Böyük Tatarıstan 1670-1680-ci illərdə.
Maraqlıdır ki, «Tartariya», yəni «Tatarıstan» terminini Çingiz xanın tarix səhnəsinə çıxmamışdan təqribən yarım əsr öncə Navarralı səyyah Veniamin Tudelli işlətmiş və bu adla Tibetin bir hissəsini, Türküstanla Tanqutlar ölkəsi arasındakı geniş ərazini adlandırmışdır (5, 255). Eyni terminə «Relatio de David» (1221) adlı kitabda da rast gəlinir. Fəqət bu kitabda həmin ölkənin coğrafi məkanı göstərilməyib. Burada söhbət nestorian məzhəbindən olan tatar xanı Davudun müsəlmanlar üzərində çaldığı qələbədən söhbət açılır. Fransalı salnaməçi Alberik də eyni ölkənin adını çəkmişdir. Bu iki mənbədə «tartar» adı qətiyyən mənfi çalar daşımır, tatarlar isə xristian missioneri pastor İohanın adı ilə əlaqədar yad edilir. Adın mənfi çalar daşıması Çingiz xan dövründən sonrakı illərə təsadüf edir (9, 107).
Ehtimal ki, «tartar» (tatar) adının mənfi anlamda ilk dəfə qıpçaqların qadın hökmdarı Russutana 1224-cü ildə Poma papası Honoriyaya yazdığı məktubunda işlətmişdir. Həmin məktubda söhbət tatarların Qafqaza hücumundan bəhs edilir. Eyni termindən eyni mənada 1238-ci ildə qıpçaq çöllərində xristianlığı yaymaqla məşğul olan Dominikanlı rahib Yulian da istifadə etmişdir (9, 108-109).
S. Qorşeninanın yazdığına görə, tatarların adı ilk öncələr pastor İohanla birlikdə hallandırıldığı üçün Avropada xoş qarşılansa da, Çingiz xanın yürüşləri bu münasibəti dəyişdi. 1241-1242-ci illərdə yürüşlər Avropanı da hədəfə alandan sonra tatarlara «Tartar»ın (Cəhənnəmin) elçiləri kimi yanaşılmağa başlanıldı (9, 111-112).
Dostları ilə paylaş: |