Onuncu fəsil Qəlbimiz Kərbəla üçün darıxır
Oktyabr ayının ortaları idi. İraq qəzetləri ilə düzəltdiyimiz əsirlik təqvimi məhərrəm ayının yaxınlaşdığını göstərirdi. İki həftə öncədən Mahmudi kazarmaların başçı əsirlərini toplayıb, onlara hədə-qorxu gəlmişdi. İranda yaşadığına görə, çox yaxşı bilirdi ki, iranlılar İmam Hüseyn (ə) aşiqidir. Başçılara demişdi ki, əsirlər məhərrəmlə əlaqədar hətta kiçik bir fəaliyyət göstərsələr, hamının vəziyyəti ağırlaşacaq. Buna görə də, kazarma başçıları əzadarlığı kollektiv şəkildə deyil, fərdi olaraq həyata keçirirdilər. Başçılarımız düzgün qərar çıxarmışdılar. Bilirdik ki, onlar müəyyən bir qərara gəlirlərsə, bu hamımızın xeyrinədir. Məhərrəm ayının ilk doqquz gecəsi başçılarla Mahmudinin ciddi nəzarəti altında keçdi. Bu müddətdə əsirlərin hər biri saatlarla gizlincə dodaqaltı rövzə oxuyub ağlayır, dərin bir qüssənin ağırlığını qəlbində yaşayırdı.
Aşura gecəsi gəlib çatdı. Şam namazını güzgü tutan gözətçinin köməyi ilə qıldıq. Sonra Aşura ziyarətini astadan oxuduq. Ağır gecə idi. Heç kimdən səs çıxmırdı. Hərəmiz bir küncə sığınıb səssizcə göz yaşı axıdırdıq. Əsirlərdən bir neçəsi bir-iki dəfə birlikdə əzadarlıq etmək fikrinə düşsələr də, hər dəfə bu iş başçıların xəbərdarlığı ilə ləğv edilmişdi. Başçılar yalvar-yaxarla onları yola gətirib deyirdilər ki, bu məsələyə görə bağrımız qandır, İmam Hüseyn (ə) da bu işə razı deyildir. İnşallah o həzrət bu fərdi əzadarlığı bizdən qəbul edəcək.
Yerimdən qalxdım. Pəncərinin yanına gedib orada oturdum. Dizimi qucaqlayıb başımı şüşəyə söykədim və gözlərimi yumdum. 1982-ci ilin Aşurasını xatırlamağa çalışırdım. Qəfildən qulağıma mərsiyə səsi gəlib çatdı. Gözlərimi açdım. Bir an xəyala daldığımı sandım. Yenə gözümü yumdum. Bu dəfəki səs öncəkindən daha aydın eşidilirdi. Yerimdən qalxıb qulağımı pəncərəyə söykədim. Bu səs qadın rövzəxanların səsinə oxşayırdı. Səs getdikcə ucalmağa başladı və birdən belə bir mərsiyə ahəngi ilə bu sözlər eşidildi:
Dostları ilə paylaş: |