Bəxtiyar Tuncay Saklara aid İssık kurqanı və İssık yazısı



Yüklə 44,49 Kb.
tarix21.10.2017
ölçüsü44,49 Kb.
#7987
növüYazı

Bəxtiyar Tuncay

Saklara aid İssık kurqanı və İssık yazısı

Qədim Çin mənbələrində saklardan e.ə.V əsrdən etibarən söz açılmaqdadır. Çin arxeoloqlarının Cunqariyada üzə çıxardıqları və tədqiq etdikləri sak qəbirləri də e.ə. V-lV əsrlərə aid edilir. İssık, İsıkkul və Altay (Pazırıq) kurqanları, eləcə də Urumçi yaxınlığından tapılan kurqanlar da sak kurqanları hesab edilir və həmin dövrü əhatə edir (Восточный Туркестан..,1988, c. 229).


http://images.almatyregion-tour.kz/object/339/image/54982c0278e4c.jpg
İssık kurqanından tapılmış «Qızıl adam»
Bu kurqanlardan birindən, daha dəqiq desək, Qazaxıstan ərazisindəki İssık kurqanından tapılan türkcə yazılar sakların zəngin yazı və ədəbiyyat ənənələrinə sahib olduqlarını söyləməyə əsas verir. Bu barədə Oljas Süleymenov yazır ki, 1970-ci ilin yazında Alma-Atanın həndəvərində, İssık gölünün yaxınlığında Altay tipli kurqan-qəbir aşkar edildi; ilkin araşdırmaya görə, yeni tapıntı Pazırık kurqanı dövrünə (e.ə.Vl-V əsrlər) aid edildi. «İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərfdən ibarət olan bu əlifba Orxon-Yenisey yazısını xatırladır» (Süleymenov O.,1993, s.178).

E.ə. VIII-IV əsrlərdə sakların artıq Cənubi Sibir, Qazaxıstan və Orta Asiyada məskunlaşdığını tədiq edən yüzlərlə kurqan məlumdur. Arxeoloji ədəbiyyatda onların bu ərazilərdə nə vaxtdan məskunlaşması və bölgəyə haradan gəlmələri barədə çox sayda ehtimallar yer almaqdadır.

Haqqında söz açdığımız kurqanların önəmli bir hissəsi Qazaxıstanın cənub-şərqini, Qırğızıstanın şimalını və əhatə edən Jeti-Su (Yeddi su // Yeddi çay) bölgəsində və Dağlıq Altay ərazisində qərar tapıb. Bu ərazilər olduqca böyük önəm daşıyan iri ölçülü daş və torpaq örtüklü kurqanların cəmləşdiyi ən əhəmiyyətli məkanlardan biri hesab edilir. Bu məkanı önəminə gərə yalnız skif dövrü Şimali Qara dəniz bölgəsi ilə müqayisə etmək mümkündür. Sözügedən bölgənin ən önəmli məzarlıqları içərisində şübhəsiz ki, Pazırık və İssık məzarlıqlarının ilk yerdə dururlar.
http://images.almatyregion-tour.kz/object/339/image/54982b03e86df.jpg

İssık məzarlığı. Xaqan kurqanları

Elm aləmində «İssık kurqanı» adı ilə tanınan məşhur dəfn abidəsinin də daxil olduğu İssık məzarlığı Esik (İssık) dağ çayının sol sahilində, Almatıdan 50 km şərqdə yerləşən Esik (İssık) şəhərinin yaxınlığında aşkar edilmişdir. Burada diametrləri 30-90 m, hündürlükləri isə 4-15 m arasında dəyişən 45 xaqan və ya xan kurqanı qeydə alınmışdır. Konkret olaraq İssık kurqanına gəlincə, onun diametri 60 m, hündürlüyü isə 6 m olub.

1969-1970-ci illərdə K. Akişevin başçılıq etdiyi ekspedisiya tərəfindən tədqiq edilən kurqanın üst örtüyü götürüldükdən sonra qədim horizintdan 1.2 m dərinlikdə iki məzara – mərkəzi və yan məzarlara rast gəlinmişdir. Xaqanın dəfn edildiyi mərkəzi qəbir bir neçə dəfə talana məruz qalsa da, mərkəzi kameradan 15 m aralıda yerləşən və xaqanın arvadına məxsus olduğunu ehtimal etdiyimiz yan qəbir toxunulmamış qalmışdı. Buradakı qəbir kamerası yaxşı yonulmuş Tyan-Şanda bitən şam ağaclarından qurulmuşdu. Onun şimal hissəsində qadın skeleti aşkar edilmişdi. Lakin nədənsə elmi ədəbiyyatda ondan daha çox kişi, daha dəqiq desək, təkin və ya döyüşçü (Seyidov M., 1984; İsmayıl M.,1955, s. 14) kimi söz açılmışdır. Buna səbəb onun yanında silahın olması səbəb olub. K. Akişev isə ondan «Qızıl adam» kimi bəhs etmişdir (Акишев К., 1978). Bu qarmaqarışıqlığa səbəb antropoloji tədqiqatlar üçün göndərilən skeletin yolda müəmmalı şəkildə yoxa çıxması olub (Фазылова Г., 2011).

Qəbirdən 4000-dən artıq qızıl əşya, dəmir xəncər və qılınc, gümüş güzgülər, eləcə də tunc, gümüş, keramika və ağacdan hazırlanmış qablar tapılmışdır. Metal qabların bəzisinin üzəri qızılla işlənmişdi.

İssık kurqanının önəmi oradan əldə edilmiş zəngin arxeoloji materialla ölçülür. Çünki İssık məzarlığındakı qazılmış kurqanların hamısının qarət edilmiş olduğu məlum olmuş və onlarda çox az sayda materiala rast gəlinmişdir.
http://history.kz/issyk/images/m6.jpghttp://images.almatyregion-tour.kz/object/339/image/54982bc565d9d.jpg

İssık kurqanından tapəlmış «Qızıl adam»ın baş geyimi
İssık abidəsinin qazıntılarına başçılıq etmiş K. Akişevin yazdığına görə, kurqandan əldə edilmiş materialın verdiyi zəngin informasiya sakların qədim tarixini, maddi və mənəvi mədəniyyətini, eləcə də dilini və yazı mədəniyyətini tədqiq etmək baxımından əvəzedilməz xəzinədir. Bu əşyaların içində üzərində sak yazısı olan gümüş boşqabın önəmini isə heç nə ilə müqayisə etmək mümkün deyildir (Акишев К., 1978, s. 8).

Sözügedən boşqabın üzərindəki yazı tapıldığı andan mütəxəssislərin diqqətini özünə cəlb etmişdir. Qazax alimi A. Amonjolov boşqab «üzərindəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur» (İsmayıl M.,1955, s. 14). Onun dediyinə görə, «Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir» (Амонжолов А.С., 1971, c. 66).

Tədqiqatçıların bir qismi onun dedikləri ilə tam razılaşırlar. Onlar bu fikirdədirlər ki, arxeoloq K. Akişevin İssık kurqanından tapdığı qabın «eynən kurqanın özü kimi, 2500 il yaşı var», bu yazı iskit və sakların ilk yazılı abidəsi»dir və «bu abidə onların dili barədə məlumat verməkdədir» (Аджи М., 1998, s.114).
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e8/issykdish.gif/220px-issykdish.gif
İssık kurqanından tapılmış gümüş boşqab üzərindəki sak (türk) yazısı
İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən E. Əlibəyzadə (Əlibəyzadə E., 1998, qeyd 2) mövu ilə bağlı yazır ki, «İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təxminən 2500-3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir» (Əlibəyzadə E.,1982, s. 290).

İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Murad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll-lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkarlanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamışlar (Аджи М., 1998, s.115).



Murad Acinin söylədiklərini İ. Dyakonov (Фридрих И., 1979, c. 224) və B. Livşits də (Лившиц В. А., 1976, s. 165-166, qeyd 14; История Казахской ССР, 1977, c. 220) təsdiqləməkdədir. Fəqət bütün əsərlərində iskit və sakları irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn İ. Dyakonov yazır ki «Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin - Alma-Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə.Vl-V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə şərti olaraq "İssık" adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır. Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və l-Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub-şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir» (Фридрих И., 1979, c. 224).
http://poryvaev.ru/images/826261_6.jpg
İssık kurqanından tapılan qızıl bəzək əşyaları
Bir sözlə, İ. Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq həmin yazının guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə "İssık" yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir (Фридрих И., 1979, c. 224), amma nədən "İssık" yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.
http://www.rbardalzo.narod.ru/4/issyk_uzb.png
Özbəkistan və Əfqanıstandan tapılmış İssık yazısı nümunələri
Fakt isə budur ki, Orxon-Yenisey əlifbası ilə genetik qohum olan (Əlibəyzadə E., 1998, qeyd 2) İssık yazısı adı çəkilən iki hind yazısının qədim variantları ilə bəzi oxşar cəhətlərə malikdir. Brahmi əlifbalarının bəzi işarələrinin bəzi türk tamğaları ilə eyniliyinə hələ vaxtilə Ə. Hüseyni və C. Cəfərov diqqət çəkmişdilər. Məsələn, Cəfər Cəfərov göstərmişdir ki, qaranoqayların as və ya az soyunun tamğası Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir (Cəfərov C.,1987, s. 29-36).

Həmin əlifbada “tha” hecasını bildirən qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-mışdır. Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir (Cəfərov C.,1987, s. 29-36).


Qaynaqça


  1. Cəfərov C. Bəzi damğa və işarələrin etimoloji izahı. Türk dillərinə dair etimoloji və tarixi - morfoloji tədqiqatlar. ADU-nun nəşriyyatı, B.,1987.

  2. Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. "Yazıçı", B.,1982.

  3. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. "Gənclik", B., 1998.

  4. İsmayıl M. Azərbaycan xalqının yaranması. "Azərbaycan Dövlət Nəşriyyatı", B.,1955.

  5. Seyidov M. Qızıl döyüşçünün taleyi, Gənclik, B., 1984.

  6. Süleymenov O. Az-Ya. "Azənəşr", B.,1993.

  7. Аджи М. Европа, тюрки, Великая степь. "Мысль", Москва, 1998.

  8. Акишев К. Курган Иссык. Искусство саков Казахыстана. Москва, 1978. 148 с.

  9. Амонжолов А.С. Руноподобная надпись из сакского захоронения близ Алма-Аты,-"Вестник Казахской ССР", Алма-Аты, 1971.

  10. Восточный Туркестан в древности и раннем средневековье. М.,1988.

  11. История Казахской ССР.1, Алма-Ата, 1977.

  12. Лившиц В. А. Надпись из Гильберджина.-сб. "Древняя Бактрия". М.,1976.

  13. Фазылова Г. Три загадки Иссыкского кургана. Центр Льва Гумелева, 23. 08. 2011 (http://www.gumilev-center.ru/tri-zagadki-issykskogo-kurgana/).

  14. Фридрих И. История письма. Москва, "Наука",1979.



Yüklə 44,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin