Bəxtiyar Tuncay



Yüklə 5,44 Mb.
səhifə1/60
tarix01.01.2022
ölçüsü5,44 Mb.
#104429
  1   2   3   4   5   6   7   8   9   ...   60

Bəxtiyar Tuncay

bextiyar.tuncay@yahoo.com
KİBERSAVAŞ

Giriş
Kibersavaş və ya kibermüharibə (İng. Cyberwarfare) – kompüterlərin, onlayn idarəetmə sistemlərinin və şəbəkələrin savaş arenası və ya müharibə kontekstində istifadə edilməsi və ya hədəflənməsidir. Bura kiberhücum, kibercəsusluq, kibersabotaj təhlükəsi ilə əlaqəli hücum və müdafiə əməliyyatları da daxildir (Clarke Richard A., 2010).

Hal-hazırda dünyanın bir çox ölkəsində, o cümlədən, ABŞ, Çin, Rusiya, İsrail, Böyük Britaniya, Şimali Koreya, İran, Türkiyə və s., kiber imkanların inkişaf etdirilməkdə, bundan həm hücum, həm də müdafiə məqsədləri üçün istifadə edildiyi barədə çox sayda təkzibedilməz məlumat mövcuddur (Who are the cyberwar.., 2010).

Kibersavaş ilk növbədə dövlət idarələrinin, maliyyə və biznes mərkəzlərinin kompüter sistemlərinin və İnternetə çıxışının sabitliyinin pozulmasına və gündəlik həyatı İnternet sistemi ilə bağlı olan ölkə və dövlətlərin qeyri-sabitlik və xaosa sürüklənməsinə yönəlmişdir. Çağımızda bu tip savaş münasibətləri gərgin olan dövlətlər arasında adi hala çevrilmişdir.

ABŞ hökumətinin təhlükəsizlik üzrə eksperti Riçard Klarkın sözləri ilə ifadə etsək, kibersavaş hər hansı bir dövlətin zərər vurmaq və ya məhv etmək məqsədilə başqa bir. dövlətin kompüterlərinə və ya şəbəkələrinə sızmasıdır. Böyük Britaniyada nəşr olunan “The Economist” dərgisin yazdığına görə, kibersavaş müharibənin yerdə, dənizdə, havada və kosmosda aparılan istiqamətləri ilə yanaşı, beşinci və yeni istiqamətidir (Cyberwar: War in the.., 2010).

Kiberməkanda hərbi əməliyyatların açıq şəkildə aparılmasına 2000-ci illərdən başlanmış və bu məqsədlə aşağıdakı qurumlar yaradılmışdır:

1. 2005-ci il. Avropa Birliyinin Şəbəkə və informasiyanın Təhlükəsizliyi Agentliyi (The European Networks.., 2005).

2. 2010-cu il. ABŞ-ın Kibernetik Komandanlığı (Nakashima Ellen, 2016).

3. 2014-cü il. Rusiyanın İnformativ Əməliyyat Qoşunları (Антон Благовещенский, 2013).

Kompüter texnologiyalarının genişlənməsi ilə ayrı-ayrı fərdlərin, eləcə də idarə və dövlət müəssisələrinin gündəlik həyatı İnternetlə sıx bağlı hala gəlmişdir. Düşmən dövlətlərin və ya da ayrı-ayrı kibercinayətkarların İnternetdən təxribat xarakterli hücümlar məqsədi ilə istifadə etmələri bütöv bir ölkə və ya dövlətin təhlükəsizliyinə, ilk növbədə də iqtisadi təhlükəsizliyinə, eləcə də siyasi sisteminin sabitliyinə böyük bir zərbə vurmaq üçün yetərlidir. Bir sözlə, İnternetdən başqa dövlətlərin kompüter sistemlərinə hücum məqsədilə istifadə edilməsi həmin dövlətlərin iqtisadiyyatını çökdürmək və ölkədəki sabitliyi pozmaqla nəticələnə bilər ki, bu da son dərəcə arzuolunmaz haldır. Belə olduğu üçün də hər bir dövlət özünün kibertəhlükəsizliyi barədə ciddi surətdə düşünmək və gözlənilməz hücumlara qarşı etibarlı müdafiə sistemləri yaratmaq məcburiyyətindədir.

Keçmişdə şahidi olduğumuz kiberhücumlardan fərqli olaraq, çağımızda həyata keçirilən hücumlar daha böyük təhlükə yaradır və həmin təhlükələrdən qorunmağı zəruri edir. Bu zərurət həm də dövlət sirrlərinin qorunması zərurətindən doğmaqdadır. Çünki hazırda əksər ölkələrin kəşfiyyat təşkilatları İnternetdən cəsusluq və gizli informasiyanın toplanması aləti kimi də istifadə etməkdədirlər. Bura kibermüdafiə sistemlərinin sındırılması, bu yolla dövlət sirri hesab edilən məlumatlara ulaşılması da daxildir. Təsadüfi deyil ki, hazırda ABŞ, Almaniya və Hindistan kimi bəzi ölkələr öz təhlükəsizlik sistemlərinin və gizli informasiya resurslarının dəfələrlə Çin tərəfindən müdaxiləyə məruz qaldığı barədə bəyanatlar yaymışlar (China's Response to.., 2013). Doğrudur, Çin baş verənlərdə əlinin olduğunu inkar edir, lakin onun bunu inkar edib-etməməsi və hətta kiber hücumun arxasında Çinin deyil, hər hansı bir başqa ölkənin durması məsələnin mahiyyətini dəyişmir. Fakt budur ki, artıq bu kimi hallar günümüzün gerçəkliyidir və demək olar ki, hər dəqiqə və hətta hər saniyə baş verir. Bütün dövlətlər bir-birinin gizli məlumat resurslarını əldə etmək üçün, gecə-gündüz demədən, ciddi şəkildə fəaliyyət göstərirlər.

Deyilənlərə Rusiyanın ABŞ-dakı Prezident seçkilərinə müdaxiləsi barədə iddiaları da əlavə etmək lazımdır. Bu baxımdan “APA” İnformasiya Agentliyinin 24 yanvar 2018-ci il tarixində yaydığı bir xəbər çox manidardır.

“MKİ rəhbəri Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı dindirilib” başlığı ilə verilmiş həmin xəbərdə bildirilirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo və ABŞ kəşfiyyatının yüksək rütbəli zabitləri xüsusi prokuror Robert Müllerin komandası tərəfindən dindiriliblər:



“APA”-nın xəbərinə görə, bu barədə Reuters məlumat verib.

Ötən il araşdırma çərçivəsində M. Pompeo, həmçinin ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Den Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə veriblər.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir” (MKİ rəhbəri Rusiyanın.., 2018).

Dünyada aparılan gizli kibersavaşın hansı miqyaslara çatdığını anlamaq üçün dünyanın, o cümlədən Azərbaycanın aparıcı informasiya agentliklərinin yaydığı xəbərlərə nəzər yetirmək kifayətdir. Onlardan bir neçəsini nəzərdən keçirək:




Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin