www.cafarcabbarli.org
Ə D İ R N Ə F Ə T H İ
6 pərdəli facieyi-inqilabi
İŞTİRAK EDƏNLƏR
Rüfət
Xalid
Ənvər
Zöhrə
İnci
Kamal
Şükri paşa
Kamil paşa
Nazim paşa
Nemazi Muxtar paşa
Mustafa paşa
Molla Sübhan
Molla Hacıbaba
Şeyxül-islam
Qalib
Ziya
Həsən
Məhəmməd Əmin
Dmitri
Vasili
Yavər, Zabit, Birinci nazir,
İkinci nazir, xalq, camaat, səs və s.
ƏVVƏLİNCİ PƏRDƏ
Məclis vaqe olur Ədirnədə - bir xəstəxana həyətində: sağ tərəfdə Ədirnə sokaklarindan biri, öndə minarəli bir məscid. Xəstəxananın qapısı görünür. Zöhrə və İnci ötürlər.
Z ö h r ə. Tamam yeddi ay, İnci! Bu qədər vaxt mənim nəzərimə bir qaç dəqiqə gəlir. Sanki hələ dün qələ mühasirəyə alınmış və mən də darülfünundan buraya gəlmişəm.
İ n c i. Mənsə sənin yerində olursam dün degil, bəlkə bu gün gəldiyimi zənn edərdim.
Z ö hr ə. Bilirəm, İnci! Yenə mənə gülmək istəyirsən. Fəqət inan ki, bu qədər həyatdan məmnun olduğum yox idi. Vətən üçün çalışmaq, vətən namusu üçün ölümün gözünə süngü kimi soxulub, sevdiyi bir torpağın müdafiəsi üçün yaralanan məcruhları qanlar içindən, ayaqlar altından çıxarıb xilas etmək azmi şeydir? Daima bir qorxu içində, daima bir mübarizədə topların gurultusu, güllələrin vıjıltısı, ölüm təhdidi, yaşamaq arzusu - bu hisslərin həpsi insanın qəlbində qarışıb vuruşduqca, öylə fərəh doğur ki, insan bütün varlığını qeyb edir.
İ n c i. Bunların üzərinə bir daha şu gənc zabit Rüfətin məhəbbəti bir daha əlavə olunursa daha da...
Z ö h r ə (sözünü kəsir). Ax, İnci! Yenə mənim yadıma saldm, mən müqəssir deyiləm. Həyatım... Ox!.. təlin edirəm və bununla bərabər sevirəm o dəqiqəni ki, Rüfətə təsadüf etdim. O dəqiqə daima fikrimdə cilvələnir və düşündükcə gah kəndimi dünyanın bir bəxtiyan ədd edib gülürəm və gah da bədbəxt fələkzədə kimi ağlayıram.
İ n c i. Zöhrə, mən sənin böylə üzüldüyünə təəccüb edirəm və bir də sən böylə mətin bir iradəyə malik bir qadın ikən nasıl oldu ki, ölümə gəlmişkən bir zabiti sevdin? Və halbuki sən erkək bir zabit nəfs-iqtidarına maliksən.
Z ö h r ə. Təsadüfi bir dəqiqə deyirəm ya... o dəqiqəni həm sevir, həm təlin edirəm. İnci, qışın şiddətli bir günü, toplar və güllələrdən bir atəş dəryası vücuda gəlmiş bir yerdə, cəhənnəmlər zühur edən bir məkandan vətən məhəbbətilə münəvvər bir halda, Vətən uğrunda çalışan igidləri seyr edib, yıxılanları təxlisə çalışırdım. Bu aralıq arxadan bir şey dəydiyini və gənc zabitin ildırım misallı üzərimə coşduğunu görüb, özümdən getdim, bayıldım. Ayılınca kəndimi zabitin qolları arasında görüb qalxdım. Ətrafa baxındım, artıq hərb bitmiş, düşmən qaçmışdı. Zabitin sevimli üzündə bir məhbubiyyət, bir qızartı olduğu halda, üzünü mənə tutub dedi: - Xanım əfəndi, bəndənizi təxlisə çalışdığımzdan dolayı sizə təşəkkür edirəm. Varsın da bütün türk balaları sizin kimi cəsur olsunlar. Mən kəndimi itirdim, bir söz deyəmmədim. Ürəyimdə anlaşılmaz bir hiss doğdu. Evə gəldim. Bilirsənmi, İnci, şu gənc zabit kim idi? İştə söylədiyim Rüfət.
İ n c i. Həqiqətən Rüfət dəyərli və sevilməyə layiq bir gəncdir. Darülfünundan könüllü gəldiyi bir halda, xəsarətinə müqabil çapucuq, zabitliyində müzabit olduğu da bunu sübut edir.
Z ö h r ə. Of, ondan sonra bir çox dəqiqələr ona təsadüf etdim. Yaralandı, gecə sübhədək başının üstə durdum. Fəqət kəndisinə qarşı bəslədiyim məhəbbəti izhar etməyə bir dürlü cəsarət etmədim. Budur, son gün qala artıq davam edəmiyor, bu gün qəti müharibə olacaq. Tam yeddi ay birinci səfdə müharibə etmiş bir adam, böylə müdhiş bir gündən salamat çıxa bilərmi? Ax, İnci! Bu gün xudanəkərdə Ədirnə düşərsə, mənim də həlak olan günümdür. Zira, mən bir dəqiqə Rüfətdən ayrı yaşamam və istəmiyoram da! Gedək, gedək, İnci. Yenə ürəyim sıxıldı. Bir dəfə məni sevmədiyini bilsəydim, yalnız əzab çəkərdim. Mən Rüfəti yalnız burada deyil İstanbulda, öz evimizdə bir dəfə görmüşdüm. İştə o vaxtdan bəri mənim ürəyimdə bir hiss oyanmışdı. Fəqət onu əvvəlləri unutmuşdum. (Oturur.) Ox, ümidlərim, fəqət bir xülyanadmı ibarət qalacaqsınız?
İ n c i. Qorxma, inşallah bu gün düşməni sındırarıq və həmişəlik xilas olarıq. Pəki, Zöhrə, getmək istəyirdin yenidən oturdun.
Z ö h r ə. Sən get, mən bir qədər yalqızlıqda düşünmək istəyirəm. (İnci gedir.)
Sokakda söhbət edərək Rüfət, Kamal və Xalid gəlirlər.
R ü f ə t. Əvət tamam yeddi ay müdafiə etdiyimiz Ədirnənin bu gün müqəddərati həll olunacaq.
X a l i d. Əcəba, biz cənnətsizmiyik? Allah bizi ölmək üçün yaratmamışmı? Ölənə kimi çarpışarıq. Gücüm çatmazsa, mən kəndi-kəndimi öldürərəm ki, bolqar rəzalətini görməyim.
R ü f ə t. Yox, Xalid, mən buraya ölmək üçün gəldim, intihara gəlmədim. Millətimiz onsuz da bizim kimi gənclərə möhtacdır, biz yaşamalıyıq və ölsək də yalnız ya meydani-müharibədə və yaxud da millət, vətən mənafeyi ölümümüzü tələb edərsə, bir yerdə ölməliyik.
K a m a l. Doğru deyirsən. Rüfət. Xoşbəxtdir o millət ki, sənin kimi qəhrəman igidlərə malikdir.
R ü f ə t. Bu gün artıq hər şey bəlli olur, düşmənlərin təərrüzə hazırlandığı artıq kəşf olunmuş, qalada da büsbütün tükənmiş bu gün ya şu düşmən süngülərindən yapılmış mənfur həlqə qəti surətdə parçalanacaq və yaxud şəhər təslim olacaqdır. Hələlik, arkadaşlar, Allaha ismarlarıq. Mənim şu xəstəxanada ufacıq bir işim olduğunu söyləmişdim. İnşallah, müharibə meydanında görüşərik. (Gedir.)
X a l i d (Kamala). İştə gördünmü, bu hərif Zöhrəni seviyor. Xa, xa, xa! Get görüş, vida et. Fəqət onu bil ki, bu son görüşdür. Zöhrə mənim olacaq. Səni, igidliklə üzərinə atıldığın bolqar süngüləri, bir sürur ilə qarşıladığın hərbin qurşunları öldürməsə də, Xalidin qılıncı öldürəcək. Gedəlim, şimdi, bu iki aşiqin vidalaşmasına baxalım. Onu da bil ki, Rüfət olmazsa, Zöhrə yəqin məni sevər. Gedək. (Kamalın əlindən tutur.)
R ü f ə t (daxıl olur). Rahətinizi pozduğumdan dolayı üzr istəyirəm, xanım əfəndi. (Zöhrə diksinir.)
Z ö h r ə. Rüfət, bir kaç dəfələrlə səndən mənə xanım deyil, yalnız adımı söyləməyini rica etmişəm. Əcəba, adımdan ikrah ediyormusan və yaxud adımı çəkməyi kəndinə həqarət zənn ediyorsimz.
R ü f ə t. O... yox, cəsarət etməyirdim, fəqət bu gün ehtimal ki, son görüşümüz və son dəfə olaraq söyləşdiyimiz üçün söyləyəcəyəm və daha çox şeylər deməyə cəsarət edəcəyəm. İlk və ehtimal ki, son dəfə olaraq söyləyirəm: Zöhrə:
Z ö h r ə. Son dəfəmi dedin? Rüfət, son dəfəmi?
R ü f ə t. Əvət, son dəfə. Artıq bolqar əsgərləri şəhərin darvazasına qədər yürüş etmişlər. Bu gün qəti bir müharibə olacaq. Mən, Zöhrə bu müharibədə son qətrə qanımadək vuruşacağam.
Z ö h r ə. Rüfət, sənin qəhrəmanlığın mənə məlumdur, bilirəm sizin müharibədə yararlığınzı. Sən vətən uğrunda, türklərin şərəf və namusu yolunda ölmək istəyirsən. Of, Rüfət mən sənin vətən uğrunda ölməyinə mane olmayacağam. Get, fəqət, mən nərəyə getim?
R ü f ə t. Zöhrə, ağlayırsanmı! Əcəba, vətən müharibəsi üçün canını fəda edən bir gənci böyləmi müşayiət edərlər? Sus, Zöhrə, türklər hər bir fəlakəti sakit ürəklə, açıq alınla, soyuq qanla qarşılarlar. Zöhrə, ağlama, türklər ağlamağa adət etməmişlər.
Z ö h r ə. Rüfət, şu yeddi ay mən daima bir əzab, daima bir qorxu içində ikən, yalnız iki şey məni təskin ediyordi... Biri vətən uğrunda çalışdığım, biri də sən. Şimdi haman müdafiə etdiyimiz qələ təslim üzrə, sən də son görüşümüzdür söyləyirsən.
R ü f ə t. Zöhrə, mən səni yalnız burada deyil, İstanbul da da görmüşəm. Ox, yadımdadir, ilk dəfə sizin evinizə qardaşın Tofiqin yanına gəlmişdim. Qapını açdın, sənə təsadüf etdim. İştə o zamandan bəri mənim ürəyimdə bir hiss oyandı. Artıq orada dayanmayıb, sizdən - ziyafətdən getdim. Fəqət o zamandan bəri o hiss məni tərk etmədi. Mən o hisslə yaşayırdım və bir ümid ilə təskini-qəlb olurdum. Sonra vətən xidmətinə, vicdani məcburiyyət görüb, darülfünunu buraxaraq, buralara gəldim və o hissi də kəndim ilə gətirdim. Burada da ilk dəfə qanlar, qiyamətlər arasında mənim imdadıma qoşuldun. İşbu təsadüf ürəyimdə olan hissi daha da qüvvətləndirdi. Fəqət mən sənə bir söz deməyə cəsarət etməyirdim. Ah, Zöhrə! O zamandan bəri mənim nə qədər əzab çəkdiyimi yalnız yoldaşım Xalid və bir də Tanrım biliyor.
Z ö h r ə. Rüfət, İstanbulda mən də səni gördüm! Ah, Rüfət, heç bir söz deməyirəm. Fəqət son görüşümüz deyirsən. Yalnız deyirəm: bəs mən?!
R ü f ə t. Zöhrə, bu gün bütün türklərin namusu və heysiyyətini ayaqlar altına almaq istəyən canavarlara qarşı mübarizə etməyi, bütün türk dünyası səndən tələb edir. Vətən uğrunda ölüm olmasaydı, yüksək dağlar, dərin dərələr bizi bir-birimizdən ayırmazdı. Fəqət böylə bir gündə ki, bütün türklərin müqəddəratı həll olunacaq, damarlarında türk, islam qanı firlanan bir osmanlı sakit duramaz. (Ta uzaqlardan top gurultuları eşidilir.) Ah, Zöhrə! Artıq hərb başlandı, mən gediyoram.
Z ö h r ə. Rüfət, get! Mən və sən Ədirnəyə ancaq ölüm üçün gəlmişik, amma ürəyimdə nələr var isə, hamısını söyləyəmmədim. Get, amma son sağ qalırsansa...
R ü f ə t. Zöhrə, toplar şiddətləniyor. Gedirəm, mənə bu gün iyirmi il tərbiyə vərən, kəndi qucağında bəsləyən şəfqətli bir ananın müdafiəsinə gedirəm. Mən bu gün Əzrail qara qanadlarını saldığı ölümlər, tufanlar kimi cilvəkar olan bir məkana yüksək ideallar ilə çırpınan ürək aparıram. Varıb da olsun. Gedirəm, Zöhrə, əlvida! (Gedir. Zöhrə onu müşayiət edib qayıdır.)
Z ö h r ə. İştə türk adını daşımağa layiq bir aslan. (Odaya keçir, top səsi şiddətlənir.)
X a l i d. Tamam altı ay gözlədiyim bu gün vücu bulacaq, bu gün başa gələcək zənn edirəm. Bu gün Ədirnə alınacaq. Bu gün Rüfət öləcək, hərbdə ölməsə də, mən onu öldürəcəyəm və bu gün Zöhrə mənim olacaq.
K a m a l. Xalid, bu vaxta qədər mən səninlə hər yerə getmişik, nə qədər cinayətlər etmişik. Məni bir arnaudam, türklər mənə zülm etmişlər. Mən onlardan intiqam almaq üçün gəlmişəm. Amma yenə də arada bir din irtibatı olduğundan, mənim ürəyim daha davam etməyir. Xalid, bu son dəqiqədir, gəl yapdıqlarımızdan tövbə edib, vətən yolunda töküləcək bir qətrə qanımızla, bəlkə bu xəyanət və cinayətləri yuyaq. Xalid sən bilirsən ki, türklər mənim məşru hərəmimi oğurlayıblar və mən də bunlara qarşı türklərə bir zərbə endirməyi yəqin etmişəm.
X a l i d. Fəqət sən türklərə zərbə endirmək istəsən, daha çox fürsətlər bularsan. Amma sən ufaq şeylərlə uğraşıyorsan.
K a m a l. Mən bütün türklərin məhv olması üçün yəmin etmişəm. Fəqət hər halda şimdi vücu bulmuş bir səhv və nöqsan üçün, dindaş namusunu yunanlı ayağına salmağı vicdanım, mənə rəva görmüyor. İştə, Xalid son dəqiqədir.
X a l i d. İxtiyar olduğunla bərabər zəifülqövl bir adam olduğunu tamamilə göstərdin. Sən intiqam alacaqsan, olur ki, unudasan. Lakin mən sevirəm. O qızın məhəbbəti məni bu işə vadar ediyor. Versinlər mənə o dünya pərisini, göndərsinlər məni ölüm qarşısına. Getməzsəm - alçağam! İştə, onu Rüfətə getməmək üçün bu qara xəyanətə məcburam, Kamal!
K a m a l. Xalid, zatən biz də öylə bir xəyanətə bulunmadıq ki... (Kənara.) Məhkəmədən qaça bilməz.
X a l i d. Ax, Kamal, bilirsən ki, bu qız İstanbul gözəllərinin yıldızıdır və birinci dəfə bu qızı sən mənə göstərdin. Onun ardınca İstanbuldan buraya gəlmişik. Şimdi onu tərk edib məni ölüməmi dəvət ediyorsan? Əcəba, sən bu işdə ölənə kimi mənə kömək edəcəyini söyləmədinmi?! Şimdi sözündən qaçırsan?! Sən get, fəqət mən ondan əl çəkməyəcəyəm. Bu toplar atıldıqca mənim qəlbim alovlanir, o qanlar axdıqca, mənim ürəyimin iztirabı sönür. Seviyorum, mən onu seviyorum. Muradıma çatmağım və onun təzvic etməyim də yalnız Rüfətin ölməyilə olacaqdır ki, onu da öldürməyi mənə mən ediyorsan. Yalnız bolqarların buraya gəlməsi qalır ki, onlar gəlincə, Təhsin bəy məni hər arzuma çatdıracağına söz vermişdir. Mən o dəqiqəni bir vicdan əzabı və bir məhəbbət iztirabı içində bəkləyirəm. İştə o dəqiqə yetişmiş, sən isə məni ölümə dəvət edirsən! Yox, eylədiyim bu qədər xəyanət və cinayətlər yalnız onun üçün deyilmi? Əvət, o da bu gün mənim olacaq. (Top səsləri şiddətlənir, Xalid yüksək yerə qalxır.) Odur, deyəsən qapılardan daxil olurlar. Toplar əlamət verirsə, siz burada bəkləyin, mən nə olduğunu xəbər alım. (Gedir.)
K a m a l. Sən məni bir Arnaud bil. Fəqət mən bir türkmən, sən məni türklərdən intiqam alan zənn et, fəqət mən sənin qardaşının intiqamını səndən alacağam. (Qalib gəlir.) Oğlum, sən mənim burada olduğumu nərədən bildin?
Q a l i b. Gəlirkən Xalidə rast gəldim, Xalid söylədi.
K a m a l. Əcəba, sən hərbdə iştirak etmirsənmi ki, buraya gəlmişsən?
Q a l i b. Düşmən hərbi saxlamış, təslim şəraiti vərmişdir. Fəqət Şükri paşa həzrətləri məncə qətiyyən razı olmayacaq. Adətən, bu adam, şu qara torpaqları kəndi həyatından çox sevir və son nəfəsinə qədər Ədirnəni vərməyəcəyəm, deyir, yahu! Əmin edirəm baba. Kəndisi hərbdə iştirak ediyor. Ehtimal hərb şimdicə yenidən partlar və mən də sizə vida edəyim - deyə izn aldım, gəldim. Yolda da Xalidə təsadüf etdim, bir qədər də qonuşduq.
K a m a l. Oğlum, Qalib! Sən Xalidlə əsla danışma və ona yaxınlaşma!
Q a l i b. Baba, Xalid, adətən, gözəl və xoşrəftar bir gəncdir. Nə üçün mənə onunla görüşməyimi daima mən ediyorsiz?
K a m a l. Ona görədir ki, Xalid xaindir, casusdur.
Q a l i b. Öyləsə, mən onu öldürüm, fəqət sən özün niyə onunla görüşürsən?
K a m a l. Mən də xainəm.
Q a l i b. Səni də öldürərəm, böylə təhlükəli bir zamanda millətimə xəyanət edən hər bir adami təlin edər, onu itlər kimi həlak edərəm. (Qılıncını çəkmək istəyir.)
K a m a l. Dur, oğlum. Mən millət xaini deyiləm! Millət xaini Xaliddir.
Q a l i b. Böylə isə mən şimdicə onu bulur, həlak edərəm.
K a m a l. Oğlum, onu xəyanətə mən məcbur etmişəm.
Q a l i b. Səbəb?
K a m a l. Ona görə ki, ondan intiqam almaq istəyirəm! Oğlum, Xalidin xəyanəti ilə qocaman türkliyə bir şey olmaz və onun əvəzində millətə sənin kimi qəhrəman bir fədai vermişəm.
Q a l i b. Əcəba, Xaliddən nə intiqam almaq istəyirsən? Söylə, bilmək istəyirəm!..
K a m a l. Sonra, oğlum. Sən igidsən, bir qəhrəmansan, böylə çirkin işlərə qarışma.
Q a l i b. Xayır, xayır anlamaq istəyirəm!
K a m a l. Öylə isə dinlə! Oğlum, sən bilmirsən ki, mən İstanbul da böyük və adlı-sanlı bir zəngin adam idim. Gənc bir qızı kəndimə para ilə təzvic etdim. O qız isə Tofiqə bənd idi və Tofiq o qızı mənim məşru hərəmim ikən evimdən alıb qaçdı və bütün İstanbul əhalisini mənə güldürdü. Bax, hələ də üzərimə gülüyorlar. Ax, o gündən mən intiqam almağa qalxmışdım. Bu Xalid həmin Tofiqin kiçik qardaşıdır. Çocuqkən bu evdən fərar etmişdi. Bir gün izdihamlı bir yerdə buna təsadüf etdim, diqqətimi cəlb etdi, əhbab olub xanəmə gətirdim. Xalidin çocuqkən kömləyi alışıb-yanmaq asan olaraq, umuzunda quşa bənzər bir nişan çaldığını bilirdim. Bir bəhanə ilə çiyninə baxıb, əlaməti gördüm. Xalid olduğunu bildim, tamdim. O zaman mənim fikrimdə, başima öylə bir intiqam planı gəldi ki, bütün dünya hələ də şu intiqam mislini görməmişdir. O, ata, ana və əqrabasının kimlər olduğunu bilmədiyini mənə söylədi. O, bir qədər darülitamda oxumuş, bir zamanlar quldurlara, qaçaqlara qoşulmuş, sonra onlar ilə bərabər bir yəmin edib, tövbə edib, İtaliya müharibəsində əsgər sifətilə iştirak edib, qayət rəşid və zəki olduğu üçün çətə zabitliyinə təltif edilmiş. Şimdi anladınmı?
Q a l i b. Əcəba, şimdi sənin intiqamın yalnız onu öldürməkdən ibarət olmayacaqmı?
K a m a l. Yox, oğlum! Mənim intiqamm daha dəhşətli olacaqdır. Buradakı şəfqət bacısını tanıyırsan? İştə bu Xalid onun dogma qardaşıdır. Mən onların bir-birini tanımadıqlarından istifadə edib, İstanbulda ikən Zöhrəni ona göstərdim. Buraya da onun ardınca gəldi. Xalidi xain olmağa və Zöhrəyə bənd olmağa mən onu vadar etdim. Məni gülünc və rüsva etdiklərinə əvəz olaraq, bu nəslin bütün dünya nəzərində ləkələnməsini istəyirəm və bütün Türkiyədə sonra bu işimi car çəkəcəyəm: indi bildinmi?
Q a l i b. Zöhrə, o məsumə qız müqəssirmi?
K a m a l. Əvət, bir kaç dəfə Xalid Rüfəti bixəbər öldürmək istəmiş, mən mane olmuşam. Çünki, Rüfət igiddir, aslandır! Sən də onun kimi ol, fəqət bizim işimizə qarışma.
Q a l i b. Haşa! O, mələk qədər məsum bir qızın sizin cinayətinizlə mərbut olmasına ölüncəyə qədər yol verməm. Siz ölümə layiqsiniz, siz məhv olmağa layiqsiniz.
K a m a l (oğlunun ayaqlarına düşür). Oğlum, mən sənin babanam. Mənim ürəyim intiqam təzyiqilə daşlardan daha bərk olubdur. Mən bir ixtiyaram, məndən daha insan olmaz. Fəqət, axırıncı atalıq dililə səndən tələb deyil, rica edirəm, çocuqlar kimi yalvarıram. Get, get Rüfətlə bərabər ki, iki qəhrəman olunuz, arkadaş kimi əl-ələ verin, vətəni müdafiə ediniz, ancaq mənim bu sirrimi kimsəyə faş etmə və müdaxilə etmə!
Q a l i b. Sus, artıq sən mənim babam deyilsən. (Toplar atılır.) Mən kəndi atamı vətən uğrunda fədayi-can etməyə hazır görmək istərdim. Fəqət sən alçaq bir xainsən. Artıq hərb başlandı, mən gedirəm və sabiq oğulluğumun son ehtiramı olaraq səni öldürmürəm. (Qalib gedir, toplar atılır, Xalid gəlir.)
X a l i d. İştə qələyə daxil olurlar, Kamal! Son dəfə Şükri paşaya təslim olmağı təklif edirlərsə də o rədd etdi. Bax, Təhsin bəydən onun dəstəsinə mənsub olmağıma görə kağız aldım. Bu kağızları bolqar komandanları da imza etmişlər. Gedək, artıq vaxt yetişdi.
K a m a l. Of! Ədirnə, Ədirnə! (Fikrə gedir.) Əvət vaxt yetişdi, fəqət tələsmə, bir qədər gözləməliyik.
X a l i d. Yahu, şəhərin sokaklarında da tüfəng, hətta top atışmaları davam ediyor. (Gizlənirlər.)
Səhnədə bəzən bolqar əsgərləri, bir kaç türk əsgəri, bəzən əksinə olaraq atışaraq-vuruşaraq keçirlər. Bu arada bir kaç bolqar əsgəri türk qızlarını sokakla sürüyürlər. Qalib çıxır.
Q a l i b. Buraxınız! Qalib sağ ikən türk qızlarının namusuna təcavüz olunmaz. (Qalib atışır-vuruşur, qurşun yeyib yıxılır.) Ah, öldüm! (Ölür.)
Bir zabit, bir kaç əsgər xəstəxanaya girib Zöhrəni xaricə çıxarırlar.
Tüfəng atışmaları davam edir, ara bir top sesi eşidilir.
Z ö h r ə. Buraxınız məni, buraxınız məni.
X a l i d. (Çıxır.) Durun! (Zöhrə Xalidin yanına qaçır.)
Z ö h r ə. Ox, Xalid! Sən burada imişsən? Buraxma bizə dolaşsınlar!..
X a l i d. Qorxma, Zöhrə! (Hücum edən zabitlərə kağız verir, zabit alıb oxuyur.)
Z a b i t. Bağışlayınız əfəndim, bilməmişik, demək, siz bolqar casususunuz.
X a l i d. Rica edirəm, bu qıza dəyməyiniz.
Z ö h r ə (geri çəkilir). Öyləmi Xalid, sən bolqar casususan?
X a l i d. Mən səni xilas edirəm, Zöhrə...
Z ö h r ə. Çəkil, alçaq mənim casus yardımına ehtiyacım yoxdur. Qoy öldürsünlər məni!
X a l i d. Kimsə səni öldürməz, mənim sevgilimi öldürməyə kimsə cəsarət etməz.
Z ö h r ə. Məni ancaq ərlər sevə bilər. Sən ki, şu qılıncı daşımağa layiq deyilsən, neçin daşıyırsan? Mənə vəer silahı, mən kəndimi müdafiə edərəm. Ah, Rüfət nərədəsən? Sənin yoldaş dediyini hərif casus imiş, casus! (Bayılır.)
X a l i d. Mənə kaç əsgər veriniz, şu qızı mənimlə yan odaya aparsınlar.
Z a b i t. Əfəndimin əmrinə itaət ediniz. (İki əsgər Zöhrəni aparır.)
K a m a l (çıxarkən). İştə intiqamın ibtidası, öz bacısını, düşmənin əlilə kəndinə hərəm etmək istəyir, ax!.. (Xaricə, sokaka çıxır, oğlu Qalibi ölmüş görür.) Ax, oğlum Qalib! Vuruldunmu? Bax, iştə türk balası türk - şanlı bir qəhrəmansan, nəinki baban kimi alçaq. (Gedir.)
Zabit və əsgərlər İncini xaricə çıxarırlar. Bir kaç bolqar əsgəri səhnədən qaçır. Rüfət bir kaç əsgərlə onları teqib edir və səhnədən keçərkən, İncinin ağlamaq sesini eşidib, dönüb içeri girir.
R ü f ə t. Durun, siz əsgər deyilsiniz! Siz qadınsınız, məgər qadınlara təcavüz ediyorsınız?
İ n c i. Rüfət qoyma. (Rüfət onlarla vuruşur, bolqar zabiti ilə bir əsgər vuruşur, qalanları qaçır.)
R ü f ə t. İnci, bəs Zöhrə nərədə?
İ n c i. Ah, Zöhrəni apardilar.
R ü f ə t. Yarəbbi, qadınlara zor göstərən alçaqlar da kəndilərinə əsgər deyirlər! Ah, Zöhrəni apardilarmi? Ah, Zöhrə! (Çıxır.)
Şükri paşa və bir kaç türk zabiti bolqar əsgərləri ilə əhatə olunmuş halda gəlirlər.
R ü f ə t (onları görür dayanır). Ah, paşam! Sizin bu halınızı, daha doğrusu Türkiyənin bu fəlakətini görüncə, ölsə idim daha gözəl idi. Ox, bundan sonra mən artıq yaşamam. Buraxın, şu canavarlar ilə son nəfəsimə qədər çarpışım. (Hücum edir.)
Ş ü k r i p a ş a. Rüfət, yetər! Hərbi tərk et, kəndini bica ölümə vərmə, sənin kimi qəhrəman gənclər türk millətinə lazımdır. Mən kəndimi çoxdan həlak edərdim, fəqət, bilirəm gələr bir zaman ki, türklər ləkələnmiş namuslarını kəndi qanları ilə yuyarlar. Mən o günləri görmək arzusu ilə intihar etmədim. Hərgah sən, həqiqətən ölümdən qorxmayırsansa, həyat küncündəki planları al, əsarətdən qaç, ölümdən qorxma, İstanbula yet! Fəqət, ixtiyar Kamil paşaya və qorxaq Nazim paşaya deyil, İttihadi-Tərəqqi cəmiyyətinə təslim et. Şimdilik hərbi tərk et və dediklərimi yap...
R ü f ə t. Yapacağam, əvət yapacağam! Şərəfsiz həyat ölüm deməkdir, şərəfli ölüm həyat! And olsun düşmən qanı ilə qızarıb yaquta dönmüş qılımcıma və Vətən yolunda medal əvəzinə sinəmə vurulmuş şu iki hərbçəyə! Bu gündən sonra ya Rüfət qaranlıq məzarlar ağuşuna atılacaq və yaxud Ədirnə məscidləri minarələrində bolqar xaçları məhv olub yenə hilal parlayacaqdır, hilal!..
Pərdə
İKİNCİ PƏRDƏ
Vaqe olur İstanbulda, Sultan Əhməd bağında, Xalid və Kamal bir tərəfdə qonuşurlar. Bir çoxları gəlir-gedir, keçirlər.
X a l i d. Sənin sözündən Kamal, böylə görünür ki, guya Rüfətin ölümü Zöhrəni təslim olmağa məcbur etməz, öyləmi? Fəqət məncə Zöhrə nəhayət, hər bir şeyi unudub məni sevəcək!
K a m a l. Xalid, sən çocuq kimi bir şeysən, Zöbrə isə inadlı bir qızdir. Onu zor və qüvvətdən başqa heç bir şey məcbur etməz. Sən o qədər kəndində cəsarət görmədin ki, Zöhrəni zor ilə təslim edəsən. Kim bilir, bəlkə biz Ədirnəyə gedincə, Zöhrə fürsət bulub kəndini həlak etdi.
X a l i d. Fəqət mümkün deyildir. Yanında daima bir qarı olacaq, qapıları bağlı, bir əsgər keşik çəkəcək və yanında da kəskin bir silah yoxdur. Böylə olan surətdə kəndinə heç bir şey yapılmaz və başqası da onu xilas etməz. Zira, kim bilir dirimi o, ölümü və kim böylə zamanda gedib onu aparacaq. Yalnız bir Rüfət idi ki, o da kim bilir, Ədirnənin hanki küncündə ölüb getdi. Ölmüş olmasa da, əsir deməkdir. Bir də biz İstanbulda çox qalmayacağıq ki...
K a m a l. Doğru, biz çox qalmayacağıq, zira ki, bu bizə tapşırılan işlər artıq bitmiş deməkdir. Amma nə qədər biz sülh istəyirik - deyə təbliğatda bulunuruqsa, bir kaç nəfərdən başqa hamı - hərb istəyirik - deyə qiyamət salırlar. Görürsən, gənclər, ixtiyarlar, qadınlar, hətta çocuqlar qədər hamı matəm geyib "Ya ölüm, ya Ədirnə” - deyirlər. Sülh istəyənlər ehtimal ki, para ilə tutulmuş hərbilər və işsizlərdir. Qalanları isə demək olar ki, bütün Türkiyə, Ali Ittihad və Tərəqqi firqəsi və Ənvər başda olaraq həyəcana gəlib, hamısı bu gün ölümə hazırdırlar.
X a l i d. Hər halda sülh tərəfdarları da çoxdur, nəhayət bu gün ölümə hazırdırlar.
K a m a l. Mən bu gün ictimada (mitinqdə) iştirak etməyəcəyəm. Zira bir az xəstəyəm.
X a l i d. Kamal! Biz hərəmiz ayda min lirə para alırıq. Fəqət sən öhdəmizə buraxılan işlərin heç birində iştirak etməyirsən, insan söz verdimi, ona əməl etməlidir.
K a m a l. Mən xəstəyəm və bir də Təhsin bəy bizi məcburən göndərdi. Məgər sən min lirə deyil, on min lirə də olursa, xoşluqla Zöhrədən ayrılarmı idin?!
X a l i d. Kamal, bilirmisən sənin sözlərinə baxınadığımdan və Zöhrəni zor ilə təslim etmədiyimdən nə qədər peşmanam. Nə edim, ona tərəf gedəndə, üzünə baxınca, sanki müdhiş bir qüvvə məni niyyətimdə sakınmağa məcbur edirdi. Nədənsə mən onun üzünə baxa bilmirəm, lakin söz verirəm ki, Ədirnəyə vürud etdiyim gündə, sənin sözlərinə əməl edəcəyəm.
Dostları ilə paylaş: |