Həmcins üzvlər. Sadə cümlələrin həmcins üzvlər şəklində birləşməsi, qovuşması baxımından «Dədə Qorqud»un cümlə sintaksisi o dərəcədə səlis, zəngin və ahəngdardır ki, Azərbaycan dili sintaksisinin dastanların təşəkkülündən bəlkə də min il əvvəl təşəkkül tapmış olduğunu güman etməyə əsas verir. Fikrin həmcins üzvlər hesabına bu qədər rəngarəng və emosional ifadəsi sonrakı dastanlarımızda «Dədə Qorqud»la müqayisədə çox zəifdir. Bu cəhəti nəzərə alaraq prof.A.Axundov göstərir ki, «Dədə Qorqud»un şe’r dilində həmcins üzvlər öz sintaktik səviyyəsindən yüksəkdə durur. (47;353) Hər bir dastan Bayındır xanın və ya Qazan xanın, yaxud da başqa bir Oğuz ağsaqqalının təsviri ilə başlayır və qeyd etdiyimiz namə’lum ozan onun ən səciyyəvi əlamətlərini ahəngdar bir dil ilə, həmcins üzvlərlə sadalayır. Oğuz igidləri kafər orduları ilə təkbətək qaldığı anlarda xəbər tutub özünü yetirən Oğuz sərkərdə və pəhləvanları el içində şöhrət tapdıqları titulları, səciyyəvi əlamətləri ilə təqdim edilir. Bir -iki misala diqqət yetirmək kifayətdir:
Qaradərə ağzında qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, bığın ənsəsindən yedi yerdə dügən, ərənlər əvrəni, Qazan bəgin qartaşı Qaragünə çapar yetdi... Hamidlən Mərdin qəl’əsini dəpüb yıqan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanın qızın ərliglə alan, Oğuzın ağ saqallı qocaları görəndə ol yigidi təhsinləyən, al məxmuri şalvarlı, atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq çapar yetdi...(49) Dəmür qapu Dərvəndəki dəmür qapuyı qapub alan, altmış tutam ala göndərinin ucında ər bögürdən, Qazan kibi pəhləvanı bir savaşda üç kərrə atından yıqan Qıyan Səlcik oqlı Dəlü Tondaz çapar yetdi... (77)
Bu cür təsvirlərdə Oğuz igidləri mə’nəvi və fiziki böyüklüyü, düşmən üzərində qələbəsi, geyimi, görünüşündəki əzəməti, ləyaqətli davranışı, namuslu ailə sahibi olması, mərdlik keyfiyyətləri və s. ilə səciyyələndirilir. Bunlar həmcinsliyin məzmun tərəfi, Oğuz igidlərinə məhəbbətin təzahürüdür. Dil məsələsinə gəldikdə, qeyd etməliyik ki, bu cür təsvirlərdə həmcinslər hesabını güclü bir ahəngdarlıq, şe’riyyət yaradılmışdır. Yəqin ki, bu cür ahəngdarlıq dastanların yaranış e’tibarilə mənzumluğunu iddia edənlərə əsas vermişdir. Baban dedi, keyikləri qovsun gətürsün, bənim ögimdə təpələsün, oğlumın at səgirdişin, qılıc çalışın, oq atışın görəyim, sevinəyim, qıvanayım-güvənəyim,-dedi - dedilər. (37) Tamamlıq və xəbərlərin həmcinsləşdirilmiş olduğu bu cümlədəki musiqililiyi hər bir oxucu duya bilər. Bu cür həmcinsləri ahəngdar bölümlərinə görə asanlıqla misralara düzmək olur:
Bir gün
Ulaş oğlı,
Tülü quşun yavrısı, bizə miskin umudı,
Amit soyının aslanı,
Qaracuğın qaplanı,
Qonur atın iyəsi,
xan Uruzın ağası,
Bayındır xanın köyküsi,
Qalın Oğuzın dövləti,
qalmış yigit arxası
Qazan yerindən turmuşdı. (42)
Hətta bu cür bölümdə həmcinslərarası qafiyələr də görünməkdədir və bəlkə də qafiyəsizlər sonrakı təhriflərdir. Çünki dastanın yaradıcıları indiki bir sıra nəsr müəllifləri kimi, ritmdən, nəfəsvermənin tamamlanmalı olduğu intonasiyadan məhrum əsər yaratmamışlar, hər sözün, hər bir ifadənin, ahəngdarlığına diqqət yetirmişlər. Alliterasiya, ritm və qafiyə çox zaman növbələşərək və ya birləşərək musiqililiyi tə’min etmişdir. Həmcins xəbərli aşağıdakı cümləyə diqqət yetirək: Yüriyəlim, a bəglər! Av avlıyalım, quş quşlıyalım, sığın, keyik yıqalum, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim! (42) Hiss olunur ki, bu cümlədə ‘otağımıza düşəlim’ sözləri artıqdır və ahəngi zəiflədir. Düşmək fe’li «Dədə Qorqud»un dilində ‘yıxılmaq’ mə’nasındadır. Həmin cümlədə indiki mə’nasında işlənməsi bu sözlərin lap son köçümə dövründə əlavə edildiyini göstərir.
Yəqin ki, T.İ.Hacıyev aşağıdakı sözləri bu cür mülahizələrlə yazmışdır: «Dastanın sintaktik vahidlərinin - söz birləşmələri və cümlələrinin leksik sistemi göstərir ki, bu, yaradılışdan nəsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanə katiblərinin - yazıya alanların əli ilə onda az-çox nəsrləşdirmə işi aparılmışdır. Bununla belə, dəyişmə əməliyyatları dastanın dilini ilkin poetik mahiyyətdən «təmizləyə» bilməmişdir». (32; 167)
Təbii ki, dastanların dilində bütün cümlə üzvlərinin həmcinsliyi özünü göstərir. Lakin həmcins üzvlər arasında da ən az müşahidə olunanı mübtədadır. Bununla belə, dastanların dili o qədər zəngindir ki, bütün qrammatik fiqurlar əhatə olunmuşdur.
Taq çiçəgi, anan südi sana məlhəmdir. (39) Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad edildi.(50)- cümlələrindən birincisində taq çiçəgi, anan südi, ikincisində qul, qırnaq oğlı həmcins mübtədalardır. Ahəngi saxlamaq üçün «qul» sözündən əvvəl «baş» sözü işlənmişdir: qırq baş qul, qırq qırnaq oğlı... Bə’zən həmcins mübtədalar öz tə’yinləri ilə həmahəng qurulmuşdur: Simüz qoyun, arıq toğlı bayırda qalsa, qurt gəlib yeməzdi... (48) Həmcins mübtədaların təkrar olunan tərəfinin ixtisarı üsulu da qaydaya düşmüş şəkildə mövcuddur: İç Oğuz, Taş oğuz bəgləri Bayındır xanın söhbətinə dərilmitşdi (52) - cümləsində ‘bəgləri’ sözü həmcinslərdən birincisində ixtisar olunmuşdur. Birləşmənin həmcins tərəfləri arasında nadir hallarda «ü» bağlayıcısına təsadüf edilir: Beyrəgin yarü yoldaşları ağı çıqardıb, qara geydi. (58)
Xəbərin həmcinsliyi hərəkətin müxtəlif yöndən, çox zaman daha tə’sirli və ahəngdar təsviri ilə bağlıdır: Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı. Buğa ayaq üstinə turamadı, düşdi, dəpəsinin üstinə yıqıldı (36) - cümləsində ‘turamadı’ sözü ilə ‘düşdi, yıqıldı’ xəbərləri arasında səbəb-nəticə ardıcıllığı vardır. Bə’zən bu cür aydın səbəb-nəticə əlaqəsi olmadan həmcins xəbərlər subyektin icra etdiyi ardıcıl işləri ifadə edir: Əmiraxurbaşı qarşuladı, endirdi, qonaqladı. (53) Dirsə xan Qorqud sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı, oğlanı iki talusının arasında urub çıqdı, yıqdı. (37) Çox güman ki, buradakı ‘çıqdı’ sözü M.Ergində olduğu kimi ‘çaxdı’ sözüdür. Xəbərlərin həmcinsliyində canlı dilin ifadə tərzi özünü daha qabarıq göstərir: Qayıtdı-döndi Dəli Domrul evinə gəldi - cümləsində olduğu kimi.
Bir sıra cümlələrdə xəbərlərin hər birinin ifadə etdiyi işin icrası üçün öz obyekti vardır: Bitəkəllüf kafərlər at dəpdilər, ox səpdilər. (43) Bə’zən də həmcins xəbərlərin hər birinə aid tərz zərfliyi vardır: Toz yarıldı, gün kibi şıladı, dəniz kibi yayqandı, meşə kibi qarardı. (69) Belə bölüm, kafər ordusunun bu cür gəldiyini göstərən epizodlar Oğuz düşmənlərinin də zəif olmadığını göstərir. Dastanların dilində ahəngdarlığın, şe’riyyətin yaranmasında həmcinsliyin bu şəkildə qurulmasının da xüsusi rolu vardır.
Qeyd etdiyimiz ahəngdarlıq, bərabər ritmik bölgülü sintaqmlar tamamlıqların həmcinsliyi üçün də səciyyəvidir. Boylarda vasitəsiz tamamlıqların həmcinsliyi nəzəri daha çox cəlb edir. Obyekt bildirən söz və birləşmələrin sadalanması dastanların dili üçün çox tipikdir: Mənim savaşdığım, mənim dögüşdügim, Mənim çəkişdügim, mənim qılıclaşdığım görgil, ögrəngil! (71) Qa zan bəg ordusını, oğlanını-uşağını, zəzinəsini aldı. (50) Cılasun qoç yigitlərə qalaba ölkə verdi, şalvar, cübbə, çuqa verdi.(50) Ağır xəzinəm, bol aqçam götürüb durursan...(48) Az hallarda həmcins tamamlıqlar arasında «və» bağlayıcısının təkrarı müşahidə olunur: Beyrəgə və anasına və qız qardaşlarına muştçı gəldi.(56) Heç şübhəsiz, bunlar katibin əlavələridir.
Qarıcıq anam gətürüb durursan, mərə kafər, anamı vergil mana, Savaşmadın, uruşmadın qayıdayım-gerü dönəyim.(48) Dərələrdə, dəpələrdə kafərə qırğun girdi.(50) ...bir imirzə xub yigit qırq yigid ilən sağında və solında oturırlar (53) - cümlələrində tərz və yer zərflikləri həmcinsdir. Zərfliyin bir sıra başqa növlərinin (zaman, səbəb, məqsəd və s.) həmcinsliyi də mövcuddur.
Cümlə üzvlərinin həmcinsliyi daha çox sadalama intonasiyasına əsaslanır, dilimizin müasir quruluş sxemindən yalnız sadəliyi ilə fərqlənir.
Dostları ilə paylaş: |