəylə almaq mümkün deyil. 14 günlük xalq hərəkatının nəticələrindən biri də, bax, elə budur! (Erməni bizi qırır, biz isə sadəcə nifrətlə təsəlli tapırıq!..).
30 NOYABR 1988.(Ardı).
16.30. Qorxmazla birgə Lenin meydanına gəldik. Həmişəkindən az adam var. Təxminən 250-300 min (çabirgə) nümayişçi olar. İndiyədək mikrofon verilməyib. B.Vahabzadə ilə Nemət boş tribunaya qalxsa da mikrofonu açmayıblar. Meydanın cənubundakı bir avtobusun üstündə “inqilabçı”lar özləri mikrofon quraşdırıblar. B. Vahabzadə çadırlardadır (Nemətlə). Ancaq hələ heç kəs danışmağa təşəbbüs göstərmir. Dəmiryolu vağzalında - Sabunçuda Ermənistandan gəlmiş çoxlu azərbaycanlı var. Əksəriyyətini döyüb, təhqir ediblər.
17.50. Qaranlıq düşüb. Ancaq hələ meydanın işıqlarını yandırmayıblar. Noyemberyan rayonunun Ləmbəli kəndinin əhlini dünən köçürüblər. Azərbaycanlı bir qadın dedi ki, ermənilər Ermənistandan gələnlərin əlində nə varsa (qulağının sırğasına, barmağının üzüyünə kimi) hamısını alıb buraxıblar.
18.00. Nemət. “Millət şərqisi”ni oxudu. (Alqışlar).
- Artıq 14-üncü gündür ki, Azərbaycan xalqı bir nəfər kimi öz hüquqlarını müdafiə edir. Milli simasını itirmişlər bizi rüsvay etmək istəyirlər. Biz and içirik ki, hərəkatımızı parçalamağa qoymayacağıq! (“And içirik!”). Bu gün Azərbaycan xalqının düşünən başlarını aradan qaldırmaq istəyirlər, ancaq buna nail olmayacaqlar. Bizə fitnələr, böhtanlar atırlar. Bu gün Bəxtiyar müəllim gəlib ağlayır. Onları sadəcə olaraq qorxudurlar. İstər daxili, istər xarici düşmənlərimizlə mübariz olacağıq. (Alqışlar).
Erməni ekstremistlərinin, mafiyasının əlində olan mərkəzi mətbuat Azərbaycan xalqına hücuma keçib. Birliyimiz düşməni qorxudub. Heç nə bizim sıralarımızı poza bilməyəcəkdir! Biz, xalq artıq heç kəs tərəfindən idarə olunmuruq. “Satqın ziyalı” deyəndə Azərbaycan xalqının birliyini məhv etmək üçün çalışan Tibb İnstitutunun tələbəsi kimilərini nəzərdə tuturam. (“Arolsun!”). Bu gün Bəxtiyarımız, Sabirimiz var. “Parçala, hökm sür” siyasətini bu gün də həyata keçirmək istəyirlər. Bəxtiyar müəllim ağladı, mənim taleyimdən qorxdu. Eybi yoxdur. Biz qurbanlardan qorxmamalıyıq. Bu gün Azərbaycan xalqı məğlub olsa yüz ildən sonra özünə gəlməyəcəkdir. Tariximizi İqrar kimilər saxtalaşdırır, məhv etmək istəyirlər. Kim ki namusla xalqa xidmət etmək istəyir, onlar xalqın içindədir. Bu gün bizi heç nə və heç kəs məhv edə bilməz. Öldü var, döndü yoxdur! (Təkrar).
Bizim mübarizəmiz birgünlük, ikigünlük deyil. Erməni fitnəkarlığına yalnız birliyimizlə qələbə çala bilərik. Ar olsun Azərbaycan xalqının adından danışan Tatlıyev kimi adamlara! Bir nəfər kimi bir bayraq altında birləşməliyik. Rayonlarda hərəkatımızı parçalamaq üçün təbliğat aparırlar. İşləməyən fəhlələrin ailələrinə kömək edəcəyik. Təbliğatlara uymamalıyıq. Bu gün bir nəfər kimi birləşməsək məğlub olacağıq. (Alış-lar). (“Tə-til!”, “tə-til!”).
Bu gün də yerliçilik adı altında hərəkatımızı parçalamaq istəyiblər. Dünən televiziyanın bütün işçiləri etiraz etsə də verilişi buraxdılar. Biz tankların qarşısına gülçiçəklə çıxmışıq. O tankların üstümüzə yeriməsinə imkan verməyəcəyik. Köləliyi qəbul etməməliyik. Xalq özü taleyini həll etməlidir. Bəziləri deyir ki, on gündə nə etmişik? Bu on gündə yüz illik yolu keçmişik. On gündə bir yumruq kimi birləşmişik. Bugünün ölüm-dirim mübarizəsi dayanmaqdır. Bəs onlar niyə tualeti təmizləmirlər? Biz tətillə öz sözümüzü deməliyik. (“Tə-til!”, “tə-til!”).
Gündə bu meydana yüzlərcə teleqram gəlir, onların hamısını oxuyaq? Bütün tələbləri oxuya bilmərik və yerinə yetirə bilmərik. Vətəni itirmək hər şeyi itirməkdir. Azərbaycan iki imperiya arasında parçalanıb. Sonra Göyçə mahalı, Dərbənd... başqa yerlərə paylanıb. Biz Lenin prinsiplərini, sosializmi, beynəlmiləlçiliyi öz həqiqi mənasında başa düşməliyik. (18.25. Nəsə bir qarışıqlıq düşdü qabaq tribunalar tərəfdə. Danışığın çoxu eşidilmədi). Namiq cinayətkardır, həbsdə yatıb. Tibb İnstitutunun tələbələri hamısı bir nəfər kimi qol çəkib ki, institutda ya o oxumalıdır, ya biz.
18.30. Çeşmazər danışdı:
- Mən Cənubi Azərbaycandanam. 43 il qabaq Cənubda hökumət yaratmışdıq. (Arxada əsgərlər nəsə qarışıqlıq saldılar, heç nə eşidilmədi. Deyəsən, tribunaları tutmaq istəyirlər).
18.35. Bakı poçt idarəsi rəisi Ağarzayeva (baş mikrofondan):
- Moskvaya külli miqdardateleqramlar göndərilir. Onlar birbaşa elektron-hesablama maşınları ilə verilir. Xalqın işi ilə həmrəyik. (Çeşmazər öz danışığını kəsdi).
18.40. Camaat meydan içində dağılışır orabura. Çıxışlar kəsildi. Bu çıxış, həmrəylik göstərdi ki, xalqın Nemətə münasibəti dəyişilməz qalır.
18.55. Camaat dağılışmağa başladı. (“Ne-mət!”, “Ne-mət!”).
Söhbətdən: Rusların bu hərəkat əsnasında ermənilərin tərəfinə keçməsinin bir səbəbi də (xaçdan başqa) respublikada Azərbaycan dilinin rus dilini sıxışdırmasıdır. Azərbaycan dilinin genişlənməsində onlar özləri üçün təhlükə görürlər.
19.15. «Azərbaycan» mehmanxanası tərəfdən adamları əsgərlər içəri buraxmırlar. Vəziyyətlə tanış olmaq üçün Qorxmazla “Abşeron” mehmanxanası tərəfə getdik. Burada çox böyük basabaslı növbə vardı. Bir azdan burada iki tərəfdən giriş yolu açdılar. Ona görə də camaatın axını gücləndi. Boşalmış meydan indi dolmağa başladı. (Televiziyada Namiq Zeynalovla müsahibə aparanın adı Nicatdır).
***
“Kommunist” qəzeti bu gün “Qərar ləğv edilmişdir” başlıqlı xəbərlə xalqı muştuluqladı:“Azərbaycan SSR Nazirlər Soveti... “Əsgəran rayonunun Şuşikənd kəndində Ermənistan SSR-in“KanAZ” zavodu pansionatının tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” DQMV XDS İK-nin qərarını (1 noyabrda verilmiş! - Ə.T.) etmişdir”. Bəli, bundan sonra Topxanaya zaval ola bilməz!..» (5).
Yuxarıda deyilənlərdən belə görünür ki, meydanda milli birliklə yanaşı milli əxlaq da özünü bariz şəkildə göstərməkdə idi. M. Ə. Rəsulzadə özünün «Milli əxlaqa gəlincə, o da fərdlərdən mütəşəkkil böyük bir topluluğun toplu bir halda uyacağı və daim bağlı qalacağı hir takım məşəri (ümumi) ümdə və qaydalardır. Millət hiziplərin, zümrələrin və siniflərin fövqündə olduğu və bunların hamısını içində barındırdığı və qoynunda bəslədiyi üçün heç bir dəstə, zümrə və sinif mənfəətlərinə və ya qayələrinə fəda edilməz. Hələ milli varlığın şəxsi təmayüllərə və qərəzlərə alət və vasitə edilməsi ağla, xəyala belə gətirilə bilməz.
Hər şey millət uğruna - bax, həqiqi vətənsevərlərin yeganə şüarı bu olmalıdır. Millətin birliyini və bütünlüyünü qorumaq, milli əxlaqın başlıca ümdəsidir. Türklük və milli istiqlal prinsiplərinə mütləq sədaqət, milli əxlaqın ikinci böyük ümdəsidir. Bu ümdənin qəti və zəruri icabı (şərti) olaraq düşmən və müstəvli (işğalçı) hər hankı bir qüvvətlə milli istiqbal bəhsində açıq və ya qapalı heç bir bazarlıq edilə bilməz. Verilən sözə və yapınan sərbəst anlaşmalara riayət milli əxlaqın üçüncü ümdəsidir. Haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma və savunma, zülmə və təcavüzə qarşı sarih (aydın) bir cəbhə alma milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma milli xalqın beşinci ümdəsidir.
Bütün bu ümdələrə riayət edən millətlərə insanlıq camiası irəli, kültürlü, səciyyəli, zində (sağlam) və istiqbalı gələcəyi parlaq millətlər deyə qiymət verir. Əks yolu tutanlara bəşər topluluğu da, tarix də mütəfəssih (çökmüş), çürümüş və ölümə məhkum millətlər damğasını vururlar. Tarix boyunca milli dövlət qurmağa və yaşatmağa müvəffəq olmuş və ün salmış millətlər, həm əxlaq və səciyyələri etibarı ilə sağlam olan və sağlam qalmış millətlərdir. Əxlaq və fəzilət fərdləri yüksəltdiyi kimi, onu daşıyan millətə qarşı dünya ictimai fikrinin bəsləyəcəyi etibar və etimadı da get-gedə yüksəldə və artıra bilir və beləcə milli davanın təhəqqüqünü (gerçəkləşməsini) bir xeyli qolaylaşdırır. Səciyyəsi düzgün və sağlam bir millət gələcəyindən əmin ola bilir. Çünki milli sahədəki hər müvəffəqiyyətin başı və əsas şərti milli fəzilətdir» (4).
Qaynaqça
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Meydan hərəkatı AXC yaranandan sonra, 1989-cu ilin əvvəlində siyasi hərəkata çevrildi. «Millət» qəzeti, 20 noyabr 2014.
-
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
Rəsulzadə M. Ə. Milli Əxlaq. “Azərbaycan”, il 1, sayı 11, fevral 1953, Ankara.
-
Tahirzadə Ə. Meydan hərəkatı: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Dostları ilə paylaş: |