FANİLƏR MÖVSÜMÜ
(sənədli-bioqrafik povest)
Tərtib edən və redaktor: Arzu Eyvazov
Fanilər və Fanilər Mövsümü
Rəhman və Rəhim Allahın adı ilə
Müşriklərə ayələrimiz açıq-aydın oxunduğu zaman qiyamət günü bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Başqa bir Quran gətir ya da onu dəyişdir!” Onlara de: “Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”. (Quran, 10/15)
Kimdir möminlər? Nəfs və əqlin, yoxsa Allahın hökmü altında yaşayanlar? Azğın nəfsini özünə tanrı seçənlər möminlərə gülər ki, nə daddınız dünyadan! Yalnız ağlına güvənənlərsə möminləri divanə sayar. Amma onlar Allah eşqində yanıb fani olanlar, Fanilərdir! Mömini tanımaq istəsən, bax onun Məninə - yanıb kül olubsa, mömindir, Mən rəngi Allah rəngini örtübsə ya Cahil, ya Təkəbbürlü, ya da Riyakardır.
Azərbaycanın Faniləri var, Allah eşqində yanmış Faniləri. Fanilərin Mövsümü var. Bir Mövsüm həzrət Höccət (əc) zühur edəndə gələr, o ilahi bahar mövsümündə möminlər çiçək kimi açar, zülm fəna olar. Fanilərin o biri Mövsümü Azərbaycan adlı həbsxanada zühuru gözləyir... Tezlət zühuru, ya Rəbb!
Salam, Mövsüm…
Arzu Eyvazov
Payız ola, qış ola,
günəş ya yağış ola -
Bir mövsümdə, havada
şirin xatirə varsa
Qurban olum o günə,
qurban olum o yerə.
Salam, Mövsüm! –
Bu salam
barmaqlıqdan Allaha
kəlmə-kəlmə dırmanan
duaların ünvanı,
yatmış Vətən adından.
O başda oturan da,
böhtana batıran da,
zindana yatıran da
Xəbərsiz gecə yarı
duandadır adları.
Dar adamlar inanmaz
rəqibin duasına.
Qınama, ağıl qaçır
girdin şir yuvasına.
Nə bilsinlər Allahın
nəzəri zindandadı,
Nə bilsinlər rəislər
hər nə deyir aldadır,
Nə bilsinlər yuxarda
oyunçu var, oyun var?!
Bir gün qəbir evində
“maskaları soyun” var!
Salam, ay yaşda kiçik,
yolu böyük qardaşım!
Hürkmüş dostlar adından,
Uylar, məstlər adından,
Dilşikəstlər adından
sənə asta salam var -
Könüllərə yol tapan
zindana da yol tapar!
Yolları Mənlərdə düyün dünyada
Deyirlər hər adamın bir yolu var.
Bir yol da var, Məndən keçənlər bilir
Üzü ərşə, eniş kimi halı var.
İstənilən bir işdə uğur qazanmaq üçün şərtlər var. Qeyd-şərtsiz vergilərin də olduğunu inkar etmirəm. Amma İŞ dediyim hadisədə şərtlər sırasında birincisi sabitdir: Allahdan yardım diləmək! Etiqadla bağlı bu şərtin ödənməməsi insanı öz imkanlarının ümidinə buraxır. Sevilmək istəyirsən? Sevilmək üçün özünü çəkirsən? Deyirlər özünü aşağı tutsan böyüyərsən, tanınarsan, sevilərsən. Yəni Allah sevdirər. Əgər Allah səni kiçiltməyə qərar versə, müqavimət imkanlarına maliksənmi? Görən dünyanı fəth etməkdə iddialı insanın imkanları böyükdürmü? Əlimdə olan iş ədəbi işdir. Nə insanların qəlbinə yol tapmaq, nə dünyanı fəth etmək məqsədim var. Amma bu işi elə görmək istərdim ki, ilahi eşqdən muzd alım, razı bəndə məqamını fəth edim. Muzdur olum Allah qapısında, fateh olum İblislə savaşda.
Bəli, bütün başqa sahələrdəki kimi çətinlikləri olan iş. Bu işin çətinliyini dadmışam. Belə ki 30 ildən artıq bir dövrü əhatə edən yaradıcılıq fəaliyyətlərinin bəhrəsi nədir – soruşulanda gözlərimi döyürəm. Tək-tük bəyənilən məqalələr, şeirlər olsa da, ömrün bəhrəsi deyiləcək bir şey yoxdur ortada. Düşünmürəm ki, səbəb istedad və ya informasiya kasadçılığı olub. Həyatda bütün uğursuzluqlarımın arxasında ilahi yardımdan məhrumluq dayanır desəm, yalan olmaz. Ona görə də bu dəfə işə başlamazdan öncə ürəkdən deyirəm: Rəhman və Rəhim Allahın adı ilə!
Bioqrafik janrlara dəyər verən nədir?
Səhnəyə qalxanda Məndən keçənlər
Allah öz işinə əhsən buyurdu.
Hər Mən Allah-bəndə arası səddə
Daş oldu, cananı candan ayırdı.
Qarşınızdakı, bioqrafik janrda qələmə alınmış bir yazıdır. Bu janr ədəbiyyatla yanaşı (bəlkə də daha artıq) tarixlə bağlıdır. İsgəndəriyyə alimləri yazıçı və alimlərin həyatını qələmə alırdı. Bioqrafik janr Plutarxın əsərlərində ədəbi hadisə sayılırdı. Sent Bövün "Ədəbi portretlər" əsəri də bu janrda hadisədir. O, Balzak, Viktor Hüqo, Aleksandr Dümanın müasiri idi. Andre Morua bioqrafik romanda birincilərdəndir. Bəli, İnsan! O, yaranışın hədəfi, ədəbiyyatın mövzusudur.
Ceyms Conston bioqrafiya janrının təsnifatını yaratmağa cəhd edir və belə bir sıralama aparır: avtobioqrafiya, memuar, gündəlik, ədəbi etiraf, məktub, bioqrafik esse, ədəbi portret, səyahət ədəbiyyatı, bioqrafik poeziya və s. Amma əsil əsərdə öncədən metod, həcm təyin etmək asan deyil. Qələm eşqlə hərəkətə gəlir. Bütün riyazi meyarlar bu eşqə qarşıdır. Bioqrafik janrın görkəmli nümayəndələrindən olan amerikalı İrvinq Stoun (1903-1989) məharətli bioqrafdır. Məşhur, fərqli, maraqlı bir İnsanın portretini yaradan müəllif öz qəhramanı ilə dəyişir – demirəm böyüyür və ya kiçilir. Şəxsiyyətcə kiçik, sənətində böyük insanların bioqrafiyasını yazanların kiçilməsi də mümkündür. Rus çarı 2-ci Nikolayın “ailə dostu” kimi yadda qalan hoqqabaz Rasputinin iyrənc sifətlərinə fırça gəzdirməklə gözəlləşmək məntiqi baxımdan cəfəngiyyatdır. Stoun etiraf edir ki, Cek Londonun “Martin İdeni” onu yazıçı edib. Cek London haqqında yazdığı “Süvari dənizçi” bioqrafik romanı da müəllifdə iz qoymamış deyil. Sual yaranır ki, bioqrafik əsərdə ilk dəyər meyarı bədii səviyyədir, yoxsa qəhrəmanın şəxsiyyəti? İrvinq Stoun istənilən bir şəxs haqqında yazsaydı o əsər dəyərli olardımı? Və ya Cek London haqqında istənilən şəxs yazsaydı, əsər yüksək qiymətləndirilərdimi? Əgər ədəbiyyatın insana tərbiyəvi təsirini əsas götürsək, istənilən bioqrafik yazını məhz mənəvi dəyərlər baxımından qiymətləndirməli oluruq. Əsər ədəbi baxımdan zəif olsa bu o qədər də qorxulu deyil. Əsərə dağıdıcılıq verən onun mövzusudur. Məsələn, erotik-bioqrafik əsər ədəbi baxımdan sənət incisi olsa belə bəşəriyyət, cəmiyyət üçün dağıdıcıdır.
Bu yazıda ana xətt özünütərbiyə, insanın kamilləşməsidir.
Dostları ilə paylaş: |