Birinci Fəsil


ÜÇÜNCÜ HİSSƏ Yeddinci fəsil



Yüklə 0,74 Mb.
səhifə7/23
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#106747
1   2   3   4   5   6   7   8   9   10   ...   23

ÜÇÜNCÜ HİSSƏ



Yeddinci fəsil

Ənbər, yaşam yeri


İki saat olardı ki, yol gedirdik. Əldən düşmüşdük. Uzaqdan böyük binalar görünürdü. Bir qədər sonra maşınlar binaların önündə dayandı. Bu neçə günkü döyülmək metodu ilə maşınlardan düşüb kompleksə daxil olduq. Girdiyimiz yerin döşəməsi palçıq idi. Ortasında da dayaz bir kanal var idi. Kanalın içindən pis qoxulu tualet suyu axırdı. Orada olan sidik qoxusu əsirlərin yaralarının üfunət iyinə qarışıb ürəyimizi bulandırırdı. Yaralı əsirlərin ayaq üstə qalmağa taqəti yox idi.

O qədər pis vəziyyətdə idilər ki, bəziləri bir neçə saatdan sonra çirkab suların içində oturmuş, bəziləri isə uzanmışdılar. Birdən qapı açıldı və içəri bir torba çörək atıldı. Bir torba çörək dörd maşın əsirə necə çatacaqdı?! Məlum idi ki, bu işlə əsirlər arasında qarşıdurma yaratmaq istəyirdilər. Yanılırdılar! Çünki hələ bizi tanımırdılar. Dostlardan iki-üç nəfər çörək torbasını götürdü, onları qırıq-qırıq edib yaralılara yedizdirdi.

Nəfəslikdən görünən işıqdan axşam düşdüyünü anladıq. Deyəsən bu gecəni də burada qalacaqdıq. Barmaq sayı qədər əsir vardı ki, o vaxta kimi dözüb yerə oturmamışdı. Amma artıq onlar da oturmaq üçün özlərinə yer açdılar... Palçıqlı və qanlı şalvarımız lehməli suyun içində islandığından ağırlaşırdı.

Səhər iraqlılar səs-küy salıb qapını açdılar və əsirləri vəhşicəsinə vura-vura çölə çıxardılar. Yenə də eyni qaydada kötək və söyüşlərin müşayiəti ilə maşınlara minib yola düşdük. Yol boyu onlardan icazəsiz göz qırpmaq da olmurdu. Təxminən üç saat sonra ardıcıl ratsiya əlaqələrindən məqsədə çatdığımızı anladıq. Maşınlar dayandı. Əsirləri düşürmə əmri verilmişdi. Gözətçilərin gözünü oğurlayıb, bir an pərdəni çəkib çölü görmək istəyirdim. Gördüyüm ilk şey, üst-üstə tökülmüş çoxlu sayda tikanlı məftillər və onların arxasında böyük bir bina idi. Məftillərin eni 20, hündürlüyü isə 3 metr olardı! Bunların arasından hətta bir pişik də keçə bilməzdi.

Maşınlar düşərgənin qapısı önündə dayandı. Darvazanın üstünə ərəb dilində “Əsirlər qəfəsi” sözü yazılmışdı. Əsirləri düşürüb beş sıraya düzdülər. Əsgərlərlə zabitlər bizi tez dövrəyə aldılar. Bunların arasında komandir olduğu məlum olan şəxs bizə doğru gəldi və düz mənim önümdə dayandı.

Ucaboylu və cüssəli idi. Qalın bığı qəhvəyi rəngə çalırdı. O vaxta kimi gördüyüm iraqlılara bənzəmirdi. Uzağı 40 yaşı olardı. İstifadə etdiyi gözəl ətir iyi halımı bir az yaxşılaşdırdı. Canıma lehmə ilə üfunət qoxusu elə hopmuşdu ki... Təbəssüm etdi, çiynimdən tutub məni cərgədən ayırdı. Bir neçə addım öndə dayanıb adımı soruşdu: "Adın nədir, ay oğul?!"

Fars dilində danışırdı. Amma "p" hərifini "b" kimi tələffüz edirdi.

-Mehdi - deyə cavab verdim.

-Həə... Mehdi.

Gözlərini qıyıb dedi: "Axı səni cəbhəyə kim göndərib? Bu qədər az yaşınla burada nə edirsən, oğul?" Qaşlarımı çatıb dedim: "Kimsə məni göndərməyib, özüm gəlmişəm!"

Özünü eşitməzliyə vurub əlavə etdi: "Mehdi! Sən mənim oğlumla yaşıdsan. Səni düşərgəyə aparıb digərləri ilə bir yerdə saxlaya bilmərəm. Bu işi görsəm, gecə rahat yata bilmərəm”.

O vaxta kimi iraqlı hərbçilərin bəzilərindən xoş rəftar görmüşdüm və bilirdim ki, aralarında yaxşı adamlar var. Amma Bəsrədəki təcrübələrimə əsasən başa düşmüşdüm ki, fars dilini bilən rütbəli şəxslərin sözünə qətiyyən güvənmək olmaz.

Heç nə demədim. Ətrafıma yavaşca fırlanıb dedi: "Mən seyyidül-rəis1 ilə danışıb, səni azad etməsini istəyəcəyəm. Sən müharibə əsirlərinin yanında qalmamalısan, məktəbə gedib dərs oxumalısan. Axı mən nə dərəcədə daşürəkli olmalıyam ki, səni düşərgəyə göndərim?!"

Gözləyirdi ki, ona məhəbbətlə baxıb məmnun qalacağam. Heç bir əks-əməl göstərmədim və cavabını da vermədim. Əlavə edib dedi: "Seyyidül-rəis mənə icazə versə, səni evə aparacağam ki, oğlumla birgə məktəbə gedəsən. Yox, yox, burada qalsan, gecələri yata bilmərəm!"

Tülkü kimi hiyləgər idi. Bilərəkdən səsini ucaldırdı ki, ətrafımızda olan bütün əsirlər sözünü eşitsin. Özlüyümdə dedim: "Allah özü rəhm etsin! Görəsən mənim haqqımda nə məkrli planı var. Axır sözü bu oldu: "Mehdi, hələlik düşərgəyə get. Görüm sənin üçün nə edə bilərəm. Sən düşərgədə tamamilə azadsan! Haraya istəsən, gedə bilərsən. Kim səni incitsə, mənə de!"

Sonra da əsgərlərə baxıb ərəbcə nə isə dedi. Düşərgəyə girməzdən qabaq paltarlarımızı çıxarmağı əmr etdi. Məni idman ayaqqabımı çıxarıb əvəzinə ayağıma böyük olan çəkələk geyinməyə məcbur etdilər. Bir-bir adımızı çəkməyə başladılar. Allaha yalvarırdım ki, siyahıda adım olsun ki, bir problem yaranmasın. Elə də oldu.

Kimin adını çağırırdılarsa, əlini qaldırıb paltarları ilə əşyalarını almağa gedirdi. Ağ dişdaşə, 1 adyal, balış, kiçik plastik həsir və bir bel çantası hər bir əsirin yaşayışı üçün nəzərdə tutulan əşyalar idi. Oradaca əynimizi dəyişib dişdaşələri geyindik. Əynimə həddən artıq böyük idi, qolu yerə dəyirdi. Özü də təxminən yarım metr yerlə sürünürdü. Gəlin paltarının ətəyi kimi, yeridikdə ardımca gəlirdi. Gülməyim tutmuşdu. Əsirlər də gülmək istəyirdilər, amma iraqlıların qarşısında cürət etmirdilər. Yeriyərkən üzüstə yerə dəyməkdən qorxurdum. Qollarımı dörd-beş dəfə qatladıqdan sonra, ölçüsü uyğun oldu. Uzunluğu və eni üçün heç nə edə bilməzdim. Əyilib yerlə sürünən dişdaşənin qalanını qucağımda tutub hamı ilə birgə düşərgəyə girdim.

Düşərgənin qapısına gedən yolun ətrafı tikanlı məftillərlə dolu idi. Darvazaya o qədər tikanlı məftil sarımışdılar ki, qapıdan çox kirpiyə bənzəyirdi. Hamımız içəri girdik. Dayandığımız yer qərargahla əsir düşərgəsinin arasında idi. Qapının arxası əsirlərin düşərgəsi üçün nəzərdə tutulmuşdu. Qərargahda bir neçə boş otaq da var idi. Otaqların qarşısında ağaclığın içərisində bir bina yerləşirdi. Otaqların divarının üstünə qırmızı dairələr çəkilmiş və onun da içərisinə ağ rənglə yazılmışdı:


أُمَةٌ عَرَبِيَّةٌ وَاحِدَةٌ ذَاتَ رِسَالَةٍ خَالِدَةٍ

(Ərəb ümməti birdir, əhd-peymanları əbədidir.)


Öncədən düşərgədə olan əsirlər həyətdə gəzişirdilər. Tez-tez addımlamaqları diqqətimi çəkirdi. Sanki onlar bir-birləri ilə yarışırdılar. Bəziləri də dayanıb təzə gələn əsirlərə tamaşa edirdilər. Məni gördükdə təbəssüm edib bir-birinə göstərirdilər. Qısa zamanda hamısı məni əhatəyə aldı. Biri adımı, biri yaşımı və digəri də haralı olduğumu soruşurdu. Onlardan ikisi atam yaşında olardı. Həmin iki nəfər gözüyaşlı şəkildə mənə baxırdılar. Dostlar dedilər ki, bu düşərgənin adı Ənbərdir1. Bir qədər sonra bölmək üçün bizi müxtəlif yerlərə çağırdılar. Əsirlərin adlarını oxuyub onları qrup şəklində müxtəlif kazarmalara göndərirdilər. Düşərgə üç müxtəlif hissədən təşkil olunmuşdu və hər hissəyə blok deyirdilər. Əsgərlərin bloku ilə bəsiclərin bloku üz-üzə idi. Əsgərlərin blokunun yanında pilotları və zabitləri saxlayırdılar. Bu blokun kazarmalarından birini də xəstəxana etmişdilər. Hər blokda səkkiz kazarma var idi. Dörd kazarma birinci mərtəbədə və digər dörd kazarma da ikinci mərtəbədə yerləşirdi. Köhnə əsirlər deyirdilər ki, bura xəstəxana olduğuna görə, yaralı əsirlərin əksəriyyətini Ənbər düşərgəsinə gətirirlər. Düşərgənin ortasında bir mətbəx var idi. Deyilənlərə görə hər yemək vaxtı həmin kazarmanın nəzarətçiləri yemək almaq üçün oraya gedirdilər.

Kazarmaya getməzdən öncə, yaralıları xəstəxanaya göndərdilər. Həmin qarnı yırtıq əsiri də xəstəxanaya apardıqlarını görəndə, dərindən nəfəs aldım. Hələ xəbərim yox idi ki, düşərgənin xəstəxanası nə vəziyyətdədir! Şanslı idim ki, öz şəhərimizdən olanlarla eyni yerə düşdüm. Hamımız əsgərlərin bloku olan doqquz nömrəli kazarmada idik. Kazarmanın uzunluğu 10-12, eni isə 6-7 metr olardı. Əşyalarımı bir tərəfə qoyub çantamı açdım. İçində olanlar bunlar idi: Sabun, kiçik güzgü, üzqırxan, ülgüc, diş fırçası, boşqab-qaşıq, alt paltarı və həbsxana barmaqlığına bənzəyən zolaqları olan hərbi paltar. Üz qırxmağa aid olan əşyalarımı çıxarıb dostlardan birinə verdim. Çünki bu tezliyə onlara ehtiyacım olmayacaqdı!

Axşam çağı koridorda səs eşitdik. Səs yaxınlaşdıqda zahirən mənə can yandıran komandirin gəldiyini anladım. Dostlar demişdilər ki, onun adı mayor Mahmudidir. Mahmudi iraqlı əsgərlərin başına qışqırıb deyirdi: "Niyə onu əsgərlərin blokuna aparmısız?! Məgər onun yerinin hara olduğunu bilmirsiz?! Sizə onu ikinci kazarmaya aparın deməmişdimmi?! Axı bu işləri nə vaxt öyrənəcəksiz?!" Elə həmin səs-küylə kazarmanın qapısı açıldı. Mayor içəri girib dedi: "Ya Allah, Mehdi, dur. Dur əşyalarını da götür”.

Qanım qaraldı. Dostlarımdan və öz həmyerlilərim olan əsirlərdən ayrılmaq istəmirdim. Amma çıxış yolu yox idi. Əşyalarımı götürüb Mahmudinin tapşırıq verdiyi əsgərin ardınca yola düşdüm. O, yerimin dəyişildiyinə əmin olduqdan sonra getdi. 22 nömrəli kazarma, ikinci mərtəbədə, bəsiclərin blokunda yerləşirdi. Hər blokun başında və ortasında, iki mərtəbəni bir-birinə birləşdirən bir pilləkən var idi. Əsirlər məni gördükdə təəccübləndilər. Əsgər qapını bağladıqdan sonra, məni əhatəyə aldılar. Onlar Bəsic qüvvələri ilə korpus keşikçiləri idi. Mən hamısından balaca idim. Yenə eyni sualları eşidirdim: Adın nədir? Haralısan? Neçənci sinifdə oxuyurdun? Cəbhəyə necə gəldin? Necə əsir düşdün? və s.

Əsirlərin hər birinin özünəməxsus əhvalatı var idi. Hamısının əsir düşmə macərası insanı təsirləndirirdi. Uzun müddət bu şəkildə kazarmanın ortasında oturub söhbət etdik. Sözlərindən başa düşdüm ki, onlar kazarmanın işlərini öz aralarında bölüblər. Məni də növbəyə salmaqlarını istədim. Təmizlik, qab yumaq, yemək almaq və s. Amma onlar dedilər: "Yox, lazım deyil. Burada olduğun müddətdə bizim qonağımızsan!" Heç kəsə zəhmət vermək istəmirdim. Çox israr etdim, amma razılaşmadılar. Axırda əl çəkməyəcəyimi görüb dedilər: "Yaxşı, nə vaxt istəsən bu işlərin hər hansı birində yardım edə bilərsən”.

Qürub radələrində dostlar axşam yeməyi almağa hazırlaşırdılar. Hər 10 nəfərin yeməyini "qusə" adlı qablara çəkirdilər. Qusə 30×50 santimetr ölçüsü olan düzbucaqlı bir qab idi. Hər iki tərəfində dəstəyi var idi və altına "Ceyşul İraq"1 göstəricisi olan "C" hərfi yazılmışdı. Şam yeməyi bozbaş suyu idi. Tomat yeməyin rəngini azacıq dəyişmişdi və içərisində nə olduğunu bilmədiyimiz bəzi şeylər üzürdü. Şam yeməyini "Səmmun" adlanan bir tikə ərəb çörəyi ilə yedik. Uzun müddət heç nə yemədiyimizdən, bu yemək az olduğundan aclığımızı aradan aparmadı. Amma, hər nə olsa da, qana boyanmış plovdan yaxşı idi.

Gecə kazarmanın işığı səhərə qədər sönmədi. İraqlılar əsirləri nəzarətdə saxlamaq üçün bu işi görürdülər. Əsirlər qapının yanında olan bir küncə adyal asaraq zaldan ayırmış, orada ayaqyolu və təharət almaq üçün vedrədə su qoymuşdular. Sübh namazını qıldıq. Namazdan bir-iki saat sonra, yemək işinə baxan üç-dörd əsir əlində qusə mətbəxə doğru getdilər.

Səhər yeməyi sup idi. Hər birimizə təxminən bir stəkan sup düşürdü. Çörəkdən də hər adama günlük bir yarım Səmmun çatırdı. Sup ağ idi, düyüdən bişirilmişdi. İçində az miqdarda noxud qırıntıları da vardı. Dadlı sup olmasa da, ac qalmaqdan yaxşı idi. Ardıcıl fit səsi və qapının açılması ilə həyətə çıxmaq vaxtı olduğunu anladım. Qapı açılanda əsirlər blokun ayaqyolusuna doğru hücum çəkdilər. Hər blokda 10 ayaqyolu var idi. Bir göz qırpımında hər ayaqyolunun önündə uzun sıra əmələ gəldi. Bir neçə nəfər də hamama getdi. Hamamın suyu soyuq idi və yuyunmaq istəyənlərin deyinmək səsi eşidilirdi. Ayaqyolundan sonra həyətdə gəzişdim. Düşərgədə nələr olduğunu görmək istəyirdim. Mətbəxə yaxın bir yerdə yerə yaşıl bir lövhə yapışdırılmış, üstünə də belə yazılmışdı:


وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا 1
Rütbəli əsirlərin blokunun yaxınlığında, 30 yaş civarında olan İranməneş adlı ordu mayoru məni görüb xeyli təəccübləndikdən sonra, yanıma gəldi. Salamlaşıb tanış olduqdan sonra cəld metrə gətirib əyin-başımı ölçməyə başladı. O, dərzilik bacardığı üçün iraqlıların mənə verdikləri paltarları düzəltmək istəyirdi.

Kazarmaya girdikdən bir az sonra iraqlı əsgərlərdən biri məni çağırdı. O əmr etdi ki, əşyalarımı yığıb hazır vəziyyətdə qalım. Görünür, yenə yerimi dəyişmək istəyirdilər. Bu dəfə 18 saylı kazarmaya göndərildim. Oranın ən yaşlısı Riza Qərib idi və demək olar əsirlərin əksəriyyəti yeniyetmə cavanlar idilər. Mahmudi buranı "Uşaq kazarması" adlandırmışdı.

Günorta yeməyinə adam başı dörd-beş qaşıq plov verdilər. Plov sulu idi. Neçə nəfərlə bir Qusənin ətrafına oturub önümüzdəki hissədən payımıza düşəni yedik. Bir-iki saatdan sonra, axşamçağı tənəffüsünün vaxtı idi və yenə də çölə çıxdıq.

Günortadan sonra saat beşdə, içəriyə girmək fiti çalındı və sayımızı bilmək üçün bizi beş cərgəyə düzdülər. Zabit və əsgərlər kazarmaya daxil oldular. Zabitlərdən birinin qoluna bir parça yapışdırılmış, üstünə də "N.C" yazılmışdı. Bu zabit düşərgə rəisinin müavini idi. Başımızı aşağı əyib oturmuşduq. Heç kim tərpənməməli idi. Bu zabit və əsgər heyətinin nəyə görə nigaran olduqlarını anlamırdıq. Məgər sayımızın artıq-əskik olması və ya kimsənin buradan qaçması mümkün idi?! Bunu həm dünən axşam çağı, həm də bu gün səhər etmişdilər. Dostlar deyirdilər ki, gün ərzində bu işi iki dəfə təkrar edirlər. Onlar qapını bağlayıb gedəndə hava hələ qaralmamışdı. Axşam olduqda kazarmada dəstəmaz alıb camaat namazı qıldıq. Sonra da axşam yeməyi yeyib yatmağa çalışdıq.

Ertəsi günün səhəri tənəffüs vaxtı həyətdə gəzərkən İranməneş gülümsəyərək yanıma gəldi. Əlində paltar var idi. Çox səliqə ilə paltarı ölçümə uyğun tikmişdi. Hətta bəzi yerlərinə bəzək də vurmuşdu. Təşəkkür edib soruşdum:

-Bunları nə ilə düzəldibsiz?

-Blokumuzun üstündə, yuxarı mərtəbədə kiçik otaq var, oranı dərzi otağı etmişəm. Əsirlərin tikiş işlərinə görə də çoxlu yalvar-yaxarla iraqlılardan tikiş maşını istəmişəm. Axı mən orduda dərzi işləmişəm. Onlar da razılaşıb mənə kiçik tikiş maşını verdilər.

-Sağ olun, təşəkkür edirəm. Mənə böyük yardım etdiniz. Bu dişdaşə ilə hərəkət edə bilmirdim!

-Dəyməz, sən mənim oğlum kimisən. Dişdaşəni də ver, düzəldim".

Paltarlarımı dəyişdim. İraqlı əsgərlər məni gördükdə diqqətlə baxırdılar. Görünür, bu paltarlarla daha çox diqqət cəlb edirdim. Dostlar da paltarlarımı görüb çox bəyəndilər. Allaha şükür ki, artıq əynimdə yaxşı qalırdı. Kamal da idman ayaqqabımı gətirdi və böyük çəkələklərdən də xilas oldum. Həyətdə kazarma yoldaşlarımdan biri ilə danışırdım ki, iraqlıların ardıcıl fit səsi başladı. Səbəbini soruşdum. Dedilər ki, Mahmudi düşərgəyə gəlib. Bu fiti kim eşitsə yerindəcə qalmalıdır.

Düşərgənin giriş qapısının önündə dayanmışdım. Mahmudi içəri girdi. Məni gördükdə, təbəssüm edərək dedi: "Mehdi, mənimlə gəl!"

Cavabını vermədən həyətdə farağat dayanan əsirlərin arasından qaçıb kazarmanın içərisinə girdim.

Niyə belə etdiyimi özümə də bilmədim. Yalnız bunu bilirdim ki, Mahmudi ilə qarşılaşmaq istəmirəm. O, düşərgəyə gəldiyim gündən mənə plan cızırdı. Əsirlərdən eşitmişdim ki, Mahmudi inqilabdan bir neçə il əvvəl Şiraz şəhərinin Savak idarəsində təlim görüb, indi də düşərgədə xüsusi idarənin nəzarətçisi olaraq, öyrəndiklərini burada həyata keçirir. Buna görə də, onu görməyə gözüm yox idi!

Kazarmaya girdikdən bir az sonra bir neçə əsgər tərcüməçi Mahmudla içəri girib səs-küy salmağa başladılar: "Niyə qaçdın? Bilmirsən ki, mayor Mahmudi düşərgəyə girdikdə iranlı və iraqlı hamı farağat dayanmalıdır? Səni çağırdıqda, niyə getmədin? Yəqin ki, indicə səni gəbərdəcək. O heç kimə rəhm etmir!"

Dayanmadan məni danlayırdılar: "Yalla, yola düş, mayorun yanına gedək!"

Çarəm yox idi, onların ardınca yola düşdüm. Çölə çıxdıqda Mahmudi heç nə olmamış kimi dedi: "Mehdi, yaxşısan? Düşərgə necədir? Yerin yaxşıdır? Səni incidirlər?" Cavabını vermədim. Yenə dedi: "Ay uşaq, səninləyəm! Yerin yaxşıdır? Hər şeydən razısan?"

Üzünə baxmaq istəmirdim. Başı aşağı vəziyyətdə dedim:

-Bəli, razıyam.

-Hə... Bərəkallah! Bir çatışmazlıq var? Nəsə lazımın deyil?

-Yox, hər şeyim var, heç nə istəmirəm.

Ürəyimdə dua edirdim ki, tez sözünü qurtarıb getsin. Amma düşündüyüm kimi olmadı, mənə yaxınlaşıb əlimdən tutaraq özü ilə apardı. Getdikcə halım pisləşirdi. O, əlimdən tutub məni düşərgənin mağazasına apardı.

İçəri girib dedi: "Necə yəni heç nə istəmirsən, bura gəl!"

Satıcının stulunu mağazanın ortasına çəkib oturduqdan sonra dedi: "Düşərgədə səni incidirlər? Kimsə səni incitsə, gəl özümə de. Özüm payını verəcəyəm! İndi de görüm nə istəyirsən? Ürəyindən nə keçir götür?"

-Heç nə istəmirəm.

-Belə şey olar?! Buraya kimi gəlmisən, indi də burdan əli boşmu çıxmaq istəyirsən? Gəl yaxşı-yaxşı bax, gör nədən xoşun gəlir?

-Axı, heç nə istəmirəm.

Məndən əl çəkmir, dayanmadan israr edirdi. Mən də inad edib heç bir şeyə əl vurmadım. Artıq bezmişdi. Satıcı gözləri bərəlmiş halda bizə baxırdı. Qəzəbini gizlətməyə çalışan mayor hiddətlə yerindən qalxıb rəflərin birindən böyük sellofan götürdü və onu əlinə keçən müxtəlif yeməli şeylərlə doldurmağa başladı. O, yenə də deyirdi: "Seyyidül-rəis ilə danışmaq qərarına gəldim. İcazə versə, səni evimə aparacağam ki, oğlumla birgə dərsə gedəsən".

Onun əsəbi hərəkətlərinə gülməyim tutmuşdu. Qarşısındakı adamı uşaq görüb, yeməli şey və xoş vədlərlə aldada biləcəyini düşünürdü. Mənsə düşünürdüm ki, onun zorla verdiyi bu hədiyyələri kazarmaya necə aparım. Sellofan dolduqdan sonra onu mənə uzadıb dedi: "Al, Mehdi, bunların hamısı sənindir. Heç kimə vermə!"

Heç nə demədən üzünə baxırdım. Baxışlarından kin və nifrət yağırdı. Yenə səsini ucaldıb dedi: "Yalla, al bunu, Mehdi!"

İkrahla əlimi uzadıb sellofanı aldım. Məndən əl çəkib aralanmasını istəyirdim. "Mehdi, bunları heç kimə verməyəsən, ha! Hər kim də zorla almaq istəsə, gəl mənə de. Di get kazarmana!"

Mağazadan çıxıb qapı ağzında komandirlərini gözləyən əsgərlərin arasından kazarmaya doğru yola düşdüm. Dostlarımın reaksiyasından qorxurdum. Onlar bu bir-iki gün ərzində söhbət edib mənim necə bir uşaq olduğumu anlamışdılar. Amma qorxurdum ki, iraqlılara üz verdiyimi düşünsünlər. Kazarmaya girdim. Əsirlər əlimdə olan ərzağı bir göz qırpımında qarət etdilər. Sellofanın içində bir neçə paket püstə, bir neçə banka mürəbbə, bir neçə qutu xurma şirəsi, üç-dörd qutu qatılaşdırılmış süd və bir neçə banka turşu var idi. Dostların zarafatlarına etina etmədən bir küncdə oturdum. Qanım qaralmışdı. Yasa batdığımı gördükdə, dedilər: "Boş ver Mehdi! Axı bu nə sir-sifətdir? Gəmilərinmi batıb? Niyə narahatsan? Ayıdan bir qıl qoparmaq da qənimətdir! Özünü narahat etmə!"

Çox narahat idim. Mahmudi bu ərzağa görə mənə istəmədiyim minnəti qoyduğu üçün, nə edəcəyimi bilmirdim. Dostlarıma baxırdım, şirinlə turşun onlar üçün heç bir fərqi yox idi və hər şeyə barmaq batırıb yeyirdilər. Yazıqlar əhval-ruhiyyəmi dəyişmək üçün əllərindən gələni edirdilər.

Dostlardan biri bir əlində bibər şəkili olan turşu bankası, digər əlində də fıstıq tutmuşdu. Yanıma gəlib əlindəkilərdən yeməyimə israr edirdi. Hər gələn də barmağını turşu bankasına batırıb yedikdən sonra, ağzının yanmasından fəryad edirdi! Belə etməklə demək istəyirdilər ki, Mahmudidən bunları almaq məcburiyyətində olduğunu bilirik. O qədər zarafat edib deyib güldülər ki, axırda mən də onlara qoşulub gülməyə başladım.

***


Düşərgəyə gəlişimdən bir həftə keçirdi. Bir gün tənəffüs vaxtı həyətdə fars dilli radiodan bir xəbər yayımlandı. Əsirlərin arasına vəlvələ düşdü. Xəbərdə deyilirdi: "Xürrəmşəhri iranlılara geri vermək, bizim üçün hərbi taktika idi və qətiyyən məğlubiyyət sayılmır. Bir vaxtlar Xürrəmşəhri onlardan aldığımız kimi, bir gün bütöv İranı da belə alacağıq".

Eşitdiklərimə inana bilmirdim, donub qalmışdım. Heç kim nə hisslər keçirdiyimi anlaya bilməzdi.

Sevincimdən nə edəcəyimi bilmirdim. Əsirlər əsgərlərlə gözətçilərin diqqətini çəkmədən Xürrəmşəhrin azad edilmə xəbərini bir-birinə çatdırırdılar. O vəziyyətdə heç bir xəbər məni belə sevindirə bilməzdi. Başımı göyə qaldırıb dodaqaltı Allaha şükür etdim1. Xürrəmşəhrin azad olunma xəbərini eşitdikdən sonra, əsirlərdən bir-ikisi əllərində qəzet yanıma gəlib dedilər: "Heç ağlımıza gəlməzdi ki, bir gün bu şəkildə olanı öz düşərgəmizdə görəcəyik!"

Öncə nə dediklərini anlamadım, amma gözüm qəzetdəki şəklə sataşdıqda, məqsədlərini başa düşdüm. Şəkil əsirliyimin ilk günlərinə aid idi. O vaxtlar iraqlılar tez-tez mənim şəklimi çəkərdilər. Toz-torpaqlı üst-baş və uzun düyünlənmiş saçla iraqlıların cəbhəsində gəzən zaman yenə də şəklimi çəkiblərmiş. Həmin şəkli qəzetə vurmuşdular. Nə qədər düşündümsə, bu şəkli harada və nə vaxt çəkdiklərini xatırlamadım. Ölçüsü təxminən 10×15 olardı. Şəkil qəzetin ilk səhifəsində çap olmuşdu.

Ertəsi günün səhəri düşərgənin həyətində gəzişərkən zabitlər blokundan olan bir əsir pilot yanıma gəldi və salamlaşdıqdan sonra dedi: "Bir neçə dəqiqəlik mənimlə gələ bilərsənmi? Sənə bir şey göstərmək istəyirəm". "Görəsən, nə göstərəcək" – deyə düşünüb onunla getdim.

Zabitlər bloku bizimkindən fərqli idi. Şərait baxımından onlarınkı daha yaxşı görünürdü. Xəstəxananın yanındakı kazarmaya girdik. Məni qarderobun yanına aparıb ətrafa göz gəzdirdikdən sonra, ehtiyatla qapını açdı. Şəklimi qəzetdən kəsib dolabın içərisinə yapışdırdığını gördüm. Təbəssümümü gördükdə dedi:

-Siz bizim fəxrimizsiz. Bu yaşda cəbhəyə gəlib ölkəmizi müdafiə etdiyin üçün, səninlə qürur duyuram.

-Təşəkkür. Mən də sizin kimi vəzifəmi yerinə yetirirdim.

Həyəcanla söhbət edirdi, etiqadlı və inqilabçı şəxs idi. Bir qədər sonra dedi: "Gəl çölə çıxaq, qorxuram bir az da qalsan, sənə problem yaranar".

Kazarmanın qapısına kimi gəlib məni yola saldıqdan sonra, içəri qayıtdı.

Yeni əsirlər qrupunun gəldiyi gündən iki həftə keçirdi. Beynəlxalq Qırmızı Xaç Komitəsi yeni əsirlərin adlarını qeyd etmək üçün düşərgəyə gəlmişdi. On nəfərlik nümayəndə heyətinin hamısı isveçrəli idi. Həyətə girdilər. İraqlılar onlara bir masa gətirdilər. Hər qrup növbə ilə irəliləyib adını, soyadını və kimliyini onların əlindəki kağıza yazırdı. Hər birimizə iki ədəd məktub kağızı verdilər. Kağızlardan biri göy, digəri qırmızı xətli ağ kağız idi. Göy kağızın bir tərəfinə ingiliscə "Anxious for news", digər tərəfinə isə ərəb dilində "Xəbər üçün nigaran olanlara" sözləri yazılmışdı. Qırmızı xətləri olan ağ kağıza məktubu alanın adı və soyadı yazılmalı idi. Bizə dedilər ki, göy kağıza yalnız ad-soyad və evinizin ünvanını yazın ki, ailənizin əlinə çatıb əsir düşdüyünüzü öyrənsinlər. Ağ kağıza da məktub yazıb arxasına ad-soyadınızı yazın. Niyə belə etdiklərini başa düşmürdüm. Çünki həmin ağ kağızda da sağ olduğumuzu bildirmək mümkün idi. Əsirliyindən iki ay keçən dostlardan biri izah etdi ki, İraq dövləti əsirlərin məktublarını senzuradan keçirir. Məktubun məzmun baxımından problemi olmasa, sahibinə çatacaq, əks təqdirdə məktub göndərilməyəcək. Buna görə də göy məktubları verirlər ki, ad-soyadımızı oraya yazaq və senzuraya ehtiyac olmadan İrana çatsın.

Qırmızı Xaç Komitəsi düşərgəyə özləri ilə üç qələm gətirmişdilər. Məktubları yazdıqdan sonra qələmləri aparacaqdılar. Məktubun kağızını əlimdə tutub qələm növbəsinə dayandım. Deyəcək bir kitab sözüm var idi, amma bu yarım qarış kağıza nə yazacağımı bilmirdim. Əsirlik haqda elə bir şey yazmaq istəyirdim ki, valideynlərim nigaran qalmasınlar. Məktubda heç bir narahatçılıq olmadığını çatdırmaq istəyirdim. Məktubu Quranın bu ayəsi ilə başladım:



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin