On üçüncü fəsil Tasua və Aşura peyvəndi
Əsirliyin ikinci payızı yaxınlaşır, məhərrəmin ətri gəlirdi. Məhərrəm ayının ilk 8 gecəsində heç bir hadisə baş vermədi.
Aşuraya iki gün qalmış, düşərgədə bir xəbər dolaşmağa başladı. Deyirdilər ki, iraqlılar kazarma-kazarma gəzib keçən ilki peyvənddən vururlar. Bunu xəbəri eşitdikdə sanki məni ildırım vurdu. Həmin gecənin qızdırması və həftələrlə keçib getməyən qol ağrısını xatırladım. Müsibət görənlər kimi mat-məəttəl bir-birimizə baxırdıq. Yeni gələn əsirlər hələ bu peyvəndin nə olduğunu bilmədiyi üçün, nəyə görə bu dərəcədə yasa batdığımızı başa düşmürdülər.
Bizim kazarmanın növbəsi çatdı. Qapını açıb əsirləri cərgəyə düzdülər. Başçılar yalvar-yaxarla zabit müavinindən bu peyvənddən iki-üç nəfərin istisna olmasını istəyirdilər. Deyirdilər ki, heç olmasa bir neçə nəfər salamat qalıb digərlərinə yardım edə bilsinlər. Onlar razılaşmayıb deyirdilər ki, bu peyvənd vərəm və qarayara xəstəliyi üçündür, bir nəfər vurdurmasa, digərlərinin də zəhmətini bada verəcək!
Necə də mənasız bir izah idi! Keçən il bit və ishal üçün istifadə olunan bu peyvənd, bu il tam ayrı xəstəliklər üçün işlədiləcəkdi. Keçən dəfəki kimi koridorun başına üzərində peyvənd şüşələri yığılmış masa qoymuşdular. Hamımız sıra ilə dayanmışdıq. Yeni gələn əsirlər peyvəndin yerindən qan axdığını gördükdə nə baş verdiyini anlamağa başladılar.
Mənim növbəm çatdı. Təcrübəmə əsasən ikrahla sol qolumu uzatdım. Ağ xalatlı iraqlı üzümə baxıb, acıqla iynəni qolumun sümüyünə qədər batırdı. Sağ əlimlə iynənin yerini sıxanadək, qan dirsəyimə kimi çıxdı. Peyvənddən xilas olmaq üçün, bir həftə gecə-gündüz kabel və səvəndə ilə kötək yeməyə də razı idim, amma bu... Hər nə isə, artıq iş işdən keçmişdi. Bundan sonra başlayacaq ağrı, qızdırma və sayıqlamanı gözləməli idim.
Keçən ilə nisbətən bu il qızdırma çox tez başladı. Bəlkə də keçən bu bir ildə daha çox zəiflədiyimiz üçün belə bir hala düşdük. Keçən il təzə əsir alındığımız üçün canımızda qüvvə var idi. Qolum çox şişməmişdi, amma mənə elə gəlirdi ki, peyvəndin yeri şar boyda olub. Qoluma üfürən olsaydı, ağrının şiddətindən yerə yıxılardım. Kazarmanın epilepsiyalı əsirlərindən bir neçə nəfəri sudurğa keçirdilər. Çətinliklə onları böyrü üstə uzadıb boğulmamaları və ya dillərini dişləməmələri üçün, ağızlarına bir şey qoyduq. Ağızlarından ağ köpük çıxırdı. Onlara çox yazığım gəldi. Həmin gecəni bir təhər yola verə bilsəydik, səhərə qədər qızdırma keçib gedəcəkdi.
Ertəsi gün səhər, artıq qoltuğumuzun altı da zoqquldayırdı. Sanki iflic olmuşduq.
O vəziyyətlə sübh namazımızı bir təhər qıldıq. Namaz üstə bir neçə nəfərin əli bir-birinə dəydiyi üçün, ağrıdan namazlarını bitirə bilmədilər. Qolumuz bir kiloqramlıq çəki daşı kimi olmuşdu. Nə edəcəyimizi bilmirdik. İraqlılar o vəziyyətimizə etina etmədən səhər say yoxlanışı üçün hamımız sıraya düzdülər. Səhər yeməyində halı bir qədər yaxşı olanlar yemək almağa getdilər. Çox çətinliklə də olsa vəziyyətimizin bundan da ağırlaşmaması üçün, səhər yeməyini yedik. Axşama kimi hərəmiz bir tərəfə sərilmişdik. Hamını ayaqdan salan bu lənətə gəlmiş peyvəndin nə olduğu bilinmirdi. Hələ də bir neçə nəfər qızdırmalı idi.
Tasua gecəsi idi. İraqlıların oxu hədəfə dəymişdi. Əsirləri elə bir hala salmışdılar ki, heç kimin tərpənməyə taqəti yox idi. Namərdlər Tasua və Aşura gecələrində əzadarlıq edib rövzə oxuyub, sinə vurmaq həsrətini ürəyimizdə qoydular. Əli Əbdal, kazarmanın isfahanlı məddahı idi. Riyasız insan olduğu üçün onunla söhbətləşməyi sevirdim. Hətta bəzi vaxtlarda onunla eyni qabda yemək yeyirdik. Çox vaxt yemək yeyərkən özünü iştahsız göstərib doyduğunu deyir, payını mənim payımın üstünə tökürdü. İldə bir-iki dəfə meyvə veriləndə hamı meyvənin dadına baxmaq üçün can atdığı bir halda, o, öz payını yeməyib zorla mənə verərdi. Mənə həmişə deyərdi ki, sən çox dəcəllik edirsən, məndən daha çox vitaminə ehtiyacın var. Halbuki özü də 18 yaş içərisində idi və hamı kimi fiziki cəhətdən inkişaf dövrünü yaşayırdı. Paltar yuyarkən də münaqişəmiz olurdu. Onsuz da öz paltarlarımı yuyuram, ver səninkiləri də yuyum deyə inad göstərərdi. Mərsiyə oxuduğuna görə iraqlılar ona “Əbul-məşakil” 1 deyərdilər. Bu dəfə də halının yaxşı olmamasına baxmayaraq, oturduğu yerdə oxumağa başladı.
O, rövzə oxuyur, uşaqlar da ardınca yaz yağışı kimi göz yaşı tökürdülər. Tasua gecəsində bu vəziyyətə düşəcəyimizi düşünməmişdik. Birdən Mahmudinin sözü yadıma düşdü: “Siz məcus balalarının İmam Hüseynlə (ə) nə işi var? Onu biz öldürmüşük, biz də əza saxlayacağıq!” Hamımızın qəlbi qırılmışdı. Əli Həzrət Əbəlfəzli-Abbasın (ə) rövzəsini oxuyurdu. Halımız qəribə idi. Sanki kazarmanın qapı-pencərəsi də bizlə birgə ağlayırdı. Qızdırmamız olmasa da, halımız pis idi və bilirdik ki, bir-iki həftə belə ağrılara dözməliyik.
İraqlılar başımıza açdıqları oyundan sevinir, ətrafımızda rahat-rahat gəzib, bizi lağa qoyurdular.
Aşura gecəsi ağır gecə idi. Namazdan və axşam yeməyindən sonra, kazarmada daiərvi şəkildə yan-yana oturduq. Əli yenə oxumağa başladı. Səsindəki yanğı dünənkindən daha şiddətli idi.
Çirkli paltarlarımı qoltuğuma vurub ayaqyoluna doğru getdim. Ləyəndən istifadə etmək üçün növbəyə dayanmışdım. Suyu ləyənə töküb paltarlarımı isladan kimi, yaxın dostum olan İsa gəldi. Narahat oldum. Mənə baxıb dedi:
-Dur, Mehdi, dur. Özüm hamısını yuyacağam.
-Çox sağ ol, özüm yuyuram. Axı sən niyə əziyyət çəkəsən? Bir dəqiqəyə qurtaracaq.
-Bir dəqiqəyə qurtaracaqsa, mən özüm yuyaram. Öz paltarlarım da var. Get, başqa işlə məşğul ol.
Bilirdim ki, əl çəkməyəcək. İsa İranın şimal rayonlarından idi. Sadə və mehribanlığı ilə hamıdan fərqlənirdi. Qab yuyanda da belə edərdi. Mənim növbəm çatanda İsa ilə qarşılaşsaydım, işimi davam etməyə imkan verməzdi. Ümumiyyətlə, hamı ilə belə davranardı. Paltarları ona həvalə edib təşəkkür etdikdən sonra, həyətə getdim. Təxminən iki-üç gün olardı ki, düşərgəyə “4-cü Vəl-fəcr” əməliyyatının əsirlərini gətirmişdilər. Onlarla danışmaq üçün fürsət axtarırdım. Deyiləsi çox sözümüz var idi. Onlar vətənimizdən və cəbhədən, mən isə əsirlik şəraitindən danışmalı idim. Çox vaxt yaralıların yanına gedərdim, onlara təsəlli verərdim. Bəzən sarğılarını dəyişməsinə, bəzən də qollarına girib həyətdə gəzmələrinə yardım edərdim. Onlardan iki nəfəri həyətdə gəzirdi. Yaxınlaşıb salam verdim. Son əməliyyat barəsində danışmalarını istədim. Onlardan biri sözümə etina etməyib birdən-birə dedi: “Mehdi, sənin hindistanlı qadınla düşərgədəki müsahibənin videosunu görmüşəm!” Əvvəlcə nə dediyini anlamadım. Söylədiyi cümləni bir daha beynimdə təhlil edib hansı video olduğunu soruşdum.
-Müsahibə almaq istəyən qadın yadındadırmı? Hicabsız olduğu üçün onunla danışmadın, başına bir şey atdıqdan sonra suallarını cavablandırdın.
İnana bilmirdim. Bu mümkün deyildi. Heyrət içində qadının nə sual verdiyini soruşdum. O da belə cavab verdi:
-Heç nə, səndən yaşını və haralı olduğunu soruşdu. Sonra da bir neçə sual verdi. Əlbəttə sənin verdiyin cavab da çox tutarlı idi! Hindistanlı qadınla danışdıqlarımızın təxminən çoxunu dedi. Xüsusi intanasiya ilə bu cümləni təkrar edib deyirdi: “Allah tərəfi deyim, səni düşərgədə sağ-sağlamat gördüyümə görə, çox təəccübləndim. İranda bu müsahibədən sonra edam edildiyini deyirdilər!”
Nə qədər fikirləşsəm də, müsahibə videosunun müsadirə edilməməsini qəbul edə bilmirdim. Mahmudi və istixbarat məmurları belə bir videonun düşərgədən çıxmasına necə icazə vermişdilər. Zavallı qadın müsahibəmi Ayətullah Xomeyniyə göstərəcəyini, necə də şüacətli əsgərlərinin olduğunu söyləyəcəyini dedikdə, onu ələ salıb bu videonu buradan çıxara bilməyəcəyini demişdim. Təzə gələn əsirdən aldığım məlumata görə, sən demə bu video, dəfələrlə televizorda yayımlanıb. Qeyd edirdilər ki, bu müsahibənin yayımlanması xalqın müqavimət əhval ruhiyyəsinə çox müsbət təsir göstərib.
Bu müsahibənin İrana necə çatdığını soruşdum. Deyirdi ki, Fransada təhsil alan iranlı tələbələrdən bir neçəsi onu həmin ölkə televiziyasında yayımlanan zaman qeydə almış, daha sonra İran tele-radio şirkətinə göndərmişlər.
Həqiqətən də, Allah bir şeyi həyata keçirmək istəsə, heç bir qüvvə onun qarşısını ala bilməz. Heç ağlımdan da keçməzdi ki, bu qalmaqallı müsahibə düşərgədən çıxıb İrana çata bilər.
Bir neçə gün sonra, yenə də məlum müsahibəni görən digər əsirlər yanıma gəlib, başıma nələr gəldiyini və iraqlıların nələr etdiyini soruşurdular. Deyirdilər ki, ön cəbhədə vuruşan döyüşçülərimiz belə bir videonu gördükdən sonra, ruhlandılar. Onların mübarizə və müqavimət ruhiyyəsi qat-qat çoxaldı. Allaha şükür edirdim. Baxmayaraq ki, o sözləri deyərkən düşərgədən çöldə yayılmasını düşünməzdim, amma indi sözlərimin ölkəmdə müsbət təsir buraxdığını eşitdikdə sevinirdim. 1
Dostları ilə paylaş: |