Birinci Fəsil


On doqquzuncu fəsil Əl-Hüseyn raketi



Yüklə 0,74 Mb.
səhifə21/23
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#106747
1   ...   15   16   17   18   19   20   21   22   23

On doqquzuncu fəsil

Əl-Hüseyn raketi


Artıq ramazan ayına təsadüf edən 1987-ci ilin yaz fəsli ilə xudahafizləşirdik. Fitr bayramının namazını kazarmada qıldıq. Sonra isə korpusların qapısı açıldı və bir ildən sonra dostlarımızı və şəhərimizdən olan əsirləri görə bildik. Hər il Fitr bayramında digər korpuslara getməyimizə icazə verirdilər. Başçılara bir miqdar şokolad vermişdilər ki, əsirlər arasında bölsünlər. Gözəl gün idi. Bu bir ayda arıqlayıb zəifləsək də, qəlblərimizi aydınlaşdıran mənəviyyat nuru zəiflik hissini bildirmirdi.

Axırıncı dəfə diş həkiminə getməyimdən iki il keçirdi. Dişimi doldurmağın vahiməli anları o qədər dəhşətli idi ki, bütün xırdalıqlarını xatırlayırdım. Bir müddət olardı ki, yuxarı dişlərin sol tərəfində olan bir diş çox ağrıyırdı. Dözməyə çalışırdım, amma mümkün deyildi. Buna görə də diş həkiminə getmək qərarına gəldim. Bu müddətdə düşərgənin diş həkimi bir neçə dəfə dəyişilmişdi, hamısı da bir-birindən daha savadsız və kobud idilər.

Dostlardan dörd-beş nəfərlə diş həkiminin yanına getdik. Növbədə məndən qabaq bir-iki nəfər var idi. İşlərinin qurtarmasını gözlədim. Növbəm çatdıqda oturacaqda həkimlə üz-üzə əyləşdim. Ağzımı açıb barmağımla ağrıyan dişimi göstərdim. Gedib bir iynə gətirib damağıma vurdu. Beş dəqiqə sonra quyruğa bənzəyən bir şeylə yanıma gəldi. Əlindəkini dişimə vurduqda ağrıdan atılıb düşdüm. Dişim hələ keyiməmişdi. İşarə ilə dayanmasını göstərib dedim: “Ağrı! Ağrı!” O da cavab verdi:

-Ağrı yoxdur! Ağrı yoxdur!

Az qalmışdı ki, əngimi yerindən çıxarsın. Başım gicəllənirdi. Gəldiyimə peşman oldum. Bilirdim ki, bu cəlladlarda insaf deyilən bir şey yoxdur. Həkim heç düşünmə fürsəti vermədən əl atıb dişimi yerindən qopardı. Paslanmış dəmir dadı ilə ürəyim bulandı. Həkim həyasızcasına baxaraq, dişimi gözümün önünə tutmuşdu. Zalım həkim dişimlə birgə əngimdən bir parça ət də qoparmışdı. Gördüyüm diş sağ-salamat görünürdü. Ağzım qanla dolmuşdu. Qanı boşaltdıqdan sonra, həkim bir sarğı götürüb dişimin üstünə qoydu və artıq gedə biləcəyimi dedi.

Dişimin qanaxması dayanmırdı. Xatırlayırdım ki, uşaq vaxtı kimsə dişini çəkdirsəydi, tünd çayın içinə bir az duz töküb ağzını yaxalayar və beləcə qanaxmasını dayandırardı. Bundan əlavə bir tikə əti kabab edib yumşaq hissəsini çəkilən dişin yerinə qoymaq da olardı. Bizə çay verilmə saatı olmadığı üçün bu işi görə bilməzdim.

Bir neçə gün keçdi, amma dişimin ağrısı hələ toxtamamışdı. Əvvəlcə düşünürdüm ki, çıxarılan dişimin yeri ağrıyır, amma güzgüyə baxdıqda dəhşətə gəldim. İnsafsız həkim çürük dişimin əvəzinə sağ dişimi çıxarmışdı. Sən demə, bu neçə gündə həmin çürük dişim ağrıyırmış. Ölsəm də, bir daha o həkimin yanına getməyəcəyəyimə söz verdim. Çox incitsəydi, özüm bir yolla müalicə üsulu tapacaqdım.

Tasua və Aşura gecələrində iraqlılar gecənin yarısına kimi bizi narahat etmək üçün şən mahnılar səsləndirdilər. İlk dəfə idi ki, belə bir hadisə baş verirdi. Qürub vaxtı səsləndirilən Quran və azandan başqa, sabah səhərə kimi mikrofonlardan heç bir səs çıxmazdı. Bu dəfə isə gecə saat 10-u keçmişdi, amma səsgücləndiricilər hələ də işləyirdi. Aparıcı hərbi marşlar arasında bir neçə dəqiqədən sonra, önəmli bir xəbəri çatdıracağını bildirdi. Əhəmiyyətli olduğunu göstərmək üçün də tez-tez “önəmli” sözünü işlədirdi. Bu vaxta qədər o qədər yalan xəbərlər söyləmişdilər ki, indi insanları inandırmaq üçün “önəmli” sözünü işlətməyə məcbur idilər. Diktor deyirdi: “Bu xəbər mütləq İraq xalqının, bütünlükdə ərəb ümmətinin sevincinə səbəb olacaqdır”. Kazarmada cansıxıcı sükut yaranmışdı. Heç kim büruzə verməsə də, hamımız eyni hissləri keçirirdik. Bunu əsirlərin əsəbi halda kazarmada gəzişmələrindən anlamaq olurdu. Allaha yalvarırdıq ki, ağlımıza gələnlər düz olmasın. Pis hadisənin baş verməsindən çox qorxurduq. Əsgərlər o qədər həyəcanla var-gəl edirdilər ki, mütləq mühüm bir hadisənin baş verdiyi duyulurdu.

İztirab amanımızı kəsmişdi. Bilirdik ki, İmam Xomeyni bir müddətdir ürək xəstəliyindən əziyyət çəkir. Hətta inqilabın qələbəsindən sonra, Qumdan Cəmarana gəlmə səbəbi də həmin xəstəliklə əlaqədar idi. Həkimlər ağanın uyğun havada qalmasını tövsiyə etmişdilər.

İraqlılar da arada bu məsələni xatırladaraq əsəblərimizlə oynayırdılar. Bu müddətdə bir neçə dəfə imamın sağlığı üçün Kumeyl və Təvəssül duaları mərasimini təşkil etmişdik. Qorxurduq ki, bu dəfəki hay-küyləri doğru olsun və arzulamadığımız bir xəbəri eşidək.

Mart ayının axırları olmasına baxmayaraq, kazarmanın havası hamam kimi idi. Pəncərələr açıq olsa da, kazarmanın havasını dəyişəcək azacıq bir külək də əsmirdi. Bilmirdik, həyəcandan isti basmışdı, yoxsa bu gecə digər gecələrdən dahamı isti idi? Yenə xəbər aparıcısı İraq xalqına səsləndi: “Ey əzəmətli İraq xalqı! Ey dəyərli iraqlılar!”

Bir-iki saatlıq hay-küydən sonra, təfərrüatı belə olan bir xəbər yayımlandı: “İraq ordusu uzun mənzilli raket texnologiyasına nail olduqdan sonra, “əl-Hüseyn” adlı raket kopmleksini qurdu. Vətəndə istehsal edilmiş bu raketdən ilk dəfə olaraq dünən səhər düşmən torpaqlarına atəş açıldı və İran paytaxtını hədəf alaraq insanlara, evlərə və binalara saysız tələfatlar verdi”.

Bir anlığa beynimin donduğunu hiss etdim. Eşitdiklərimin yalan olmasını istəyirdim, amma Səddamın baş nazirinin müavini Taha Yasin Ramazan, xarici işlər naziri Tariq Əziz və müdafiə nazirinin müşaviri General Əbdülcəbbar Şənşəllə Moskvaya hərbi məsləhətləşmə üçün getdiklərini xatırladıqda, xəbərin yalan olmadığına əmin oldum. Onların bu səfərlərdən heç vaxt əli boş qayıtmadıqlarını bilirdik. Bəlkə də tələfat onların dedikləri qədər deyildi, amma uzun mənzilli raket əldə edən Səddam kimi bir cinayətkardan da qorxmaq lazım idi. Səddam etik və humanist prinsipləri nəzərə alan biri deyildi.

Tehranlı əsirlərin halı hamıdan daha pis idi. Bəziləri onları əhatəyə alıb təsəlli verirdilər. Görəsən, neçə ailə məhv olmuş və dünyaları başlarına uçmuşdu? Neçə məscid, neçə məktəb məhv olmuşdu? Tehranla İraq sərhədinin məsafəsi çox olduğu üçün, İraq raketlərləri partlayıcı maddələrdən çox yanacaqla yüklənməli idilər və bu o demək idi ki, bu partlayışların dağıdıcı gücü çox olmamalıdır. Amma biz bilirdik ki, bu bombardmanın səbəb olduğu vahimə, camaatı qorxudacaq. Bu hadisələrin təkrarı nəticəsində, xalqla dövlət arasında narazılığa və daxili çaxnaşmaya səbəb olacağından qorxurduq. Bunlarla yanaşı, İranın beynəlxalq təşkilatlardakı siyasi və hərbi mövqeyi üçün də nigaran idik. Qorxurduq ki, bu şəraitdə İran öncəki kimi güclü mövqe ilə çıxış edə bilməsin. Bilirdik ki, bu vəziyyətdə dövlətlərin hər ikisi də önəmli qərar qəbul etsələr, üstünlük mövqeyi güclü olan ölkənindir.

Hamının qanı qara idi. Elə həmin vəziyyətdə idik ki, İraq radiosu yeni mahnı yayımladı: “Hüseyn raketi1 paytaxtı vurdu, İraq üzüağ oldu”.

Aydın idi ki, əvvəlcədən özlərini bu xəbərə və ardınca yayımlayacaqları şeylərə hazırlamışdılar. Bir neçə qadınla kişinin xorla oxuduğu həmin coşqulu mahnı İraq əsgərləri arasında şənliyə səbəb olmuşdu. Gecə yarısı idi və adi rejimə əsasən, öz otaqlarında və ya qərargahda olmalı idilər, amma hamısı çölə çıxıb silahları ilə Yəzlə2 rəqsi edirdilər. Bu sevinc və şadlıq yalnız düşərgənin əsgərlərinə məxsus deyildi. Bir neçə kilometr aralıda Rəmadi şəhərinin səmasını aydınlandıran işıqlandırıcı fişənglərdən iraqlıların necə sevindiklərini anlamaq olurdu3.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin