Bəxtiyar Tuncay Skif öncəsi, skif dövrü və skif sonrası kurqanlarının memarlıq özəllikləri



Yüklə 211,95 Kb.
tarix21.10.2017
ölçüsü211,95 Kb.
#8589

Bəxtiyar Tuncay

Skif öncəsi, skif dövrü və skif sonrası kurqanlarının memarlıq özəllikləri



https://go1.imgsmail.ru/imgpreview?key=624bbff94421b8e8&mb=imgdb_preview_1934

Qədim türklərin dəfn adətləri, əski inancları və memarlıq təxəyyülünün məhsulu olan kurqanların quruluşunun və tipologiyasının öyrənilməsi elmi ədəbiyyatda «kurqan memarlığı» adlandırılan yeni bir elmi istiqamətin doğmasına səbəb olmuşdur. Bu istiqmətin baniləri içərisində C. Vud və C. Hokins, M. Qryaznov, M. Çernopitskiy, Y. Şilov və s. alimlərin adını xüsusi qeyd etmək lazımdır.

Kurqan memarlığının öyrənilməsi prosesində mütəxəssislər təkcə onların texniki-konstruktiv parametrləri və funksional mahiyyəti kimi amillərini deyil, həm də estetik amillərini dəyərləndirməyə çalışır (Погосова, 1996) və bu zaman onların xronologiyası və abidələrin aid edildiyi dövrdə mövcud olmuş iqlim şəraiti və iqtisadi vəziyyət kimi faktorlar da nəzərdən kənarda qalmır. Bu baxımda eneolit dövründən erkən dəmir dövrünə qədərki zaman kəsiyi də, yəni skiföncəsi dövr də istisna deyildir.

Əldə olan məlumatlar göstərir ki, hansı dövrə aid olmasından asılı olmayaraq skif öncəsi kurqan abidələrinin yayılma arealı ilə skif dövrü kurqanlarının yayılma arealı əsasən üst-üstə düşür və onlar arasında həm struktur, həm tipologiya, həm də genetik baxımından bir varislik əlaqəsi, başqa sözlə, sələf-xələf münasibətləri müşahidə edilir (Акишев К., 1963, с. 121-136).

Məlum olduğu kimi, skif dövrü kurqanlarına e.ə. VIII-e.ə. III əsrlərə aid dəfn abidələri, hun-türk dövrü abidələrinə isə e.ə. III-b.e VI əsrlərinə aid kurqanlar aid edilir. Bu ənənə VI əsrdən sonra da qırılmadan davam edir və XIII-XIV əsrlərdə, elmi ədəbiyyatda yanlış olaraq «monqol-tatar» adlandırılan qara tatarların dövründə sona çatır. Bu tarixdən etibarən Böyük Tatar (Turan) dövləti bütünlüklə İslama keçir və bundan sonra kurqanda dəfn adəti yerini islami qaydada dəfn adətinə verir.

Yerləşdiyi bölgədən və ucaldıldığı zamandan asılı olmayaraq, bütün kurqanlar üçün ortaq komponentlər və arxetip əlamətlər xarakterikdir. Bunlara dəfn yeri, başqa sözlə yerüstü və ya yeraltı konstruksiyalar – qəbir kameraları və sərdabələr, qurbangahlar, daş çitlər, xəndəklər, giriş yerləri, ocaq yerləri, kamera və ya sərdabə örtükləri, kurqan örtükləri, kromlelxlər, balbalların quraşdırılması üçün yer və s. daxildir. Kurqanları bir-birindən fərqləndirən əsas cəhət isə bu elementlərin və bir-biri ilə kompozision əlaqələrinin xarakterində və ayrı-ayrı kurqanlarda bu elementlərdən bəzilərinin olub-olmamasındadır. Ümumilikdə isə eneolit dövründən başlayaraq XIV əsrə qədər xüsusi diqqət çəkən önəmli bir fərqə rast gəlinmir və bu da minillər ərzində kurqan ideyasının əsasında duran dini-ideoloji baxışlar sisteminin əhəmiyyətli dəyişikliyə məruz qalmaması ilə bağlıdır (Насираддинова А. М).

Tunc dövrü kurqanlarının ən xarakterik xüsusiyyətlərindən biri onların qəbir kameralarının yaşayış evlərini xatırlatmasıdır və bu qayda, demək olar ki, bütün Avrasiya ərazisində qeydə alınmışdır. Bu halda söhbət yaşayış evlərində tətbiq edilən memarlıq xüsusiyyətlərinin, o cümlədən onlar üçün xarakterik olan elementlərin qəbir kameralarının və sərdabələrin inşasında da eynən təkrarlanmasından gedir (Маргулан, 1956, c. 9-95). Deyilənlərə Qazaxıstanın Karaqanda vilayətindəki bəzi kurqanları, məsələn, e.ə. XII-XI əsrlərə aid edilən Aksu-Ayulu kurqanını misal çəkmək olar. Onun qəbir kamerasının ağac tirlərdən qurulmuş örtüyü həmin dövrün evlərinin piramida formalı damlarını xatırladır. Bənzər örtüklər Qazaxıstandakı Beqazı, Canquır, Beqasar, Dandıbay kurqanlarında da qeydə alınmışdır (Маргулан, 1956, c. 9 -95). Bütün bu tikililər üçün payandalar, bəzək rekvizitləri, giriş qalereyaları və s. kimi memarlıq elementləri xarakterikdir və onlara orta əsr kurqanlarında da rast gəlmək mümkündür.

Tunc dövründə kurqan mədəniyyətinin Qazaxıstan, Yenisy və Altaydakı inkişafı arasında sıx bağlılıq olmuş və onlar eyni memarlıq üslubları əsasında inşa edilmişlər. E.ə. II minillikdə, belə demək mümkünsə, «kurqan-meydanlar» ortaya çıxdı. Bu tip kurqanların xüsusi hazırlanmış meydançalarında qu quşu, bağa, ilan kimi soy totemlərinin təsvirləri əks olunurdu. Həmin kurqanlarda bəzən təsvir edilən heyvanlar da dəfn edilərdi. Belə abidələr və onların əsasında duran mifoloji baxışlar sistemi Y. Şilovun əsərlərində ətraflı şəkildə nəzərdən keçirilir (Шилов, 1995; 1990). Bənzər abidələrə Ukrayna, Hindistan və Cənubi Amerikada da rast gəlinib.

Skif öncəsi və skif dövrü kurqanlarının daha bir ortaq xüsusiyyəti onların örtüklərinin müxtəlif torpaq və daşlardan istifadə edilməklə, bir neçə təbəqə şəklində qurulmuş olmasıdır. Adətən belə təbəqələrin sayı 10-12-yə qədər olur. Belə hesab edilir ki, bu metod örtüyün davamlılığını təmin etməyə xidmət edirmiş. Çox təbəqəli örtüyə malik kurqanlara Balaban kəndi yazınlığındakı 13 №-li və Krasnoye kəndi yaxınlığındakı 9 №-li kurqanları misal çəkmək olar (Ольховский, 1991). Eyni hal Ukraynadakı Verbovka kurqanının örtüyündə də müşahidə edilir. Təbəqələr arasında xüsusi üzlüklərdən və daş düzümülərindən istifadə edilmiş bu kurqanın örtüyünün altında dairə üzrə düzülmüş və böyrü üstə qoyulmuş 29 əhəng daşı aşkar edilmişdir. Bu daşların kənarları oyma üsulu ilə həkk edilmiş romb, üçbucaq, xaç və s. formalı naxışlarla bəzədilmişdi. Daşların birində isə insan təsvirlərinə rast gəlinib. Alimlər bu abidəni e.ə. III minilliyə aid edirlər (Насираддинова А. М).

A. Nəsirəddinovanın yazdığına görə, həmin abidənin rekonstruksiyası zamanı məlum olmuşdur ki, bir zamanlar hündürlüyü 2 m-ə çatan bu bəzəkli kromlexin üzərində qalın ağaclardan çadır inşa edilmiş, yalnız bundan sonra özünün xüsusi çiti, xəndəyi, şaftı, yerə basdırılmış kiçik daşlardan ibarət menhiri və balbalı olan torpaq örtüyünün ucaldılmasına başlanılmış, bu zaman həmin örtüyün böyük hissəsi ağac çadırın altında qalmışdır. Bu konstruksiya özünün yeraltı keçidlərinə daş sərdabələrinə, eləcə də meqalitik tikililərinə - menhirlərə, dolmenlərə, şistlərə malik idi. Bu tip konstruksiyaya dünyanın bir çox ölkəsində, o cümlədən Avropada, Cənub-Şərqi Sibirdə, Qazaxıstanda, Koreyada və s. rast gəlinib.

Avrasiyanın müxtəlif bölgələrində tədqiq edilən kimmer-skif-sak kurqanlarını fərqləndirən əsas cəhət onların örtüklərinin böyük ölçülərə sahib olmasıdır. Məsələn, son araşdırmalara görə, Sibirdəki Böyük Salbık kurqanının ilkin diametri 500 m-ə, Çinin türk (sak və ya hun) mənşəli ilk imperatorunun Sian şəhəri yaxınlığındakı kurqanının (e.ə. III) diametri isə 5000 m-ə çatırdı (Мейсон, 1997, c. 71). Onların hündürlükləri də inanılmaz ölçülərdə idi. Belə ki, hesablamalara görə, Böyük Salbık kurqanının ilkin hündürlüyü 22-27 m, Çin imperatorununki isə 100 m olub (Насираддинова А. М). Şübhəsiz ki, bu hal kimmer-skif-sak dövründə əski türklərin möhtəşəm qüdrət sahibi olmalarından xəbər verir.

Sözügedən dövrdə kurqan örtükləri torpaqdan, daşdan və ya torpaq və daş qarışığından ibarət olardı. Bunlardan sırf daş örtüklü I tipə Qırğızıstandakı San-Taş kurqanını misal çəkmək olar. Mütəxəssislər torpaq örtüyə sahib olan kurqan tipini iki yarımtipə bölürlər.

I yarımtip daha çox yayılmış kurqan örtüyü növlərindəndir. Bu növ örtüklərin dayanıqlığını artırmaq və dağıntıya məruz qalmasını önləmək üçün üzərinə şist və ya xüsusi hazırlanmış kəsmə, yəni yikim çəkilərdi. Bu metoddan ən qədim zamanlardan istifadə edilmişdir. Deyilənlərə İngiltərədəki astronomik funksiyalı Nyu-Qrenc kurqanını (e.ə. III minillik) misal çəkə bilərik. Maraqlıdır ki, bu tip meqalitik tikililər nəyə görəsə şist və torpaq qarışığı ilə örtülərdi. Həmin ənənənin kökləri neolit dövrü tikilisi və dünyanın ilk kurqan tipli abidəsi hesab edilən Göbəkli-Təpəyə qədər uzanır.

II yarımtipə torpaq örtüyünün üzəri daş örtüklə üzlənmiş kurqanlar aid edilir. Bu kurqanların torpaq örtüyünü örtən daş örtüklər bəzən bir, bəzənsə iki qatlı olur və bir növ «zireh» rolunu oynayır. 3-4 qatlı «zireh»ə sahib kurqanlara da rast gəlinməkdədir. Bu baxımdan Ketmen Tübe kurqanları deyilənlərə ən gözəl misladır.

III yarımtipə üzəri qismən daşla örtülmüş torpaq örtüklü kurqanlar aid edilir. Bu kurqanların örtüyünün üzlənməsində daşdan başqa, şist və kəsmədən, (yikimdən) istifadə olunur. Bu yarımtipdən olan kurqan örtüklərinə daha çox Şimali Qara dəniz kurqanlarında rast gəlinir. Onların təpəsində bəzən kiçik meydançalar yaradılır və bu meydançalar da kəsmə ilə bərkidilirdi. Bu cür kurqanlar adətən başı kəsilmiş konus və ya piramida formasında olur. Konus formalı örtüklərin ətəkləri bir sıra hallarda piramidalara bənzəyən şəkildə sığallanmış olur. Belə kurqanların başında, bir qayda olaraq, ya daşbaba (balbal), ya daş dirək, ya da qurbangah yerləşir. Sözügedən formalı kurqanlar Qazaxıstan ərazisində də geniş yayılıb və onlara əsasən Jetisu vadisində rast gəlinir (Акишев, 1963). Eyni sözləri Qırğızıstanın Aleksandrobka kəndi yaxınlığında qeyd alınmış iki kurqan haqqında da söyləmək mümkündür. Bu dəfn abidələri Qırğızıstan ərazisində qeydə alınmış ən böyük kurqanlar hesab edilir. Onların diametri 120 m, hündürlükləri isə 11 və 15 m-dir.

Skif-sak dövrü kurqanlarının daha bir fərqli cəhəti onlarda, xüsusən də böyük kurqanlarda çitlətin olmasıdır. Bu ənənə skif öncəsi dövrdən etbarən geniş yayılmış və həmin dövrdən başlayaraq örtüklərin ətrafında düzbucaq, kvadrat və ya dairəvi formalı çitlərin qurulması mütəmadi hal almağa başlamışdır. Çitlərin 2-3 cərgə şəklində qurulması və öz aralarında «keçid dəhlizləri» oluşdurması hallarına da tez-tez rast gəlinir. Bu keçidlərin sakral bölgə rolunu oynadığı hesab edilir (Ольховский, 1991, c. 130), Belə hesab edilir ki, ölünü qəbir evinə yola salma ritualı bu keçidlərdən keçməklə icra edilirmiş. Maraqlıdır ki, bənzər çitlərə skif (Мелюкова, 1989, c. 356; Высотская, 1989, c. 9) və sakların (Маргулан, 1956, c. 9-55) şəhərlərinin ətrafılarında da rast gəlinmişdir.



Skif kurqanlarının memarlığı üçün aşağıdakı element və atributlar xarakterik idi:

  1. Üzərində balbal və ya onu əvəz edən şaqili daş (menhir), və ya da ucuna at quyruğu və dərisi, eləcə də ağac budaqları bərkidilmiş dirək – Bay Terek olan kurqan örtükləri. Balballar və ya onu əvəz edən menhirlər bir qayda olaraq ya kurqan örtüyünün təpəsində, ya yamacında, ya da dabanında qurulardı və əsasən üzü şərq tərəfə olardı. Bu tip kurqanlara Yustıda (Кубарев, 1991, c. 12) və Ulandırık (Кубарев, 1987, c. 21) kurqanlarını və s. misal çəkmək olar. İlk tunc dövründə yaranan bu ənənəni skif öncəsi kurqanlarından miras alan skiflər onu saklara, saklar isə öz növbəsində hunlara və Göytürklərə ötürmüşlər. Bəzi alimlər Kül Təkin abidəsini də eyni ənənənin davamı hesab edirlər (Насираддинова А. М).


http://newskif.su/wp-content/uploads/2012/01/%d1%8d%d1%82%d0%bd%d0%be%d0%b4%d0%be%d0%bd1-300x180.jpg
Balballar


  1. Yerüstü və yerestü-yeraltı konstruksiyalı, girişli və ya girişi olmayan kurqan örtükləri. Onların inşasında daşdan və ağacdan istifadə edilərdi. Eynən köçəri çadırlarında olduğu qaydada ağacdan qurulmuş çadır formalı bu tip örtüklərə Tıvadakı Arjan, Qazaxıstandakı Besşatır kurqanlarında, eləcə də Qara dəniz sahillərindəki Mederovo, Podqornoye, Pokazovoye və s. kimi skif kurqanlarında rast gəlinməkdədir. Alimlər bu konstruksiyalardan «taxta qəbirlər» kimi söz açmaqdadırlar (Ольховский, 1991, с. 65). Bu tip tikililərin çoxu dövrümüzədək qarətçilər tərəfindən ya qismən, ya da tamamilə yandırılmış şəkildə gəlib çıxmışdır. Buradakı ağac konstruksiyalar, bir qayda olaraq, xaricdən daş çitlərlə möhkəmləndirilərdilər. Bu qaydanın davamını Yeniseydəki Tecninsk dövrü (e.ə. II əsr-b.e. I əsrləri) kurqanlarında da müşahidə etmək mümkündür. Bu kurqanlarda qəbir kameraları örtüyün altında kvadrat formalı çalalarda qurular, sonra kamera ikinci daha böyük kamera ilə əhatə edilərdi. Onların üzəri 5-6 təbəqədən ibarət ağac tirlərlə örtülərrdi. Bəzən kameranın daşdan hörülmüş divarını şaquli şəkildə yerə basdırılmış daş pilitələr əvəz edirdi (Насираддинова А. М).

  2. Yeraltı konstruksiyalı örtüklər. Bu tip kurqanlarda qəbir kamerası çox dərində yerləşdirilərdi. Bu baxımdan Altaydakı Pazırık kurqanlarını misal çəkə bilərik. Onların yeraltı konstruksiyaları əksər hallarda 20 m dərinlikdə yerləşirdi. Maraqlıdır ki, skif öncəsi kurqanlarından fərqli olaraq, hətta bu qədər dərin qazılmış skif kurqanlarda belə çala qazma nəticəsində yerdən çıxarılmış torpağın kənara atılması izlərinə rast gəlinmir. Bu torpaq da kənardan gətirən torpaqla birlikdə kurqan örtüyünün qurulmasında istifadə edilərdi və bu üzdən də skif kurqanları ətrafdakı təbii və süni təpələrdən öz tutqun tünd rənginə görə fərqlənir (Насираддинова А. М).

  3. Fiqurlu siluetə malik örtüklər. Bəzi kurqanların xaricdən görünüşü müəyyən fiqurları xatırladır. Bunu bir çox mütəxəssislər, hətta orta əsr səyyahları da qeyd etmişlər. Bəziləri bu halı iqlim şəraitinin, əsasən də yağış və küləklərin təsiri ilə əlaqələndirirlər (Шилов, 1995, c. 441). Əldə olan məlumatlar bunun iqlimlə əlaqəli olmadığını göstərir. Belə məlum olur ki, dəfn abidələrini quran «memarların» özləri onları bu şəkildə qurmuşlar. Məsələn, Qırğızıstandakı «xaqan kurqanı» tipli kurqanlar şimal-cənub xəttini göstərən siluet xəttə sahibdirlər. Bu baxımdan İssık-Kul, Çuy və Talas vadilərindəki kurqanları misal çəkmək olar. Eyni hala Rusiya, Ukrayna və Qazaxıstandakı bəzi kurqanlarda da rast gəlinir. Ümumiyyətlə kurqan örtükləri içərisində dairəvi, düzbucaqlı, kvadrat formalı, eləcə də dairə içində dairə şəklində qurulmuş kurqan örtüklərinin olduğu məlumdur və bu həndəsi formaları külək və yağışın təsiri kimi qələmə vermək, əlbəttə ki, doğru olmaz (Насираддинова А. М).

  4. Meydançası (platforması) olan örtüklər. XX əsrin 60-80-ci illərinə qədər belə bir fikir hakim idi ki, kurqanlar sadəcə dəfn abidələridir. Lakin M. Qryaznovanın (Грязнов М. П., 1961) eləcə də onun tələbəsi M. Çernopitskinin (Чернопицкий М. П., 1980, с. 160) tədqiqatları nəticəsində məlum oldu ki, onlar həm də bir növ məbəd rolunu oynamışlar. Bəzi alimlər isə daha ehtiyatlı mövqe tutaraq, onlar barədə «Təpəyəbənzər tikililər» ifadəsindən istifadə etməyə üstünlük verirlər (Насираддинова А. М). Sözügedən tipə aid edilən kurqanlardan Adıgeydəki Ul kurqanlarını misal çəkmək olar. Onların maksimal yerüstü hündürlüyü 3 m-ə çatan örtüklərində xüsusi qurulmuş meydançalar və onalara aparan panduslar (rampalar) aşkar edilmişdir. Bu meydançalarda (hündürlüyü 1 m) qədimdə mövcud olmuş çox mürəkkəb ritualın izlərinə rast gəlinib. Panduslar (rampalar) atlar üçün nəzərdə tutulmuşdu. Çünki onları yuxarı yalnız belə, yəni daha çox mailliyi olan sahə ilə aparmaq mümkün idi. Meydançalarda atları bağlamaq üçün xüsusi dirəklər olurdu. Atlar bu dirəklərin ətrafında yerləşdirilirdi. 1 №-li Ul kurqanında 410 atın dəfn edildiyi müəyyən edilmişdir. Onlardan 360-ı bilavasitə meydançada, qalanları isə örtük qatının meydançadan 5,35 m yuxarıda olan ikinci üst təbəqəsində basdırılmışdı (Балонов, 1987, s. 38).

  5. «Dəfn yolu»na sahib olan örtüklər. Şimali Qara dəniz skiflərinə aid kurqanlarda bəzən paz şəklində olan və üzəri örtülməyən xüsusi «dəfn yolları» saxlanılardı. Arxeoloqlar bu tip memarlıq elementinə bir sıra kurqanlarda rast gəlmişlər (Ольховский, 1991).

Mövzumuz baxımından hun kurqanları da xüsusi maraq doğurur. Hunlara aid kurqanlar hələ kifayət qədər yaxşı öyrənilməsə də, tədqiq edilmiş kurqanların örtükləri ümumi mənzərə barədə müəyyən təsəvvür yaradır. Əldə olan məlumatlara əsasən aşağıdakı örtük tiplərini qeyd etmək mümkündür:

  1. Yrealtı sərdabəli daş örtüklər. Bu tip hun kurqanlarının trapesiya formalı olduğu, onun qısa tərəfinə arxeoloqların «quyruq» adlandırdıqları daha bir kiçik trapesiyanın birləşdiyi məlumdur. Bu kimi örtüklər ya bütünlüklə daşdan, ya da torpaqdan tökülər, üzəri daşla üzlənərdi, həndəsi fiqurların mərkəzi hissəsi isə bütünlüklə torpaqdan olardı. Bəzi kurqanlarda, məsələn, Monqolustandakı Noin-Ula kurqanlarında örtük, demək olar ki, yox dərəcəsindədir. Lakin onlar dərin yeraltı sərdabələrə malikdirlər. Bu sərdabələr başı aşağı şəkildə qurulmuş piramida formalı, kobud pilləkanlı çalalardan ibarəd olur (Руденко, 1962, c. 77).

  2. Yeraltı konstruksiyaya malik olan girdə sferik formalı daş, torpaq və daş-torpaq qarışıqlı örtüklər.

  3. Daş düzümlü, oyuqlu (yəni içi boş), möhkəm konstruksiyalı, sferik formalı örtüklər. Bura kəmər, giriş tağı, örtüyü saxlayan sütun və divarlar da daxildir. Bu tip örtüklü kurqanlara I-X əsrlərə aid Fərqanə (Qırğızıstan və Özbəkistan) və Badəxşan (Tacikistan) kurqanlarını misal çəkmək olar (Всеобщая история архитектуры, т.1, 1970, с. 30-34, 251, 255, 364, 441-448).

  4. Çoxkünclü yeraltı örtük. Bu tipə Baykal gölü sahillərindəki hun kurqanlarında rast gəlinib (Коновалов, 1976).

Ənənələrin varisliyi və müxtəlif zaman kəsiklərində ortaya çıxan bəzi yenilikləri əyani şəkildə müqayisə edə bilmək üçün Göytürk və qıpçaq-tatar dövrü kurqanlarının memarlıq özəlliklərinə də nəzər salmağa ehtiyac var. Bu dövr VI əsrdən XIII əsrə qədər davam edir:

  1. Bir və ya bir neçə balbal və ya menhirli örtüklər. Orta əsr səyyahların yazdığına görə bu cür heykəllər bir xətt üzrə kurqanın şərq tərəfində düzülərdi. Bəzi məlumatlara görə, onların sayı 500-ə, hətta 1000-ə çata bilirmiş (Насираддинова А. М).

  2. Daş çitli örtüklər. Göytürklər dövründə iri kurqanların ucaldılması, o cümlədən iri çitlərin qurulması son bulmuşdur. O dövrün kurqanları üçün kiçik daş örtüklər və onları əhatələyən, böyük daşlardan qurulan spiralvari çitlər xarakterik idi. Bu baxımdan Qırğızısdanda, İssık-Kuldakı Dolinki II məzarlığında qeydə alınmış kurqanları misal çəkmək olar (Зяблин, 1959, c. 150). Göytürk dövrü kurqanları üçün düzbucaqlı formalı örtüklər və onların künclərində yerləşdirilən daşlar xarakterik olub.

  3. Torpak örtüklər.

Göytürk dövrü kurqanlarında adi torpaq örtüklərdən başqa, sferik və içi oyuqlu, yəni boş şəkildə çiy kərpicdən inşa edilən örtüklərə də rast gəlinir. Bu tip qəbir adələri cəmiyyətdə daha üstün mövqe tutan adamlar üçün ucaldılır, çox sayda balbal, sarkofaq və heyvan fiqurlarına sahib olur və bir növ məbəd rolunu oynayırdı. Bu kimi abidələrə Monqolustanda, Tole çayı sahillərində yerləşən Unqet və Tıvadakı Sarıq Bulun komplekslərini, eləcə də yenə də Monqolustanda yerləşən Kültəkin abidə-kompleksini misal çəkmək olar. Örtükləri üzük kimi əhatə edən xəndəklər də həmin kurqanların əsas atributlarından biri idi və Avrasiyanın geniş ərazilərində müşahidə edilən çox qədim bir ritual xarakterli ənənəni davam etdirirdi. Bu ənənə də minillər ərzində dəyişməyən qədim türk dini-mifoloji görüşlər sistemindən qaynaqlanırdı. Xəndəklər həm örtük qurulmamışdan öncə, həm də ondan sonra qazılırdı. Bu xəndəklərdə və ya şaftda dəfn prosesinin ayrılmaz tərkib hissəsi olan ziyafət məclislərinin izlərinə rast gəlinib (Ольховский В.С., 1991, с.130).

Əgər xəndək və şaftın qurulması örtükdən əvvəl icra edilirdisə, onlar düzgün formaya, sonra icra edilirdisə düz olmayan formaya sahib olurdu. Onlar həm də bəzən kurqan örtüyünün xarici parametrlərini nəzərə çatdıran işarə kimi çıxış edirdilər.

Beləliklə, xəndək, şaft və kromlexlər erkən tunc dövründən etibarən kurqanların əsas elementlərindən biri rolunu oynayıb. Skif və skif sonrası dövrlərdə isə onlardan daha çox və əsaslı şəkildə istifadə edilib (Насираддинова А. М).

Skif-sak dövrünə qədərki çitlər xəndək, şaft, menhir və ya daş bərkidicilər şəklində inşa edilərdi. Bunlardan bir çoxu qədim kurqanlarda, o cümlədən tunc dövrü kurqanlarında təkrar dəfn icra edən skiflər tərəfindən yenidən qurulmuşdur. Bilavasitə xəndək, şaft və menhirlərə gəlincə, onlar Qafqaz və Avropada meydana çıxmış, sonrakı dövrlərdə Mərkəzi Asiyada, eləcə də Sibirdə də yayılmışdır. Sibirdə qeydə alınmış kurqanların çitləri (xəndək, şaft, ocaq yeri, qurbangah və s. elementlər) adətən dairəvi, kvadrat, düzbucaqlı və düzgün olmayan yarımqapalı formalara sahib olurdu. Kvadrat və düzbucaqlı çitlərin tərəfləri və ya küncləri dörd cörafi cəhət istiqamətinə istiqamətlənirdi. A. Nəsirəddinova özünün «Köçəri dünyasının kurqan tikililərinin memari-tipoloji təsnifatı» adlı kitabında yazır ki, bir, iki və hətta üç cərgə şəklində yerə basdırılan, qapalı və ya yarımqapalı sahə təşkil edən, daş pilitələrdən, bloklardan, qaya parçalarından qurulan daş çitlərin girişi ola da, olmaya da bilər. Aradakı sahə törən yürüşü, qurbanlıq hədiyyələr və ölünü yad etmək məqsədilə həyata keçirilən digər adətlərin icrası üçün nəzərdə tutulurdu. Alim onları aşağıdakı tiplərə bölür (Насираддинова А. М):



  1. Hündürlüyü 1 m-ə çatan iri blok və ya pilitələrdən qurulmuş daş çitlər. Bu tip çitlərə Başadar, Salbık, Altın-Oba, Çertomlık və s. kurqanlarda rast gəlinib.

  2. Günəşi simvolizə edən şəkildə və ya müxtəlif həndəsi fikurlar şəklində qurulmuş çitlər. Onlar günəşi (Azərbaycandakı Küdürlü kurqanı – B. T.), günəş şüalarını, təkəri (Tıvadakı Uluq Xorum kurqanı), labirinti və ya spiralı (Çon-Döbö kurqanı və Qırğızıstandakı Dolinki II məzarlığının kurqanları) xatırlada bilər.

  3. Qurbangahlardan ibarət «çitlər». Onlar kurqanın ətrafında müəyyən qayda üzrə və ya xaotik qaydada qurula bilər. Bu tip çitlər qapalı və ya yarımqapalı struktura sahib olurlar. Giriş ola da bilər, olmaya da. Talas (Qazaxıstan) kurqanlarının birinin çiti üç cərgə təşkil edən girdə və eyni formalı qurbangahlardan ibarətdir (Бернштам, 1997, s. 44). Bu cür çitlər keçid formalı girişlərə sahib olur və onlar şimal-cənub istiqamətli olur. Bənzər struktura Arjan kurqanında da rast gəlinib. Buradakı qurbangahlar üç cərgədir və yarımhalqa təşkil edirlər (Грязнов, 1980, c. 10).

  4. Şaft və xəndəkli çitlər. Bu tip kurqanlar dairəvi şaftları örtüyün ətrafında və xəndəklərin kənar tərəfində qurulması ilə diqqət çəkir. Onlara Slonovsk, Qermesovo, Baş Əkizlər (Qlavnıye Bliznetsı), Oğuz və Aleksandropol kurqanlarını misal çəkmək olar. Baş Slonovsk (Qlavnaya Slonovskaya), Əkizlər (Bliznetsı) kurqanlarında şaftların hündürlüyü və eni müqabil olaraq 0,7 və 7 m kimi qeydə alınıb (Ольховский, 1991, c. 13).

  5. Jumperli (atlamalı) şaft və xəndək formalı çitlər. Onların keçid şəklində girişləri olur. Girişlər bir, iki, üç və ya dörd tərəfdən ola bilər. Bəzi çitlər yerə dikinə basdırılmış menhirlərlə əhatə olunur.

  6. Daş silsiləli çitlər. Bu tip çitlərə Qazaxıstandakı Tasmola mədəniyyətinə aid kurqanlarda rast gəlinir və «bığ» formasında olurlar (Грач, 1980). Onların sxematik strukturu çox maraqlıdır. Mərkəzidə birində adam basdırılan böyük və onun atı dəfn edilən kiçik kurqan yerləşirdi. Onlar girişləri olan dairəvi çitlə əhatə olunurdular. Buradakı girşlərdən kənara doğru iki istiqamətdə bığı xatırladan daş silsiləsi uzanır və silsilələrin sonunda daş topası olurdu. Qazaxıstanda qeydə alınmış bu tip abidələrin bənzərləri Tıvada, Talasda (Qırğızıstan) qeydə alınıb. Tıvadakı Saqlın vadisində və Saqlı-Bajı I məzarlığında müşahidə edilən ikinci tip bənzər kurqan çitləri şimal-şərq tərəfdən girişi olan üçbucaqlı formaya sahibdirlər (Грач, 1980) və onların içində üç kurqan olur.

Beləliklə, skif öncəsi, skif dövrü, eləcə də sonrakı hun və Göytürk dövrü kurqanlarının müqayisəsi onların bir çox ortaq memarlıq xüsusiyyətlərinə sahib olduğunu söyləməyə əsas verir.
Qaynaqça


  1. Акишев К. А., Кушаев Г. А., Древняя культура саков и усуней долины реки Или. Алма – Ата, изд-во АН Казахской ССР. 1963.

  2. Балонов Ф. Р., Святилища скифской эпохи в Адыгее (интерпретация курганов на р. Уль) // Скифо-сибирский мир. Новосибирск, изд-во «Наука». 1987.

  3. Бернштам А. Н., «Историко-археологические очерки Центрального Тянь-Шаня и Памиро-Алая», МИА т.I. Бишкек. 1997.

  4. Всеобщая история архитектуры в 12-ти томах. М., Строй.изд., т.1. 1970.

  5. Грач А. Д., Древние кочевники в центре Азии. М., Изд-во «Наука»,главная редакция Восточной литературы. 1980.

  6. Грязнов М. П., Курганы как архитектурный памятник.//Тез. Докл. на заседаниях, посвященных итогам полевых исследований, в 1960 г. 1961.

  7. Грязнов М. П., Аржан. Царский курган раннескифского времени. 1980.

  8. Зяблин Л. П., Средневековые курганы на Иссык-Куле (по материалам раскопок 1954-1955 гг.) ТКАЭЭ т. 2 Изд-во АН СССР. М. 1959.

  9. Коновалов П. Б., Хунну в Забайкалье. Улан-Уде. КУБАРЕВ В.Д., (1987), Курганы Уландрыка. Новосибирск. 1976.

  10. Кубраев В. Д., Курганы Юстыда. Новосибирск. 1991.

  11. Маргулан А. Х., Архитектура древнего периода//Архитектура Казахстана. Алма-Ата. 1956.

  12. Мейсон Э., Древние цивилизации. Иллюстрированный атлас для детей. 1997.

  13. Мелюкова А. И., Скифские памятники степи Северного Причерноморья // Степи европейской части СССР в скифо- сарматское время. М., Изд-во «Наука». 1989.

  14. Насираддинова А. М., Архитектурно-типологическая классификация курганных сооружений кочевого мира (http://journals.manas.edu.kg/mjsr/ oldarchives/Vol05_Issue09_2004/343.pdf).

  15. Ольховский В. С., Погребально - поминальная обрядность населения степной Скифии (8-3 вв. до н.э.). М., Изд-во «Наука». 1991.

  16. Погосовы Н. Э., Возникновение и становление культовой архитектуры на Ближнем и Среднем Востоке. Автореф. Дисс… канд. архитектуры. 18.00.01. Ташкент. 1996.

  17. Руденко С. И., Культура хуннов и ноинулинские курганы. М-Л., Изд-во АН СССР. 1962.

  18. Чернопицкий М. П., Курганная группа как архитектурный ансамбль (опыт композиционно – художественного подхода) // Скифо-сибирское культурно-историческое единство. Кемерово. 1980.

  19. Шилов Ю., Космические тайны курганов. М., Изд-во «Молодая Гвардия». 1990.

  20. Шилов Ю., Прародина ариев. ХОКИНС Дж., (1977), Кроме Стонхенджа. М., Изд-во «Мир», 1995.



Yüklə 211,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin