Birinci Fəsil


On beşinci fəsil Düşərgədən qaçmağa cəhd



Yüklə 0,74 Mb.
səhifə17/23
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#106747
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

On beşinci fəsil

Düşərgədən qaçmağa cəhd


Rəhim İraqın Samirra şəhərindən olan bir əsgər idi. Uca boylu olsa da, arıq cüssəli idi. O dərəcədə arıq idi ki, düşərgənin kök və boy-buxunlu əsgərlərinin arasında diqqəti cəlb edirdi. O, əsirlərə əzab verməkdən zövq alırdı. Hətta o əsirlərin işlərindən baş çıxarmaq üçün, fars dilini öyrənməyə başlamışdı.

Bir müddət sonra, Rəhim fars dilinin atalar sözlərini, kürd, lor və azəri ləhcələrini öyrənməyə başladı! Yavaş-yavaş bütün ləhcələri seçə bilir, hər dildə bir neçə cümlə danışmağı bacarırdı. Yaxşı xatırlamıram, bir dəfə nə olmuşdusa, qəfildən gəlib “özünə umac ova bilmir, özgəyə əriştə kəsir” demək yerinə, “özünə əriştə ova bilmir, özgəyə umac kəsir” dedi. Gülməməkdən ötrü özümüzü zorla sıxıb saxlamışdıq. Sir-sifətimizdən nə isə işi korladığını anlasa da, özünü bilməməzliyə vurub getdi!

Rəhim mənim əlimdən çox yanıqlı idi. Deyəsən kimsə mənim məlum müsahibəmin İranda yayınlanmasını ona çatdırmışdı. Məni görməyə gözü yox idi. Bir neçə dəfə təklikdə dedmişdi: “Fikirləşmə ki, sənin necə bir məxluq olduğunu və bu vaxta qədər hansı qələtləri etdiyini bilmirik. Yuxarılardan göstəriş olmasaydı, elə buradaca səni o dünyaya göndərərdim. Heyif ki, icazəmiz yoxdur!”

Gecə yarısı idi. Təzəcə yuxuya getmişdim ki, qəfil atışma səsi ilə yerimdən sıçradım. İraqlıları atəş açmağa nə vadar etmişdi? Pəncərəyə tərəf qaçdıq. Düşərgədə əsgərlərin arasında vəlvələ qopmuşdu. Qaçaraq yarımçıq tikilən üçüncü korpusa girdilər. Hamımız pəncərədən baxarkən dostlardan biri kazarmanın ayaqyolusu tərəfindən yüksək səslə dedi: “Buraya baxın! Kimsə buradan qaçıb! Qapının barmaqlıqları kəsilib, şüşəsi də yerindən çıxarılıb!” Kazarmamızın əsirlərindən iki nəfər qaçmışdı. Qapının barmaqlıqlarını kəsmək üçün nə qədər vaxt sərf etdiklərini Allah bilirdi. Ən maraqlısı da bu idi ki, bu müddətdə heç kim onların planlarından xəbər tutmamışdı. Millərin məsafəsi təxminən 15 santimetr olardı və birini kəsib şüşəni yerindən çıxardıqda, qapıdan çıxıb qaçmaq olardı. Həmin hissə ayaqyolu olduğu üçün önünə pərdə çəkmişdik ki, görünməsin. Buna görə də həmin iki nəfərin yetərincə vaxtları var idi ki, gecələr hamı yatanda növbə ilə dəmiri kəssinlər. Çöldən də iraqlılar şüşəni boyadıqlarına görə heç nə görünmürdü.

Onlar qaçdıqdan sonra, korpusun axırına gedib hamamla ayaq yolunun arasında olan əl yuyan yerin divarından yuxarı qalxmışdılar. Orada hamamla ayaqyolunun damında yerə uzanıbmışlar ki, uyğun fürsətdə oradan tullanıb üçüncü korpusa girsinlər. Planlarında var imiş ki, oradan korpusun arxasına keçib düşərgədən bayıra çıxsınlar. Ayaqyolunun damında uzanarkən, təsadüfən otaqda olan iraqlı gözətçi onları görmüş və hamını səsləmişdi. Bunların hamısını görməzlikdən gəlsək də, onlar üçüncü korpusa çatanda, uzun və qarışıq tikanlı məftil təpəsindən necə keçəcəkdilər?!

Ertəsi günün səhəri, korpusumuzun kazarmalarının başçılarını çağırdılar. Bir neçə saat sonra, hamısını yaralı və al-qan içində geri gətirdilər. Dinsizlər başçımızı elə bir hala salmışdılar ki, köynəyini çıxarmaq istədikdə, bədəninin qaralıb göyərmiş dərisi də onunla birgə qopdu. Bir neçə gün belə keçdi və demək olar ki, hər gün əsgərlər kazarmalara soxulub bizi haldan düşənə qədər döyürdülər.

Tənəffüs vaxtımızı o qədər azaltmışdılar ki, yalnız ayaqyoluna getməyə fürsət tapır, sonra yenə kabel və səvəndə şallaqlarının müşayiəti ilə kazarmalarımıza qayıdırdıq. Bu dəfə həqiqətən də çox əzab çəkdik. Özü də nə üçün? Kazarma yoldaşlarımızdan iki nəfərin mümkün olmayan bir işi həyata keçirmək cəhdlərinə görə. Onlar həm bizə, həm də özlərinə problem yaratdılar. O iki nəfəri bir daha bizim korpusa gətirmədilər. Sonradan onları görənlər deyirdi: “Bu iki nəfər etiraf edirdilər ki, bu işin mümkün olmadığını bilirdik. Amma iraqlılara göstərmək istəyirdik ki, nə zaman istəsək sizə problem yarada bilərik”.

O macəradan sonra, iraqlılar kazarmaların pəncərə və qapılarının dəmir barmaqlıqlarına qarşı daha həssas oldular. Bu hadisədən sonra, gün ərzində iki dəfə səhər və axşam səvəndə ilə barmaqlıqlara möhkəm vururdular ki, hansısa dəmirin yerindən qopub qopmamasını bilsinlər. İraqlılar bir neçə gün sonra qaynaqçı gətirdilər ki, dəmir millərin məsafəsini azaltsınlar.

Artıq müharibənin dördüncü ili idi. İranın ardıcıl əməliyyatları müharibədə qələbə çalmaq və qəlbimizdə Kərbəlanı fəth etmək ümidini çoxaldırdı. Uzaqda olsaq da, bilirdik ki, xalqımız və dövlətimiz müharibəyə görə çox çətinlik çəkir. Həddən artıq ağır şəraitə baxmayaraq, insanlar qələbə üçün Allaha dua edir, rəhbərimizə dərin məhəbbət bəsləyir və onun bütün əmrlərini can-başla yerinə yetirirlər.

İraq xalqını və Səddamın qoşununun vəziyyəti fərqli idi. Hər gün qəzetlərində Səddamın qərb və Avropa ölkələrinin hərbi və qeyri-hərbi başçıları ilə görüşlərinin məzmununu oxuyurduq. Bu görüşlərdən sonra, digər ölkələrdən İraqa axın edən silah və digər yardımlarının xəbəri də, böyük şriftli başlıqlarla yazılırdı.

İraqda artıq hamı bu nəticəyə gəlmişdi ki, sağ qalıb yaşamaq istəyirsə, mütləq orduya qoşulmadıdır.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin