İZDİVACDA QADIN VƏ KİŞİNİN AZADLIĞI
Valideynlər diqqət yetirməlidirlər ki, həyat yoldaşı seçmək hüququ İslamın göstərdiyi şəkildə övladın özünə aiddir. Valideynlərin, övladını onun bəyənmədiyi bir qızla evləndirməyə haqqı yoxdur. Onlar qızlarını da zorla onun bəyənmədiyi bir şəxsə ərə verə bilməzlər. Çünki övladları izdivac məsələsində Haqq tərəfindən verilmiş bir azadlığa malikdirlər.
Bir rəvayətdə ailə qurarkən seçim haqqında belə buyurulur: «İbn Əbu Yə᾽fur deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Mən ailə qurmaq üçün bir qız seçmişəm, valideynlərim isə digərini. Belə olan halda mənim vəzifəm nədir?» İmam Sadiq (ə) buyurdu: «Özün sevdiyinlə ailə qur, valideynlərinin seçdiyinə əhəmiyyət vermə».1
Böyük şiə mərcəi-təqlidlərinin risalələrində izdivac fəslində oxuyuruq: Əgər qız üçün şər᾽ən və ürfən özünə uyğun bir oğlan tapılar, onunla ailə qurmaq istədiyi bir vəziyyətdə valideynləri mane olar və ya bu işi çətinləşdirərlərsə, belə olan surətdə onların icazəsi lazım deyildir.»
Buna əsasən, bir qızı özünə uyğun bilən oğlan və ya bir oğlanı özünə uyğun bilən qız, valideynlərinin razılığı olmadan İslamın icazəsi, Haqqın razılığı ilə ailə qura bilərlər.
Valideynlər həva-həvəslərini kənara qoyaraq, sinfi və tayfa maraq və prinsiplərini öz övladlarının izdivac məsələsində büruzə etdirməməlidirlər. Onlar bilməlidirlər ki, İslam dinində zülm və zülmü qəbul etmək haramdır.
Do ruyeye zire nişe mar xoftən,
Do poşteye ruye nişe mur rəftən.
Təne ruğən zəde ba zəhmətu zur,
Miyane laneye zənbur rəftən.
Miyane lərzu təb ba cisme məcruh,
Zemestan zire abe şur rəftən.
Be kuhe bisutun bi rəhnmayi,
Şəbane ba do çəşme kur rəftən.
Be nəzde mən hezaran bar behtər,
Ke yek co zire bare zur rəftən.
Mə᾽nası:
İlanın dili altında üzüqoylu yatmaq,
Qarışqanın ağzının üstünə getmək,
Ağır zəhmətlə yağlanmış bədənlə,
Bal arısının yuvasının arasında gəzmək,
Yaralı bədənlə qızdırma və titrətmə içində,
Qışda şor su altına girmək,
Gecə vaxtı iki kor gözlə
Bələdçi olmadan Bisutin dağına getmək
Mənim üçün bir zərrə olsa belə,
Zülm altına getməkdən min dəfə yaxşıdır.
Qadın və kişi şər᾽i işlərin seçimində də müstəqil və azaddırlar. Onların işlərinin məhsulu özlərinə məxsusdur. Onlar öz gəlirlərinin tam, qanuni malikidirlər. Kişi qadının icazəsi olmadan onun malına, qadın da kişinin icazəsi olmadan onun malına toxuna bilməz. Qadın və kişinin müstəqilliyi mütləq həyatın bütün sahələrində qorunmalıdır.
ALTINCI FƏSİL VƏHY MƏNTİQİNDƏ QADININ MƏQAMI HAQQIN PAK DİNİ
Peyğəmbərin (s), onun haqq canişinlərinin və mə᾽sum imamların izah etdiyi müqəddəs İslam dini ‒ şiə məzhəbi - tövhid, qiyamət, mələklər, nübuvvət, imamət, Qur᾽an, fərd, ailə, cəmiyyət, maddi və mə᾽nəvi məsələlər, əxlaqi və əməli qaydalar, qadın, kişi, övlad, mənfəət əldə etmək, tərbiyə, siyasət, hökumət və s. işlərdə digər din, məzhəb və cərəyanlardan köklü şəkildə fərqlənir.
İslamın bütün bu mövzularda irəli sürdüyü fikirlər həqiqətlə tamamilə uyğundur və İslamda həqiqət şərhçilərinin buyruqları Qur᾽andan qaynaqlanan ilahi bilik və dünyagörüşünün məhsuludur.
Bütün bu məsələlərin başlanğıcı Qur᾽an, Qur᾽anın başlanğıcı isə Haqqın müqəddəs vücudunun rəhmanlıq, rəhimlik və rübubiyyət vəsfidir. Bu həqiqətlərin şərhi həzrət Peyğəmbərin (s) pak və ilahi qəlbindən, davamı isə Əlidən (ə) on ikinci imama qədər olan mə᾽sum imamların buyuruqlarından başlanır.
«Rəhman» Haqqa məxsus sifətlərdəndir və Allahdan qeyrisinə aid edilə bilməz. Lakin «rəhim» Haqdan qeyrisinə də aid ola biləcək sifətlərdəndir.
Hər iki vəsfin kökü «rəhmət»dir. Tərcüməsi isə «bağışlayan» və «mehriban»dır.
Qur᾽an təfsirçilərindən bir qrupu deyirlər: «Rəhman, ilahinin ümumi rəhmətinə bütün ‒ yaxşı və ya pis bəndələrinə qarşı olan rəhmətinə aiddir. Lakin rəhim isə ilahinin yalnız saleh və itaətkar bəndələrinə qarşı olan xüsusi rəhmətidir.
Rəhmanlıq vəsfidünyada, rəhimlik vəsfi isə axirətdə öz əksini tapır. Amma Qur᾽anda bu fərqlə bağlı bir şey görünmür. Qur᾽anda buyurulur:
«Mərhəmətim hər şeyi ehtiva etmişdir»1.
Bu vəsfin təcəllasını məxluqatın yaranmasında, onlara ruzi verilməsində, müxtəlif hadisələrdən xilas olunmasında müşahidə etmək olar. Bu iki vəsf vasitəsi ilə Allah dərgahından yardım diləmək irfani bir əhval-ruhiyyəyə, məxsus gümrahlığa səbəb olur. Nəticəsi isə, Allah-təalanın öz bəndəsinə diqqət yetirməsidir.
İslam qaynaqlarında qeyd olunur ki, Allah buyurur: «Bəndəm Məni rəhman və rəhim vəsfləri ilə çağırdıqda, yardımına yetməməyə həya edirəm».
Xalqı yaradıb onu ruzi ilə tə᾽min etmək rəhman, onu hidayət edərək uğur qazandırmaq isə rəhim vəsfindən doğur.
Allah-taala Qur᾽anda Özünü digər kəlamlarla rəhmət sahibi adlandırmışdır.
Rəsulullah (s) bu həqiqəti camaatın düşüncə tərzinə yaxınlaşdırmaq üçün aşağıdakı şəkildə (ədəd və dərəcə ilə) bəyan etmişdir: «Allahın yüz rəhməti vardır. Onlardan birini yeddi səma və yerə yaydı. Bu bir dərəcə ilə xalqın hər birinə onun layiq olduğunu bəxş etdi. Xalq da bundan bəhrələnərək, bir-birinə məhəbbət bəsləyir və rəhm edir. Doxsan doqquzunu isə özündə saxlayıb. Qiyamət günü o bir dərəcəni doxsan doqquz dəfə artıraraq, mö᾽min və itaətkar insanlara bəxş edəcək».
«Rəbb» malik deməkdir. Onun malikiyyəti varlıq aləminin bütün məxluqatını əhatə edir. Bu malikiyyət O müqəddəs varlıqdan alına bilməz. Belə ki, bütün məxluqatın tərəqqisi, idarə olunması Onun əlindədir. Haqqın malikiyyəti, idarəçiliyi varlıq aləminin ən kiçik zərrələri ilə belə daimi, əbədi, zati olduğu üçün insanın Allahın malikiyyəti qarşısında digər bir malik axtarmasının, Onun qanunlarından başqa qanun qəbul etməsinin heç bir mə᾽nası yoxdur.
Həqiqi tövhidin insan həyatının bütün sahələrində təcəllası insanın bütün varlığı ilə Onun malikiyyəti altında qalması, malikiyyət carçısı olan hər bir mədəniyyət və cərəyanı rədd etməsidir. Pak «La ilahə illəllah» kəlməsinin həyatın bütün sahələrində bundan başqa mə᾽nası yoxdur.
Bəli, insanın batini və zahiri ehtiyaclarını ödəyən Haqqın rəhməti, Onun malikiyyət nuru, dünya və axirət səadətinə zəmanət verən lütfü, kərəmi, rəhmətidir.
Dostları ilə paylaş: |