Birinci Fəsil


On altıncı fəsil Çarəsizlikdən yaradıcılıq



Yüklə 0,74 Mb.
səhifə18/23
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#106747
1   ...   15   16   17   18   19   20   21   22   23

On altıncı fəsil

Çarəsizlikdən yaradıcılıq


1985-ci ilin qış fəsli yaxınlaşırdı. Ötən illərin təcrübəsinə əsasən, özümüzü kəskin soyuğa hazırlamalı idik. Qış gələndə kiçik neft sobası ilə isinərdik. Qışdan iki-üç həftə öncə, bizə bir yük maşını dolu sviter gətirdilər. Hər birimizə bir iri toxunma sviter verildi. Pis deyildi. Baxmayaraq ki, bununla havanın soyuqluğuna çarə qılmaq mümkün deyildi, amma hər nə olsa da, ikinci dünya müharibəsindən miras qalan şinellərdən daha yaxşı idi.

Canımızı alan kəskin soyuğa dözmək məcburiyyətində idik. Amma bu soyuqda buz kimi su ilə çimmək, həqiqətən mümkün deyildi. Hələ yaxşı havada çimərkən az qalırdı ki, soyuqdan ürəyimiz getsin. Səhərin kəskin soyuğunda boruların donması bir ayrı problem idi. Buna görə də, bacardığımız qədər hamama getməyi azaltmışdıq.

Çarə tapmaq lazım idi. Dostlar qərara gəldilər ki, soyuq su problemini həll etmək üçün bir qədər su qaynatsınlar və çimmək məcburiyyətində olanlar arasında bölsünlər. İki ədəd tomat qutusunu götürüb ortasına çubuq qoyub iplə bərkitdik. Sonra kazarmanın alətlər qutusundan bir cərəyan simi götürüb, onu soyduqdan sonra tomat qutusunun metal qapağına qoşar, sonra su vedrəsinin içinə atırdıq. Tomat qutusu vedrədə olduğu müddətdə suya əl vurmurduq, çünki elektrik cərəyanı adamı oradaca qurudardı. Bəzi vaxtlar, səhər tənəffüsündən öncə, dostlar gizlicə bir vedrə qaynar su gətirib hamamda olanlara verirdilər. Hamama su gətirməyə sidik vedrələrini boşaltdığımız yoldan gedərdik. Vedrələrin qapağı olduğu üçün, iraqlılar suyun buxarını görə bilmir və içində nə olduğunu anlamırdılar. Su gətirənlər guya sidik vedrəsini boşaldırdılar. Hamama yaxınlaşdıqda yollarını dəyişib, cəld qaynar suyu hamamda olanlara çatdırırdılar.

Baxmayaraq ki, hər birimizə cəmi bir kasa isti su çatırdı, amma həmin isti su da bizim üçün dəyərli idi və işimizi onunla görə bilirdik.

İsti suyumuz olan günlərdə çox həyəcan keçirərdik. Əgər hansısa əsgər şübhələnib hamama tərəf gəlsəydi və isti suyun buxarını görsəydi, əsirlərin başına nə bəla gələcəyini Allah bilirdi!

Tomat qutusu ilə cəmi 10-12 dəfə su isitmişdik ki, bir dəfə Rəhim sidik üçün istifadə olunan vedrələrdən birindən şübhələndi. Dərhal gəlib vedrənin qapağını götürməyi əmr etdi. İçində qaynar suyu gördükdə, istehza ilə gülüb təpiklə suyu yerə dağıtdı.

Artıq başa düşmüşdülər. Əsgərlər dərhal əsirləri kazarmalardan çölə çıxarıb, təftişə başladılar. Bir qədər sonra, əllərində tomat qabları ilə çölə çıxdılar. Sadə bir şeylə suyu qaynatdığımıza inana bilmirdilər. Tomat qablarından baş açmadıqda, arasındakı çubuğu qırdılar. Çubuğun içində nəsə gizlətdiyimizi düşünürdülər.

Bir yandan qəribə sir-sifətlə bir-birinə qaş-göz edib pıçıldalaşmalarına gülməyimiz tutmuş, bir yandan da tomat qabının ifşa olması qanımız qaraltmışdı. Yenə həmin cihazı düzəltmək çətin deyildi, amma artıq iraqlılar həssas olmuşdular. Yəqin ki, bundan sonra dəqiqə başı əşyalarımızı yoxlayıb, hamama getmək istədikdə, burnumuzdan gətirəcəkdilər.

Həmin gün, yağlı-duzlu kötək nuş etdikdən sonra, əsir olduğumuz üçün buzlanmış bədənimizi bir kasa isti suya qonaq etməyə haqqımızın olduğunu unutmadıq. Həssaslıqlarının azalması üçün bir az vaxt keçməli idi ki, yenə də tomat qabı ilə su qızdıra bilək. Belə də oldu, bir ay keçdikdən sonra, yenə özümüzə həmin cihazdan düzəltdik. Lakin bu dəfə yeni bir problemlə qarşılaşdıq. Bu cihazdan istifadə edəndə, düşərgənin elektrik sistemi qapanırdı. Məsələn düşərgənin və projektorların işığı zəifləyirdi. Əvvəllər bu məsələ iraqlıların diqqətini çəkmirdi, amma bir müddət sonra, bu məsələ bir neçə dəfə təkrarlandıqda, şübhələnib təftişə başladılar.

Tomat qablarını kazarmadan çöldə gizlətdik. Koridorun axırında iraqlılar pəncərənin qarşısını örtmək üçün, kərpicləri tavana kimi düzmüşdülər. Pəncərələrlə kərpiclərin arasında toz-torpaqlı bir yer düzəlmişdi. Qadağan olan əşyalarımızı orada gizlədirdik. Oranı axtarmaq iraqlıların ağlına belə gəlmirdi. Kimsə də xəbərçilik etsəydi, bu əşyaların hansı kazarma və ya şəxsə aid olduğu bilinməyəcəkdi.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin