Vİlayət bağçası
dördüncü cİld
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin
tələbə və müəllimlərə tövsiyələri
Çevirən: İbrahim Mirzə
Gənclərin hidayəti1
Bismillahir-Rəhmanir-Rəhim.
Ən yaxşı peşə
Əgər indi mənim bir iş və peşə seçiminə imkanım olsaydı, seçəcəyim 2-3 işdən biri, heç şübhəsiz, sizin işiniz olardı: beyin və ruhlarında elm bəzəyi olan, gələcəkdə ölkənin, xalqın və hətta İslam və müsəlmanların işlərini idarə edəcək gənc nəsillə işləmək. Bu, çox əhəmiyyətli işdir. Mən də gənclikdə az-çox bu işlə məşğul olmuşam.
İnqilabdan öncə universitetdə təbliğat aparmağın şərtləri
Siz indi universitetə gedirsiniz, tələbələrlə görüşürsünüz, lakin o zaman bizim belə bir imkanımız yox idi. Biz ya məsciddə, ya da dərs keçdiyimiz başqa bir yerdə görüşə bilirdik. Onlar tələbə mühitini universitetdən həmin yerlərə gətirirdilər. Biz onlarla ünsiyyət qururduq, söhbət edirdik, danışırdıq, dinləyirdik. Maraqlıdır ki, bəzən onlardan öyrəndiklərimiz öyrətdiklərimizdən əhəmiyyətli olurdu.
Ruhanilərin universitetdə olmasının fəlsəfəsi
Siz bu istedadlı təbəqəni hidayət etməyə çalışın. Bizim varlığımızın fəlsəfəsi hidayət etməkdir. Qalanı söz, giriş, buna lazım olan işlər və çarəsiz qaldıqlarımızdır. Əsas məsələ doğru yola hidayət etməkdir.
Hidayətdə ilk addım
Düzdür, biz birinci özümüzü hidayət etməliyik. Biz bu aləmin daxilinə yol tapmalıyıq. Bizim kölgə kimi uzaqdan gördüyümüz Allah adamları, bəzi böyüklərin sözlərinə görə, aləmin daxilinə yol tapa bilmişlər. Bu dünya, bu möhtəşəm yaradılış - daş, torpaq, ağac, ət və dəri deyil, onun daxili, mənəvi adamlara məxsus ruhu, canı və məğzi var. Necə ki, mənim və sizin bu zahiri bədənimizdən əlavə bir batinimiz, qəlbimiz və daxilimiz var. Kim bu aləmin daxilinə yol tapmaq və baca açmaq istəsə, birinci addım öz daxilinə yol tapmasıdır.
Əvvəl öz qəlbimizlə əlaqə yaratmalıyıq. Bu, mühüm məsələdir. Tənbəllik etməsək, bəlkə çox da çətin olmaz. Dediklərimiz, iddia etdiklərimiz, öyündüklərimiz, öz beynimizin məhsulu saydıqlarımız, (bunlar yaxşılarıdır, bunlardan bir dərəcə aşağıda isə) mal, mülk, vəzifə - hamısı zahiri amillərdir. Bir batin də mövcuddur. O bizim qəlbimizdir. Əgər bu qəlbə yol tapa bilsək, problemlərin çoxu həll olunacaq. Namaz və zikr bundan ötrüdür.
Zikrin əhəmiyyəti
Bizdən əvvəl Məşhədin zahid və arif insanlarından olmuş mərhum Şeyx Həsənəli Noxudəki İsfahaninin tərcümeyi-halı çap olunmuşdur. Mən orada oxudum ki, belə deyir: "Mən İsfahandan Məşhədə gələndə uzun müddət - neçə il olduğu yadımda deyil, bəlkə də hər gün - filan zikri öz azmış və qafil ürəyimə bir neçə min dəfə oxuyurdum".
Zikri öz ürəyimizə oxuyuruq. Ürəyimiz yolunu azmışdır, qəlbimiz qəflətdədir. Əvvəlcə həqiqət və nur qarşısında tərslik edən bu varlığı ram etməli, ona yol tapmalıyıq. Əgər bu olmasa, işlər çətinləşər.
“Allah insanla onun qəlbi arasına girər”. Burada dərinə varanda “Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!”2 qarşıya çıxır. Həmin hicab orada zahir olur. O hicab daha çətin hicabdır. Burada ümid var ki, haradansa bir nur, bir mərifət, bir qığılcım parlasın və bir iş görsün. Orada daha heç bir şey etmək olmur. Bu məhdud fürsətin və bizim burada düçar olduqlarımızın həqiqi surəti və “Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır”3 həqiqəti oradadır.
“Biz onların önlərinə və arxalarına sədd çəkmişik”4, orada isə “onların (möminlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir”5. Bu həmin səddir. Buradakı hidayət və nur yolunun səddi, oradakı isə əbədi yolun səddidir. Əvvəl bu yolu açmaq lazımdır.
Təbliğatçının nuraniliyi
Mənim əzizlərim! Siz harada olsanız, parlamalısınız, işığınız hamını cəlb etməlidir. Əgər Allah kömək etsə və iradə göstərib bu parlaq və müdhiş nuraniliyin yaranmasına çalışsaq, fitrətlər onu görəcək, onu nümayiş etdirməyə ehtiyac qalmayacaq. Bunu bilmələri üçün xüsusi tərzdə davranmaq, yaxud əməl etmək əsla lazım deyil. Xeyr, əgər bu olsa, həmin "mən" olacaq. Eyni pərdə, eyni hicab olacaq və nuraniliyi də məhv edəcək. Bu təqva nuraniliyi, insanın öz qəlbi ilə əlaqə nuraniliyi harada olsa, sağlam qəlb və fitrətləri özünə cəlb edəcək.
Təbii ki, Peyğəmbər və övliyalar da pis insanların əli ilə öldürülmüşlər. Demək istəmirik ki, hər bir insan cəlb olunacaq. Lakin gənclərin qəlbləri sizə sarı cəlb olunacaq.
Universitetin dəyərləndirilməsi
Sizin gördüyünüz bu universitet, onu pis anlayan və pis izah edən çoxlu yaxıngörən insanların baxışına rəğmən, mən inanıram ki, işıqlı və pak qəlblərin toplaşdığı mərkəzdir. Həmin nəslin, İslam və mənəviyyat nəslinin gəncləri, bu ölkədə imamın sözlərini vasitə ilə olsa belə dinləyən gənclər universitetə toplaşıblar. Onları cəlb etmək üçün bizdə maqnit olmalıdır. Maqnit yoxdursa, bu, heç kəsin təqsiri deyil. Qəlbi islah etmək lazımdır. İlk addım budur.
Özünüislahın mənası
Bu sözlər sufi və dərviş sözləri, dünyadan çəkinməyə, ictimai-siyasi fəaliyyətlərdən uzaqlaşmağa dəvət deyil. Bu, insanın bütün fəaliyyətlərinin ruhudur. Demək istədiyim budur ki, düşündüyünüzün haqq yolunda olmasını və Allah-Taalanın hidayət məşəlini birinci sizin beyninizdə işıqlandırmasını istəyirsinizsə, bu əlaqəni gücləndirin. Maddi həyatın saxta gözəlliklərindən bir qədər çıxmaq və batinə, aləmin fövqünə diqqət yetirmək, onu izləmək lazımdır. O zaman sizin paklığınız və nuraniliyiniz öz işini görəcək.
Mənəviyyata diqqət yetirməyin zəruriliyi
Mənim fikrimcə, bu gün gəncləri ən çox cəlb edən amil mənəviyyatdır; təbii ki, məntiqli mənəviyyat. Bir gəncin bu qapını-o qapını döydüyünü, hansısa siyasi xəttin, siyasi qrupun və yanlış siyasi şüarın ardınca düşdüyünü, bəzən universitetlərdə mövcud olan dəyərsiz qruplaşmalara qoşulduğunu görürsünüzsə, bu məsələlərə bir qədər əl gəzdirmək və onları bir az islah etmək cənab nazirlərin vəzifəsidir.
Onun qapılara düşməsi bu mənəvi boşluğun təsirindəndir. Onun itirdiyi var. Siz itirdiyini ona verin. Mənim yadımdadır, o zaman bəzən universitetə gedəndə çox qəribə gənclər görürdüm. Beyinləri o zamanın müxtəlif yanlış təfəkkürləri, marksist düşüncələri ilə dolu idi. Hər kəs bir söz deyib beyinlərini doldurmuşdu. Mən bəzən yanıma gələn gənclərə deyirdim ki, siz mənim qarşıma Məşhədin ipək dəsmalı, yaxud içinə bir şey qoyulub ətrafı bükülən Yəzd dəsmalı kimi, hamısı irad və qatma-qarışıq bir şeylər olan bağlı bir dəsmal qoyan şəxs kimisiniz. Bunları bir-bir deyin. Onlara bir Quran ayəsi, bir hədis, yaxud nəsihət deyildikdə görürdük ki, yavaş-yavaş hər şey həll olunur. Sanki insan bir şam yandırır. Bizim işimiz bir şamın işığı qədər də deyildi. Yəni doğrudan da mənim elmi səviyyəm indi nə qədərdir ki, o zaman nə qədər olaydı. Doğrudan da bir şam həddində yandıqda bu qaranlıqların, kölgələrin dərhal yoxa çıxdığını görürdük.
Hidayət üçün çalışmaq
Əzizlər! Niyyətləri xalis etməliyik, xalis! Düzdür, biz bu sözdən müxtəlif mənalar anlayırıq. Bəziləri çox ağırdır, bizə görə deyil. Amma hər halda, qarşımızda ilahi höccət qədərincə bir vəzifə var: biz xalqı hidayət etməliyik. Bu gün hidayət günüdür və biz bacaracağıq. Həmişə hidayət vaxtıdır, lakin bir zaman bacarmırdıq, dairə məhdud idi, bir küncdə bir məscid vardı, iztirabda və təzyiqlər altında idik, lakin indi imkanlar genişdir. İndi heç bir üzr qəbul olunmur. Bütün səylər buna yönəlməlidir.
Təbliğatçıda inkişafın zəruriliyi
Bunu da bilin ki, beyinlərlə, fikirlərlə, suallarla, gözlərlə, müxtəlif dinləyicilərlə üz-üzə gələn bir insan durğun ola bilməz. Durğun, statik olsa, məhv olar. O, daim inkişafda olmalıdır.
Mövləvinin bir məsəli var, mən ondan çox həzz alıram. Deyir ki, su bütün çirkinlikləri aradan qaldırır, bütün murdarlıqları pak edir. Lakin hamını təmiz etdiyinə görə özü çirklənir. Yaxşı bəs nə etməliyik? Su çirklənsə, nə etmək lazımdır. Bu zaman Mövləvi alovlu, dəqiq və iti biliyi ilə deyir: “Suyun özü yüksəlir, buxarlanır, yuxarıya qalxır, sonra təmiz yağış olur”.
Biz yüksəlməliyik. Hər kəs bacardığı qədər daim yüksəlməlidir. Biz yuxarıya qalxmalı, kurs keçməli və qayıtmalıyıq. Paklandırma sistemində bu, baş verməlidir. Paklayıcının özü də paklanmalı və murdarları təmizləməyi bacarmalıdır. Bu yüksəlmə mütaliə ilə, təfəkkürlə, xüsusən də diqqətlə əldə edilir.
Dua və təvəssül
Bizim gördüyümüz qədərincə, kim nə əldə etmişsə, xalqın hidayətində, sərgərdan beyin və qəlblərə əl tutmaqda kim uğur qazanmışsa, duaya, gecə ibadətinə, Allaha təvəssülə, özünü Allaha tapşırdığına və Allah qarşısında kiçilib “İlahi, mənim əl-ayağıma dolaşan, bütün işlərdən saxlayan və hər bir işdə ləngidən "mən"imi məndən al, onu zəiflət!” dediyinə görə qazanmışdır.
Bunun nümunəsi imam, mərhum cənab Təbatəbai, Qumda olan ustadlar və böyüklərdir. Bunların sözləri doğrudan da şəfalıdır. Görürsünüz ki, gənclər də onlara necə üz tutur, onları istəyirlər. Onlar ürəkdən bu işi görürlər, təbliğatın təsirindən yox. Siz buna nail olmalısınız. Bu, qəribə yol və keçiddir, insanı islah edir, sədləri götürür.
Proqramlarda gənclərin hidayətinin əsas olması
Məncə, bu işlə məşğul olanlar bunu əsas iş bilməlidirlər. Digər işlər ya ikinci dərəcəli olmalıdır, ya da olmamalıdır. Çünki bu, mühüm işdir, kənarda qalmamalıdır. Həyatda əsas məsələ hidayətdir. Biz bir məqsəddən ötrü yaradılmışıq. Ümumiyyətlə, ilahi fəlsəfə və dünyagörüşü budur. Deyir ki, insan və dünyanın digər yaranmışları bir məqsəd üçün yaradılmışlar. Bu, ilahi fəlsəfənin əsasıdır.
Deməli, o məqsədə sarı hərəkət etmələri lazımdır. Bu, vacibdir. Bunun bir doğru yolu var. İnsanın evini yıxan fərqli yollar da var: “Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın!”6 Doğru yolu Allahdan istəmək lazımdır. Bunun həm əziyyəti azdır, həm də hidayət üçün yetərlidir.
Bəli, biz tələbələri hidayət etməyə çalışırıq. Bu, çox əhəmiyyətli işdir, mənim fikrimcə, təhsil və digər işlər bunun ətrafında olan xidmətlərdir. Məsələnin məğzi budur. Qatarı sürən adamla, onda olan kafeni, bufeti, çayxananı işlədən adam arasında fərq var. Onun da rolu var; yemək verməsə, oraya çatana qədər bu yazıqda can qalmaz. Bütün işlər öz həddində vacib, lazım və əvəzsizdir. Buna şübhə yoxdur. Heç bir iş digərinə ehtiyacı ödəmir. Lakin dəyərləndirmə nöqteyi-nəzərindən yanaşsaq, bu, çox əhəmiyyətli işdir, bunu kiçik saymaq olmaz. Bunu əsas, digərlərini isə ikinci dərəcəli bilin. Bu bacarığı özünüzdə günbəgün artırın. Ona anbaan əlavələr etmək lazımdır. Bunun bir qədəri mütaliə ilədir, bir qədəri öz daxilinizdə mütaliə ilə, bir qədəri müəllimlərin dərsində iştirak etməklə, bir qədəri öz ürəyinizlə söhbət etməklə, daxilinizlə əlaqə yaratmaqla. Bizim sözümüz bu qədər.
İlahi, bizim hamımızı hidayət et! Tələbələrə də deyin ki, gəncliklərinin qədrini bilsinlər. Özlərini islah etsinlər - hərtərəfli islah; yəni düşüncə, elm, ruh və cisim baxımından özlərini islah etsinlər. İdman da etsinlər. Siz özünüz də idman edin.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |